Məhkəmə qərarları › İş №1(101)-895/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-895/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-895/2020 27.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981 -ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi ev 27, mənzil 19-da pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlır niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində kirayədə yaşadığı ünvan 1-də tanışı Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra, ev sahibi Şahid1 onların evdən çıxmalarını tələb etməsi səbəbindən Şahid1 ilə mübahisə edərkən, həmin mübahisənin gedişatında, Zərərçəkmiş şəxs evdən getməyə razılıq verməsini bəhanə edib, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sinə nahiyəsindən mətbəx bıçağı ilə bir dəfə vurub Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək sağ daxili döş arteriyasını və ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 3 il əvvəl Gəncə şəhərindən Bakıya gəlmiş və müxtəlif ünvanlarda kirayə yaşamışdır. Evli olub boşanmaqla, himayəsində 2013-cü il təvəllüdlü İrfan adlı oğlu vardır. Bakı şəhərində çay evlərində və kafelərdə ofisant işləməklə dolanmış, 2020-ci ilin əvvəllərindən isə Biləcəri qəsəbəsində yerləşən "İstisu” kafesində işləmişdir. Orada işləyərkən Zərərçəkmiş şəxsla tanış olmuş, Orxan onu sevdiyini, onunla evlənəcəyini, oğluna atalıq edəcəyini desə də, ancaq sonradan Orxanın onu aldatdığını görüb ayrılmışdır. Karantin tədbirləri ilə bağlı kafe bağlandığından işsiz qalmış və qalmağa yeri olmamışdır. xx xxxx 2020-ci il tarixdə tanışı Azər adlı şəxs onun qalmağa yeri olmadığını bilib ona zəng edib kirayə ev tapacağını demiş, həmin gün axşam saatlarında Azər onu, oğlu ilə birlikdə Binəqədi qəsəbəsində yerləşən evə aparıb yerləşdirmiş, ayı 100 manata orada qala biləcəyini demişdir. Səhəri gün saat 10 radələrində ev sahibi Malaqat onun qaldığı otağa gəlib nə səbəbə öz başına otağa girib qaldığını soruşmuşdur. O, Malaqata Azərin bu barədə məlumat verdiyini desə də, Malaqat ondan evdən çıxmasını tələb etdiyi üçün o da başqa ev axtarmağa getmişdir. Günorta saatlarında Zərərçəkmiş şəxs ona zəng edib onu Binəqədi qəsəbəsində yerləşən "Limon” kafeyə dəvət etdiy üçün oraya gedib Orxanla görüşmüşdür. Orada Orxan pivə içmiş və ona söz verib onu saxlayacağını onunla birlikdə qalacağını, kirayə pulu olan 100 manatı da verəcəyini demişdir. O da Orxana inanıb barışmış və onlar birlikdə kirayədə qaldığı Binəqədi qəsəbəsində yerləşən Malaqatın evinə getmiş, yolda yemək üçün ərzaq, kolbasa və araq da almışlar. Evə çatdıqdan sonra orada Orxanla birlikdə yemək yeyib araq içmişlər. Belə ki, o, 2 qədəh araq içmiş, qalanını isə Orxan içmiş, hətta qonşuda kirayədə yaşayan İzzət də sonradan onlara gəlib Orxanla yeyib içmişdir. İzzət getdikdən sonra Orxan onu İzzətə qısqanmış və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Orxan yumruqla sifətindən vurmuş, sonra qolunu burub onu yerə yıxmış səs-küyə ev sahibi Malaqat gəlib qapını döyüb onları çağırmış və onlardan evdən çıxmalarını istəmişdir. Yenidən Orxan onunla dalaşmış və onu yerə yıxıb üzərində oturmuşdur. Bundan sonra baş verənləri xatırlamır. Özünə gəlikdə Orxanın yarı oturulu vəziyyətdə divara söykəndiyini görmüş, Malaqatın "ərin öldü” "ərin öldü” "sən öldürdün” dediyini eşitmiş, Orxana kömək edib birlikdə həyətdən küçəyə çıxarmışdır. Küçədə Orxan yerə yıxılmış, üst-başı qan içində olmuşdur. Sonra orada olan şəxslərin polisə zəng etmək istədiyini görüb oğlu İrfanla birlikdə oradan uzaqlaşmışdır. Sonra polislər onu saxlayıb bölməyə aparmışlar. Son olaraq göstərmişdir ki, baş vermiş hadisələrdən peşmançılıq çəkir. Barəsində olan cinayət işinə düzgün baxılmaqla, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə səbəbi vaxtı, yeri və ardıcıllığı ilə bağlı qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 2019-cu ilin dekabr ayında "İstisu" kafesində tanış olmuşdur. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Samirəyə zəng edib görüşmək istədiyini demiş, həmin gün Binəqədi qəsəbəsində yerləşən kafedə Samirə ilə görüşmüş, Samirənin az yaşlı oğlu da yanında olmuşdur. Kafedə pivə içdikdən sonra Samirəyə ərzaq və araq alıb Samirənin kirayə yaşadığı evə gedib yeyib-içməyi təklif etmiş, Samirə də razı olduğundan kafedən çıxıb taksi ilə Samirənin kirayə yaşadığı Binəqədi qəsəbəsində yerləşən evə getmiş, yolda 0,5 İitr araq və bir qədər ərzaq da almışlar. Samirənin kirayə yaşadığı evdə yeyib içmiş, araqları bitdiyindən Samirə marketə gedib yenə də 0,5 İitr araq alaraq geri gəlmiş, həmin vaxt evə Samirənin ona dostu kimi təqdim etdiyi bir nəfər oğlan da gələrək, onlarla bir qədər oturub yeyib-içmiş və sonra çıxıb getmişdir. Bir qədər sonra təxminən saat 21 radələrində evin qapısı döyülmüş, o, Samirədən kim olduğunu soruşduqda, Samirə ev sahibi Malaqat olduğunu demişdir. Qapının döyülməsinə baxmayaraq Samirə qapını açmamış Malaqata çıxıb getməsini söyləmişdir. O Samirədən qapını açmasını istəsə də, Samirə qapını açmamış, əksinə özünü qəribə apararaq masanın üzərindən taxta tutacaqlı mətbəx bıçağını götürüb, özünü doğrayacağını demişdir. Bu vaxt o, Samirənin artıq sərxoş olduğunu görüb bıçağı əlindən alıb masaya qoyaraq qapını açmışdır. Qapını açdıqdan sonra Malaqat evə keçib onlardan evdən çıxmalarını istəmişdir. Həmin vaxt o, Malaqata heç bir problem olmadığını deyib, çıxıb gedəcəklərini deyərək otaqdan çölə çıxmış, Malaqat isə otağa girib Samirəyə də evdən çıxmasını söyləmiş və geri qayıdaraq otaqdan çıxıb həyətə gəlmişdir. O, Malaqat, Malaqatın bacısı və Samirənin oğlu həyətdə dayanarkən Samirə otaqdan əlində həmin mətbəx bıçağı ilə çıxmış və yenə özünü doğrayacağını söyləmişdir. O Samirəni sakitləşdirib, sakit olmasını, özünə heçnə etməməsini, çıxıb getmələrinin məsləhətli olduğunu demişdir. Elə bu vaxt gözləmədiyi halda Samirə sağ əlindəki bıçağı onun sinə nahiyəsindən bir dəfə vurmuşdur. O, əlini sinəsinə vurduqda yaş olduğunu, deşildiyini hiss etmiş və həyətdən çölə çıxmışdır. Bir qədər irəlilədikdən sonra özündən gedib, yerə yıxılmış, bundan sonra özünə gəldikdə xəstəxanada olduğunu görmüşdür. Samirənin onu nə səbəbə bıçaqla vurduğunu bilməmişdir. Bildirir ki, Samirə ilə nə hadisəyədək, nə də hadisə günü aralarında heç bir münaqişə və mübahisə olmamış, Samirənin ifadəsində göstərdiyi kimi hadisə günü evə gəlib onlarla birlikdə yeyib-içən İzzət adlı şəxsə Samirəni qısqanmamış, Samirə ilə bununla bağlı heç bir mübahisə etməmişdir. Hadisə günü Samirəyə heç bir xəsarət yetirməmiş, onunla mübahisə belə etməmişdir. Hadisə zamanı Samirə Malaqat adlı ev sahibəsi ilə sonuncunun evdən çıxmalarını tələb etməsi səbəbindən mübahisə etmişdir. O, Malaqatın israrla evdən çıxmalarını tələb etdiyini görüb, Malaqata bu barədə heç bir problem olmadığını, evdən çıxacaqlarını bildirmişdir. Hadiə günü Samirə ilə təxminən 01 litr həcmində arağı tam olaraq içmişlər və Samirənin özü də kifayət qədər sərxoş olmuşdur. Malaqat qapını döydüyündə Samirənin elə reaksiya verməsinin səbəbini bilməmiş, lakin evin qapısının davamlı olaraq döyülməsi ona da xoş təsir etməmiş, nəsə bir problemin olduğunu başa düşmüşdür. Hadisə günü ilk dəfə Samirənin yaşadığı məhz həmin evə getmiş, ondan əvvəl Samirənin orada yaşadığını bilməmişdir. Son olaraq göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 4, ev 4-ün həyətində arxa tərəfdə 1 otaqlı tikililəri kirayə verməklə dolanışığını təmin edir. xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində əvvəllər tanımadığı bir nəfər oğlan onun evinə gəlib kirayə ev axtardığını, bir xanımın uşağı ilə evdə qalacağını demiş və onunla aylıq kirayə haqqı 100 manata olmaqla razılaşmışlar. Həmin şəxs ona qadının sabah gəlib evə yerləşəcəyini demişdir. Sabahı gün səhər saat 10 radələrində əvvəllər tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs az yaşlı oğlan uşağı ilə birlikdə evinin arxasındakı bir otaqlı tikilidə olduqlarını görüb Samirədən nə vaxtdan evinə gəldiyini soruşmuşdur. Samirə ona gecəni onun evində qaldığını söyləmişdir. Samirənin ondan xəbərsiz evində qalması, həm də zahiri görünüşü, danışıq tərzi xoşuna gəlmədiyindən Samirəyə evindən çıxmasını söyləmişdir. Həmin gün axşam saat 20 radələrində qonşudan evə qayıtdıqda 1 otaqlı tikilinin pəncərəsindən Samirənin araq butulkasını başına çəkib içdiyini görmüş və içəridən kişi səsi gəldiyini eşidib pəncərəni döymüş, onlardan evdən çıxmalarını tələb etmiş, bu zaman Samirə qapını açmayıb içəridən onu söyməyə başlamışdır. Bu vaxt qonşuluqda yaşayan bacısı Səhnə də səsə gəlib, ondan nə baş verdiyini soruşduqda içəridən kişi səsi gəldiyini ancaq qapını açmadıqlarını bildirmişdir. O, yenidən pəncərəni döyüb, Samirədən evindən çıxmalarını tələb etmişdir. İçəridən gələn səslərdən oğlanın gedəcəyini dediyini, Samirənin isə sonuncuya "getmə-getmə özümü doğrayacam” deyə cavab verdiyini eşitmişdir. Samirə qapını açıb ondan nə istədiyini soruşduqda, içəridə əvvəllər tanımadığı adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs görüb, Samirədən oğlanın kim olduğunu soruşmuşdur. Samirə ona cavabında həmin oğlanı əri kimi təqdim etsə də, o buna inanmamış, bir daha evindən çıxmalarını tələb etmişdir. Bu vaxt Samirə onun saçından tutub onunla mübahisə etmiş, bacısı Səhnə isə araya girərək onları aralaşdırmışdır. Həmin vaxt Samirə və Orxan sərxoş olduqlarından ayaq üstə dura bilmirdilər. O, sonunculara dəfələrlə evindən çıxıb getmələrini söyləsə də, Samirə otaqdan mətbəx bıçağını götürüb onun üzərinə gəlmidir. Həmin vaxt Orxan Samirəyə sakit olmasını, çıxıb gedəcəyini dedikdə, Samirə də bundan əsəbləşib əlindəki bıçağı Orxanın sinəsinə vurub,- "öl elə’’demişdir. Xəsarət aldıqdan sonra onsuz da sərxoş olduğundan düzgün yeriyə bilməyən Orxan həyətdən çölə çıxmış, bacısı Səhnə isə Samirənin əlindən vurub bıçağı yerə salmışdır. Samirənin oğlu bıçağı götürüb kənara tulladıqdan sonra Samirə də həyətdən çölə çıxdığı üçün o və bacısı da Samirənin arxası ilə çölə çıxmış və Orxanın qan içində yerdə uzandığını görmüşlər. Samirə yaxınlaşıb Orxanın başından təpiklə vurub yenə "öl elə” ifadəsini işlətmişdir. Daha sonra Samirə onların polisə məlumat verəcəyindən qorxub oğlu ilə birlikdə oradan qaçıb getmişdir. Onlar polisə və təcili yardıma zəng edib məlumat vermiş, Təcili Tibbi yardım maşını gələrək Orxanı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid1 onun bacı olmaqla, qonuşuqda yaşayırlar. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 20 radələrində bacısı Malaqatla birlikdə qonşuda əyləşdikdən bir qədər sonra Malaqat evlərinə getmişdir. Bir qədər sonra Malaqatın evinin həyətindən səs-küy gəldiyini eşidib oraya getmiş, həyətə daxil olduqda Malaqatın evin arxa tərəfində kirayə verdiyi tikilinin qapı və pəncərəsini döydüyünü görmüşdür. Malaqatdan nə baş verdiyini soruşduqda, Malaqat evdən kişi səsi gəldiyini, qapını döydüyünü ancaq açmadıqlarını demiş və yenidən pəncərəni döymüşdür. Bundan sonra Samirə qapını açıb Malaqatın üzərinə cumaraq saçından tutduqda, o, araya girib onları aralaşdırmışdır. Malaqat Samirədən evdə olan oğlanın kim olduğunu soruşduqda Samirə əri olduğunu demişdir. Malaqat onlardan evdən çıxmalarını tələb etdiyi zaman, Orxan getməməsi üçün Samirənin onun ayaqqabılarını gizlətdiyini söyləmişdir. Həmin vaxt müşahidə etmişdir ki, Samirə və Orxan sərxoş olduqlarından ayaq üstə dura bilmirlər. Malaqat Samirə və Orxana dəfələrlə evindən çıxmalarını desə də, Samirə evdən çıxmayacaqlarını demiş və içəri keçmişdir. Samirə evdən əlində bıçaqla çıxıb Malaqatın üzərinə getdiyi zaman Malaqat Samirədən qaçmışdır. Bu vaxt Orxan Samirəyə sakitləşməsini, çıxıb gedəcəyini söyləmiş, bundan əsəbləşən Samirə isə əlindəki bıçağı Orxanın sinə nahiyəsindən vurmuşdur. Orxan qaçıb həyətdən küçəyə çıxdığı zaman, o Samirənin əlindən tutub buraraq bıçağı yerə salmış və Samirənin oğluna bıçağı götürüb kənara atmasını söylədiyi üçün, uşaq da bıçağı götürüb ağacın altına atmışdır. Bundan sonra Samirə də həyətdən küçəyə çıxmış, o da bacısı ilə birlikdə Samirənin arxasınca küçəyə çıxmışlar. Samirə küçədə yerdə uzanmış üst başı qan içində olan Orxanın başından təpiklə vurmuş, onlar araya girib Samirəyə vurmamasını söyləsə də, Samirə,- “qoy ölsün” deyə cavab vermiş, daha sonra Samirə Orxanı yerdən qaldırıb aparmaq istəsə də, hər ikisi yerə yıxılmışlar. Samirə yerdən qalxıb qolunun sındığını demiş və onların polisə məlumat verəcəklərini eşidib oğlunu da götürüb oradan qaçıb getmişdir. Onlar polisə və təcili yardıma məlumat vermiş, təcili yardım maşını ilə Orxanı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvllər tanımamış, onlarla heç bir münasibəti və əlaqəsi olmamışdır. Təxminən 2020-ci ilin mart ayının ortalarından Şahid1 Binəqədi qəsəbəsində yerləşən evində kirayə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə onunla birlikdə kirayə yaşayan Azər adlı oğlan, tanışı Samirə adlı qadının az yaşlı övladı ilə birlikdə kirayə qalmağa yer axtardığını, Malaqatla danışdığını və qonşu otaqda qalacaqlarını bildirmişdir. Həmin gün Samirə az yaşlı oğlu ilə birlikdə qonşu otaqda qalmışdır. Səhəri gün axşam tərəfi saat təxminən 19 radələrində Samirə oğlunun atasının gəldiyini demiş, onların otaqda yeyib-içdiklərini görmüş, hətta onu da qonaq dəvət etmişlər. Təxminən 5-10 dəqiqə onarla oturmuş, bir qədəh də araq içmişdir. Samirə və oğlunun atası kimi təqdim etdiyi Orxan da araq içmişdir. Bir qədər sonra onlarla sağollaşıb otaqdan çıxıb getmiş, təxminən saat 23 radələrində evə qayıtdıqda, Samirənin həmin oğlanla dalaşdığını və oğlanı bıçaqladığını eşitmişdir. (cild 01, iş vər.146-147) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş 2013-cü il təvəllüdlü, yetkinlik yaşına çatmamış Şahid3ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Atası Rafael digər qardaşları Osman və Ömərlə birlikdə Gəncə şəhərində yaşayır, o, isə anası Samirə ilə Bakı şəhərinə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında anası ilə birlikdə evdən çıxıb taksi ilə Orxanın yanına daha sonra birlikdə kafeyə getmişlər. Orxanla anası pivə içmiş, o isə çipsi yemişdir. Sonra yenə evə qayıtmışlar. Yemək yedikdən sonra anası ona yatmasını söyləmiş, ancaq o yatmamış, Orxan onunla oyunuyub, onu başının üzərinə qaldırarkən Orxan yıxılmış və sobaya dəymişdir. Biraz sonra ev sahibi qapını döymüş, anası qapını açmamış, ev sahibi evdən çıxmalarını istəmiş, sonra hamısı evdən çölə çıxmışlar, çöldə anası qışqırdığından o qorxusundan evin yanında gizlənmiş, daha sonra Orxanın qarnının qanadığını görmüş, yerdə gördüyü bıçağı götürüb uzağa atmışdır. Anası köynək gətirib yerdə uzanmış Orxanın üzərinə örtmüşdür. Bundan sonra anası ilə birlikdə oradan çıxıb getmişlər. (cild 01,iş vər. 180-183) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə, saat 22.00-da Binəqədi RPİ-nin 43-cü PB-nə Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə X7 gətirilməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmişdır. (cild 01, iş vər. 01). Bakı şəhəri Abşeron RPİ-nin məsul növbətçisinin həmin bölmənin rəisinə olan xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, məsul növbətçi yazılı raportla məruzə edərək xx xxxx 2020-ci il tarixdə bölməyə 102 xidmətindən daxil olmuş məlumata əsasən Binəqədi qəsəbəsi, Gülüstan küçəsi 4 saylı ünvanda bıçaqlama hadisəsi baş verdiyini bildirmişdir.(cild 01, iş vər.3) “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Binəqədi RPİ-nin müstəntiqi tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, 4 saylı ünvanda baş vermiş bıçaqlama hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş, bu zaman müəyyən edilmişdir ki, hadisə yeri sözügedən ünvanın həyətidir. Girişdən daxil olduqdan sonra evin axrasına yol vardır, evin arxasında kiçik 01 mərtəbəli tikili vardır. Hadisənin baş verdiyi yer torpaqdır, qan izi yoxdur. Hadisə yerindən birt qədər aralıda ağacın altında dəstəyi qəhvəyi rəngli taxtadan tiyəsindən qırmızı rəngli qana bənzər ləkələr olan bıçaq aşkar olunmuşdur. Evin içərisidağınıq vəziyyətdədir, masanın üzərində 0,5 litr boş araq butulkası vardır. Çarpayı və divan var. İsidici otağın içərisində yerdə aşmış vəziyyətdədir. (cild 01, iş.vər. 04) xx xxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta sərxoşluq dərəcəsində olmuşdur.(cild 01, iş vər. 29) “Götürmə aparılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin müstəntiqi tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus paltrarlar,- 01 ədəd şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd mayka, 01 ədəd alt köynəyi, 01 ədəd sviter və 01 cüt corab götürülərək qablaşdırılıb möhürlənmişdir. (cild 01, iş vər. 47) “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12.50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər. 63) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(001)-313/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir.(cild 01, iş vər. 89-93) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 128-ci addəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 04 (dörd) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə isə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəza ilə tam birləşdirilərək qəti olaraq üzərində 07 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 01, iş vər: 101-102, 116-118, 123-124) Məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 560 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək sağ daxili döş arteriyasını və ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası deşici kəsici əşyanın təsirindən, qarnın sol yan səthinin sıyrığı isə bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, xx xxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası bıçağın tiyəsinin deşici-kəsici təsirindən , qarnın sol yan səthinin sıyrığı isə ona yetirilən zərbə nəticəsində onun öz boyu ündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdilər.(cild 01, iş vər. 129-130) Məhkəmə-tibbi kriminalistik ekspertizasının 209/2020 MTKŞ saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin, alt köynəyinin və maykanın sol döş nahiyəsində bir ədəd deşilmiş- kəsilmi zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi əyri olduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparılmadı Ona görə də X4 məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş- kəsilmiş zədənin bu bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin, alt köynəyinin və maykanın sol döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan eyni xarakterli xəsarətli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarət-qarnın sol-yan səthinin sıyrığı ona məxsus paltarda öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sağ yan tikişinin üzərində bir ədəd və sol-yan tikişinin üzərində bir ədəd məhdud sökülmələr aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışdır.Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild 01 iş vər. 149-153) Məhkəmə-bioloji ekspertizasının 336/2020 MTBŞ saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaket, şalvar, mayka idman şalvarı, alt köynəyi, 1 cüt corab və bıçağın üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigenti, həmçinin beta aqqlyutinin də alındı. Beləliklə, bu qan ləkələri A-beta /İİ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər.(cild 01, iş vər. 154-158) “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan, xx.xx.2020-ci il tarixli qəbzdən və xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X4 məxsus bir ədəd şalvar, bir ədəd idman şalvarı, bir ədəd mayka, bir ədəd alt köynəyi, bir ədəd sviter, bir cüt corab və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi mətbəx bıçağı maddi sübut kimi tanınmış, geyim əşyaları məhkəməyədək saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmiş, bıçaq isə saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəssinə təhvil verilmişdir.(cild 01, iş vər, 159; 210-211) Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1094 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansi bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bun görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsinə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsininn təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(cild01, iş vər. 161-162) “Əşyanı tanımaya təqdim edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş bıçaqlardan soldan sağa 2-ci sırada dayanmış bıçağın Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq olduğunu təsdiqləmişdir.(cild01, iş vər 163-164) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunması qərara alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 134, 221.3, 228.4, 29,120, 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından həmin hissədə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Şahid1 fiziki ağrı yetirməsi xüsusatı üzrə onun ağır maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərə alınaraq, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmiş, Təqsirləndirilən şəxs bıçaqla özünə xəsarət yetirmək istəməsi xüsusatı üzrə aparılmış araşdırma zamanı hər hansı şəxin onun özünü öldürməyə cəhd həddinə çatdırası müəyyən edilmədiyindən həmin xüsusat üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərəçəkmiş Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən onun barəsində həmin maddə üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi və kim tərəfindən yetirilməsi müəyyən etmək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs bu barədə şikayət ərizəsi ilə müraciət edəcəyi təqdirdə, Azərbaycan respublikası Cm-nin 128-ci maddəsi ilə cinayət işi ayrılması üçün həmin xüsusat üzrə cinayət işindən material ayrılmışdır. (cild 01, iş vər. 184-193) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilmişdir.(cild 01, iş.vər.194) Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx xxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək və ifadələrini elan etməklə tədqiq edərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünü təqsirli bilməsə də, hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığı ilə bağlı iş materialları ilə uzlaşan ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və cinayət hadisəsini birbaşa müşahidə etmiş şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, hadisə necə baş verməsini xatırlamadığını, hadisə zamanı özündə olmadığını, ittiham olunduğu əməli törətmədiyini və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə hüquqi qiymətin verilməsi zəruridir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti iə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3cü maddələri ilə tövsif edilməlidir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət verildiyi təqdirdə obyektiv həqiqətin müəyyən edilə biləcəyi qənaətinə gəlir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif olunması ilə bağlı qeyd edir ki, iş materiallarından və ifadələrdən müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hər hansı münaqişə baş verməmiş, Şahid1 Təqsirləndirilən şəxs araq butulkasını başına çəkib içdiyini pəncərədən müşahidə edib, evdən kişi səsi gəldiyindən qapını döyüb evdən çıxıb getmələrini tələb etmiş, ev sahibəsi Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bu zəmində mübahisə başlamış, həmin şəraitdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evdən çıxıb getmək istəməsini cüzi bəhanə edərək, hadisə vaxtı zərərçəkmiş şəxslə aralarında heç bir münaqişə olmadığı zaman Zərərçəkmiş şəxs əlindəki bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmədiyini bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən-qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qadın olmasını, Zərərçəkmiş şəxsla barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəza ilə tam birləşdirilərək qəti olaraq üzərində 07 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayəti törətdiyi zaman, yəni xx xxxx 2020-ci il tarixdə müvafiq olaraq Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq, sonuncu müvafiq hökmlə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, göstərilən hal Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.4-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-31/2020 nömrəli, xx xxxxx 2020-ci il tarixli hökmün qanuni qüvvəyə minməsi barədə göstərişdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü xx xxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və barədə müvafiq göstəriş icra olunması üçün Gəncə şəhəri Probasiya Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə məhkum edildiyi cəzasını çəkməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 07 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, - 07 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut: Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X4 məxsus bir ədəd şalvar, bir ədəd idman şalvarı, bir ədəd mayka, bir ədəd alt köynəyi, bir ədəd sviter, bir cüt corabın zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş qəti cəza olan 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi,- 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hesablanaraq 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki cəza ilə qismən birləşdirilərək, X1 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X4 məxsus bir ədəd şalvar, bir ədəd idman şalvarı, bir ədəd mayka, bir ədəd alt köynəyi, bir ədəd sviter, bir cüt corabın zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar