Məhkəmə qərarları › İş №1(101)-898/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-898/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-898/2025 04.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X4 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,103 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2024-cü il tarixdə, saat 10:40-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və polis idarəsində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 5 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,737 qram, 0,322 qram, 1,018 qram, 0,428 qram və 0,598 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,103 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi və yaşlı anası ilə birlikdə qardaşı ilə bir həyətdə yaşamış, qızı ailə qurmuş, oğlu isə hərbi xidmətə getmiş, özü fərdi qaydada evlərdə usta kimi fəaliyyət göstərib əldə etdiyi qazancla ailəsini dolandırmışdır. Təxminən üç ildir ki, narkotik vasitə olan “kola” kimi tanınan heroindən istifadə etmiş, narkotik vasitəni hər dəfə müxtəlif şəxslərdən 10-20 manata almışdır. Narkotik vasitələrdən istifadəyə görə məhkum olunmuş, lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 06 sentyabr 2024-cü il tarixdə, səhər saat 09:00 radələrində yuxudan oyanmış, siqareti olmadığından qonşu işə gedərkən ondan siqaret istəmək üçün küçəyə çıxmış, küçədə qonşunun maşınını görməyib onun işə getdiyini zənn edib həyətə girərkən, 82 yaşlı anası ondan çörək almasını xahiş etmişdir. O, çörək və dənə ilə siqaret almaq üçün yaxınlıqda olan mağazaya gedən zaman onun yanında avtomaşın saxlanılmış, ondan maşına əyləşməyi tələb olunmuşdur. O avtomaşına əyləşdikən sonra onu Nəsimi rayon Polis İdarəsinə gətirmişlər. Onu saxlayan polis əməkdaşının birinin adı Orxan olmuşdur. Orxan təxminən bir ay əvvəldən onu “sənə mal verək sat, ya da bizə narkotik vasitə satanların yerini de” deyə bezdirmiş, o isə buna razı olmamışdır. Belə ki, Orxan onun narkotik istifadəçisi olmasını bilmişdir. İdarədə Rasim adlı polis əməkdaşı ona narkotik vermiş və çəkiliş zamanı təqdim etməsini bildirmişdir. Ona bunu etməsi üçün müxtəlif təyziqlər olmuş, lakin ona qarşı fiziki təsir olmamışdır. Bundan sonra ona vəkil verilmiş, üzərinə baxış keçirilmiş, polis əməkdaşlarının özlərinin verdiyi narkotik vasitəni təqdim etmiş, ona deyilən sözləri çəkiliş vaxtı təkrar etmişdir. Həmin gün onun üzərində narkotik vasitə olmamış, hətta siqareti belə olmamış, narkotik vasitəni Rasim çəkilişdən əvvəl ona vermiş, çəkilişdə olan siqareti isə ona polislər vermiş, ümumiyyətlə o həmin markalı siqaretlərdən çəkməmişdir. Həmin günü səhər siqaret belə almağa pulu olmamışdır. İlk əvvəl istəmişlər ki, narkotik vasitəni çox qoysunlar, lakin vəkil xahiş edəndən sonra miqdarı azaltmışlar. O, heç vaxt “patı” istifadə etməmiş, “kola” istifadə etmişdir. Telefonundan aşkar olunan sms-lər yadına gəlmir. Narkotik almaq üçün mesajlar yazmışdır. Bir nəfər ona narkotik alması üçün pul vermiş, lakin o, həmin pulla narkotik vasitə alaraq özü istifadə etmiş, həmin şəxsə verməmişdir. Bir dəfə də o, narkotik vasitə alması üçün bir yaxın adamına pul vermiş, lakin həmin şəxs ona narkotik vasitə verməmişdir. Bir neçə dəfə ona narkotik vasitə almaq üçün pul verilmiş, amma o, həmin şəxslərin pulunu alaraq onları aldatmışdır. O, heç kimə narkotik vasitə satmamış, kimdənsə alıb verməmişdir. Barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 06 sentyabr 2024-cü il tarixdə o, bölmənin əməliyyat müvəkkili Şahid2 Nəsimi rayonu ərazisində Samir adlı şəxsin narkotik vasitə və ya psixotrop maddə əldə etdiyi və saxladığı barədə məlumat əldə etmişlər. Həmin məlumat üzrə müvafiq sənədləşdirmə aparılmış, ondan və Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Samir adlı şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Həmin gün, saat 10:40 radələrində ünvan 5 ünvanın qarşısına gəlmişlər və Təqsirləndirilən şəxs gördükdə ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin və ya psixotrop maddələrin qəbulunda, saxlanmasında şübhəli olduğunu bildirərək sonuncunu polis idarəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs də onlara heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən sonra üstünə şəxsi axtarış keçirilməsi məqsədilə rəhbərliyə raportla məruzə etmişlər və həmin raportun icrası idarənin təhqiqatçısı İlham Məmmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əynində olan şalvarının ciblərindən “Nokia” markalı mobil telefonu, alışqanı, “Argo” markalı siqareti və daha sonra bir ədəd ağ rəngli salfetkaya bükülmüş, içərisində beş ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxararaq təqdim etmiş, verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisindəki maddə psixotrop maddə metamfetamindir, həmin maddəni səhər saatlarında İran İslam Respublikası vətəndaşı olan Məhəmməd adlı şəxsin kart hesabına 100 manat göndərdikdən sonra sonuncunun ona bildirdiyi ünvandan, yəni Nəsimi rayonu ərazisindəki “Qış parkı”nın yaxınlığından götürmüş, həmin maddəni öz istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müvafiq sənədləşdirmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs barəsində məlumat onun narkotik vasitəni əldə edib saxlaması və istifadə etməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamışdır. Təqsirləndirilən şəxs özü üzərində olan narkotik vasitələri təqdim etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 tərəfindən tərtib olunmuş, Bakı şəhəri rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin KTQ-nin inspektor kriminalisti X2, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X8 tərəfindən imzalanmış 06 sentyabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikiləri əməliyyat axtarış tədbirləri nəticəsində saat 10:40-da ünvan 7 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmişdir. Şübhəli şəxsə ona təklif edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qara rəngli şalvarının sol yan cibindən Nokia markalı mobil telefonu, alışqanı, «Argo» markalı siqareti və sağ yan cibindən 01 ədəd ağ rəngi salfetkaya bükülmüş içərisində beş ədəd şəffaf selofan olan bükümləri masanın üzərinə qoymaqla təqdim etdi. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edildi. Şübhəli şəxs deyilənləri etdi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. Təqdim olunan 05 ədəd bükümə baxış keçirilməsinə başlandı. Şübhəli şəxs həmin bükümün içində psixotorp maddə metamfetamin olduğunu dedi. Bükümələrə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində ağ rəngli kritsal şəkilli maddə olan metamfetaminə bənzər maddənin olduğu məlum oldu. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetaminə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxsdən 100 manat pula razılaşaraq onun kart hesabına göndərməsini, bundan sonra Məhəmmədin qeyd etdiyi Nəsimi rayonu Qış parkının yaxınlığından özünün istifadəsi üçün götürdüyünü, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bilidirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd ağ şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 05 ədəd bükümlər kağız zərfdə qablaşdırılaraq DİN-nin 186 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanıldı, “Argo” markalı siqaret və alışqan özünə qaytarıldı. Şəxsi axtarış və götürmə “Sony” markalı mobil rəqəmsal videoaparat vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirildi. Baxış keçirilməsi zamanı çəkilmiş videogörüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edildi. Protokolun tərtibatı saat 12:40-da başlandı, saat 13:20-də qurtardı (cild 1, i/v 35-37). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD diskə baxış keçirilmiş və baxış zamanı 06 sentyabr 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 07 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4488 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 186” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş 5 ədəd şəffaf selofanlarda ağ kristal şəkilli maddə; 1. Təqsirləndirilən şəxs “imza” 2. Şahid2 “imza”; 3. Şahid1 “imza”; Vəkil: Fərhad Əliyev “imza”; Mütəxəssis: Bahadır Bəxtiyarov “imza”; Tərtib etdi: İlham Məmmədov “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki ümumilikdə 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,737 qram, - 0,322 qram, - 1,018 qram, - 0,428 qram və - 0,598 qram, ümumi təmiz çəkisi 3,103 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin bu 05 (beş) ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azəərbyacn Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 3,103 qram, tədqiqata sərf edildi cəmi 0,150 qram (hər ob.dən 0,03 qram olmaqla), qalıq cəmi 2,953 qram (cild 1, i/v 48- 52). - “Mobil telefona baxış keçirilməsi haqqında” 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə üzərində axtarış və götürmə hərəkətləri aparılarkən əynində olan açıq boz rəngli şalvarının cibindən aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefona baxış keçirildi. Baxış zamanı «Nokia» markalı mobil telefondur, içərisində ***-***-**-** saylı GSM nömrənin olduğu müəyyən edildi. Mobil telefonun daxilindəki məlumatlara baxış keçirilməsi məqsədi ilə mobil telefon adapter vasitəsi ilə əlavə enerjiyə qoşuldu və aktiv vəziyyətə gətirildi. Mobil telefonun «yığılmış», «qəbul edilmiş», «zənglər» və «SMS»lər –bölməsində heç bir məlumatın olmadığı müəyyən edildi. «Telefon rəhbəri» bölməsində müvafiq ad, soyad və ya adlandırma ilə hər hansı nömrənin qeydiyyatının aparılmadığı müəyyən edildi (cild 1, i/v 105). - “Diskə baxış keçirilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, üzrə "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə 05 avqust 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər və digər məlumatları özündə əks etdirən 01 ədəd CD diskinə baxış keçirilən zaman müəyyən edildi ki, "xxxx" telekomdan daxil olmuş 01 ədəd CD diskində 03 ədəd fayl vardır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə müxtəlif GSM nömrələri arasında 05 avqust 2024cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində müxtəlif gün və saatlarda danışıqlar olması müəyyən edilmişdir. Baxış zamanı diskdə iş ***-***-**-** saylı GSM nömrəsi ilə müxtəlif GSM nömrələri el içində “mal” adlandırılan narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə bağlı “Sabirii ol ya pulu ya malvuzi veracam oturduhum yerda dushdum poha brat darıhma sanı pulvu yeyan oz payna kot olar; samır kente getmelıyem seni gozduyurem telfonu ac bir soz de dunen and aman eledin ayibdi samir yaraşmaz bize men sene qarsi bele hereket elememisem; Samir bele elemede xetir hormetimiz var ayibdi axi men sene nese demeyim hemise artiglamasiynan hormetivi dlemisem yoxdusa pulu ver yaxsi cixmir Samir; Samir ora geddnde pul verim menede gotur eybiyox verdiyim pul halal xosun; ceku.aT.pyl.aTmamsan” məzmununda yazışmalar aşkar edildi (cild 1, i/v 119). - Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, №08451-1/3-2814 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddəni, psixotrop maddəni əldə etdiyi şəxsin və eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Kənan Həbibzadənin narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmçinin psixotrop maddəni əldə etdiyini bildirdiyi İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər görülmüşdür, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə müsbət nəticə əldə olunarsa, bu barədə məlumat veriləcəkdir (cild 1, i/v 115). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 X9 X3 xx.xx.2024-cü il tarixli, 6096 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 93-94). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2823 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq yə ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbur müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, i/v 131-132). - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 10:40-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2024-cü il tarixli, 4(006)-496/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 21, 23, 88-92). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(006)-137/2022 nömrəli hökmündən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, i/v 103-104, 121-128). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 107120-21-1/3-22380-10 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə (barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) ona təyin edilmiş azadlığın məhdudlaşdıırlması cəzasının 2 il 3 ay 16 gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti 2 ay 10 gün təşkil edir (cild 1, i/v 129). - xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,737 qram, 0,322 qram, 1,018 qram, 0,428 qram və 0,598 qram, ümumilikdə təmiz çəkisi 3,103 qram olan (qalıq çəkisi 2,953 qram, 07 sentyabr 2024-cü il tarixli 3-16/-16/2-6/4488 nömrəli Azərbaycan Respublikası ƏN-nin MEM-nin rəyi) psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və qalıq 2,953 qram psixotrop maddə metamfetamin hissəsi ibtidai istintaqı yekununda saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, iş üzrə "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınmış, 01 ədəd diskin isə cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (cild 1, i/v 154-163). - 41 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 84 ünvanında qeydiyyatdadır. Yaşadığı müddət ərzində o özünü daim nizam-intizamlı aparmış və onun barəsində 41 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə qeyd edir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11 -ci maddəsində nəzərdə tutulmuş "digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması özü tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, araşdırılmış ekspertiza rəyləri, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış yazışmaları, həmçinin üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin 5 ədəd xırda bağlamalar halında olması faktı və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadəni, yəni üzərində heç bir narkotik vasitə olmaması, ona məxsus telefon nömrəsi ilə aparılmış SMS yazışmaların yadında olmaması, həmçinin başqa şəxslərin ona narkotik vasitə alması üçün pul versə də o həmin pul müqabilində narktok vasitəni alaraq özü istifadə etməsi, heç kimə verməməsi, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi barədə verdiyi ifadəni müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, uzun müddətdir ki, el arasında “Patı” adlanan psixotrop maddə metamfetamin, bəzən isə narkotik vasitə heroin istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə yaşadığı məhəllənin yaxınlığında üzdən tanıdığı narkotik vasitə istifadəçisi olan adını bilmədiyi şəxsə narkotik vasitə və ya psixotrop maddə almağına köməklik edə biləcəyini soruşduğunu, onun köməklik edə biləcəyini bildirməsini və öz mobil telefonu vasitəsi ilə Məhəmməd adlı İran İslam Respublikası vətəndaşına zəng vurub danışdığını və daha sonra həmin şəxsin telefonu ilə Məhəmmədlə danışdığını, Məhəmmədin 100 manat pulu onun kart hesabına atmağını bildirməsini, həmin vaxt yanında olan şəxsin köməkliyi ilə Məhəmmədin kart hesabına 100 manat pul göndərdiyini, daha sonra Məhəmməd adlı şəxsin ona el arasında “patı” adlanan psixotrop maddə metamfetaminin olduğu yeri izah etdiyini və onun gedib oradan həmin içərisində psixotrop maddə metamfatemin olan bükümləri götürməyini, onun həmin yerə tək getdiyini, sonra xx.xx.2024-cü il tarixdə, saat təxminən 10:40 radələrində ünvan 9 ünvanının qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşdığını, həmin şəxslərin özlərini polis olaraq təqdim etdikdən sonra, onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etdiklərini, ona dövlət hesabına vəkil təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərinə şəxsi axtarış aparılmağa başlanıldığını, xidməti otaqda olarkən ondan üstündə və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, onun isə əynindəki qara rəngli şalvarının sol cibindən Argo markalı siqareti, Nokia markalı telefonu, alışqanı sonra isə sağ cibindən bir ədəd ağ salfetkaya bükülmüş içərisində beş ədəd sellofana bükülmüş içərisində ağ kristal şəkilli maddə olan bükümləri çıxarıb masanın üzərinə qoyduğunu, bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmamasını bildirdiyini, bundan sonra onun üzərinə axtarış aparılmağa başlanıldığını, heçnə aşkar olunmadığını, o beş ədəd şəffaf sellofana bükülmüş içərisində ağ kristal şəkilli maddənin el içində “patı” deyilən psixotrop maddə “metamfetamin” olduğunu bildirdiyini, narkotik vasitə satıcısı olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitələri həmin gün İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin kart hesabına 100 manat göndərdiyini, Məhəmmədin qeyd etdiyi Nəsimi rayonu “Qış Park”ının yaxınlığında köhnə tikilinin içərisindən özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Həmçinin saxlanılıb Nəsimi RPİ-yə aparılan zaman ona qarşı hər hansı fiziki qüvvə və yaxud xüsusi vasitə tətbiq edilmədiyini qeyd etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi halları əvvəllər mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59cu və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 1(006)-137/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 10 (on) gün hissəsi iki günə bir gün hesablanmaqla 01 (bir) ay 05 (beş) gün müddət hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. - 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş və tədqiqatdan sonra qalıq qalmış 2,953 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 1(006)-137/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 10 (on) gün hissəsi iki günə bir gün hesablanmaqla 01 (bir) ay 05 (beş) gün müddət hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 06 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş və tədqiqatdan sonra qalıq qalmış 2,953 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar