Məhkəmə qərarları › İş №1(101)-901/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-901/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-901/2023 18.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədzadə Səbinə Adil qızının sədrliyi, Hakimlər: Məcidov X13 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərər çəkmiş şəxs: X2, Zərər çəkmiş şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Sübhan Məmmədov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və “Kredo” Vəkil Bürosunun vəkili X6 iştirakı ilə iştirakları ilə, xx xxxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə edərək xüsusilə külli miqdarda özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 26 ünvanında yerləşən “Mərkəz” vəkil bürosunun müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və büro rəhbəri kimi öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin xüsusilə külli miqdarda pul vəsaitini ələ keçirmək niyyətilə 2021-ci ilin aprel ayının ortalarında Bakı şəhər sakini Zərərçəkmiş şəxs sonuncunun yaxın qohumu barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə etməklə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail olacağını vəd verib aldadaraq, öz xidməti iş otağında 544.000 manat ekvivalentinə bərabər 320.000 ABŞ dolları məbləğində pul vəsaiti almış və 2021-ci ilin avqust ayında gələcəkdə zərərçəkmiş şəxsdən yenidən həmin pul vəsaitini almaq üçün zərərçəkmiş şəxsin etibarını qazanmaq məqsədilə həmin pul vəsaitini Zərərçəkmiş şəxs qaytarmış, 2021-ci ilin sentyabr ayında əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətinin davamı olaraq öz qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmək məqsədilə rəhbəri olduğu büronun vəkili Şahid xidmət haqqı formasında 300.000 ABŞ dollar məbləğində pul vəsaiti müqabilində sonuncunun hüquqlarını müdafiə etdiyi və Zərərçəkmiş şəxs yaxın qohumu olan şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə edərək, məhkəmə baxışı zamanı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail ola biləcəyini bildirib, rəhbəri olduğu büronun xidməti iş otağında Zərərçəkmiş şəxslə görüşmüş və sonuncudan xidmət haqqı adı ilə xüsusilə külli miqdar hesab edilən 510.000 manat ekvivalentinə bərabər 300.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, bununla belə məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında “Mərkəz” vəkil bürosunun müdiri işləyəndə iş barəsində həmin vəkil bürosunun vəkili Şahidla söhbət edən zaman sonuncu onun Mövlan Şixəliyevin vəkili olduğunu bildirmiş, həmin vaxt Mövlam Şixəliyev barəsində cinayət işinin ibtidai istintaqı davam etmiş və sonuncunun barəsində həmin iş üzrə həbs qətimkan tədbiri seçilmişdir. O, Şahidla söhbət zamanı sonuncuya yuxarı dövlət orqanlarında bəzi vəzifəli şəxsləri tanıdığını və Mövlam Şixəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsində köməklik edə biləcəyini demişdir. Bir neçə gün sonra Mərkəz vəkil bürosunun inzibati binasında Şahid Mövlam Şixəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi məsələsini həll edəcəyini, bunun üçün onlardan 320000 ABŞ dolları məbləğində pul alacağını, həmin pulun xidmət haqqı kimi onun özünə lazım olduğunu söyləmişdir. Bu danışıqdan bir həftə sonra “Mərkəz” vəkil bürosunun inzibati binasında olan otaqda X3 Şixəliyev vəkil Şahid iştirakı ilə ona 320 000 ABŞ dolları pul vermiş, əslində isə həmin pul məbləğini alanda onun niyyəti Zərərçəkmiş şəxs aldadaraq onun pulu aldatma yolu ilə ələ keçirmək olmuş, hər hansı vəzifəli şəxslə əlaqə qurmaq niyyəti olmamışdır. Pul vəsaiti ona veriləndən sonra Zərərçəkmiş şəxs və Şahid ona tez-tez zəng etmiş və məsələnin nə yerdə olduğunu soruşmuş, o isə onlara gözləmək lazım olduğunu demişdir. Bu haldan sonra bir neçə ay ərzində o məsələnin həll edilməsi üçün heç bir hərəkət etməmiş, heç kimlə əlaqə qurmamış və 2021-ci ilin avqust ayında Mövlam Şixəliyev barəsində olan cinayət işi istintaq orqanı tərəfindən məhkəməyə göndərildiyindən o, Zərərçəkmiş şəxs ona olan inamını daha da artırmaq, yəni guya sonuncuya yalan danışmadığını inandırmaq üçün, lakin iş məhkəmənin icraatında olan zaman yenidən həmin pul vəsaitini Zərərçəkmiş şəxs almaq məqsədilə 320000 ABŞ dollar pulu Şahid qaytarmışdır. Qabaqcadan planlaşdırdığı niyyətinə uyğun olaraq o, Mövlam Şixəliyev barəsində cinayət işi məhkəmə baxışında olarkən o, yenidən əvvəlki niyyətinin davamı olaraq Şahid Mövlam Şixəliyevə köməklik göstərilməsinin mümkün olduğunu və tanıdığı vəzifəli şəxslərlə yenidən əlaqə qura biləcəyini demiş və bu xidmət üçün bu dəfə 300.000 ABŞ dolları istəmişdir. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs Mərkəz vəkil bürosunda olan otağına gedərək vəkil Şahid iştirakı ilə ona 300.000 ABŞ dolları pul vermiş, lakin bu dəfə də onun heç kimlə əlaqə qurmaq niyyəti olmamışdır və müvafiq olaraq heç bir vəzifəli şəxslə əlaqə qurmamışdır. Zərərçəkmiş şəxs pulları verdikdən sonra ara-sıra ona zəng etməyə başlamış və işin nə yerdə olduğu ilə bağlı marağlanmışdır. O isə hər dəfə onlara gözləmək lazım olduğunu cavabı vermişdir. İkinci dəfə pul vəsaitlərini götürəndən sonra da o, heç bir vəzifəli şəxslə əlaqə yaratmamışdır. O, Zərərçəkmiş şəxs aldığı pulları adlarını çəkmək istəmədiyi müxtəlif şəxslərə olan borclarının qaytarılmasına xərcləmişdir. Pulları qaytara bilmədiyi üçün Zərərçəkmiş şəxs onun barəsində Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, habelə zərərçəkmiş şəxsin və şahidin ifadələrini, o cümlədən cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, o cümlədən həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun xalası qızının həyat yoldaşı və atasının vəkili Şahidla birlikdə işləmişdir. Təqsirləndirilən şəxs Şahid müraciət edərək atasının barəsində gedən cinayət işi üzrə ona köməklik edə biləcəyini bildirmiş və bunun qarşılığında da 300.000 ABŞ dolları pul istəmişdir. Şahid bu barədə ona bildirmiş, o, da həmin məbləği toplayıb Şahid iştirakı ilə Təqsirləndirilən şəxs iş yerində ona vermişdir. Sonradan onların arasında bu barədə geniş danışıqlar olmamışdır. Elçin ona demişdir ki, yüksək vəzifəli tanışları var və atasının barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirməyə köməklik edəcək, lakin sonradan təqsirləndirilən şəxs dediklərinə əməl etməmiş, o da bu səbəbdən Dövlət Təhlükəsizlik Xidmətinə bu barədə şikayət etmişdir. Zərər çəkmiş şəxs X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs məhkəmə iclasında həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsin barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsində saxlayır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Mövlam Şixəliyev onun qohumudur. Mövlam Şixəliyevin barəsində cinayət işi olmaqla 2021-ci ilin aprel ayının əvvəllərində həbs olunmuş, həbs olunan gündən də o, M.Şixəliyevin vəkili olmuşdur. O, Təqsirləndirilən şəxsla bir büroda işləmiş, söhbət əsnasında ona general Mövlam Şixəliyevin müdafiəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da Mövlam Şixəliyevə kömək edə biləcəyini söyləmiş, o da Mövlam Şixəliyevin oğluna bu barədə məlumat vermişdir. X3 Şixəliyev də 320.000 ABŞ dolları qarşılığında onunla razılaşmışdır. Qeyd olunan məbləğ Təqsirləndirilən şəxs çatdırılmış, o da həmin prosesdə iştirak etmişdir. Daha sonra Təqsirləndirilən şəxs söz verdiyi məsələ alınmamış və Mövlam Şixəliyev və oğlu Zərərçəkmiş şəxs pullarını geri tələb etmişlər. Təqsirləndirilən şəxs həmin məbləği onun vasitəsi ilə geri qaytarmışdır. Mövlam Şixəliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, Təqsirləndirilən şəxs da M.Şixəliyevə məhkəmə istintaqı zamanı müəyyən köməlik etmək imkanının olduğunu bildirmişdir. O, təcridxanada görüş zamanı bu barədə Mövlam Şixəliyevə və onun oğluna məlumat vermiş, həmin şəxslər də bu təkliflə razılaşaraq Təqsirləndirilən şəxs 300.000 ABŞ dolları pul vermişlər. Məhkəmə istintaqı zamanı da işin gedişində heç bir dəyişiklik olmamış, bu səbəbdən M.Şixəliyev və oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdikləri məbləği geri tələb etmişlər, həmin məbləği geri ala bilmədikdə isə onun barəsindı şikayət etmişlər. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Mövlam Şixəliyevə vəkil kimi köməklik edəcəyini, qeyd olunan məbləği özü üçün istədiyini demişdir. O, Təqsirləndirilən şəxs M.Şixəliyevə hansı qaydada köməklik edəcəyini bilməmiş, Təqsirləndirilən şəxs müxtəlif tanışları olmuşdur. Təqsirləndirilən şəxs Mövlam Şixəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ona yüngül cəza təyin edilməsinə dair söz vermişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs tərəfindən həm ilk dəfə verilən 320.000 ABŞ dolları, həm də ikinci dəfə 300.000 ABŞ dolları pul onun iştirakı ilə verilmiş, onun vasitəsi ilə də geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, digər sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 06 dekabr 2022-ci il tarixli 3258 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir, onda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs cinayətin törədildiyi anlarda öz əməllərinin faktiki xarakterini və onun ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür (iş vərəqə: cild 1, səh. 154-156). 25 iyun 2022-ci il tarixli “cbar.az” internet ünvanına baxış protokolundan görünür ki, 2021-ci ilin aprel və sentyabr aylarında 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 AZN səviyyəsində müəyyən edilmişdir (iş vərəqə: cild 1, səh. 24-26). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (iş vərəqə: cild 1, səh. 35-36). Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 iyun 2022-ci il tarixdən hesablanmışdır (iş vərəqə: cild 1, səh. 57-60). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2003-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və 06 may 2003-cü il tarixdə amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilmişdir. Bundan başqa o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 2.220.000 manat cərimə cəzasına məhkum edilmiş və həmin məhkəmənin xx.xx.2012-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab edilmişdir (iş vərəqə: cild 1, səh. 69). Hadisə yerinə baxış keçirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, “Mərkəz” Vəkil bürosu Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 26 ünvanında 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və büro müdirinin xidməti iş otağı binanın 1-ci mərtəbəsindədir (iş vərəqə: cild 1, səh. 128-131). 18 yanvar 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş 510000 (beş yüz on min) manat zərər tam həcmdə ödənilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (iş vərəqə: cild 2, səh. 26). 03 mart 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin gün Təqsirləndirilən şəxs oğlu X8 "xxxx" ASC vasitəsi ilə 255,000.00 manat məbləğində pul vəsaitini dövlət nəfinə ödəmişdir ( iş vərəqə: cild 2, səh. 45-46). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək, onları mübahisələndirmək, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək üçün məhkəmə baxışında şərait yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə istintaqında araşdırılmış sübutlarla öz etirazlarını bildirməmişlər, habelə irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə edərək xüsusilə külli miqdarda özgə əmlakını ələ keçirərək dələduzluq etmiş və onun tərəfindən törədilmiş əməl nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 510.000 (beş yüz on min) manat məbləğində ziyan vurulmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda məhkəmə təqsirliliklə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə araşdırma zamanı zərərçəkmiş şəxsə vurduğu 510.000 (beş yüz on min) ziyanı tam şəkildə ödəmiş, habelə məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsə vurulmuş ziyanın 50 faizini təşkil edən pul vəsaitini dövlət nəfinə ödəmişdir. Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətdikdən sonra həm zərərçəkmiş şəxsə ümumilikdə 510.000 (beş yüz on min) manat, həm də dövlət nəfinə qeyd edilən məbləğin 50 faizini, yəni 255.000.00 manat məbləğində pul vəsaitini ödəməsi onu təsdiq edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Həmçinin yuxarıda göstərilən cinayət hadisəsi həqiqətən baş vermiş, Təqsirləndirilən şəxs əməlinə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə əsasən dələduzluq, qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə edərək xüsusilə külli miqdarda özgə əmlakını ələ keçirərək ziyan vurmaqla törədildikdə – on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş zərər tam şəkildə ödənilmiş, bundan başqa, tərəflər arasında barışıq əldə olunmuş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin gün təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs oğlu Əli Qəmbərov tərəfindən cinayət nəticəsində vurulmuş zərərin 50 faizi, yəni 255.000.00 manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən – bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır. Lakin şəxs barəsində cinayət mühakiməsinin aparılmasından müxtəlif əsaslarla və dəfələrlə imtina edilməsi, həmçinin yalnız bir dəfə deyil, dəfələrlə cinayət törətmiş şəxsə münasibətdə məsuliyyətdən azad etmənin tətbiq edilməsi Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən edilən cinayətlərin qarşısını almaqla bağlı Cinayət Məcəlləsinin vəzifəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 8-ci maddəsi ilə müəyyən edilən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək kimi cinayət mühakimə icraatının vəzifələrinə uyğun gəlməməklə bərabər, yuxarıda qeyd olunduğu kimi, digər şəxslərdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranması, eyni zamanda sosial ədalətin pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, cinayət qanununun vəzifələrinin yerinə yetirilməsi baxımından dairəsi konkret göstərilmiş və ya müəyyən kateqoriya cinayətlər üzrə şəxsin cinayət törətdikdən sonrakı davranışına müvafiq olaraq qanunvericilikdə onun məsuliyyətdən azad edilməsi imkanı nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 72–73-2ci maddələrində şəxsin cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünü nəzərdə tutan və belə azadetmənin şərti kimi şəxsin cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmişlə barışmasını və müvafiq olaraq dövlət büdcəsinə ödəniş etməsini müəyyən edən hüquqi tənzimetmə cinayət məsuliyyətinin və cəzanın diferensiallaşdırılması, onların islahedici təsirinin gücləndirilməsi, yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi və son nəticədə şəxsiyyətin, cəmiyyət və dövlətin cinayətkar qəsdlərdən qorunması kimi konstitusiya əhəmiyyətli məqsədlərə nail olmağa yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cinayət məsuliyyətindən azad etmənin əsasları ilə bağlı izahlar verilmiş, o cümlədən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Qeyd edilən qərarda həmçinin göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etmənin cinayət təqibi orqanı və ya məhkəmənin mülahizəsinə əsasən həyata keçirildiyi hallarda, şəxsin məsuliyyətdən azad olunması məsələsi həll edilərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı ödəməsi ilə yanaşı, iş üzrə əhəmiyyət kəsb edən digər hallar, o cümlədən təqsirkarın şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər, cinayətin törədilmə şəraiti və sair hallar nəzərə alınaraq obyektiv və əsaslandırılmış qərar qəbul edilməlidir. Yuxarıda göstərilən maddi hüquq normalarından və bu normaların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqedən görünür ki, Təqsirləndirilən şəxs nisbətdə Cinayət Məcəlləsinin 73-1.3cü maddəsinin tətbiqi mümkündür. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra (ibtidai araşdırma zamanı) zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəmiş, nəticədə tərəflər arasında barışıq əldə edilmiş, daha sonra zərərçəkmiş şəxsə vurduğu ziyanın 50 faizini qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödəmişdir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra özünün qanunsuz əməllərinə tənqidi yanaşaraq törətdiyi cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə ödəməklə əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini tədqiq edib, zərərçəkmiş şəxsin və şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsini xahiş etməsini, dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunmasına dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi nəticəsinə gələrkən, həmçinin onun yaşını, şəxsiyyətini və peşə fəaliyyətini əsas tutmuşdur. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən, habelə cinayət nəticəsində vurulmuş ziyanın 50 (əlli) faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3 və Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddələrinə əsasən o, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar