Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-898/2022 22.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 avqust 1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 2/8-də qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 7,489 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşımış, həmin narkotik vasitə heroinin 1,329 qramını - şəffaf sellofana bükülmüş 2 ədəd bükümdə müvafiq olaraq çəkiləri 0,581 qram və 0,748 qram olan hissəsini 5 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsində 20 manat müqabilində X1, yerdə qalan ümumi təmiz çəkisi 6,520 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsinə daşıyaraq üzərində saxlamış, Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 6 yanvar 2021-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofona bükülmüş 1 ədəd bükümdə 6,520 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il narkotik vasitənin heroin növündən istifadə etmişdir. Həmin narkotik vasitəni isə tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən almışdır. Qəsəbədən tanıdığı, Binə qəsəbəsi, Rəhmanov küçəsində yaşayan İsmayıl adlı şəxslə yaxın olduğundan İsmayıl özünə narkotik vasitə alan zaman onun üçün də almağını xahiş edib, ona narkotik vasitənin pulunu vermişdir. Narkotik vasitənin pulunun yarısını o, yarısını isə İsmayıl verdikdən sonra narkotik vasitə almaq üçün pulu “İnstagram” sosial şəbəkəsində tanış olduğu, anket məlumatlarını bilmədiyi şəxsin kartına köçürmüşdür. Daha sonra “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsin dediyi yerə gedib 1 büküm narkotik vasitə heroini götürmüşdür. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün vaxtı olmadığından və özü bölə bilmədiyindən 1 büküm narkotik vasitə heroini aparıb İsmayıla vermişdir. İsmayıl isə ona narkotik vaitəni yarı böldükdən sonra ona xəbər edəcəyini demişdir. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün oradan getmişdir. İşdə olarkən təxminən saat 19 radələrində İsmayıl ona zəng edib evinə gəlməyini bildirmişdir. İsmayılın böldüyü narkotikdən payına düşəni vermək üçün onu çağırdığını düşünüb Xəzər rayonu, Binə qəsəbəsinə yollanmışdır. İsmayılın evinə çatdıqda orada polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları artıq İsmayılı tutmuşlar. Daha sonra polis əməkdaşları avtomobildən düşməyini tələb edib İsmayılın evinin həyətində üzərinə baxış keçirmiş, lakin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Polis əməkdaşları avtomobilinə də baxış keçirməyə başlamış, lakin heç nə aşkar etməmişlər. Bundan sonra polis əməkdaşları onu Xəzər RPİnin 3-cü PB-nə gətirmişlər. Polis bölməsində İsmayılda olan büküm göstərilib həmin bükümün videoçəkiliş zamanı ona məxsus olduğunu bildirməyi tələb edilmişdir. O, polis əməkdaşlarına etiraz edib, bükümdə olan narkotik vasitənin sadəcə yarısının ona məxsus olduğunu, qalanının pulunu İsmayılın ödədiyini, İsmayıla aid olduğunu bildirmişdir. Buna baxmayaraq, polis əməkdaşları ona bükümün daha sonra bölünəcəyini bildirib bütöv bükümü üzərinə qoymaqla videoçəkilişlə şəxsi axtarış həyata keçirmişlər. İsmayıla və ya başqa şəxsə narkotik vasitə satmamışdır. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, internet vasitəsilə onlayn şəkildə almışdır. Polis əməkdaşları onu 5 yanvar 2022-ci il tarixində saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsində İsmayılın evinin həyətində tutmuşlar. Narkotik vasitəni deyilən yerdən götürdüyü gün İsmayıla vermişdir. Narkotik vasitəni yolun kənarından götürmüşdür. Tutulan zaman üzərində və ya avtomobilində narkotik vasitə olmamışdır. İsmayılı eyni qəsəbədə yaşadıqları üçün tanımış, əvvəllər narkotik vasitədən İsmayılla birlikdə də istifadə etmişdir. Həyətdə üzərində axtarış videoçəkiliş olmadan həyata keçirilmiş, axtarış keçirilən zaman həyətdə İsmayıl, o və polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onu heç bir sual vermədən və tutulamasının səbəbini bildirmədən polis bölməsinə aparmışlar. Polis əməkdaşları İsmayılı da onunla birlikdə polis bölməsinə aparmışlar. Xəzər RPİ-nin 3-cü PB-də üzərində axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. İsmayıl ona zəng edib evinə gəlməyini dedikdə sonuncudan onu çağırmasının səbəbini soruşmamışdır. İsmayılla heç vaxt mübahisəsi, düşmənçiliyi və ya ədavəti olmamışdır. İlk dəfədir ki, bu qədər böyük miqdarda narkotik vasitə almış, özü üçün narkotik vastəni həmişə az miqdarda almışdır. 5 yanvar 2022-ci il tarixində ona narkotik vasitə satan şəxsdən əvvəllər də narkotik vasitə almışdır. “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu bilməmişdir. İsmayılla razılaşmalarına əsasən narkotik vasitəni o götürmüşdür. O, işə getməli olduğu və bölə bilmədiyi üçün narkotik vasitəni götürdükdən dərhal sonra İsmayıla vermişdir. Polis əməkdaşları üzərinə narkotik vasitəni qoyan zaman 1 büküm narkotik vasitə heroin yarı bölünməmiş, tam olmuşdur.Polis əməkdaşları ona bükümün daha sonra bölünəcəyini bildirmişlər. Polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təqribən 1 il olar ki, narkotik maddənin heroin növündən istifadə edirmiş. Həmin narkotik vasitəni isə İran İslam Respublikasının vətəndaşı olan adını bilmədiyi şəxsdən onlayn yol ilə alırmış. Sonuncu dəfə 5 yanvar 2022-ci il tarixdə, günorta saatlarında Səbail rayonu, Badamdar qəsəbəsi, “Bəyoğlu” restoranın yaxınlığında daşın altından 1 ədəd şəffaf selofana bükülü halda heroini almışdır. Daha sonra həmin narkotik vasitənin bir hissəsini götürüb 2 ədəd ayrı-ayrı şəffaf selefonlara bükərək 2 büküm halına salmışdır. Özündə qalan qismini özü istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarın sağ cibinə qoyaraq üzərində saxlamışdır. Həmin gün axşam saatlarında qəsəbədən tanıdığı Binə qəsəbəsi, Rəhmanov küçəsində yaşayan İsmayıl adlı şəxsin ondan istədiyi həmin 2 büküm narokotik vasitə heroinləri aparıb 20 manat pul müqabilində satmışdır. 6 yanvar 2022-ci il tarixdə saat 19:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi ev 15-in qarşısında hərəkət edən zaman 2 nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan PŞ-nə apararaq təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmiş, o da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş, bu zaman, o, üzərində saxladığı içərisində heroin kimi tanıdığı maddə olan 1 ədəd şəffaf selefona bükülmüş halda olan bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik maddədir. Olduğu kimi hər şeyi danışaraq bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı kimi sosial şəbəkədən tanıdığı, lakin adını bilmədiyi şəxsin ona verdiyi hesab nömrəsinə hesab qoyaraq ona şəkilini çəkib atdığı yerdən, yəni Səbail rayonu, Badamdar qəsəbəsi, “Bəyoğlu” restoranının yaxınlığında 6 yanvar 2022-ci il tarixdə, günorta saatlarında daşın altından həmin bir büküm narkotik vasitə heroini götürüb cibinə qoyaraq gizlətmişdir. Həmin günü axşam saatlarında bükümdən 2 büküm olmaqla ayrı-ayrılıqda şəffaf sellofanlara ayırıb həmin 2 ədəd bükümü 20 manat pul müqabilində İsmayılın yaşadığı ünvanın yaxınlığında İsmayıla satdığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Bir daha qeyd etmişdir ki, o həmin narkotik vasitəni onlayn yolla İran İslam Respublikasının vətəndaşı kimi bildiyi, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən almış, ifadəsində də qeyd etdiyi kimi narkotik vasitəni yalnız İsmayıl adlı şəxsə satmış, başqa heç kimə satmamışdır. Qalan narkotik vasitəni yalnız üzərində saxlamış, onu da təqdim etmişdir (cild 1, iş vərəqə 123-124 və 159-162). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu səbəbədən də daxil olmuş məlumat əsasında 6 yanvar 2021-ci il tarixdə saat 19:00 radələrində 3-cü Polis Bölməsində əməliyyat qrupu yaradılaraq qeyd olunan ünvana, yəni Binə qəsəbəsi, Rəhmanov küçəsinə yollanmışlar. Müşahidələr apardıqdan sonra Təqsirləndirilən şəxs Rəhmanov küçəsi ev 15-in yaxınlığında olduğu müəyyən olunmuşdur. Dərhal Təqsirləndirilən şəxs olduğu yerdə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 3-cü PB-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı Nihad Mustafayevə həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş və Elminin hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi Sərxan Məmmədovun və onların iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Elmirə hüquq və vəzifələri izah edilib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf selofana bükülmüş 1 büküm təqdim etmişdir. Həmin bükümü açıb içərisinə baxan zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu gördükdə Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etməsini soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükülünün narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından onlayn şəkildə 20 manata aldığını və 5 yanvar 2021-ci il tarixdə günorta saatlarında Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Bəyoğlu” restoranın yaxınlığında daşın altından götürdüyünü demişdir. Aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan başqa onlara məlum olmuşdur ki, X3 narkotik vasitə satmış şəxs də Elmin İsmayılovdur. Təqsirləndirilən şəxs tutulanadək tanımamış və görməmişdir. Təqsirləndirilən şəxsi ünvan 2 ünvanının yaxınlığında yolda tutmuşlar. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış polis bölməsində həyata keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Daxil olan məlumat yalnız Təqsirləndirilən şəxs barəsində olmuşdur. Təqsirləndirilən şəxsin İsmayıl Ağatalıbova narkotik vasitə satdığı polis bölməsində onlara məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər maddə aşkarlanmışdır (cild 1, iş vərəqə 75- 76). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəmə-kimyəvi ekspertizasının 7 yanvar 2022-ci il tarixli 6/68 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244” dairəvi möhür əksi və “Həsənov Anar” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdəki 1 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,455 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkoik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs” yazı əlavəsi qeyd edilmiş 1 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 6,520 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244” dairəvi möhür əksi və “Agatalıbov İsmayıl” yazı əlavəsi qeyd edilmiş 2 ədəd şəffaf polietilen bükümlərdə təmiz çəkiləri 0,581 qram və 0,293 qram (ümumi təmiz çəkiləri 0,874 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkoik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, kustar üsulla hazırlanmış 4 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 0,455 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,405 qram, heroinin ümumi təmiz çəkisi 6,520 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 6,470 qram, heroinin ümumi təmiz çəkisi 0,874 qram, tədqiqata sərf olundu 0,04 qram, qalıq 0,834 qram cild 1, iş vərəqə 86-89). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 11 mart 2022-ci il tarixli 1233 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 224-225). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə qalıq çəkisi 6,470 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 231-243). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 195). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 69). İş materiallarında olan Xəzər rayon məhkəməsinin 8 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 184-186). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə qalıq çəkisi 6,470 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 6 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə qalıq çəkisi 6,470 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-898/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-898/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver