Məhkəmə qərarları › İş №1(101)-895/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-895/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-895/2024 23.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X16 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət açıq məkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, habelə yayma məqsədi ilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlamışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 6,320 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 02 fevral 2023-cü il tarixdə saat 08:45-də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı ünvan 3 ünvanın yaxınlığında saxlanılıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi 25 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİnin 33-cü PŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 02 ədəd şəffaf sellofan kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 2,460 qram və 3,860 qram olmaqla ümumi təmiz çəkisi 6,320 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, diniekstremist ideyalar təbliğ etməkdən ibarət olan, yəni içərisində “Azərbaycan hakimiyyəti sionistlərin maraqları xatirinə xalqı qırğına verməyə çalışır, regionda sionistlərin maraqlarını qoruyur, İran hakmiyyəti sionistlərin maraqlarına xidmət edən Zəngəzur dəhlizinin açılmasına və sərhədlərin dəyişdirilməsinə imkan verməyəcək”, “X8”-nın sədri hazırda cəzaçəkçəkmə müəssisəsində cəza çəkən “Hacı Taleh” kimi tanınan Taleh Bağırovun “Bu gün Azərbaycanda İmam Hüseyn məktəbinin ardıcılları mübarizə aparır və küfr də bunun qarşısında dayana bilməyəcək və tövsiyəmiz budur, nə qədər ki, o bataqlıqda boğulmamısınız yalvarın ki, sizi çıxardaq o bataqlıqdan, əks təqdirdə batıracayıq hamınızı. X18 məktəbinin sözüdür”, «Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı» adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan Tohid İbrahimbəylinin ruhanilərə və dindarlara səslənərək Azərbaycanı şər hakimiyyəti adlandırması, guya hakmiyyətin heç kimin ağına- qarasına baxmayaraq sionistlərin əleyhinə olanlara qarşı təqib və təzyiqlər göstərməsi və onlarla düşmən kimi davranması ilə bağlı həqiqətə uyğun olmayan nitqi özündə əks etdirən dini ekstremist təyinatlı material olan 01 ədəd CD diski istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yayma məqsədi ilə yaşadığı ünvan 6 ünvanında saxlamış, 08 fevral 2023-cü il tarixdə saat 16 radələrində məhkəmə qərarı əsasında keçirilmiş axtarış zamanı həmin ünvanda yataq otağında çarpayının altında ağ rəngli sellofanın içərisindən həmin dini ekstremist material sayılan bir ədəd CD disk aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 02 fevral 2023cü il tarixdə səhər saatlarında işə getmiş, polis əməkdaşları iş yerinin qarşısında onu saxlayaraq bölməyə aparmışlar. Bölmədə olarkən polis əməkdaşları iki büküm narkotik vasitəni cibinə qoyaraq onları cibindən çıxarıb ona məxsus olduğunu deməsini tələb etmişlər. O, etiraz edərək narkotikdən istifadə etmədiyini, dediklərini etməyəcəyini bildirmişdir. Polis əməkdaşları narkotik vasitəni üzərinə götürməsə, onun vətən xaini olacağını, ya da gedib evindən narkotik çıxaracaqlarını demişlər. O da vətən xaini olmaqdansa, ya da evindən narkotik vasitənin çıxarılmasındansa polis əməkdaşlarının dediyi ilə razılaşmış və sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, Xətai rayonunda, Günəşli qəsəbəsində zavodda işləmişdir. Polis əməkdaşları onu iş yerinin qarşısında saxlamışlar. Onu üç nəfər şəxs tutmuş, onlardan birinin adı Tural Şəfiyev olmuş, digər ikisinin isə adını bilməmişdir. Polis əməkdaşları onu tutub 30-cu PByə aparmış, cibinə iki ədəd büküm qoymuşlar. Bölmənin rəis müavini ona həmin bükümləri cibindən çıxardaraq ona məxsus olduğunu deməsini tələb etmiş, əks halda narkotik vasitəni evindən çıxaracağını, ya da vətən xaini kimi onu həbs edəcəyini demişdir. Onu təhdit edən şəxs 30-cu PB-nin rəis müavini olmuşdur. Evdə həyat yoldaşı və uşaqları olmuşdur. O, narkotik vasitə istifadəçisi olmamış, hətta siqaret də çəkməmişdir. Onu ailəsiylə və vətən xaini olmaqla təhdid etdikləri üçün məcbur qalıb polis əməkdaşlarının dediklərini qəbul etmişdir. Onu heç kim vurmamış, döyməmiş, onun heç bir xəsarəti olmamış, fiziki təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, polis əməkdaşları onu təhdid edən zaman vəkil də orada olmuş, onu təhdit etdiklərini eşitmişdir. O, onu tutan şəxsləri tanımır, onlarla qərəzliliyi, mübahisəsi, düşmənçiliyi olmamışdır. Evindən tapılmış materialların ona aidiyyəti olmamış, polis əməkdaşları özləri gedib qapını döymüş, anası qapını açdıqdan sonra, kitabları aparıb yatağın altına qoymuşlar. Evə baxış keçirən zaman polis əməkdaşları içəri girib birbaşa yatağın altından kitabları çıxarmışlar. Polislər özüləri kitabları yerləşdirdikləri üçün başqa bir yeri axtarmamış, birbaşa yatağın altından kitabları çıxarmışlar. O, sadəcə dini filmlərə baxmış, lakin cinayət işinin materiallarında olan diskdən xəbəri olmamış, o, kitab oxuyan adam olmamışdır. Polis əməkdaşları o, tutulandan 19 gün sonra onun evinə baxış keçirmişlər. Baxış keçirilən zaman o, istintaq təcridxanasında olmuşdur . Baxış zamanı onu evə aparmamışlar. Onun ali təhsili yoxdur, fars dilini bilmir. Onun evində nə disk, nə də kitab olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Şahid1 əməliyyat məlumatı daxil olmuş, məlumat Əliqiyam adlı şəxsin narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə məşğul olması ilə bağlı olmuşdur. Səhər saatlarında “D” massivi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, bölməyə dəvət etmişlər. Bölmədə olan zaman üzərində şəxsi axtarış həyata keçirilmiş, baxış zamanı üzərində narkotik vasitə aşkar edilmiş və sənədləşdirilmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə bağlı olmuş, satışla bağlı məlumat olmamışdır. O, həmin vaxt sahə inspektoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs səhər saatlarında saxlamışlar, lakin saatı xatırlamır. Şəxsi xarici görünüşünə görə Təqsirləndirilən şəxs bənzətmiş, ad və soyadını soruşmuşub şəxsiyyətini müəyyənləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Yeni Günəşli qəsəbəsi, D massivində saxlanılmış, bölməyə dəvət edilmiş, bölmədə üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı özü üzərində daşıdığı narkotik vasitəni təqdim etmişdir. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirinə 30-cu bölmənin əməkdaşları Şahid2 və Şahid3la birlikdə getmiş, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, onu saxlayarkən, bölməyə gətirərkən heç bir müqavimət göstərməmiş, həmçinin ona qarşı heç bir zor tətbiq edilməmişdir. Şəxs üzərindən çıxan maddənin narkotik vasitə olduğunu bildirmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını qeyd etmişdir. Onun təqsirləndirilən şəxsin evindən aşkar olunan materiallarla bağlı məlumatı yoxdur, o, həmin tədbirdə iştirak etməmişdir. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin daşınması, saxlanması və istifadə edilməsi barədə olmuşdur. Təqsirləndirilən şəxsin hansısa məlumat, sənəd saxlaması haqqında onda hər hansı bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs harada olduğu barədə onlarda əməliyyat məlumatı olmuşdur. Əməliyyat məlumatında Əliqiyamın fotoşəkli olmamış, bununla belə onun harada olmasını dəqiqləşdirmiş və ona yaxınlaşmışlar. Şəxsin harada anadan olması, harada yaşaması və s. kimi məlumat ilkin məlumatda onlara daxil olmur. Onlara daxil olan məlumata əsasən Əliqiyamın Zığ qəsəbəsi ərazisində narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə olmuş, həmin məlumata əsasən D yaşayış massivində onu saxlamışlar. Əməliyyat axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarı o qəbul etmişdir. Həmin qərarda təxirə salınmaz tədbir olduğu göstərilməsə də, təxirə salınmaz tədbir olmuşdur. Narkotik vasitənin istifadəsində şübhəli olduğu üçün onu tutmuşlar. Şəxsi saxladıqları yerdən bölməyə getmələri təxminən 10-15 dəqiqə çəkmişdir. Növbətçi hissə şəxsin üzərinə baxış keçirtmir, yalnız şəxsin gətirildiyi barədə qeydiyyat aparır. Əməliyyat məlumatının nə vaxt daxil olduğunu xatırlamır. Əməliyyat məlumatı daxil olduqdan sonra rəhbərliyə məruzə etmişdir. Rəhbərliyin əməliyyat qeydiyyat kitabı olub-olmadığını bilmir. O, Təqsirləndirilən şəxs barəsində əməliyyat işi açmamışdır. Belə ki, hər məlumatla bağlı əməliyyat işi açılmır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o öz ifadəsində bildirmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü Polis bölməsində sahə inspektoru vəzifəsinə işləyir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli axtarışın aparılması haqqında qərar əsasında 08 fevral 2023-cü il tarixdə saat 16 radələrində Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Orxan Tağıyevin rəhbərliyi altında o və Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında axtarış keçirməyə getmişlər. Təqsirləndirilən şəxs isə bir neçə gün əvvəl üzərində külli miqdarda narkotik vasitə saxladığına görə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs olunmuşdur. Mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzilin qapısı tərəflərindən döyülmüşdür. Qapını Əliqiyamın arvadı Nüşabə Əlişanova açmışdır. Məhkəmə qərarı ilə Nüşabə Əlişanova və qayınanası Alidə Əlişanova tanış edilmişdir. Videoçəkilişlə axtarış zamanı Əliqiyamın yataq otağında üzərində yorğanlar olan çarpayının altında ağ rəngli sellofanın içindən ərəb dilində 2 ədəd kitab, bir ədəd CD disk, üzərində ərəb, ya da fars dilində yazılar olan bayraqlar, İran İslam Respublikasının dini rəhbəri olan X9 fotoşəkilləri aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd sellofan kəsiyi bükümündə toz şəkilli, qəhvəyi rəngli kütləni təqdim etmiş, təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonunda tanımadığı şəxsdən 50 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. (cild İ, i/v: 32-33) - «Axtarış aparılması və götürmə haqqında» 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, videoçəkilişlə axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında sonuncunun arvadı X3 iştirakı ilə yataq otağında çarpayının altında sellofonda müxtəlif fotoşəkillər və dini materiallar, o cümlədən özündə dini ekstremist məzmunlu materialları əks etdirən bir ədəd CD disk aşkar olunaraq götürülmüşdür. (cild İ, i/v: 92-93) Cinayət işinin materaillarına əlavə edilmiş həm şəxsi axtarış, həm də mənzildə axtarış aparılması zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və videogörüntülərin «Şəxsi axtarış və götürmə aparılması haqqında» 02 fevral 2023-cü il tarixli, həmçinin «axtarış aparılması və götürmə haqqında» 08 fevral 2023-cü il tarixli protokollarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6/644 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şübhəli şəxs X4 üzərindən aşkar edilmiş maddi sübut...» yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,460 qram və 3,860 qram olmaqla, ümumi təmiz çəkisi 6,320 qram qəhvəyi rəngli toz şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir.(cild İ, i/v: 40-43) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə xx.xx.2023-cü il tarixli 2836 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 167-168) - Məhkəmə-psixiatrik ekspertizasının 10 avqust 2023-cü il tarixli 3679 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddəsinin təsiri altına düşmür. (cild İ, i/v: 257-259) - Məhkəmə-dinşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli 4/839 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanından götürülmüş bir ədəd “CD” diskdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar aşkarlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə görə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. CD diskdə çıxışı təqdim edilmiş Tohid İbrahimbəylinin əsas fəaliyyət istiqaməti Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılması ideyasının təbliğindən ibarətdir. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Dinşünaslıq ekspertizasına təqdim edilmiş dini ədəbiyyat nümunələrinin, CD disk və dini məzmunlu məlumat materiallarının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə dair X17 üzrə Dövlət Komitəsinə hər hansı müraciət daxil olmamışdır. Ekspertizaya təqdim edilmiş 1 ədəd CD disk dini ekstremist material sayılır.(cild İ, i/v: 197- 200) - İbtidai istintaq orqanının işdə olan sübutların qiymətləndirilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 6,320 qram olan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6,220 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınaraq, saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, həmçinin dini ekstremist materialları özündə əks etdirən 1 ədəd CD disk də maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild İ, i/v: 278-287) Məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməməsi, üzərindən aşkar edilmiş narkotik vasitənin, mənzilindən aşkar edilmiş dini ekstremist materialların ona məxsus olmaması ilə ifadəsini həqiqətə uyğun etmir və özünümüdafiə xarakterli ifadələr kimi qəbul edir. Bununla belə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin maddənin onun üzərindən aşkar olunması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə kimyəvi-ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir, bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik maddəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitənin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilən mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroin iki bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik maddə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Göstərilən halların ümumi məcmusu Təqsirləndirilən şəxs əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, onun əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş digər ittihamla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsə məxsus mənzilə baxış keçirilməsi zamanı dini ekstremist materiallar, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar aşkar edildiyindən, məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v: 142-143) Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin övladı Alidə Əlişanovanın uşaq serebral iflici xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı iki azyaşlı övladı var. (i/v: 148-150) Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC və Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunur. (cild İ, i/v: 146-147) Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qızı xx.xx.2019-cu il təvəllüdlü X6 “Dəqiqləşdirilməmiş uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkir. (cild İ, 152-155) Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisini də nəzərə alır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 02 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 22), Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır (i/v: 79-81). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan 6,220 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, dini ekstremist materialları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 238 (iki yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilərək Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan 6,220 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, dini ekstremist materialları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 238 (iki yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar