Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-899/2023 23.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 13:05 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 və müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 avqust 2022-ci il tarixdə gecə saatlarında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus rəssamlıq emalatxanasının dəmir barmaqlıqlardan ibarət giriş qapısını sınıdırıb binaya qanunsuz daxil olmaqla həmin emalatxananın giriş hissəsində quraşdırılmış 400 manat dəyərində alüminium materialdan olan bir ədəd qapını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 400 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 11 avqust 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 5,169 qram təşkil edən kustar üsulla hazırlanmış heroini əldə edib üstündə saxlamaqla daşımış, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus rəssamlıq emalatxanasından edilmiş oğurluq hadisəsi ilə əlaqədar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 11 avqust 2022-ci il tarixdə saat 14:50-də Yasamal rayonu ərazisində B.Məcidov küçəsi ilə Z.Əhmədbəyov küçəsinin kəsişməsində yerləşən yarımtikilinin qarşısında saxlanılaraq Bölmənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 5,169 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, təxminən 15 il əvvəldən başlayaraq narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Daimi yaşayış yeri və ailəsi yoxdur. Əvvəllər təxminən altı dəfə müxtəlif cinayətlərə görə – əsasən də narkotik istifadəsi ilə əlaqədar məhkum edilmişdir Narkotik vasitə almağa pul əldə etmək üçün bəzən işləmiş, bəzən isə oğurluq edərək bu ehtiyacını təmin etmişdir. 09 avqust 2022-ci il tarixdə saat 02 radələrində Yasamal rayonu, M.İbrahimov 43A ünvanında «Qış parkı»nın yaxınlığındakı rəssamlıq emalatxanasının çöl qapısının qarşısında olan dəmir barmaqlıqları qıraraq alüminium materialdan olan giriş qapısını yerindən çıxarmış və «Kubinka» deyilən yerdə metal tullantıların qəbulu məntəqəsinə aparıb 36 manata satmışdır. Həmin pula narkotik vasitə alaraq istifadə etmişdir. 11 avqust 2022-ci il tarixdə saat 14:50-də Yasamal rayonunda B.Məcidov küçəsi ilə Z.Əhmədbəyov küçəsinin kəsişməsində yerləşən yarımçıq tikilinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb oğurluqda şübhəli olduğunu bildirərək 27-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə olarkən uzun illərdir narkotik vasitədən istifadə etdiyini bildirmiş, 09 avqust 2022ci il tarixdə saat 02 radələrində Yasamal rayonu, M.İbrahimov 43A ünvanında yerləşən emalatxanaya daxil olaraq giriş qapısını oğurladığını və həmin qapını 36 manata sataraq şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etmişdir. Bundan sonra Polis Bölməsində onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Üzərində hər hansı miqdarda narkotik vasitə olmamışdır. Üzərindən aşkar olunmuş kimi rəsmiləşdirilən narkotik vasitəni əslində polis əməkdaşları onun üzərinə qoymuşlar. Qeyd olunanları nəzərə alaraq məhkəmədən yalnız oğurluq əməlinə görə cəzalandırılmasını, narkotik itiihamı üzrə ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində hər iki cinayət epizodu ilə üzrə tam etiraf ifadələri vermiş, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, üzərində saxlama və daşıma cinayəti ilə bağlı hissədə ifadəsində göstərmişdir ki, Polis Bölməsində təxminən on beş il olar ki, narkotik vasitələrdən istifadə etdiyini və hazırda da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis Bölməsinə gətirildikdən sonra müdafiəçi dəvət etmişlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual vermişlər. O, üzərində saxladığı bir ədəd bükümdə olan «kakos» deyilən narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni bir gün əvvəl «Kubinka» deyilən yerdən üzdən tanıdığı və əvvəllər də bir dəfə narkotik vasitə aldığı şəxsdən 20 manat almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün üzərində saxlamışdır (cild 1, iş vərəqə 38-39, 52-53, 63-65). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 2 ünvanında yerləşən rəssamlıq emalatxanasını ona məxsusdur. O, həmin emalatxanada tək işləyir, hər gün səhər saatlarında emalatxanaya gedərək işlə məşğul olur, axşam saatlarında işlərini qurtardıqdan sonra isə emalatxananın qapısını bağlayaraq evə gedir. 08 avqust 2022-ci il tarixdə də həmişə olduğu kimi emalatxananın qapısını bağlayaraq getmiş, 09 avqust 2022-ci il tarixdə saat təxminən 12:45 radələrində emalatxanaya gələrkən emalatxananın 400 manat dəyərində alüminium materialdan olan qapısının yerindən çıxarılaraq oğurlandığını aşkar etmişdir. O, dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Ona vurulmuş ziyan ödənilməmişdir. Amma təqsirləndilən şəxs Təqsirləndirilən şəxsun maddi vəziyyətini, ağır maddi durumda olmasını da nəzərə alaraq onu bağışlayır və hər hansı ziyan ödənilməsini tələb etmir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs 09 avqust 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Yasamal rayonu, M.İbrahimov 43A ünvanında yerləşən özünə məxsus rəssamlıq emalatxanasına daxil olunmaqla giriş qapısının oğurlanması barədə məlumat vermişdir. Oğurluq faktı ilə əlaqədar Daxili İşlər Nazirliyinin “102” xidmətindən Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məlumat gəldikdən dərhal sonra bölmənin əməliyyat qrupu hadisənin baş verdiyi emalatxanaya getmiş və bir sıra əməliyyat-axtarış tədbirləri keçirmişdir. Kamera görüntülərinə baxarkən məlum olmuşdur ki, oğurluq hadisəsini Yasamal rayonu ərazisində tüfeyli həyat tərzi sürən Rüstəm adlı şəxs törətmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o və digər əməliyyat müvəkkili Şahid2 tərəfindən hadisəni törətmiş Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə saat 14:50-də Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi ilə B.Məcidov küçəsinin yaxınlığında yerləşən yarımtikilinin qarşısında saxlanılaraq 27-ci Polis Bölməsinə gətirilmiş və orada müdafiəçi ilə təmin olunmuşdur. Polis Bölməsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs gündəlik olaraq narkotik vasitə qəbul etdiyindən narkotik vasitə almaq üçün oğurluq etdiyini, təxminən iki gün əvvəl Yasamal rayonunda yerləşən «Qış parkı»nın yaxınlığındakı rəssamlıq emalatxanasının giriş qapısını oğurlayaraq tanımadığı şəxsə 36 manata satdığını və əldə etdiyi pula narkotik vasitə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa masanın üstünə qoyması təklif edilmiş, sonuncu da əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana baxış keçirildikdə onun içərisindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olduğunu, onu şəxsi istifadəsi üçün Nəsimi rayonu ərazisində «Kubinka» deyilən ərazidən adını və ünvanını bilmədiyi şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 11 avqust 2022-ci il tarixli protokoldan və həmin prosessual hərəkətin videogörüntüsünün yazıldığı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin maddənin heroin olduğunu, onu bir gün əvvəl “Kubinka” deyilən yerdə 20 manata aldığını, bir qismini istifadə etdiyini, qalanını isə istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 30- 31, 55). Hadisə yerinə baxış keçirilməsi haqqında 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisənin baş verdiyi rəssamlıq emalatxanası ünvan 2 ünvanında yerləşir. Emalatxananın giriş qapısında olan dəmir barmaqlıqlar kəsilmiş, alüminiumdan olan giriş qapısı oğurlanmışdır. Emalatxananın giriş hissəsində olan dəmir barmaqlıqdan və emalatxananın içərisindən 53 əl barmaq izi götürmüşdür (cild 1, iş vərəqə 8-9). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 24 avqust 2022-ci il tarixli 011-9848-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən rəssamlıq emalatxanasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri Daxili İşlər Nazirliyinin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 09 ədədinin xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu (02 dəfə), şəhadət, orta barmaqları ilə və sol əlinin ovucu, böyük (02 dəfə), orta (02 dəfə) barmaqları ilə eynilik müəyyən edilmişdir (cild 1, iş vərəqə 90-91). Məhkəmə-kimyəvi ekspertizasının 12 avqust 2022-ci il tarixli 6/4290 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №168” dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,169 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in Siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqə 44-48). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 yanvar 2023-cü il tarixli, 159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 136-137). Məhkəmə-psixiatrik ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 139-141). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs: - Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 mart 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci, 180.2.4-cü və digər maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci, 127.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəələnin 66.2, 67.1-ci maddələri tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyar 2021 -ci il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, 12 oktyabr 2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli qərarına ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə ilə təqsirli bilinib 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli qərarı ilə cəzadan 01 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 noyabr 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqə 92- 95). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. İbtidai istintaq orqanının 14 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 151-152). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin ona heç bir aidiyyatının olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri,ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin sanksiyasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlığın məhdudlaşdırılması kimi alternativ cəza da nəzərdə tutulmuşdur. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsi səciyyələndirən xüsusiyyətləri, onun şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və onların törədilməsi şəraitini nəzərə almaqla cəzanın məqsədlərinin təmin edilməsi baxımından, qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növünün - azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 27, 72). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,069 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd CD disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri olan bir ədəd zərf cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,069 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd CD disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri olan bir ədəd zərf cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-899/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-899/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver