Məhkəmə qərarları › İş №1(101)-905/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-905/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-905/2025 01.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyası, Komi Respublikası, Usinsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, prosessual fəaliyyət qabiliyyəti olmayan və “barəsində təhlükəsizlik tədbirləri görülməsi məqsədilə xüsusi tibb müəssisəsinə yerləşdirmə” haqqında qərar qəbul edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 03 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu 86-cı küçədə yerləşən 142 L saylı evin qonaq otağında atası Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, yəni sonuncunun ona bədən üzvlərinə tatu vurdurub sildirdiyinə görə yaralar əmələ gəlməsi ilə bağlı irad bildirərək bu hərəkətlərinə son qoymayacağı təqdirdə onu psixiatrik xəstəxanaya yerləşdirəcəyi barədə dediklərindən əsəbiləşərək evin mətbəxinə keçib zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb həmin otağa qayıtdıqdan sonra divan üzərində uzanıqlı vəziyyətdə olan sonuncunun döş qəfəsinin sol nahiyyəsindən qəsdən bir dəfə zərbə vuraraq ona pnevmohemotoraksla müşayiət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfüz edən 1 ədəd deşilmiş kəsilmiş yarası əmələ gəlməsi ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib zərərəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs barəsində məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırıldı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olundu. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 2020-ci ildən işdən azad olduğu gündən depressiyaya düşmüş və əsəb xəstəsi olmuşdur. 2 dəfə stasionarda, 1 dəfə də Maştağada yerləşən xəstəxanada yatmışdır. Onun həm depressiyada olmağı və ruhi xəstə olmağını Maştağadakı həkimlərdən də bilir. O, boşanandan sonra aliment müəyyən olunmuş, o da işləyə bilməmişdir. Hadisə günü evə gələndən sonra əsəbi olmuşdur. 1-2 dənə döyməsi olmuş və alimentin ödənilməsi ilə bağlı problemlər yaranmışdır. Əsəbi olanda başı gedib-gəlir, özünü saxlaya bilmir. Atası birdən ona xəstəxanaya göndərəcəyini demişdir. Bu sözü eşidəndən sonra onda baş getmələr başlamışdır. Atası ondan əl çəkmirdi, ip gətirməyə getmiş və onu döymüşdür. O, da atasına ondan əl çəkməyini istəmiş, heç nə etməyəcəyini və xəstəxanaya getmək istəmədiyini demişdir. O, evdə də müalicə ala bilər, çünki o, xəstəxanalıq adam deyil. O, hər ehtimala bıçağı götürüb cibinə qoymuşdur. Atası 1-2 dəfə üstünə gəlmişdir. Həmin vaxtı başı getmiş, bədəninə istilik gəlmiş və özünü saxlaya bilməmişdir. Bıçağı çıxardıb zala keçəndə atası onu qucaqlamış və bağışlamağını istəmişdir. Həmin sözlərdən sonra onun əsəbləri sakitləşmiş, yerə yıxılmış və bıçaq yerə düşmüşdür. Həmin vaxtı özündə olsa idi, 4-5 dəfə xəsarət yetirə bilərdi, qaça bilərdi, amma yıxılıb yerdə qalmışdır. Hadisədən sonra anası gəlmiş, üzünə su tökmüş və onu sillələmiş, daha sonra isə onu necə gəlib X12 aparılması yadında deyil. O, suallara cavab olaraq bildirmişdir ki, əsəb xəstəliyinə işdən azad olunandan sonra, 2020-ci ildə tutulmuşdur. O, etdiyi əməldən peşmandır. O, ailəsinin yanında olmaq istəyir. O, hadisəni törədən vaxt özündə olmamışdır. Bu vaxta qədər heç bir cinayət əməli törətməmiş və narkotik vasitədən istifadə etməmişdir. Hal-hazırda depressiyadadır, xəstəliyi də bu vəziyyətinə təsir edir. Barəsində ambulator qaydada müalicə təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, məhkəmə tərəfindən prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmamışdan əvvəl təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Suraxanı rayonu Zığ qəsəbəsi, 86-cı küçə ev 142 L-də fərdi evdə atası Arif və anası Nəcibə ilə birlikdə yaşayır. Əvvəllər ailəli olmaqla bir azyaşlı övladı vardır. Belə ki, oğlu İlkin 2017-ci il təvəllüdlüdür. Ali təhsilli olmaqla əvvəllər ATEF şirkətində fəhləlikdən başlayaraq sex rəisinə qədər yüksəlmişdir. Hal-hazırda ailəsindən boşanmışdır. 2020-ci ildən başlayaraq onda psixoloji xəstəliklər yaranmışdır. Belə ki, bununla bağlı bir neçə dəfə müxtəlif psixi xəstəxanalarda müalicə olunmuşdur. Hal-hazırda heç bir işlə məşğul olmur. Atası onu psixoloji xəstəxnaya yatızdırmaq istəyir. Bununla bağlı aralarında dəfələrlə mübahisələr olmuşdur. 03 sentyabr 2024-cü il tarixdə aliment ödənilməsi ilə bağlı məhkəmə prosesi olmuşdur. Məhkəmədə xeyrinə qərar qəbul edilməyəcəyini bilmişdir. Ona görə də məhkəməyə getmək istəməmiş, lakin anası onu məhkəməyə getməyə məcbur etmişdir. Bundan sonra anası atası və o birlikdə məhkəməyə getmişlər. Məhkəmədə qərar qəbul olunmuşdur ki, aliment borcunu tam ödəməlidir. Məhkəmədən evə gəldikdən sonra evlərində qanqaraçılıq olmuşdur. Həmin vaxtı atası Arif mətbəxdə olmuşdur. Atası mətbəxdə olan zaman o da mətbəxə keçmişdir. Mətbəxdə olan zaman atası orada heç bir səbəb olmadan onunla mübahisəyə təhrik etməyə başlamışdır. Lakin atasına əhəmiyyət verməmişdir. Bundan sonra mətbəxdən çıxmışdır. Mətbəxdən çıxıb ev qapısından çıxmaq istədikdə atası arxa tərəfdən gələrək kürək və sinə nahiyyəsindən zərbələr vurmuşdur. Atasına onu vurmamasını dedikdə atası yenə də onu vurmağa davam eləmişdir. Bundan sonra uzaqlaşıb həyətə çıxmışdır. Atasının arxasınca getmişdir. Atası həyətə çıxıb maşınından ip götürüb evə qayıtmışdır. Atasından ipi niyə görə götürdüyünü soruşduqda ona bildirmişdir ki, əl ayağını bağlayıb onu xəstəxnaya yerləşdirəcəkdir. O, başa düşmüşdür ki, atası əl qolunu bağlayıb onu psixiatrik xəstəxanaya yerləşdirəcəkdir, ona bir söz deməmişdir. Həmin vaxtı atası ilə tutuşmış və onu vurmuşdur. Atasına ondan əl çəkməsini otağa keçib uzanacağını demişdir. Atası isə bildirmişdir ki, “bax belə ağıllı ol keç otağa”. Bundan sonra öz otağına keçmişdir. Atası anası da evə girmişdir. Anası öz otağına keçmişdir. Özlüyündə fikirləşmişdir ki, atası ondan əl çəkməyəcək və onu xəstəxanaya yerləşdirəcəkdir. Ona görə də mətbəxə keçərək mətbəx bıçağı götürüb cibinə qoymuşdur ki, onu bağlamağa cəhd eləsələr özünü müdafiə edə bilsin. Bundan sonra mətbəxdən çıxmışdır. Otağa keçən zaman atası ona əlini silkələyərək ağıllı olmağını bildirmişdir. Lakin ona əhəmiyyət verməmişdir. Təkrar mətbəxə keçib soyuq su içmişdir. Su içən zaman atası təkrar mətbəxə daxil olaraq içdiyi suyun haramı olmağını demişdir. Bundan sonra atası mətbəxdən çıxıb qonaq otağına keçib oturmuşdur. Atasının etdiklərindən əsəbiləşdiyinə görə onu cəzalandırmaq məqsədilə bıçaqla vurmaq istəmişdir. Bu məqsədlə cibindən bıçağı götürüb mətbəxdən çıxmışdır. Mətbəxdən bıçaq əlində qonaq otağına keçən zaman atası ayağa qalxmışdır. Atasının üstünə əsəblə cumaraq bıçaq əlində ona tərəf döş qəfəsindən bir zərbə vurmuşdur. Atası onu qucaqlayaraq bağrına basaraq etməməyini demişdir. Atasının dediklərindən sonra hirsi soyumuş və bıçağı onun bədənindən çıxartmışdır. Həmin vaxtı anası da o biri otaqdan durub yanlarına gəlmişdir. Həmin vaxtı atasından qan axırmış. Anası X15 zəng edərək çağırmışdır. Az sonra təcili yardım gələrək atasını aparmışdır. Onu da polis əməkdaşları polis bölməsinə gətirmişdir. Atası onu psixiatrik xəstəxanaya yerləşdirmək istəyirmiş və buna görə də həmin günü onu döyərək vurmuşdur. Atası əsəblərini qıcıqlandıraraq onu vurmağına zəmin yaratmışdır. Atasının etdiklərindən əsəbləşdiyinə görə onu cəzalandırmaq məqsədilə vurmuş, lakin öldürmək kimi bir niyyəti olmamışdır. Atasını vuran zaman evlərində yalnız anası olsa da digər otaqda olmuş və hadisəni görməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə günü oğlunun bədənində olan döyməyə görə mübahisələri yaranmışdır. O, oğlunu hirsləndirmişdir, ata kimi oğlunun xəstəliyini qəbul edə bilmirdi. Oğlu dəfələrlə 2 saylı şəhər xəstəxanası, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya xəstəxanasında müalicə almışdır. Həmin günü o, oğlu ilə ayağına vurdurduğu döyməyə görə mübahisə etmişdir. Ayağına niyə döymə vurdurduğunu soruşmuş və aralarında mübahisə yaranmışdır. Elvini itələmiş və sonuncu qışqırmağa başlamışdır. Oğlunun əlayağını bağlayacağını və yenidən psixiatriya xəstəxanasına yerləşdirəcəyini bildirmişdir. O, otaqda uzanmışdır. Elvinin digər otaqdan çıxanda əlində nəsə olduğunu görmüş və nə olduğunu soruşmuşdur. Elvin heç nə deməmişdir. Elvin anidən üstünə gəlmiş və onu bıçaqla vurmuşdur. Həmin gün o, xəstəxanaya müraciət etmiş, orada yarasına sarğı qoymuşlar. O, xəstəxanada əməliyyat olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Elvinin xəstəliyi təxmini 10 il olar ki davam edir. Elvin bir ilin içində iki dəfə mədəsindən əməliyyat olunmuşdur. Əməliyyatdan sonra bir müddət işləməmişdir. Sonra Elvin ailə qurmuş və bir övladı olmuşdur. Bundan sonra o işləməyə başlamışdır. Həmin müddətdə Elvinin səhhəti yaxşı olmuşdur. Ailəsində maddi problem olduğu üçün onlar köməklik edirdilər. Elvin əməliyyat olunandan sonra xəstəliyi daha da şiddətlənmişdir. Oğlu ilə barışmışdır, heç bir şikayət, tələbi yoxdur, sonuncunun barəsində ambulator qaydada müalicə təyin edilməsini xahiş etmişdir Məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi şahid qismində dindirilkən Qanuni nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, oğlunun hərbi xidmətdən sonra boynunda ağrılar olurdu. Oğlu işə düzəlirdi, işi alınmırdı və işdən çıxırdı. Atası 2011-ci ildən oğlunu aparıb yanında işlədirdi. Sonra oğlunu nevropotoloqa, Tusi adına Klinikaya aparmışlar. Tusi adına Klinikada oğlu 1 gün ərzində 2 dəfə əməliyyat olunmuş, bundan sonra oğlunda depressiyalar yaranmışdır. 2013-cü ildə oğlunu 2 nömrəli xəstəxanaya qoymuşlar. Həmin müalicə də heç bir xeyir verməmiş, əksinə 6 ay ərzində oğlu sağlamlığında geriləməyə başlamışdır. 2014-cü ildən 2020-ci ilədək oğlu işlədiyi vəzifədə rəhbər vəzifələrə kimi təyin olunmuş, ailə qurmuşdur. 2020-ci ildə pandemiya ilə əlaqədar oğlu işdən çıxmışdır. 2020-ci ildə oğlunun arvadı ilə yola getməməsi onlara məlum olmuşdur. Daha sonra onlara bankdan zəng gəlmiş və oğlunun banka borclu olduğunu bilmişlər. 2022-ci ildə evi satıb oğlunun banka olan borcunu bağlamışlar və oğluna yeni 2 otaqlı mənzil almışlar. Sonra isə oğlunun bədənində döymələrin olduğunu görmüşlər, amma yenə də oğluna döymə ilə bağlı irad bildirməmişlər, döyməni sildirərsən işə düzələrsən demişlər. Hadisə olan günü oğlu artıq boşanmış, yoldaşı çıxıb getmiş və oğlu xəstəxanaya düşmüşdür. 2024-cü ildə oğluna lll qrup əlillik təyin olunmuşdur. Sentyabr ayının 3-ündə oğlunun məhkəməsi olmuşdur. Məhkəmə vaxtı hakim nə dedisə oğlunun vəziyyəti dəyişdi. Məhkəmədən çıxıb evə gələndə yoldaşına oğullarına heç nə deməməyini xahiş etmiş, 2 dəfə aralarına girmiş və mübahisə etməklərinə mane olmuş, sonra isə öz otağına getmişdir. Otağına getdikdən sonra səs gəlmiş, otaqdan çıxıb görmüşdür ki, oğlu yoldaşını 1 dəfə vurub və oğlu özü də halını itirmişdir. Hadisə günü 17:55-də X15 zəng etmişlər, 17:58-də gəlib çatmış, polis əməkdaşları gəlib oğlunu aparmışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:50-də CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 12) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 35-36) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-293/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 23:50-dən hesablanmış. həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(010)-408/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay həddində, yəni xx.xx.2025-ci il tarixədək uzadılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmiş və təhlükəsizlik tədbiri olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Ümumi tipli Psixiatriya Stasionarına yerləşdirilmişdir. (İ cild i.v. 54-59, 173-179) xx.xx.2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 03 sentyabr 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirdiyi bir ədəd bıçağı tanımışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild i.v. 79-81) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. (İ cild, i.v. 82) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi Hövsan yolu 86-cı küçədə yerləşən 142 L saylı evin qonaq otağında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 83-85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 189 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Bipolyar affektiv pozuntu”nun gedişində psixotik simptomlarla müşahidə olunan növbəti maniya epizodu” olduğundan o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu davam etdiyindən o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. (İ cild, i.v. 144-149) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-410/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (İ cild, i.v. 180-184) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1683 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, uzu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (İ cild, i.v. 185-187) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 906 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: pnevmohemotoraksla müşayiət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfüz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (İ cild, i.v. 188-190) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 194-195) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X8 adlı azyaşlı uşağı vardır. (İ cild i.v. 194) xx.xx.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi cinayətin aləti olan bir ədəd məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. (İ cild i.v. 196-204) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 208-209) İş üzrə məhkəmə istintaqı zamanı təyin edilməklə keçirilmiş təkrar kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 48 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl, cinayət əməlini törətdiyi zaman və hal-hazırda da Bipolyar affektiv pozuntu, psixotik epizodlarla gedən maniya epizodundan əziyyət çəkir. Ekspertizaya təqdim olunmuş sənədlərin təhlilindən məlum olur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs 2012-ci ildən X11 Dispanserində qeydiyyatdadır və psixi xəstəliyi səbəbindən İll qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 dəfələrlə “Bipolyar affektiv pozuntu, psixotik epizodlarla gedən maniya epizodu F31.2” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Həmin patologiya affektiv pozuntular rublikasına aiddir və aktivliyin həddən artıq yüksəlməsi, rifah hissinin yaşanması, fiziki və psixi məhsuldarlığın artması, eyforik ünsiyyət qurmağa meyliliyin və söhbətcilliyin artması, emosiyanın, əhvalın yüksəlməsi, yuxuya tələbatın azalması, bununla bərabər hirslilik və s. əlamətlərlə səciyyələnir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Bipolyar affektiv pozuntu”nun gedişində psixotik simptomlarla müşahidə olunan növbəti maniya epizodu olduğundan o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da Bipolyar affektiv pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi pozuntunun gedişində psixotik epizodlarla gedən maniya epizodu davam etdiyindən o, halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxs X6 hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs X7 hazırda da Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu davam etdiyindən Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əhvali-ruhiyyə fonunda dəyişkənlik, emosional sferasında qeyri-sabitlik, qıcığa qarşı həssaslıq, fərdi-psixi xüsusiyyətlərində çılğınlıq, hövsələsizlik, inadkarlıq, nitqində tələskənlik, diqqətində dağınıqlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkküründə sürətlilik, mühakimə və mülahizələrində qəribəlik və s. kimi xüsusiyyətlər müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında impulsivlik, hirslilik və s. kimi hallar yaranmış, həmin halın yaranması onda müəyyən edilən psixi xəstəliklə şərtləşmişdir. X14 onda qeyd edilən psixi xəstəliklə əlaqədar hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin CM-in 21.2 və 95.0.2-ci maddələrinə uyğun olaraq barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, CM-in 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.2-ci maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş təhlükəsizlik tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 həvalə edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs istifadə etdiyi cinayətin aləti olan bir ədəd məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edildiyindən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilməlidir. İş üzrə mülki iddianın, xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 477-ci maddəsinin və Azərbaycan Respublikası CM-nin 21.1, 21.2, 93.1-1, 93.1.-1.1, 95.0 və 95.0.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş təhlükəsizlik tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ümumi tipli psixiatriya stasionarına yerləşdirilməsi hazırda saxlandığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs istifadə etdiyi cinayətin aləti olan bir ədəd mətbəx bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilsin. İş üzrə mülki iddianın, xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar