Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-903/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X15 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Füzuli rayonu, Govşadlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də Mühafizə İdarəsinin bölmə rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Govşadlı kəndində qeydiyyatda olan, həbs olunanadək Füzuli rayonu, Qayıdış-5 qəsəbəsi, ev 16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 8,579 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:10-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən Daxili İşlər Nazirliyinin BMCMİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 8,579 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin əynindəki göy rəngli pəncəyinin sol iç yan cibindən 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 4,319 qram və 4,260 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini işə gedərkən yol kənarından tapmışdır. O, həmin psixotrop maddə metamfetamini tapdıqdan sonra üzərində daşımışdır. Onun günahı onda olmuşdur ki, o, tapdığı psixotrop maddə metamfetamini aidiyyəti üzrə təhvil verməmişdir. Onun tapdığı vasitə psixotrop maddə metamfetamin olmuşdur. O, sonradan bilmişdir ki, tapdığı əşya metamfetamindir. O, bunu daha doğrusu Polis bölməsində bilmişdir. İttiham aktında qeyd edilən psixotrop maddələrin adı və çəkisi doğrudur, lakin onun həmin maddələri satmaq kimi məqsədi olmamışdır. O, heç bir narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 15 dekabr 2022-ci ildə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şahid1 tərəfindən rəsmiləşdirilmiş və bunun əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o da daxil olmuşdur. Əməliyyat tədbirləri nəticəsində onlar Təqsirləndirilən şəxs “X11” yaxınlığında saxlamışlar. Daha sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Baş İdarəyə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Baş İdarəyə getmişdir. Sonra Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun üzərindən 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra həmin vasitə ekspertizaya təhvil verilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Füzuli rayonu ərazisindən tapdığını və ehtiyac yaranacağı halda şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, “Elşən” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, “Elşən” adlı şəxs Təqsirləndirilən şəxsdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliiyat məlumatı əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli pəncəyinin sol iç cibində olan 2 (iki) ədəd şəffaf sellofan büküm, həmin pəncəyin sağ iç yan cibindən 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon və əynində olan qara rəngli şalvarının sağ yan ciibindən 16 manat pul aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümün içində “şüşə” kimi tanıdığı, əslində isə psixotrop maddə metamfetaminin olduğunu və həmin bükümləri xx.xx.2022-ci il tarixdə Füzuli rayonu ərazisində yolun kənarından taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/7071 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 40-41) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd maddə” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,319 qram və 4,260 qram, ümumi təmiz çəkisi 8,579 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metmafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu İlə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 70-72) görünür ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək göstərmişdir ki, təxminən 5 ildir ki, "xxxx" MMC-də mühafizə idarəsində bölmə rəisi vəzifəsində işləyir, əvvəllər məhkum olunmamı, “Vətən Müharibəsi” zamanı könüllü olaraq ön cəbhədə yaralılarımızın və şəhidlərimizin təxliyyəsində iştirak etmiş, 44 X5 iştirakçısıdır, evlidir, himayəsində 2 (iki) azyaşlı övladı varr. Təxminən 30 gündür ki, “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə edir, həmin maddəni Bakı şəhərində tanımadığı şəxslərdən alıb istifadə edir. O, həmin şəxslərlə təsadüf nəticəsində tanış olmuş, lakin həmin şəxslərin anket məlumatlarını, telefon nömrələrini bilmir. O, psixotrop maddəni falqa kağızının üzərinə qoyub falqanı qızdırdıqdan sonra yaranan tüstünü burnuna çəkməklə qəbul etmiş, buna baxmayaraq psixotrop maddəyə qarşı asılılıq yaranmaması üçün mütəmadi olaraq istifadə etməməyə çalışmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, işə gedən zaman yolun kənarında 02 ədəd bükümün olduğunu görmüş, bükümlərə baxan zaman bükümlərin içərisində psixotrop maddə metamfetamin olmasının şahidi olmuş, həmin maddələri istifadə etmək üçün üzərində saxlamaq qərarına gəldiyindən həmin bükümləri götürüb əynində olan pəncəyin cibinə qoymuş, lakin həmin maddələrdən istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, işi ilə bağlı Bakı şəhərinə gəlmiş, Bakı şəhərində işlərini qurtarıb saat 17:00 radələrində Bakı şəhəri, Nərimanov ərazisində olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq kim olduğunu soruşmuşlar. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu deyərək onu BMCMİ-nə dəvət etmişlər. O, vəziyyəti bilib həmin şəxslərə etiraz etməmiş və ifşa olduğunu başa düşüb Baş İdarəyə gəlmişdir. Baş İdarədə onu təhqiqatçının xidməti iş otağına aparmışlar və orada təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı ona təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil İqbal Həsənovu dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olubolmadığını soruşduqda, o, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı izah edilmişdir. O, buna etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış və həmin vaxt təhqiqatçı ilkin olaraq ondan üzərində olan əşyaları təqdim etməyini xahiş etmişdir. Bu zaman o, üzərində “şüşə” kimi bilinən maddənin olduğunu deyib əynində olan göy rəngli pəncəyin sol iç yan cibindən 2 (iki) ədəd bükümü, həmçinin mobil telefonunu və pulu təqdim etmişdir. Üzərinə şəxsi axtarış aparılan zaman başqa qanunsuz əşya aşkar edilməmiş, bükümlər açılan zaman bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuş, həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Mobil telefon götürülsə də, aşkar edilmiş pul onun özünə geri qaytarılmışdır. Sorğu-sual zamanı o, üzərindən aşkar olunmuş maddələri xx.xx.2022-ci il tarixdə Füzuli rayonu ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1355/2022 saylı qərarından (cild 1, iş vərəqə 84-88) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin məcburi-narkoloji tibbi yoxlamaya aid 7655 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 126-127) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, arabir düşəndə narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 1700/2022 saylı qərarından (cild 1, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 96) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2016-cı il təvəllüdlü, X9 adlı 1 (bir) azyaşlı uşağı var. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 113) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X6” X13 4754/K saylı maddi sübutun ekspertizası rəyindən (cild 1, iş vərəqə 120-122) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edildi. Batrium turşusu törəmələri, kannabinoid (çətənə bitksiindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X6” X13 587/MEŞ saylı maddi sübutun ekspertizası rəyindən (cild 1, iş vərəqə 124-125) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BMCMİ-nin rəis müavini Fariz Vəliyev tərəfindən verilmiş cavab məktubundan (cild 1, iş vərəqə 115) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə yoxlanılmış, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 1, iş vərəqə 128-133) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması və həmin maddə ilə ona yeni məzmunda ittiham elan edilməsi, maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,479 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün BMCMİ-nin saxlanc otağına təhvil verilməsi, şəxsi axtarış zamanı aşkar edilmiş 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən (cild 1, iş vərəqə 137) görünür ki, şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs müdafiəçisinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 144-145) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2004-cü il tarixli hərbi biletin surətindən (cild 1, iş vərəqə 217-222) görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət keçmiş, habelə xx.xx.2020-ci ildən xx.xx.2020ci ilədək geniş miqyaslı əks-hücum əməliyyatlarının həyata keçirilməsi zamanı ön cəbhədə - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa ərazilərindən yaralı və şəhid hərbiçilərin X7 Mərkəzinə təxliyə edilməsində xidmət göstərmişdir. xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında nikah bağlanmış və birgə nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladı var. xx.xx.2017-ci il tarixli məcburi köçkünün vəsiqəsindən (cild 1, iş vərəqə 223) görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu üzrə məcburi köçkündür. xx.xx.2022-ci il tarixli Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X13 85/4 saylı arayışından (cild 1, iş vərəqə 216) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək geniş miqyaslı əkshücum əməliyyatlarının həyata keçirilməsi zamanı ön cəbhədə - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa ərazilərindən yaralı və şəhid hərbiçilərin X7 Mərkəzinə təxliyə edilməsində fəal şəkildə xidmət göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs Füzuli rayonunda yaşamış və 44 günlük Vətən Müharibəsi zamanı ön cəbhədə - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa ərazilərindən yaralı və şəhid hərbiçilərin X7 Mərkəzinə təxliyə edilməsində xidmət göstərmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən ibtidai istintaqın sonunadək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş, əksinə özünü qismən təqsirli bilərək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək şəxsi axtarış zamanı üzərindən 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 4,319 qram və 4,260 qram olmaqla, ümumi təmiz çəkisi 8,579 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edildiyini, lakin həmin bükümlərdə olan maddələri satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdə olan külli miqdarda psixotrop maddə metamfetamin ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 4,319 qram və 4,260 qram, ümumilikdə külli miqdarda 8,579 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən həqiqətən də 2 (iki) ədəd bükümdə külli miqdarda 8,579 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi cinayət işinin mübahisəsiz halıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatların formal xarakterli olması nəticəsinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulanadək onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, sonradan əməliyyat yolu Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və psixotrop maddələr satması müəyyən edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmamasının yoxlanılması barədə əməliyyat tapşırığı verilsə də, onun kiməsə narkotik vasitə və psixotrop maddə satmasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən 2 (iki) ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 8,579 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində xəstə və yaşlı anasının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, 44 günlük Vətən Müharibəsi zamanı ön cəbhədə - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa ərazilərindən yaralı və şəhid hərbiçilərin X7 Mərkəzinə təxliyə edilməsində xidmət göstərməsini, məcburi köçkün olmasını, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı qismən etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,479 təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,479 təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-903/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-903/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver