Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-901/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə baxışı iclasında dövlət ittihamçısı yazılı vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunun müəyyən edildiyini və buna görə də barəsində olan cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətini aşağıdakılarla əsaslandıraraq göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda, bir neçə bükümdə, müxtəlif növ narkotik vasitələri iki dəfə ayrı-ayrı vaxtlarda və mənbədən satış məqsədilə əldə etmiş, cinayət əməlləri təkrarən törədilmişdir. Onun əməlləri CM 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunsa da, əlavə olaraq CM-nin 234.4.2-ci maddəsi ilə tövsif olunmamış, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş əlamətlər rəqəm və söz ifadəsi ilə göstərilməmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi dövlət ittihamçısının vəsatəti ilə bağlı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiklərini araşdıraraq və CPM–in yuxarıda qeyd edilən tələbinə əsasən dövlət ittihamçısının cinayət işinin baxılması xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti olduğu halda məhkəmənin həmin vəsatəti təmin etməli olmasının imperativ xarakter daşımasını nəzərə alıb hesab edir ki, vəsatət təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiklərini əsaslı və qanuni hesab edərək belə qənaətə gəlir ki, vəsatətdə göstərilən hallar təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi üçün kifayətdir. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 05 oktyabr 2020cı il tarixdə, saat 01:00 radələrində, Bərdə rayonu, Əyricə kəndi ərazisində Bərdə rayon PŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Bərdə rayon PŞ-nə gətirilmiş və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 8 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ümumi təmiz çəkisi 2,888 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ümumi təmiz çəkisi 1,921 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 26 noyabr 2020-ci il tarixdə, saat 21:30 radələrində, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanındakı komendant postunda, «komendant saatı»-nın tələblərini pozduğuna görə hərəkət etdiyi avtomobildə Sumqayıt şəhər Pİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə gətirilmiş və bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfindən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 172,107 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 97,712 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və gödəkçəsinin sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 9,682 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək və üzərində «Methadone» yazısı olan konvalyutda hər birinin təmiz çəkisi 0,04 qram olmaqla, ümumi təmiz çəkisi 0,12 qram 3 ədəd üzərində «ddp/M40» yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli təsiredici dərman preparatı olan, narkotik vasitə hesab edilən metadon həbləri aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, təqsirləndirilən şəxs iki müstəqil tərkib əlamətlərinə malik cinayət əməlini ayrı-ayrı vaxtlarda törətməkdə ittiham olunur ki, həmin əməllərin heç birinə görə də məhkum edilməmişdir. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdikləri ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin təkrarlığı vardır. Hüquq nəzəriyyəsinə görə, təkrarlıq, cinayətin əvvəllər hər hansı cinayət törətmiş şəxs tərəfindən törədilməsi deməkdir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq çoxluğu təşkil edən bütün cinayətlər eyni şəxs tərəfindən törədilməlidir və təqsirləndirilən şəxsin cinayətlərdə hansı rolu (icraçı, təşkilatçı, əlbir və ya təhrikçi) yerinə yetirməsi heç bir məna kəsb etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 21 yanvar 2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, CM-nin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyə və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Hazırkı cinayət işindən də görünür ki, təqsirləndirilən şəxs cinayət qanunun eyni maddəsi ilə nəzərdə tutulmuş cinayəti iki ayrı vaxtda, yəni 05 oktyabr 2020-cı il tarixdə, saat 01:00 radələrində və 26 noyabr 2020-ci il tarixdə, saat 21:30 radələrində törətmiş və bu cinayətlər vahid niyyətlə əhatə olunmur. İttiham aktından görünür ki, təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə törətdiyi cinayət əməli 05 oktyabr 2020-ci il tarixdə törətdiyi cinayətə münasibətdə təkrar törədilmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda onun təkrar cinayət törətməsi göstərilməmiş, həmin cinayətin törədilməsinə görə əməli tövsif edilmiş CM-nin müvafiq maddəsinin tövsifedici əlaməti olan “təkrarlıq” nəzərə alınmamışdır. Başqa sözlə, təqsirləndirilən şəxsin əməli “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma” kimi qiymətləndirilərək CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilsə də, heç bir səbəb olmadan xüsusi tövsifedici əlamət olan təkrarlığı özündə əks etdirən CM-nin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə olaraq CM-nin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməsi məsələsi həll edilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Həmin Məcəllənin 159.10-cu maddəsinə əsasən həmin Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. İş üzrə əlavə istintaq hərəkətləri aparılması zərurətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ( bir) ay müddətə, yəni 05 iyun 2021-ci ilədək uzadılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı təyinatla Sumqayıt Regional Vəkil bürosunda fəaliyyət göstərən vəkil X4, məhkəmə iclaslarında isə Bakı şəhəri 2 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçi X2 göstərdiyi hüquqi yardım üzrə iş saatları 25 (iyirmi beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 150 (bir yüz əlli) manat, Müdafiəçi isə dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 20 (iyirmi) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 120 (bir yüz iyirmi) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Sumqayıt Regional Vəkil Bürosunun, Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci və 321-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı:
1. Dövlət ittihamçısı vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan 01 (bir) ay müddətə-05 iyun 2021-ci ilədək uzadılsın.
4. Göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X4 üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Sumqayıt Regional Vəkil Bürosunun, Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin.
Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov