Məhkəmə qərarları › İş №1(101)-898/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-898/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-898/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, tərcüməçilər X2 və X3, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-texniki təhsilli, subay, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Amnistiya aktının tətbiq edilməsi barədə” 18 noyabr 2021-ci il tarixli qərarla "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1 ünvanında fərdi evdə kirayədə yaşamış, 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 08 iyun 2023-cü il tarixdə saat 10:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə məlum olmayan şəxsdən 40 (qırx) manat müqabilində külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,483 qram olan ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 08 iyun 2023-cü il tarixdə saat 10:40 radələrində Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi, 16-cı Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 145 ünvanının qarşısında saxlanılaraq ünvan 3imanov RPİ, 16-cı Polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağ rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 3,483 qram olan ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində saxlanılmışdır. Həmin vaxt üzü saqqallı olmuş, polis işçiləri ondan əvvəllər məhkum olunub-olunmamasını soruşduqda, o, məhkum olunduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onu maşına mindirmiş və qollarına qandal vurulmuşdur. Ondan narkotiki kimə satdığını soruşmuşlar, o isə, narkotik satmadığını bildirmişdir. Maşında olarkən polis işçiləri kibrit qutusunu onun cibinə soxmuşlar. Onu hündür maşından düşürəndə başı aşağı əyilmiş vəziyyətdə olmuş, ona görə həmin şəxslərin üzünü görə bilməmişdir. Onu 16-cı polis bölməsinə gətirmişlər. Saxlanıldığı zaman yanında iki nəfər oturmuş, sonra cibindən kibrit qutusunu çıxarmışlar. Yarım gün polislər ona təzyiqlər göstərmiş, o da, təzyiqlərə dözməyib onların dedikləri ilə razılaşmışdır. Həmin vaxt protokolu yazan şəxsə zəng gəlmiş, bundan sonra onu kameraya aparmışlar. Daha sonra onu saxlayan şəxslərdən biri əlində bir büküm gətirmiş və ona həmin bükümü çəkilişdə çıxarıb təqdim etməsini söyləmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, 08 iyun 2023-cü il tarixdə Rəsulzadə qəsəbəsində saxlanılmışdır. Polis bölməsində olarkən ondan əvvəlcə qoyduqları bükümü götürmüşlər, sonra başqa bir büküm vermişlər. Ona özlərinin dedikləri ilə razılaşmasa, CM-nin 234.4.3-cü maddəsi ilə həbs edəcəklərini bildirmişlər, o da, təzyiqlərə dözməyib deyilənlərlə razılaşmışdır. O, müstəntiq tərəfindən də dindirilmiş, əvvəlcə 234.1-ci maddəsi ilə razılaşdığını demişdir. Müstəntiq yazdığı ifadəni ona göstərməmiş, əvvəlcədən onun vəkili olmamışdır. Polis işçiləri onu saxlayarkən o, «Gənclik»dən gəlmiş, Rəsulzadə qəsəbəsində aptekə girib çıxanda polis əməkdaşları onu tutmuşlar. Polis işçiləri onu gündüz saat 12-yə 15 dəqiqə işləmiş saxlamışlar, saat 18:30-da vəkil, daha sonra isə tərcüməçi gəlmişdir. O, sonuncu dəfə 19 noyabr 2021-ci il tarixdə türmədən çıxmışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilən Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır narkotikdən istifadə edir. 08 iyun 2023-cü il tarixdə saat 10:15 radələrində “Papanin” adlı yerdə üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 40 manata “patı” adı ilə tanınan narkotik alaraq əynində olan ağ rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 10:40 radərində ünvan 5 ünvanın qarşısında piyada getdiyi zaman 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərinin Nərimanov RPİnin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirib, onu 16-cı PB-nə gətirmişlər. Polis bölməsinin xidməti otağında iştirakçıların və ona təqdim olunmuş vəkilin iştirakı ilə onun üzərində hər hansı qanunsuz maddə varsa, təqdim etməsi təklif olunmuşdur. O da, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 1 ədəd spesifik qoxuya malik, şəffaf kiristal şəkilli gümüşü rəngli kağıza bükülmüş maddə olan bükümü təqdim etmişdir. Bundan sonra onun üzərində axtarış aparılmış və təqdim etdiyi bükümdən başqa hər hansı bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqdim etdiyi içərisində narkotik olan həmin büküm onun, vəkilin və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış və tərəflər imzalamışdır. Üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır (cild 1, iş vərəqi 82-84). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 16-cı Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi saxlanılan vaxtı tanımış, onunla əvvəllər ədavəti olmamışdır. 2023-cü ilin iyun ayının əvvəllərində cinayətkarlığa qarşı mübarizə məqsədilə tədbirlər keçirilən zaman Azadlıq prospekti, 145 ünvanında iş yoldaşı Şahid2la xidmətdə olmuşlar. Bu zaman bir nəfərin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq kimliyi ilə maraqlanmışlar. Həmin şəxs verilən suallara yayındırıcı cavablar verdiyindən onun narkotik vasitənin təsiri altında olmasından şübhələnmişlər, buna görə də onu şübhəli şəxs kimi 16-cı polis bölməsinə gətirmişlər. Orada tərcüməçi və vəkil dəvət olunmuş, videoçəkiliş vasitəsilə həmin şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı şəxs özü əynindəki şalvarın cibindən 1 büküm çıxarıb təqdim etmiş, baxış zamanı bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Şahid Rüfət Ağarızayev istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, həmin vaxtdan xeyli müddət keçdiyinə görə şəxsin saxlanılma vaxtının və tarixinin yadında qalmadığını, həmin dövrlərdə çox adam tutulduğuna görə dəqiq xatırlamadığını, şəxs saxlanılarkən heç bir narazılıq etmədiyini, Azadlıq prospekti, 145 ünvanının dəqiq hansı yer olduğunu xatırlamadığını, təqsirləndirilən şəxsi Binəqədi qəsəbəsində saxlamadıqlarını, hadisə yerinə gedəndə əl rabitə vasitəsindən istifadə etdiklərini, şəxsi narkotiklərdən istifadə edilməsində şübhəli bilib saxladıqlarını, Təqsirləndirilən şəxs barəsində onlara əməliyyat məlumatı daxil olmadığını, şəxsi xidməti ərazidə şübhəli bilindiyi üçün saxladıqlarını və raportla təhqiqatçıya təqdim etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 16-ci Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılması və 16-ci Polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda psixotrop maddənin aşkar edilərək götürülməsi zamanı iştirak etdiyini bildirərək, həmkarı Rüfət Ağarızayevlə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyun 2023-cü il tarixli protokola əsasən, 08 iyun 2023-cü il tarixdə saat 10:46 radələrində Bakı şəhəri, Nərimanov RPİ, 16-cı Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 16-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, orada polis əməkdaşlarının, tərcüməçinin və vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli, kristal şəkilli, siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd bükümü təqdim edərək onun içərisində “patı” adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 08 iyun 2023-cü il tarixdə “Papanin” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 40 manata aldığını, həmin maddəni əynində olan ağ rəngli şalvarın sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin maddə Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmiş, keçirilmiş istintaq hərəkətinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 31-32). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyun 2023-cü il tarixli protokolla videogörüntülərin uyğunluq təşkil etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 110-115). Məhkəmə-kimyəvi ekspertizasının 09 iyun 2023-cü il tarixli 6/3266 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Saxlanılan şəxs... Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) bükümdə təmiz çəkisi 3,483 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi - 3,483 qr.-dır, tədqiqata sərf edilmişdir - 0,1 qr., qalıq - 3,383 qr. təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahı üzrə metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 45-50). Ambulator məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 5626 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabioidlərin birgə qəbulu nətiçəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 131-132). Məhkəmə-psixiatrik ekspertizasının 24 iyun 2023-cü il tarixli 1770 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ina ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda cəmiyyət üçün təhlükəli deyildir (cild 1, iş vərəqi 128-130). İbtidai istintaq orqanının 15 iyul 2023-cü il qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,383 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 119-120). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayət əməllərini törətdiyinə görə 5 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “Amnistiya aktının tətbiq edilməsi barədə” 18 noyabr 2021-ci il tarixli qərarla "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 125-127). «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndində göstərilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Qeyd olunpan müddəaya əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, o, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində saxlanıldığını, həmin vaxt üzü saqqallı olduğunu, polis işçiləri ondan əvvəllər məhkum olunub-olunmamasını soruşduqda, o, məhkum olunduğunu bildirdiyini, sonra polis əməkdaşlarının onu maşına mindirərək qollarına qandal vurulduğunu, ondan narkotiki kimə satdığını soruşduqlarını, o isə, narkotik satmadığını bildirdiyini, maşında olarkən polis işçilərinin onun cibinə bir büküm qoyduqlarını və ona təzyiqlər göstərərək onların dedikləri ilə razılaşmağa məcbur etdiklərini, əks halda CM-nin 234.4.3cü maddəsi ilə həbs edəcəklərini bildirdiklərini, o da, təzyiqlərə dözməyib deyilənlərlə razılaşdığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs tərcüməçi və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə istintaqa verdiyi bütün ifadələrində aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu, həmin maddəni 08 iyun 2023-cü il tarixdə saat 10:15 radələrində “Papanin” adlı yerdə üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 40 manata aldığını və əynindəki şalvarın cibinə qoyub saxladığını, həmin tarixdə saat 10:40 radərində polis əməkdaşları tərəfindən saxlanılaraq 16-cı Polis bölməsinə gətrildiyini, üzərinə şəxsi axtarış zamanı qeyd olunan psixotrop maddənin aşkar edilərək götürüldüyünü təsdiq etmiş, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiqlər göstərilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün polis əməkdaşlarının təzyiqlərinə məruz qalması səbəbindən cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər çoxsaylı sübutlarla təsdiq olunduğuna görə şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə baxışı zamanı müdafiə tərəfi vəsatətlər qaldıraraq, məhkəmənarkoloji ekspertizası tərəfindən Təqsirləndirilən şəxs heç bir analiz nümunələri götürülmədən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi barədə rəy verildiyini, buna görə həmin rəyin şübhə doğurduğunu, Təqsirləndirilən şəxs üzərində olmuş 099 333-00-76 saylı mobil nömrənin şəxsin saxlanıldığı gün əhatə dairələrinin müəyyən edilməsi üçün müvafiq mobil operatora sorğu verilməsini, həmçinin iş üzrə maddi sübut olan psixotrop maddənin məhkəmə iclasına gətirilərək baxış keçirilməsini xahiş etmişdir. Qeyd olunan vəsatətlər məhkəmə iclasında baxılaraq əsassız hesab olunaraq təmin olunmadan rədd edilmişdir. Məhkəmə həmin vəsatətlərdə göstərilənləri müdafiə tərəfinin dəlilləri kimi qəbul edərək hazırkı hökmdə də onlara münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası müdafiə tərəfinin məhkəmədə qaldırdığı vəsatətlərində gətirdiyi həmin dəlillərlə bağlı bir daha qeyd etməyi lazım bilir ki, təqsirləndirilən şəxs barəsində 01 sentyabr 2023cü il tarixli 5626 saylı rəyə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs özü əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, həmçinin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə edib saxladığını etiraf etmiş, həmçinin müayinə zamanı onun narkomaniya xəstəlyindən əzab çəkməsi bir sıra digər hallarla təsdiq olunmuşdur. Müdafiəçinin məhkəmədə qaldırdığı vəsatətinin əsaslılığını təsdiq etmək üçün istinad etdiyi «Medi-ART» psixisağlamlıq mərkəzinin məktubunun məzmunundan da görünür ki, qeyd olunan halların mövcudluğu müayinə edilən şəxs tərəfindən etiraf edilməzsə, müvafiq tibbi analizlərin keçirilməsi zəruridir. Təqsirləndirilən şəxs mobil telefonu ilə bağlı qaldırılmış vəsatətə münasibətdə isə məhkəmə qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən hər hansı mobil telefon aşkar olunaraq götürülməmiş, həmçinin o, nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı dindirilərkən müdafiəçinin vəsatətində qeyd etdiyi mobil nömrənin saxlanılarkən üzərində olduğunu iddia etməmişdir. Ona görə də, məhkəmə qeyd olunan məsələ ilə bağlı məhkəmə iclasında qərar qəbul edərkən haqlı olaraq hesab etmişdir ki, müdafiəçinin təqsirləndirilən şəxslə konfidensial görüşü zamanı müəyyənləşdirdikləri həmin nömrənin təqsirləndirilən şəxs saxlanılarkən üzərində olmasını təsdiq edən hər hansı hal mövcud olmadığına görə verilmiş vəsatət təmin edilməməlidir. Eyni zamanda, videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin aşkar olunduqdan sonra prosessual qaydada qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim edildiyindən, məhkəmə həmin maddi sübutun məhkəmə iclasına gətirilib baxış keçirilməsinə zərurət görməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 16-ci Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 5626 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabioidlərin birgə qəbulu nətiçəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan bir bükümdə 3,383 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,383 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar