Məhkəmə qərarları › İş №1(101)-896/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-896/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-896/2022 23.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi-mütəxəssis X1 iştirakları ilə, xx xxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, daşımış, üzərində və yaşadığı evdə saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 1170,90 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış və 14.11.2021-ci il tarixdə, saat 20:00-da Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində saxlanılıb Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ cibindən 2 (iki) ədəd sarı rəngli bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,440 qram və 0,227 qram bitki mənşəli kütlə, 1 (bir) ədəd sarı kağız bükümdə və 1 (bir) ədəd gümüşü kağız bükümdə tütün və hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,133 qram və 0,10 qram olan bitki mənşəli kütlələr, öz aralarında tərkiblərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 14.11.2021-ci il tarixdə, saat 23:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə soyuducunun üst gözündən 1 (bir) ədəd politelin paketdə 2 (iki) ədəd şəffaf sellofanda hər birinin ayrıayrılıqda təmiz çəkisi 985,0 qram və 185,0 qram, ümümi təmiz çəkisi 1170,90 qram bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Ona öz istifadəsi üçün marixuana lazım olduqda o, müxtəlif şəxslərdən almışdır. Lakin tutulmamışdan 4-5 ay əvvəl o, öz istifadəsi üçün yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evində çətənə toxumu əkib-yetişdirmişdir. O, həbs edilməmişdən əvvəl cəmi 2 (iki) ədəd çətənə kolu əkərək yetişdirmişdir. O, həmin çətənə kollarını kiçik saxsı qablarının içərisində əkmiş və həmin qabları evin içərisində saxlamışdır. Onun anası xəstədir və uzun müddətdir ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkir. Həmçinin onun anası əlildir. O, anasına baxdığına görə heç bir yerdə işləməmişdir. Anası əlil olduğuna və o, anasına baxdığına görə dövlət ona 50 manat məbləğində sosial yardım etmişdir. O, əsasən bütün gün evdə olub anasına baxmışdır. Ona görə də demək olar ki, o, evdən çölə çıxmamışdır. O, ittiham aktında qeyd edilən narkotik vasitələrin çəkiləri ilə razı deyildir. Onun evində ittiham aktında qeyd edilən miqdarda narkotik vasitələr aşkar edilməmişdir. O, polislər tərəfindən saxlanıldığı zaman evində yalnız öz şəxsi istifadəsi üçün saxladığı çətənə kollarının lazımsız quru yarpaqları olmuşdur. O, həmin lazımsız və istifadəyə yararlı olmayan quru yarpaqları evinin zirzəmisinə qoymuşdur. O, heç vaxt heç kimə narkotik vasitə satmamış və belə bir fikri də olmamışdır. Polislər onun evinə basqın edərək onu tutmuşlar. O, küçədə tutulmamışdır. Polislər onun evinə basqın edərkən onun evinin zirzəmisində istifadəyə yayarsız quru yarpaqlar olmuşdur. Bundan başqa onun evində narkotik vasitə marixuana olmamışdır. İttiham aktında qeyd edilmiş narkotik vasitələri onu tutan polis əməkdaşları özləri onun yaşadığı evə qoymuşlar. Polislər bunu bilərəkdən etmişlər. Polislər onun həyət evinə icazəsiz hasarın üzərindən aşaraq daxil olaraq onu tutmuşlar. O, evində tutulduğu gün polislər narkotik vasitəni onun evinə qoymuşlar. Polislər narkotik vasitəni onun evinə tutulduğu gün təxminən saat 01:00-02:00 radələrində qoymuşlar. Onun evində ittiham aktında qeyd edilən miqdarda narkotik vasitələr olmamışdır. Evdə şəxsi istifadəsi üçün az miqdarda saxladığı istifadəyə yararsız quru çətənə yarpaqları olmuşdur. O, polislər tərəfindən şərlənərək cinayət məsuliyyətinə cəlb edilmiş və ona qarşı irəli sürülən ittiham əsassızdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 noyabr 2021-ci il tarixdə 30-cu Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Polis Şöbəsinin rəisinə raportla məruzə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında ifşa edilərək saxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Sonra onlar həmin gün saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Çahsuvarov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyərək Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə 30-cu PŞ-nə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən 4 (dörd) ədəd bükümü çıxararaq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində marixuana olduğunu və həmin bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin marixuananı yaşadığı həyətdə əkib becərdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər götürülərək qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra bununla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra əməliyyat tədbirinin davamı olaraq onlar Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılması barədə icazə almışlarq. Təqsirləndirilən şəxs bu barədə onlara ərizə təqdim etdikdən sonra özünün və müdafiəçisinin iştirakı ilə onlar ünvan 1 ünvanında yerləşən evə baxış keçirmişlər. Evə baxış zamanı həmin evdə olan işləməyən soyuducunun üst hissəsindən 1 (bir) ədəd büküm və həmin evin həyətyanı sahəsində qapısı olmayan zirzəmidə ağ rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin 2 (iki) ədəd bükümün içərisində marixuana olduğunu və həmin marixuananı da yaşadığı evin həyətində əkib becərdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyətindən qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 14 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 20:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, R.Çahsuvarov küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxariı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən 04 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində marixuana kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin özünə məxsus olduğunu, həmin narkotik maddələri özü yaşadığı həyətdə əkib becərdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra həmin əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılması barədə icazə alınmış və Təqsirləndirilən şəxs etirazı olmadığını bildirərək bu barədə ərizə yazdıqdan sonra sonuncunun və müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış aparılmışdır. Mənzilə baxış zamanı həmin evdə olan işləməyən soyuducunun üst hissəsindən 01 ədəd büküm və həmin evin həyətyanı sahəsində qapısı olmayan zirzəmidə ağ rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 02 ədəd bükümün içərisində də marixuana olduğunu, həmin marixuananı da yaşadığı evin həyətyanı sahəsində özünün əkib becərdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı mənzildən qanunsuz hər hansı bir əşya və ya predmet, eləcə də, hər hansı bir narkotik vasitə və yaxud psixotrop maddəyə bənzər büküm və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-36) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən 3 (üç) ədəd sarı rəngli büküm, 1 (bir) ədəd isə gümüşü rəngli büküm aşkarlanmış, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bükümlərin içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni yaşadığı evin həyətində yetişdirdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 39) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evə baxış keçiirlən zaman həmin evdə olan işləməyən soyuducudan idman çantasının içərisində və evin zirzəmisindən ağ rəngli sellofanın içərisində narkotik vasitə marixuana aşkarlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1177 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 49-51) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Şübhəli şxs Təqsirləndirilən şəxs aşkar olunmuş....” yazı və imzalar olan zərfdə 02 ədəd sarı rəngli kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,440 qram və 0,227 qram bitki mənşəli kütlə, 1 ədəd sarı kağız bükümdə və 1 ədəd gümüşü kağız bükümdə tütün və hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,133 qram və 0,10 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd polietilen paketdə 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 985,0 qram və 185,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd şəffaf sellofanda 30 ədəd kibrit qutusunda ümumi çəkisi 139,22 qram bitki toxumları əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-557/2021 saylı qərarından (cild 1, iş vərəqə 54-56) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 noyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli əməlin tövsif olunması haqqında qərardan (cild 1, iş vərəqə 60-61) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 78) görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli idman şalvarının sağ cibindən 04 ədəd bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi 04 ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda həmin bükümlərin içərisində marixuana kimi tanıdığı narkotik maddələr olduğunu və həmin narkotik maddələri öz yaşadığı həyətdə öz istifadəsi üçün yetişdirdiyini bildirməsi, həmin 04 ədəd bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 79) görünür ki, mənzilə baxış zamanı həmin evin giriş hissəsində yerləşən kiçik mətbəxdə işləməyən soyuducunun üst gözündən 1 ədəd büküm və həmin evin həyətyanı sahəsində sol tərəfdə qapısı olmayan zirzəmidən 1 ədəd ağ sellofan büküm aşkar edilməsi və Təqsirləndirilən şəxs aşkar edilmiş həmin 2 ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda həmin bükümlərin içərisində marixuana kimi tanıdığı narkotik maddələr olduğunu və həmin narkotik maddələri də öz yaşadığı həyətdə öz istifadəsi üçün yetişdirdiyini bildirməsi, həmin 2 ədəd bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış davam etdirilməsi və həmin evdən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-591/2021 saylı qərarından (cild 1, iş vərəqə 99-101) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 14 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməliyyat tapşırığına əsasən verilmiş cavab məktubundan (cild 1, iş vərəqə 117) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı və onun toxumunu əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 118-119) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 359 nömrəli rəyindən (cild 1, iş vərəqə 120-121) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/145 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 128-129) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi TƏDQİQAT OBYEKTİ №75” dairəvi möhür əksi, ‘Ekspert Rəyi 7/1177” yazı və imza olan zərfdə və bir ədəd torbada təqdim edilmiş ümumi çəkisi 1170,60 qram marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqənda qərardan (cild 1, iş vərəqə 130-138) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, onun barəsində həmin Məcəllənin 237.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş 1170,90 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1170,48 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzildə baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında (cild 1, iş vərəqə 144-145) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 mart 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(010)-154/2022 saylı qərarından (cild 2, iş vərəqə 203-204) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 1170,90 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib daşımaqla bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı evdə saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və anasının əlil olmaqla xəstə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyası həddinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəza ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1170,48 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzildə baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1170,48 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzildə baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar