Məhkəmə qərarları › İş №1(101)-903/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-903/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-903/2024 28.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 100 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan “Kəmalə” adlı qadından külli miqdarda ümumi təmiz çəkisi 8,529 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 1,748 qram narkotik vasitə heroin alaraq əldə edib, əynindəki qara rəngli gödəkcənin sol yaxasında olan cibində saxlayıb, daşımış və 21 aprel 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Baki şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz evin qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək videoçəklişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sol yaxasında olan cibindən 03 ədəd sellofan bükümdə, bükümlərin birində təmiz çəkisi 1,748 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər iki bükümdə 8,276 qram və 0,253 qram olmaqla ümumi təmiz çəkisi 8,529 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrip maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 21 aprel 2023-cü il tarixdə təxminən səhər saat 3-4 radələrində narkotik satan şəxs ona zəng vurub çağırmış, o, da şəxsi istifadəsi üçün 1 qram mal (metamfetamin) almaq üçün ora getmişdir. Həmin adama 100 manat pul verərək 3 qram mal alsa da, tutulan vaxt cibindən 8 qram mal aşkar olunmuşdur. O, həyatı boyu heroin qəbul etməmişdir. Hesab edir ki, heroin də onun cibinə məqsədli şəkildə qoyulub. Əlavə olaraq bildirmişdir ki, narkotik satan şəxsin adı Kəmalə olmuş və onunla təsdadüfən tanış olmuşdur. Tutulduğu gün Kəmalənin evində Kəmaləyə 100 manat verərək 3 qram metamfetamin almış, lakin cibindən 8 qram metamfetamin və əlavə olaraq da heroin aşkar edilmişdir. Əslində isə o, ümumiyyətlə heroin almamışdır. Polis əməkdaşları onu Kəmalənin evindən çıxdıqdan sonra evin olduğu küçədə saxlamışlar, həmin evdən öz iradəsi ilə çıxmışdır. İbtidai aradşırma dövrü ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Yeddi aydan artıqdır ki, narktoik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 21 aprel 2023-cü il tarixdə təxminən səhər saat 04 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində “Kəmalə” adlı qadından 100 manat müqabilində 03 ədəd bükümdə, həmin bükümlərdən biri kakos kimi tanıdığı narkotik vasitə heroin, digər iki büküm isə şüşə kimi tanıdığı metamfetamini alaraq əynində olan qara rəngli gödəkcənin sol yaxasında olan cibinə qoymuşdur ki, münasib vaxtda istifadə etsin. 21 aprel 2023-cü il tarixdə saat 09 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz evin qarşısında olan zaman Post Patrul Xidmətinin polis nəfərləri ona yaxınlaşmışlar. Həmin zaman o, üzərində olan narkotik vasitədən bir qədər istifadə etdiyi üçün narkotik vasitənin təsiri altında olduğundan polis əməkdaşlarının verdikləri suallara rabitəsiz və həyacanlı cavablar verməyə başlamışdır. Polis nəfərləri onun narkotik vasitənin təsiri altında olmağından şübhələnərək onu yaxınlıqda yerləşən 30-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsində şəxsiyyəti müəyyənləşdirildikdən sonra ona Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş və üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkcənin sol yaxasında olan cibimdən 03 ədəd sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olması barədə soruşduqda o, üzərindən aşkar olunmuş 3 (üç) ədəd bükümün içində olan bükümlərdən birinin heroin, digər iki bükümün içərisində metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri bir neçə saat əvvəl Hövsan qəsəbəsində adının “Kəmalə” olduğunu bildiyi qadından 100 manat müqabilində öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bükümlər qablaşdırılaraq rəy alınması üçün MEM-na göndəriləcəyi ilə bağlı prtokollaşdırılmışdır. Əlavə olaraq bildirmişdir ki, ifadəsində göstərdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini aldığı şəxsi tanımır, adının Kamalə olduğunu bilir, lakin soyadını, atasının adını, ünvanını bilmir. Mobl telefondan imkanı olmadığı üçün istafədə etmir. Narkotik vasitə olan heroini və psixotrop maddini aldığı şəxsin təxminən yaşı 40, boyu 170 sm, əynində qara gödəkçə, qara saçlı olmuşdur. Xüsusi əlamətləri barədə heç bir fikir söyləyə bilmir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən və psixotrop maddədən heç kimə satmamış və ya pay verməmişdir. Həmin narkotik vasitəni özü istifadə edəcəkdir. Əvvəllər hər hansı bir psixi xəstəlik keçirməmiş, narkomaniyadan müalicə almamışdır. Saxlanılarkən və ya üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. Törətdiyi əməli səmimi etiraf edərək üzərində olan narkotik vasitəni və psixotrop maddəni təqdim etmişdir. Əgər ona qarşı hər hansı bir fiziki və ya psixoloji təsir olsaydı vəkilinə bildirərdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 7-8 ay əvvəl küçədə olan bir şəxs onlarda şübhə doğurmuş, onlar da yaxınlaşaraq özlərini təqdim etmiş və onu 30-cü bölməyə dəvət etmişlər. Şöbədə üzərinə baxış keçirilmiş və orada məlum olmuşdur ki, onun üzərində narkotik maddə var. Əlavə olaraq bildirmişdir ki, Zahid tutulan küçə narkomanların tez-tez gəldiyi yer olduğundan, həmçinin Zahidin davranışı və danışığı onlarda şübhə doğurduğundan onu polis idarəsinə dəvət etmişlər, orada isə Zahid ondan aşkar olunmuş maddələri Kama adlı şəxsdən aldığını bildirmişdir və hazırda o, xanım da tutulub. İbtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Suraxanı RPİ-nin PPXB-nin polis baş serjantı xüsusi rütbəsi daşıyır. 21 aprel 2023-cü il tarixdə saat 09:00 radələrində iş yoldaşı Suraxanı RPİ-nin PPXB-nin polis serjantı Şahid2 ilə birlikdə onlara təhkim olunmuş xidməti avtomobil ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz evin qarşısında olduolduqları zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını, coşqun hətrəkətlə getdiyi istiqaməti dəyişdiyindən həmin şəxsə qarşı onlarda şübhə yaranmışdır. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Özünü niyə həyəcanlı apardığını soruşduqda, Təqsirləndirilən şəxs həyəcanlı olmağını üzərində narkotik vasitə olmağı ilə izah etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün şəffaf sellofana bükülmüş “patı kimi tanıdığı psixotrop maddə və bir ədəd şəffaf sellofana bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkçəsinin sol yaxasında olan cibindən 03 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofana bükülmüş bükümlərə baxış keçirmişlər. Baxış zamanı həmin 02 ədəd şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli kristal şəkilli olan psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümlərdəki kütlə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdəki narkotik vasitə heroin olduğunu, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə heroini həmin günü, yəni 21 aprel 2023cü il tarixdə saat 04 radələrində Suraxanı rayonu, Hovsan qəsəbəsində Kəmalə adlı qadından 100 manata alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş 03 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, vətəndaş özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu 30-cu PB-ya aparmışlar. Bölmədə isə təqsirləndirilən şəxsin üzəinə baxış keçirilərək üzərindən narkotik vasitə aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi Oqtay Şabanov küçəsində saxlamışlar. Bölmədə isə təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni Kama (Kəmalə) adlı qadından aldığını bildirmişdir. Məhkəmə istintaqı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid2 ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-ya gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynidəki qara rəngli gödəkçəsinin sol yaxasında olan cibindən üç ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmiş. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd bükümdən iki ədəd bükümün arasında patı (psixotrop maddə metamfetamin) və bir ədəd bükümün arasında kokos (narkotik vasitə heroin) narkotik vasitə olduğunu, həmin 03 ədəd bükümü 21 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Kama (Kəmalə) ləqəbli qadından 100 manat verərək şəxsi istifadəsi üçün alıb üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Onun üzərində şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2023-cü il tarixli 6/2366 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,748 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,276 qram, 0,253 qram ümumi təmiz çəkisi 8,529 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,429 qram psixotrop maddə metamfetamin və 1,698 qram narkotik vasitə heroin saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3501 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və yaxud da psixoloji təzyiqlər edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə isə tutlmadan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün müddətində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı, təqsirləndirilən şəxsə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 8,429 qram psixotrop maddə metamfetamin və 1,698 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası bu hissədə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 8,429 qram psixotrop maddə metamfetamin və 1,698 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar