Məhkəmə qərarları › İş №1(101)-899/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-899/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-899/2025 15.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, X4 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: 20 dekabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət etməklə vəsatətini əsaslandıraraq göstərdi ki, cinayət işinin materialları tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətində uzadılmalıdır. Dövlət ittihamçısı qeyd etdi ki, CPM-in 223.3.2-ci maddəsinin tələbinə əsasən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi qərarın nəticə hissəsində göstərilməlidir. Həmin Məcəllənin 223.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilir. Eyni zamanda, CPM-in 289.3.1-ci maddəsinin tələbinə görə ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Həmin məcəllənin 289.4-cü maddəsinin tələbinə görə isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktı və 3 dekabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddənin satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mənnan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin yerləşdiyi ünvan barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 24 avqust 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində gizlədilmiş külli miqdarda olmaqla ümumi təmiz çəkisi 875,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib müvəqqəti yaşadığı Bakı şəhəri Nərimanov rayonu M.Nərimanov küçəsində yerləşən “Şeş-Beş” hotelin 612 nömrəli otağına daşımaqla dolabın içərisində saxlamış, 25 sentyabr 2024-cü il tarixdə, saat 17:45 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nərimanov rayonu M.Nərimanov küçəsində yerləşən “Şeş-Beş” hotelin qarşısında saxlanılaraq müvəqqəti yaşadığı Bakı şəhəri Nərimanov rayonu M.Nərimanov küçəsində yerləşən “Şeş-Beş” hotelin 612 nömrəli otağına videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı dolabdan çıxarıb təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 875,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Beləliklə, həmin ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 875,0 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Halbuki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli, 516-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 234.4-1-ci maddəsi əlavə edilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə qeyd edilən maddə ilə cinayət məsuliyyətinin yaranması müəyyən edilir və maddənin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edilən Qanunun keçid müddəalarına əsasən həmin dəyişiklik narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir. Eyni zamanda, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd edilən Qanunun adında və İ maddəsində dəyişiklik edilmiş, eləcə də həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” yeni redaksiyada verilmişdir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir. Qanunvericilikdə edilmiş qeyd edilən dəyişiklik 13 dekabr 2023-cü il tarixdə dərc edilməklə qüvvəyə minmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunu ziddiyyətli olmaqla cinayətin törədilməsinin nəticəsi, eləcə də tövsifedici əlamətləri düzgün müəyyən edilməmiş və bunun nəticəsində istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərinə düzgün olmayan hüquqi qiymət verilmişdir. Bu hal ittihamın mahiyyətinə toxunan hal olmaqla bərabər təqsirləndirilən şəxsin təqsirliliyi və əməllərinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Bu isə öz növbəsində CPM-in 303.3.6-cı maddəsinin pozuntusunu yaradır. Belə ki, CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3cü hissəsinin 6-cı bəndinə görə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, məhkəməyədək icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X5 barəsində xüsusi qərar çıxarılması və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 1 (bir) ay müddətə uzadılması barədə qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi dövlət ittihamçısının vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi hissəsində təmin olunmasını bildirərək, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilməsini xahiş etdi. Həmçinin, Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razı olduğunu bildirərək əlavə olaraq göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadələrində həqiqəti bildirməmişdir. Belə ki, ittihamda qeyd edilmiş psixotrop maddə metamfetamin ümumiyyətlə ona məxsus olmamış, həmin predmet onunla faktiki birgə yaşamaqla ər-arvad münasibətində olan 1990-cı il təvəllüdlü X6 məxsus olmuşdur. Polis əməkdaşları şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılan videoçəkilişin formal xarakter daşıdığını bildirərək onu aldadıb sonradan barəsində cinayət işi üzrə icraat başlanılaraq iş məhkəməyə göndərilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyib hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş materiallarında CPM-in normalarının digər pozulması hallarına da yol verilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 4 (005)-1210/2024 saylı qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, xəstə olduğu üçün işləməyə gücü yoxdur. Uşağının gözü görmür və əməliyyat olmalıdır. İranlı ona narkotiki deyilən yerə qoymasının qarşılığında 500 manat pul verəcəkmiş. Onunla birgə narkotiki götürən şəxs qaçmışdır və o, polis əməkdaşları tərəfindən yaxalanmışdır. Çarəsizlikdən məcbur qalıb bu yola əl atmışdır”. Lakin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında bildirdiyi həmin hallar ibtidai istintaq zamanı ümumiyyətlə müvafiq suallar və sorğular verilməklə, habelə istintaq hərəkətləri keçirilməklə aydınlaşdırılmamış, xüsusilə külli miqdarda psixotrop maddəni onunla birgə götürdüyünü bildirdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün hər hansı əməliyyat-axtarış və ya istintaq hərəkətləri yerinə yetirilməmiş, özünün başqa hər hansı xəstəlikdən əziyyət çəkməsi və himayəsində hər hansı uşağının olub-olmaması dəqiqləşdirilməmişdir. Belə ki, “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, A.Ç.X1 anasıdır. Halbuki, ittiham aktında təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi məsuliyyətini yüngülləşdirən halların ümumiyyətlə müəyyən edilməməsi götərilmiş və özünümüdafiəsi üçün gətirilmiş yuxarıda qeyd edilən dəlillərə hər hansı hüquqi qiymətin verilməməsi müəyyən edilmişdir. Qeyd edilən hallar isə bütövlükdə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulması olmaqla bu isə öz növbəsində CPM-in 303.3.1-ci maddəsinin pozuntusunu yaradır. Belə ki, 303.3-cü maddənin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərarı ilə əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası müdafiəçi və təqsirləndirilən şəxsin qətimkan tədbiri ilə bağlı vəsatətlərini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hazırkı mərhələdə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılsın. Müdafiəçi və təqsirləndirilən şəxsin qətimkan tədbiri ilə bağlı verdikləri birgə vəsatətləri təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 15 fevral 2025-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X5 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar