Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-899/2024 04.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 8,367 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda, naməlum mənbədən və şəraitdə qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 9 iyun 2023-cü il tarixdə saat 14:15-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış həyata keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 2,609 qram, 1,030 qram, 1,240 qram, 1,185 qram, 1,107 qram və 1,196 qram olmaqla, ümumi təmiz çəkisi 8,367 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 9 iyun 2023-cü il tarixdə günorta saat 12:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Çapayev küçəsi 9-da yerləşən yaşadığı evdən siqaret almaq məqsədi ilə evdən çıxmış, V.Adıgözəlov küçəsində piyada hərəkət edərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, onun narkotik vasitələri saxlanılmasında şübhəli olduğu bildirib küçədə üzərinə baxış keçirmişlər. Həmin zaman üzərində mobil telefon, 1 ədəd siqaret və 3 manat pul olmuşdur. Daha sonra isə onu avtomobilə əyləşdirib DİN-in BMCMİ-də gətirmişlər. İnzibati binaya daxil olduqdan sonra o, sanitar qovşağa getmişdir. Əgər onun üzərində narkotik vasitə olsaydı, həmin əşyanı rahat şəkildə kənara atardı. Daha sonra orada otaqların birində onu döymüşlər. Bundan sonra isə polis əməkdaşlarından biri yaxınlaşaraq əlində olan sellofan bükümdə maddəni ona göstərib şəxsi axtarış zamanı ona məxsus olduğunu bildirməyini demişdir. Onların dediklərini etmədiyi təqdirdə onu bir neçə kiloqram ilə ittiham edəcəklərini bildirmişdir. Həmin sellofan bükümdə 4 ədəd bükülü olduğunu və Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə rəsmləşdiriləcəyi deyilmişdir. Təzyiq altında olduğundan onlarla razılaşıb həmin bükümü cibimə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə baxış keçirilərkən üzündə olan həmin maddəni və mobil telefonu masa üzərinə qoymuşdur. Çəkilş aparılmış və təqdim etdiyi maddənin 6 ədəd büküm olduğu məlum olduqda etiraz etmiş və yenidən ona təzyiqlər olunduğundan razılıq verərək 6 ədəd bükümü çəkiliş zamanı təqdim edəcəyini bildirmişdir. Daha sonra videoçəkiliş vasitəsilə aparılmış şəxsi axtarış zamanı bükümlərin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları onu küçədə saxlayanda üzərinə baxış keçirilmiş, lakin üzərində narkotik vasitə olmamışdır. Onu DİN-in BMCMİ-nin 6-7 nəfər əməkdaşı saxlamışdır. Saxlayan zaman polis əməkdaşlarının 3 avtomobili kənarda dayanmış, üzərinə baxış keçirdikdən sonra mobil telefonunu götürüb qolunu qandallamışlar. Onu günorta 12:30 radələrində saxlamışlar. Polis əməkdaşları baş nahiyəsinə zərbə vuraraq onu avtomobilə əyləşdirmişlər. Onu inzibati binaya gətirdikdən sonra 2-3 saat sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. DİN-in BMCMİ-nin inzibati binasına gətirilən zaman ona vəkil təqdim edilməmişdir. Şəxsi axtarış zamanı vəkili ona təqdim etməmişlər, o qətimkan tədbiri ilə bağlı məhkəmə iclası zamanı həmin şəxsin vəkil olduğunu bilmişdir. Narkotik vasitəni polis əməkdaşları cibinə qoymuşlar. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitənin çəkisini bilmədiyindən çəkilərini bildirməmişdir. Həmin bükümlərin üzərində onun əl izi belə yoxdur. Hüquq və vəzifələri ilə bağlı ibtidai istintaq zamanı ona heç bir sənəd təqdim edilməmişdir. Polis əməkdaşlarına narkotik vasitələrdən əvvəllər istifadə etdiyini, lakin saxlanılmazdan 3 ay əvvəl müalicə aldığını demişdir. İbtidai istintaq zamanı sənədlərə döyə-döyə imza etdirtmişlər. Şəxsi axtarış zamanı onu saxlayan əməliyyat müvəkkilərdən biri çəkiliş aparmış, digər 2 şəxs, təhqiqatçı və vəkil orada olmuşdur. Onu şəxsi axtarışdan əvvəl döymüşlər. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Müstəntiq tərəfindən dindirilməmişdir. Şahid3 onun tutulmağında iştirak etmişdir. Tutulduğu yer ilə idarə arasında yarım saatlıq yol olmuşdur. Şahid3 ona qarşı fiziki təsir göstərməmişdir. Şahid2 onun tutulmağında iştirak etmişdir. Şahid2 ona qarşı fiziki və psixi təzyiq göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, tutulmamışdan üç gün əvvəl Balaxanı qəsəbəsində “Elşən” adlı şəxslə təsadüfən rastlaşıb özünün istifadəsi üçün 200 manata 6 ədəd bükümlərdə olan psixotrop maddə olan metamfetamin alaraq üzərində saxlamış və digər günlərdə bir qismindən istifadə etmiş və əynindəki şalvarın cibində saxlamışdır. Belə ki, 9 iyun 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında olduğu zaman ona üç nəfər mülkü geyimdə olan şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumata malik olduqlarını və onu BMCMİ-nin İnzibati binasına dəvət etmişlər. O da etiraz etməmiş, həmin idarəyə çatdıqda dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildikdə də etiraz etməmişdir. Bundan sonra onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilərkən ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. Həmin vaxt polis əməkdaşlarına üzərində psixotrop maddə olduğunu bildirib masaya yaxınlaşaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü və bundan başqa isə sol cibindən mobil telefonunu təqdim etmişdir. Həmin sellofan büküm polis əməkdaşı tərəfindən açılaraq içərisində olan 6 ədəd bükümlərə baxış keçirilmişdir. Məlum olmuşdur ki, hər bir bükümlərdə olan maddə metamfetamindir. Daha sonra onun üzərində şəxsi axtarış aparılsada heç bir qanunsuz əşya və ya predmet aşkar olmamışdır. Bundan sonra təqdim etdiyi 6 ədəd bükümlər ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış və iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır (cild 1, iş vərəqə 61-62). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması eləcə də, satışı ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunu ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün iş yoldaşı Şahid1 tərəfindən Baş İdarənin rəisinə 9 iyun 2023-ci il tarixdə raportla məruzə edilmiş, alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair onun tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlanılmışdır. Qabaqcadan hazırlanmış plana əsasən o, Şahid1 və Şahid2 ilə birlikdə 9 iyun 2023-cü il tarixdə saat 14:15 radələrində ünvan 5 ünvanda Təqsirləndirilən şəxs həmin ünvana gələcəyindən qeyd olunan ünvana gedərək orada gözləmə mövqeyi seçmişlər. Qeyd edilən vaxtda Təqsirləndirilən şəxs həmin ünvanda olan zaman ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı ona elan etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşı olduqlarını biləndən sonra M.Elçinin üzərində şəxsi axtarışın aparılması məqsədilə həmin ünvanda şərait olmadığından prosessual hərəkətlərin aparılmasından ötrü, M.Elçini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs artıq onların hər bir şey haqqında məlumatlı olduqlarını dərk etdiyindən, hər hansı etiraz bildirmədən onlarla birlikdə müşaiətləri altında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yerləşdiyi inzibati binaya gəlmişdir. Daha sonra müvafiq raport yazandan sonra, araşdırmanın aparılması Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı Kənan Kərimliyə həvalə olunduğundan, Təqsirləndirilən şəxs İdarədə təhqiqatçı üçün ayrılmış xidməti otağa aparmışlar. Təhqiqatçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 saylı Vəkil Bürosunun vəkili Eldar Qədimini dəvət edib ona təqdim edəndən sonra, sonuncunun üzərində şəxsi axtarış aparacağını nəzərinə çatdırmışdır. Sonra, təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Daha sonra üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən təqdim edilmiş 1 ədəd büküm açıldıqda içərisində 6 ədəd büküm olduğu aşkarlanmışdır. Həmçinin təhqiqatçı tərəfindən bükümlər bir-bir açılaraq baxış keçirilmiş və məlum olmuşdur ki, içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələrdir. Həmin bükümlərdə aşkar edilmiş maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb həmin 1 ədəd kağız zərfin üzəri DİN-nin Zərflər üçün möhürü ilə möhürlənərək, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddəni iki gün əvvəl anket məlumatlarını bilmədiyi şəxsdən 200 manata əldə etdiyini bildirmişdir. Həmin vaxt videoçəkilişdən də istifadə edilmişdir. Əməliyyat məlumatı narkotik vasitə və yaxud psixotrop maddənin istifadəsi və satışı ilə bağlı olmuşdur. Əməliyyat ilə bağlı raport Şahid1 tərəfindən tərtib olunmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı həmin psixotrop maddənin 200 manata tanımadığı şəxsdən istifadə etmək üçün aldığını bildirmişdir. Tutmazdan əvvəl Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqləşdirmişlər. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində olması müəyyən olunmuşdur. Onlar Elçini saxlayan zaman 3 nəfər olmuşlar. Digər polis əməkdaşları Ayaz və Şahid1 olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşdıqda həyəcanlanmışdır. Təqsirləndirilən şəxs üzərinə idarədə baxış keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə və yaxud psixotrop maddənin istifadəsi və satışı ilə məşğul olması ilə bağlı onlarla idarəyə getməli olduğunu bildirmişlər, o da buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış saxlanıldıqdan təxminən 1-2 saat sonra keçirilmişdir. Şəxsi axtarış zamanı bükümləri könüllü formada Elçinin özü təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 9 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 9.06.2023-cü il tarixdə saat 16:25 radələrində Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərlərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bundan sonra masaya doğru yaxınlaşıb əynində olan boz rəngli cins şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofanı və sol cibindən isə 1 ədəd mobil telefonu masa üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi Samsung markalı mobil telefona baxış keçirilmiş müəyyən edilmişdir ki, üzərində ***-***-**-** saylı mobil nömrə vardır. Daha sonra onun təqdim etdiyi sellofan bükümə açılaraq baxış keçirildikdə içərisində 6 ədəd sellofan bükümlərdə olan psixotrop maddə metamfetaminə bənzər əşya aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri iki gün əvvəl 200 manata əvvəllər tanımadığı şəxsdən özünün istifadəsi üçün əldə etmişdir. Həmin bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb, üzəri möhürlənmiş, imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 27-29). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi” barədə 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman təhqiqatçının təklifi ilə üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümünü və sol cibindən isə Samsung markalı mobil telefonu təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm baş təhqiqatçı polis kapitanı Kənan Kərimli tərəfindən qayçı ilə kəsilərək açıldıqda həmin sellofanın içərisində 6 ədəd bükümlərin olduğu aydın görünür. Daha sonra hər bir bükümlər təhqiqatçı tərəfindən tamlığı pozulmadan sellofanın uc hissəsi qayçı vasitəsilə kəsilərək baxış keçirildikdə hər bükümlərin içərisində ağ rəngli maddənin olması məlum olur. Təqsirləndirilən şəxs üzərində axtarış aparılsada heç bir qanunsuz əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin psixotrop maddəni 2 gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 200 manata almışdır. Həmin 6 ədəd bükümlər içərisi boş olan zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq edilir, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür (cild 1, iş vərəqə 132). Cinayət işinin materiallarında olan “CD diskin baxışının aparılması” haqqında 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinin 20 may 2023-cü il tarixdən 9 iyun 2023-cü il tarixədək olan müddət ərzində hansı abonentlərlə əlaqə saxlaması barədə məlumatların (telefon zəngləri, əlaqə saxladığı abonentlər və anten dairələri haqqında məlumatlar, mesajlar, mesajların mətnləri) əks olunsa da, həmin məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 1, iş vərəqə 179). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2023-cü il tarixli 6/3287 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasa DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan, üzərində “Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan kağız paketdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,609 qram, 1,030 qram, 1,240 qram, 1,185 qram, 1,107 qram və 1,196 qram, ümumi təmiz çəkisi 8,367 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metamfetaminin ümümi təmiz çəkisi 8,367 qram, tədqiqata sərf edildi 0,60 qram (hər obyektdən 0,10 qram), qalıq 7,767 qram, cild 1, iş vərəqə 41-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 22 iyul 2023-cü il tarixli 4672 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olumuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 171-172). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin 7 avqust 2023-cü il tarixli 2183 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Lakin Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır (cild 1, iş vərəqə 173-175). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 18 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinəsi zamanı bədəninə baxış keçirilərkən sol bazunun içəri səthində 4-5 sm ölçüdə sarı-yaşılımtıl rəngli qançır müşahidə olunmuşdur (cild 1, iş vərəqə 201). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2657 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər – sol saidin orta üçdə birinin ön səthinin köndələn çapıq toxumaları (kəsilmiş yara izləri) iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti məhkəmə tibbi ekspertizasından 1,5 il və ondan əvvələ uyğun gələ bilər, boyunun sol yarısının bayır səthinin 3 ədəd çapıq toxumaları (kəsilmiş yara izləri) iti kənarlı əşyanın ola bilsin şüşənin sınmış parçasının iti kənarının təsirindən törənmiş, törənmə müddəti məhkəmə tibbi ekspertizasından 2-3 ay əvvəl olmaqla müayinə olunanın göstərdiyi xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlər zərərçəkmiş üçün əl çatan nahiyədə yerləşdiyindən, həmin xəsarətin şəxsin özü-özünə yetirməsi inkar olunmur. Təqsirləndirilən şəxs İsmayıl oğlunun adına tibbi sənəddə qeyd olunan sol bazunun iç səthinin qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti onun Bakı şəhəri İstintaq Təcridxanasına daxil olduğu vaxtdan yəni xx.xx.2023-cü il tarixdən 9-11 gün əvvələ uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 169-170). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, 30 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən 27 sentyabr 2023-cü il tarixdə ləğv edilmiş, əlavə araşdırılması üçün rayon prokurorluğuna göndərilmiş, araşdırma nəticəsində Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı izahatları alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi zorakılığa məruz qalmamasını bildirmişlər, həmçinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2657 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər – sol saidin orta üçdə birinin ön səthinin köndələn çapıq toxumaları (kəsilmiş yara izləri) iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti məhkəmə tibbi ekspertizasından 1,5 il və ondan əvvələ uyğun gələ bilər, boyunun sol yarısının bayır səthinin 3 ədəd çapıq toxumaları (kəsilmiş yara izləri) iti kənarlı əşyanın ola bilsin şüşənin sınmış parçasının iti kənarının təsirindən törənmiş, törənmə müddəti məhkəmə tibbi ekspertizasından 2-3 ay əvvəl olmaqla müayinə olunanın göstərdiyi xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlər zərərçəkmiş üçün əl çatan nahiyədə yerləşdiyindən, həmin xəsarətin şəxsin özü-özünə yetirməsi inkar olunmur. Təqsirləndirilən şəxs İsmayıl oğlunun adına tibbi sənəddə qeyd olunan sol bazunun iç səthinin qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti onun Bakı şəhəri İstintaq Təcridxanasına daxil olduğu vaxtdan yəni xx.xx.2023-cü il tarixdən 9-11 gün əvvələ uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 2). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 9 iyun 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 1, iş vərəqə 81). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 9 iyun 2023-cü il tarixdə saat 14:15-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarənə gətirilib üzərində şəxsi axtarış həyata keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 2,609 qram, 1,030 qram, 1,240 qram, 1,185 qram, 1,107 qram və 1,196 qram olmaqla, ümumi təmiz çəkisi 8,367 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı təqsirləndirilən şəxsin ilkin qismən etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-kimyəvi, ambulator məhkəmə-narkoloji, ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyləri, “şəxsi axtarış və götürmə aparılması” haqqında, “diskə baxış keçirilməsi” barədə protokollar ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində ondan aşkar olunmuş metafetamini saxlanılmazdan 3 gün əvvəl Balaxanı qəsəbəsində olarkən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan “Elşən” adlı şəxslə təsadüfən rastlaşaraq ondan öz istifadəsi üçün aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və həmin maddəni hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddənin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi (cild 1, iş vərəqə 61-62) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasını sübut etdiyindən məhkəmə həmin ifadəni mötəbər hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanıma haqqında” 12 iyun və 19 iyul 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 7,767 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd DVD-R disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 78-79 və 134-135). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 102-103 və 147-166). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayət işi üzrə cəzasını çəkib qurtardıqdan 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 iyun 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 9 iyun 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 73-77). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 9 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 7,767 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 9 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 7,767 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-899/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-899/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver