Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-894/2023 15.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 01 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidən məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumu təmiz çəkisi 2,130 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Yasamal rayon Polis idarəsi, 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə saat 16:00 dəqiqədə Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 120 ünvanının qarşısında saxlanılaraq şöbənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,130 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özü narkotik istifadəçisi kimi xəstədir. Lakin heç kimin balasını zəhərləməmişdir və heç kimə narkotik verməmişdir. Polis işçiləri hadisə günü onu gəlib evindən götürmüşlər. O da, artıq polis əməkdaşları tərəfindən saxlanıldığına görə tərəddüd etməyin mənasız olduğunu başa düşmüş, məcbur olub ona verilən bütün sənədləri imzalamışdır. Bu gün isə o, məhkəmədə baş verənləri necə varsa, o cür də etiraf etmək qərarına gəlmişdir. O, bir neçə il ərzində müalicə almışdır, lakin 7-8 il olar ki, narkotikdən istifadə etmir. Sonuncu dəfə məhkum olunandan sonra narkotikdən istifadə etməmişdir. Lakin saxlanılarkən ona təqdim olunmuş bütün sənədləri imzalamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs göstərdi ki, o, tutulmamışdan bir il qabaq yenidən narkotik vasitələrdən istifadə etməyə başlamış, sonuncu dəfə saxlanılan vaxtdan təxminən 11 gün əvvəl narkotikdən müalicə almağa başlamışdır. Lakin tutulduğu gün o, narkotik qəbul etməmişdir. Özünə narkotik lazım olanda onu tanımadığı adamlardan almışdır. Özü heç vaxt mobil telefon işlətməmişdir. Polis işçiləri tərəfindən tutularkən və polis bölməsində olarkən ona qarşı hər hansı zor tətbiq olunmamışdır. Tutularkən o, Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə razı olmuş, lakin sonradan bilmişdir ki, ona 234.1-1-ci maddə verilmişdir. Lakin həmin maddədə cəza daha ağır olduğuna görə qeyd olunan maddə ilə razılaşmır. Narkotik vasitəni iynə vurmaq yolu ilə evdə qəbul etmişdir. Saxlanılarkən onun üstündə narkotik vasitə olmamışdır. Narkotiki bölmədə tanımadığı polis işçisi ona vermiş və çəkiliş vaxtı çıxarıb təqdim etməsini demişdir. O da, polislərin dediyi kimi etmiş, narkotiki «Şamaxinka» deyilən yerdə tanımadığı şəxsdən aldığını demişdir. İstintaq zamanı ona qarşı hər hansı təsir və təzyiq olunmamışdır. Videoçəkiliş zamanı ona üzərində olan əşyaları çıxarıb təqdm etməsi təklif olunmuş, o da, polislərin dediyi kimi etmişdir. Onun özü CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmağını istəmişdir ki, narkotikdən uzaqlaşa bilsin. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq tədqiq olundu. Həmin ifadəsində CM-nin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilən Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır və bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. 01 oktyabr 2022-ci il tarixdə günorta saatlarında narkotik vasitə əldə etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, "Şamaxinka” adlanan yerə gedərək orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ona narkotik vasitə tapmasını xahiş etmişdir. Həmin şəxs ona 60 manat qarşılığında narkotik vasitə heroin satmışdır. Aldığı narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat təxminən 16:00-da yaşadığı ünvanın qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu 29-cu Polis şöbəsinə dəvət etmişlər. Xidməti otaqların birində vəkil X2 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da, əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibində şəxsi istifadəsi üçün selofan bükümdə saxladığı narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmışlar və içərisində heroin kimi tanıdığı narkotik vasitəni aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitədir, ona məxsusdur. Ondan aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 61-63). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, işlədiyi şöbəyə Yasamal rayonu, 11-ci Xrebtovı, ev 120 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat müvəkkili Şahid1 rəhbərliyi və özünün iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 01 oktyabr 2022-cı il tarixdə saat 16:00 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlamış və onu narkotik vasitələrin əldə edilməsi və daşınmasında şübhəli olduğu üçün Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gətirmişlər. Sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman şübhəli şəxs əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd selofana bükülmüş maddəni masanın üzərinə qoymuş, bundan sonra üzərinə baxış keçirildikdə, digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, selofanda olan narkotik vasitə heroindir və həmin narkotik vasitəni o, «Şamaxinka» adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 60 manata almışdır. Bundan sonra təhqiqatçı tərəfindən aşkar olunmuş maddə qablaşdırılmış, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Yasamal RPİ, 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun həmkarı Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 87- 89). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 01 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da ünvan 3 qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və 29-cu Polis şöbəsinə gətirildiyini, hazırda da narkotik maddələrdən istifadə etdiyini və əynindəki idman şalvarının sağ yan cibində narkotik maddə olmasını bildirərək, cibində saxladığı bir ədəd selofana bükülmüş bükülünün içərisində olan qəhvəyi rəngli toz şəkilli öz dediyinə görə, içərisində "kokos" deyilən narkotik vasitə olan heroini çıxarıb könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibində saxladığı və təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd selofan bükülünün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə vardır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içərisindəki maddə "kokos" dedyilən narkotik vasitə heroindir, həmin narkotik vasitəni həmin gün Nəsimi rayonu “Şamaxinka” deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 60 manata almış, daha sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 169 sayli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 32-33). Cinayət işinə əlavə edilmiş 02 oktyabr 2022-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu,11-ci Xrebtovı ev 120 qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və 29-cu PŞ-nə gətirildiyini, hazırda da narkotik maddələrdən istifadə etdiyini və əynindəki idman şalvarının sağ yan cibində narkotik maddə olduğunu bildirərək, əynindəki idman şalvarının sağ yan cibində saxladığı bir ədəd selofana bükülmüş bükülünün içərisində olan qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb könüllü olaraq təqdim edir. Həmin bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd selofan bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içərisindəki maddə "kokos” deyilən narkotik vasitə heroindir, narkotik vasitəni həmin gün Nəsimi rayonu, “Şamaxinka” deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 60 manata aldığını, daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün 169 sayli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 53). Məhkəmə-kimyəvi ekspertizasının 02 oktyabr 2022-ci il tarixli 6/5659 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,130 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 40-44). Məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2023-cü il tarixli 157 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 108-109). Məhkəmə-psixiatrik ekspertizasının 13 yanvar 2023-cü il tarixli 53 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 111-113). İbtidai istintaq orqanının 19 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2,130 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq qalan 2,030 qram hissəsi maddi sübutların saxlanc kamerasına təhvil verilmiş və 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 115- 120,131). Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 03 oktyabr 2022-ci il tarixl qərarı ilə Yasamal RPİ, 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 01 oktyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 53). Azərbaycan Respublikası DİN Baş əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 02 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqi 101-103). Məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmadığını, narkotiki bölmədə tanımadığı polis işçisinin ona verdiyini və çəkiliş vaxtı çıxarıb təqdim etməsini bildirdiyini, o da, polislərin sözünə əsasən, narkotiki «Şamaxinka» deyilən yerdə tanımadığı şəxsdən aldığını dediyini qeyd edərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitəni saxlanıldığı gün “Şamaxinka” deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 60 manata aldığını, daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda göstərilən əməli üzrə özünü təqsirli bildiyini, narkotik vasitəni özünün istifadəsi üçün əldə etdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, məhkəmə iclasında sərbəst ifadə verərkən Təqsirləndirilən şəxs bir neçə il ərzində müalicə aldığını, lakin 7-8 il olar ki, narkotikdən istifadə etmədiyini, sonuncu dəfə məhkum olunandan sonra, yəni 2011-ci ildən sonra narkotikdən istifadə etmədiyini, lakin saxlanılarkən ona təqdim olunmuş bütün sənədləri imzaladığını göstərsə də, proses iştirakçılarının suallarını cavablandırarkən, tutulmamışdan bir il qabaq yenidən narkotik vasitələrdən istifadə etməyə başladığını, saxlanılan vaxtdan təxminən 11 gün əvvəl narkotiklə əlaqədar müalicə almağa başladığını, lakin tutulduğu gün narkotik qəbul etmədiyini, özünə narkotik lazım olanda, onu tanımadığı adamlardan aldığını bildirərək, bir-birinə zidd ifadələr vermişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə suallara cavab verərkən narkotiklərdən uzaqlaşa bilməsi üçün CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmaq istədiyini, lakin sonda ona CM-nin 234.1-1-ci maddəsi ilə ittiham verildiyinə görə həmin maddədə cəzanın daha ağır olması səbəbindən verilmiş ittihamla razı olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində dolayısı yolla üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını etiraf etmiş, lakin ona ittiham elan olunmuş maddənin sanksiyasındakı cəzanın CM-nin 234.1-ci maddəsinə nisbətən daha ağır olduğunu bildikdən sonra etirafedici ifadələrindən imtina etmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ziddiyyətli ifadələr verməsini məsuliyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 01 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ, 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2023-cü il tarixli 157 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan kustar üsulla hazırlanmış bir ədəd bükümdə 2,030 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə müdafiəçi - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 40 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protoklları, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtı da nəzərə alıb məhkəmə belə hesab edir ki, iş materialları ilə tanışlıq da daxil olmaqla Müdafiəçi ümumlikdə sərf etdiyi vaxt 20 saat müəyyən edilməlidir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan kustar üsulla hazırlanmış bir ədəd bükümdə 2,030 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-894/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-894/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver