Məhkəmə qərarları › İş №1(101)-902/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-902/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-902/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “Cəlal” adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri Yasamal rayonu ərazisində olan metronun “Elmlər Akademiyası” stansiyasının çıxışının yaxınlığında ağacın kötük hissəsinə istintaqla müəyyən olunmayan qaydada yerləşdirdiyi 01 ədəd “Prima” markalı siqaret qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 10,037 qram, 01 ədəd “Winston” markalı siqaret qutusunda 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,114 qram və 0,915 qram, ümumi təmiz çəkiləri 13,066 qram ağ rəngli, kristalşəkilli, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kütlələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini sonuncuya 300 manat ödəməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, 11 dekabr 2021-ci il tarixdə saat 00:10 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.Cavıd prospekti 528-ci məhəllədə piyada hərəkət edərkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə gətirilib qeyd edilən inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki uzunqol gödəkçəsinin sağ yan cibindən qeyd edilən 01 ədəd “Prima” markalı siqaret qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 10,037 qram, 01 ədəd “Winston” markalı siqaret qutusunda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,114 qram və 0,915 qram, ümumi təmiz çəkiləri 13,066 qram ağ rəngli, kristalşəkilli, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kütlələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, psixotrop vasitə olan metamfetamindən son 6-7 ay ərzində istifadə etmiş, metamfetamini tanımadığı şəxslərdən almışdır. Son zamanlar isə o, metamfetamini sosial şəbəkə vasitəsilə tanış olduğu “Cəlal” adlı şəxsdən almışdır. O, həmin şəxsi görməmişdir, yalnız telefon vasitəsilə əlaqə saxlamışdır. O, “Cəlal” adlı şəxsin kartına pul atmış, “Cəlal” adlı şəxs isə narkotiki müəyyən yerlərə qoymuş, ona da qoyduğu yerləri yazaraq şəklini atmışdır. O da gedib həmin yerlərdən götürürmüşdür. O, 3-4 dəfə narkotik alarkən “Cəlal” adlı şəxsə pul ödəməmişdir, amma axırıncı dəfə pulunu verib almışdır. O, sonuncu dəfə 300 manat ödəmiş, “Cəlal” adlı şəxs metamfetaminin qramını ona 45 manata satmışdır. O, narkotiki şəxsi istifadəsi üçün almışdır. Saxlanıldığı gün o, saat ona işləmiş *0404 taksi xidmətindən taksi sifariş verib Azərbaycan Texniki Universiteti ilə üzbəüz olan yerə gəlmiş, orada olan köşkdən siqaret almış və qayıdarkən onu polis əməkdaşları saxlamışdır. Onun üzərində psixotrop maddə olmamışdır. Onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada ona 2 saat işgəncə verərək, metamfetamini dostlarına hədiyyə etmək üçün aldığını deməsini bildirmişlər. O, məcbur olub psixotrop maddəni boynuna götürmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, o, “Cəlal” adlı şəxslə “İnstagram”da tanış olmuş, “Cəlal” səhifəsində psixotrop maddələri satdığını bildirmişdir. “Cəlal” narkotiki müxtəlif yerlərə, bəzən Bakıxanov, bəzən Günəşli qəsəbəsində və ya başqa fərqli yerlərə qoymuşdur. O, Texniki Universitetin qarşısına psixotrop maddəni götürmək üçün gəlmiş, psixotrop maddəni ətrafda adam çox olduğu üçün götürə bilməmişdir. O, köşkdən siqaret alıb qayıdanda 6-7 nəfər polis əməkdaşı onu Azərbaycan Texniki Universitetinin qarşısında saat 10-a qalmış saxlayıb Badamdara aparmışlar. Sonra onu 26-cı Polis bölməsinə gətirmişlər. Polis bölməsində onu 2 saata yaxın saxlayıb, sonra üzərinə baxış keçirmişlər. Baxışda müstəntiq, əməliyyatçı və vəkil iştirak etmişdir. Vəkil 26-cı bölməyə gəlmişdir. Onun üzərində psixotrop maddə olmayıb, psixotrop maddəni iki siqaret qutusunda polis əməkdaşları onun üzərinə qoymuşlar. Onu təhdid etdiklərinə görə o, narkotiki boynuna götürmüşdür. Onu döymüşlər, bədənində xəsarətin izləri olmuşdur. Onun qolunu qapının arasında qoymuşlar. Hal-hazırda da bədənində xəsarət izləri vardır. Polis əməkdaşları vəkili çöldə saxlayıb onu təhdid etmişlər, o da məcbur qalıb üzərinə götürmüşdür. O, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 dekabr 2021-ci il tarixdə ona ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Həmin məlumat Baş İdarənin rəhbərliyinə məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmış, ondan və Baş idarənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 dekabr 2021-ci il tarixdə gecə vaxtı Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllə ünvanında piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlanılaraq ona psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilməklə, onu ərazi üzrə Yasamal RPİ-nin 26-ci Polis bölməsinin inzibati binasına gətirmişlər. Bundan sonra rəhbərliyə məruzə edilmiş, təhqiqatın aparılması Baş İdarənin təhqiqatçısı Vüsal Həsənquliyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd mobil telefonu, əynindəki uzunqol gödəkçənin cibindən 2 ədəd siqaret qutularını və şəxsi əşyalarını təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsi əşyaları özünə qaytarılmış, 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs izah edilməklə götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutularına baxış keçirilən zaman siqaret qutularının birinin içərisindən 2 ədəd sellofan büküm, digər siqaret qutunun içərisindən isə 1 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümlərə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlələr elektron tərəzi ilə çəkilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddələrin psixotrop maddə metamfetamin olduğunu, həm öz istifadəsi, həm də dostlarına hədiyyə etmək üçün üzərində saxladığını, həmin maddəni təxminən 4 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Cəlal” adlı şəxsin vasitəsilə saxlanılmazdan bir neçə saat öncə Yasamal rayonu ərazisində ona bildirilən yerdən götürdüyünü, həmin “Cəlal” adlı şəxsin mobil nömrəsinin telefonunda qeyd olunduğunu, həmin maddəni əldə etdiyinə görə 300 manat pulu ona deyilən bank hesabına göndərdiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Şahin öz əməlini səmimi etiraf etmiş, psixotrop maddəni “Cəlal” adlı İran vətəndaşından aldığını demişdir. Təqsirləndirilən şəxs dərhal 26-cı bölməyə gətirilmişdir. Təqsirləndirilən şəxs qarşı psixi və fiziki təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmununan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 11 dekabr 2021-ci il tarixdə, saat 00:10 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 528-ci məhəllədə piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların intensiv olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və istintaq hərəkətinin gedişatını özündə əks etdirən DVD-R diskin məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, edilmiş müvafiq təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonunu, arxa sol cibindən 7 (yeddi) manat pulunu, 1 (bir) ədəd alışqanı, əynindəki uzunqol gödəkçəsinin sağ yan cibindən 1 ədəd üzərində “Winston” sözü yazılmış ağ rəngli, 1 (bir) ədəd üzərində “Prima” sözü yazılmış göy rəngli üst hissəsi kəsili vəziyyətdə siqaret qutularını təqdim edərək masanın üzərinə qomuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 7 (yeddi) manat pul və alışqan özünə qaytarılsa da, 1 (bir) ədəd "Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutularına baxış keçirilən zaman ağ rəngli siqaret qutusunun içərisindən 2 (iki) ədəd sellofan büküm, göy rəngli siqaret qutusunun içərisindən isə 1 (bir) ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan bükümlərə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, birinci siqaret qutusunun içərisindən aşkar edilmiş kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 3,4 qram (üç tam onda dörd), digər sellofan bükümdəki kütlənin çəkisinin isə 11,4 (on bir tam onda dörd) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənçiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həm öz istifadəsi üçün həm də dostlarına hədiyyə etmək üçün üzərində saxladığını həmin maddəni təxminən 4 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətandaşı “Cəlal” adlı şəxsin vasitəsilə saxlanılmadan bir neçə saat öncə Yasamal rayonu ərazisində ona bildirilən yerdən götürdüyünü, həmin “Cəlal” adlı şəxsin mobil nömrəsinin telefonunda qeyd olunduğunu, özünün (055) 850-60-50 saylı GSM nömrəni istifadə etdiyini, həmin maddəyə görə 300 (üç yüz) manat pulu ona deyilən bank hesabına göndərdiyini, müdafiəçisinin müvafiq sualına cavab olaraq saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir (cild 1, iş vərəqi 31-33). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5460 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №7” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən....” və s. sözlər, imzalar olan bir ədəd kağız paketdəki 01 ədəd “Prima” markalı siqaret qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 10,037 qram, 01 ədəd “Winston” markalı siqaret qutusunda 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2 qram, 0,915 qram, ümumi təmiz çəkiləri 13,066 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 03 bükümdəkı metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) təşkil edir (cild 1, iş vərəqi 39-44). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın videoyazısı olan DVD-R diskə baxış keçirilərkən müəyyən olunur ki, o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonunu, arxa sol cibindən 7 (yeddi) manat pulunu, 1 (bir) ədəd alışqanı, əynindəki gödəkçəsinin sağ yan cibindən 1 ədəd üzərində “Winston” sözü yazılmış ağ rəngli, 1 (bir) ədəd üzərində “Prima” sözü yazılmış göy rəngli üst hissəsi kəsili vəziyyətdə siqaret qutularını təqdim edərək masanın üzərinə qoyur, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir digər əşya və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 7 (yeddi) manat pul və alışqan özünə qaytarılır, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutularına baxış keçirlən zaman ağ rəngli siqaret qutusunun içərisindən 2 (iki) ədəd sellofan büküm, göy rəngli siqaret qutusunun içərisindən isə 1 (bir) ədəd sellofan büküm aşkar edilir. Həmin sellofan bükümlərə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilir. Birinci siqaret qutusunun içərisindən aşkar edilmiş kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 3,4 qram (üç tam onda dörd), digər sellofan bükümdəki kütlənin çəkisinin isə 11,4 qram (on bir tam onda dörd) olması müəyyən edilir. Həmin sellofan büküm 1(bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həm öz istifadəsi üçün, həm də dostlarına hədiyyə etmək üçün üzərində saxladığını, həmin maddəni təxminən 4 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Cəlal” adlı şəxsin vasitəsilə saxlanılmadan bir neçə saat öncə Yasamal rayonu ərazisində ona bildirilən yerdən götürdüyünü, saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirir (cild 1, iş vərəqi 54-55). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, polis əməkdaşı olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, təqsirləndirilən şəxsin üzərinə polis bölməsində psixotrop maddə qoyulmadığını, həmin əşyaların Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyini və təqsirləndirilən şəxsin bunu videoçəkilişdə və sair sənədləşmələrdə etiraf etdiyini, eyni zamanda təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq və fiziki zorakılıq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 94-96). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, polis əməkdaşı olan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, təqsirləndirilən şəxsin üzərinə polis bölməsində psixotrop maddə qoyulmadığını, həmin əşyaların Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyini və təqsirləndirilən şəxsin bunu videoçəkilişdə və sair sənədləşmələrdə etiraf etdiyini, eyni zamanda təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq və fiziki zorakılıq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 97-99). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd “Redmi by Xiaomi” markalı, göy rəngli gövdəli, android tipli mobil telefonun üzərində istehlak xarakterli zədələr və izlər mövcuddur. Həmin mobil telefonun hazırda enerji təhcizatı olmadığı üçün işlək vəziyyətdə deyildir. Qeyd edilən mobil telefon enerji qidalandırıcısına qoşulmuş, təxminən 4 dəqiqə ərzində həmin mobil telefon işlək vəziyyətə gəlmiş, bu zaman göstərilən mobil telefonun açılması üçün kod tələb edilməmişdir. Mobil telefonun menyusuna daxil olduqda həmin menyuda, o cümlədən “gallery”, “sms”, “whatsapp” və yaddaş bölümlərində iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir yazı, fotoşəkil və məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 108). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus işlək vəziyyətdə olan “Redmi by Xiaomi” markalı, göy rəngli gövdəli, android tipli mobil telefon Təqsirləndirilən şəxs atası Rasim Əliyevə təhvil verilmişdir (cild 1, iş vərəqi 109). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN X4 xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 2-074, TŞ 2-077 və TŞ 2-078 nömrələrinin xx.xx.2021-ci il tarixli saat 23:50-dən xx.xx.2021-ci il tarixli saat 00:30dək müddətdəki görüntülər təqdim edilmişdir (cild 1, iş vərəqi 131). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 2-074, TŞ 2-077 və TŞ 2-078 nömrələrinin xx.xx.2021-ci il tarixli saat 23:50-dən xx.xx.2021-ci il tarixli saat 00:30dək müddətdəki görüntülər qeyd edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin videogörüntülərin hər birində avtomobillərin və seyrək şəkildə insanların hərəkəti əksini tapmış, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir xüsusat, o cümlədən Təqsirləndirilən şəxs və ya onun əlamətlərinə oxşar şəxsin, həmçinin Təqsirləndirilən şəxs tutulması anının görüntülərdə əksini tapması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 132). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ibtidai istintaq orqanının əməliyyat tapşırığına Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 092-1201-1222 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddənin hansı mənbədən və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı barədə bir sıra əməliyyat məlumatları əldə edilsə də sonuncunun məhz kimə və nə vaxt narkotik vasitəni və psixotrop maddəni satması faktını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 138). İşdə olan Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə aparılaraq döyülüb xəsarətlər yetirilməsi barədə Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında araşdırma aparılmış, məlumatda göstərilən faktlar yoxlama zamanı öz təsdiqini tapmadığından hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 153-155). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı nömrəyə aid məlumatlar yazılmış, "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin mobil telefon nömrəsinin istifadəsi zamanı əldə edilmiş məlumatlar 02 avqust 2021-ci il tarixdən, 10 dekabr 2021-ci il tarixə kimi olan müddəti əhatə edir. Baxışla müəyyən edilir ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə və həmin nömrədən digər nömrələrə 02 avqust 2021-ci il tarixdən 10 dekabr 2021-ci il, saat 22:58:39-a qədər telefon zəngləri edilmişdir. Bundan əlavə, baxışla müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə 07 avqust 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixə kimi müxtəlif nömrələrdən sms-lər daxil olmuşdur. Həmçinin, baxışla müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən 05 dekabr 2021-ci il tarixdən 07 dekabr 2021-cı il tarixə kimi müxtəlif nömrələrə sms-lər göndərilmişdir. Diskdə əksini tapmış məlumatlar, o cümlədən sms mətnlərinin məzmununda iş üzrə əhəmiyyət kəsb edən hər-hansı bir məlumatın olması müəyyən edilməmişdir. Qeyd edilənlərdən başqa diskə baxış keçirilərkən giriş-çıxış zəngləri etmiş abunəçilərindən heç birinin iş üzrə əhəmiyyət kəsb edən şəxs olması ehtimalı müəyyən edilməmişdir (cild 1, iş vərəqi 134). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 705 №-li nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 149-150). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 498 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psodatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 151-150). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 12,976 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən videogörüntülər qeydə alınmış 1 ədəd DVD-R disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 156-167). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbəyinin müəyyən edilməsi, ona bu kimi vasitə və maddələri satmış şəxsin şəxsiyyətinin müəyyən edərək əməlinə hüquqi qiymətin verilməsi, Təqsirləndirilən şəxs bu kimi maddələri əvvəllər satması faktlarını araşdırılaraq hüquqi qiymətinin verilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrıca icraata ayılması barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 169-171). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək saxlanıldığı zaman onun üzərində psixotrop maddə olmaması, polis bölməsində polis əməkdaşları tərəfindən ona işgəncə verilməsi və bunun nəticəsində etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis bölməsində üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynindəki uzunqol gödəkçəsinin sağ yan cibindən qeyd edilən 01 ədəd “Prima” markalı siqaret qutusunda 01 ədəd bükümdə, 01 ədəd “Winston” markalı siqaret qutusunda 02 ədəd bükümdə külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı dəvət edilmiş müdafiəçinin müvafiq sualına cavab olaraq ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq edilmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Lakin sonradan ifadələrini dəyişərək həmin psixotrop maddənin ona aid olmadığını bildirmiş və polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadə verdiyini bildirmiş, bununla bağlı Yasamal Rayon Məhkəməsinə şikayət etmişdir. Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə aparılaraq döyülüb xəsarətlər yetirilməsi barədə Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında Yasamal rayon prokurorluğunda araşdırma aparılmış, məlumatda göstərilən faktlar yoxlama zamanı öz təsdiqini tapmadığından hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində döyülmə izlərinin olması barədə məhkəmədə verdiyi ifadələri ilə əlaqədar məhkəmə onun şəxsi işini saxlanıldığı Bakı İstintaq Təcridxanasından tələb edib şəxsi işə baxış keçirimişdir. Təqsirləndirilən şəxs şəxsi işində saxlanılan tibbi kitabçasında və bütövlükdə şəxsin işin materiallarında onun Bakı İstintaq təcridxanasına daxil olarkən bədənində hər hansı zədə aşkar olunması barədə qeydlər müəyyən edilməmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi şəxsi istehlak miqdarından dəfələrlə artıqdır (13,066 qram/0,15 qrama=87,106 dəfə). Həmin hal və iş üzrə toplanmış bütün sübutların məcmusu müqayisəli şəkildə və hərtərəfli təhlil olunaraq, məhkəməyə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz satış məqsədilə əldə etməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 9 (doqquz) ay sınaq müddəti təyin edilməklə təyin olunmuş cəza şərti hesab edilmiş və sınaq müddəti başa çatmışdır (cild 1, iş vərəqi 112, 116-122). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 71-72). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 11 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 12,976 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən videogörüntülər qeydə alınmış 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və və Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 12,976 qram qalıq çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən videogörüntülər qeydə alınmış 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar