Məhkəmə qərarları › İş №1(101)-906/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-906/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-906/2023 25.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Səftər oğlu və X2 Müdafiəçi: Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,495 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 10 avqust 2022-ci il tarixdə saat 11:00-da radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd ağ rəngli sellofana bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 0,610 qram və 0,885 qram, ümumi təmiz çəkisi 1,495 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 03 ədəd bükümdə ümumi təmiz çəkisi 7,110 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 sentyabr 2022-ci il tarixdə saat 16:00-da Suaraxnı RPİ- nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, FHN-nin akademiyasının yaxınlığında saxlanılaraq ünvan 5 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş ayrı- ayrılıqda təmiz çəkiləri 2,705 qram, 2,303 qram və 2,102 qram, ümumi təmiz çəkisi 7,110 qram qəhvəyi rəngli maddə kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, birinci epizod üzrə, dostunun maşınını götürmüşdür. Tarix dəqiq yadında deyil, gecə vaxtları imiş, dostunun maşınında imiş. O, mağazadan qayıdırmış, maşını yolun qırağında saxlamışdır. Polis əməkdaşları orada əməliyyat aparırmışlar, gecə imiş, heç kim yox imiş. Sadəcə o mağazadan çıxmış və gəlib saxlamışdır. Polis əməkdaşları ona şübhəli şəxs kimi yaxınlaşmış və axtarış etməyə başlamışlar. Orada üstündən öz istifadəsi üçün az miqdarda narkotik vasitə çıxmışdır. Onu saxlayıb bölməyə aparmışlar, oradan isə məhkəməyə təmin etmişlər. Həmin vaxt o istifadə dövründə imiş, yəni onun sağlam qərarı yox imiş. Orada üstündə olandan artıq çəkidə yazmışlar. Sadəcə olaraq qorxmuşdur, istifadə dövründə olduğu üçün qeyri-adekvat qərarlar verə bilmirmiş. İkinci iş üzrə isə bir xanım var imiş və onların əvvəl münasibətləri olmuşdur. Daha sonra münasibətləri qalmamışdır. Həmin xanım onu axtarmağa gəlmişdir. O məhəlləyə düşmüşdür və onlar salamlaşmışlar. Həmin xanım onu bezdirmişdir. Polis əməkdaşları həmin xanımı axtarırmışlar. Məhəlləyə gəlib onu həmin xanımla bir yerdə görmüşlər. Yaxınlaşıb bölməyə getməklərini istəmişlər. O polis əməkdaşlarının nəyə görə yaxınlaşdığını heç bilmirmiş. Sadəcə yaxınlaşıb “Xanımla bölməyə getməlisiz, sən də getməlisən” demişlər. O da niyə getməli olduğunu soruşmuş və indi evdən çıxdığını dedikdə, polis əməkdaşları ona getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. O müalicəyə getməli imiş. Onu həmin xanımla birlikdə bölməyə aparmışlar. O nəyə görə polis bölməsinə getdiyini heç bilmirmiş, heç nədən xəbəri yox imiş. Onu niyə bölməyə apardıqlarını soruşduqda xanımın yanında olduğu üçün onun da bölmədə olmalı olduğunu bildirmişlər. Daha sonra orada polis əməkdaşları ona “Sən də aformot olmalısan” demişlər. O səbəbini soruşduqda ona təzyiq olunmuşdur. Sonra büküm çıxarıb ona həmin bükümü boynuna götürməyini bildirmişlər, əks halda xanımı da onunla oğurluqla sənədləşdiriləcəklərini demişlər. Onu orada qorxutmuşlar. O da istifadə dövründə olmuşdur, düzgün qərar verə bilmirmiş. O özündə olmamışdır, sadəcə qorxurmuş. Orada demişdir ki, “Nəyi necə deyirsiz, edərəm“.Uzun müddətdir ki, heç nədən istifadə etmir, sağalır, etdiyi əməllərə görə çox peşmandır. O 2022-ci ilin sentyabr ayında artıq 9 ay imiş ki, narkotik vasitədən istifadə edirmiş. 5 ay olar ki, artıq heç nə istifadə etmir. Dostunun maşınındakı narkotik vasitə dostuna məxsus olmuşdur. Maşında narkotik vasitə olduğundan məlumatı var imiş. Maşındakı narkotik vasitənin haradan əldə olunduğunu bilmirmiş, sadəcə bilirmiş ki, maşında var. Narkotik vasitəni maşında harada saxladığını bilmirmiş. Narkotik onun təxmin etdiyi yerdən çıxmamışdır. O narkotik vasitənin rolun yanında olduğunu düşünürmüş, amma oradan çıxmamışdır. Maşında olan narkotik vasitənin metamfetamin olduğunu bilirmiş. Narkotik vasitə avtomobildən çıxmışdır. Şəxsi axtarış və avtomobilə baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə olunub-olunmadığını xatırlamır. Bölmədə onu qorxutmuşlar. O, təzyiq barədə heç bir orqana şikayət etməmişdir. Onlar yaşadığı yerin polis əməkdaşları olduğu üçün şikayət edə bilməmişdir, qorxmuşdur. Orada 1-2 gün saxlanıldıqdan sonra onları Suraxanıya idarəyə göndərmişlər. Saxlanıldıqdan sonra narkotik vasitədən istifadə etməmişdir, istifadəni saxlamışdır, müalicə üçün dərmanlardan istifadə edir. İstifadə etdiyi dərmanlar psixotrop dərmanlar olmuşdur, narkotikin ağrısına görə istifadə etmişdir. Sonrakı epizoda görə hesab edir ki, həmin xanımla bağlı saxlanılmışdır. O həmin xanımla təzə tanış olmamışdır, onunla münasibətini kəsmişdir. Saxlanılanda da üzərinə axtarış keçirilmişdir, üzərində heç nə yox imiş. O narkotik vasitəni heç kimə satmamış, heç kimə təklif etməmişdir. Heç kimlə alış-veriş, pul və kart göndərmək, telefon danışıqları olmamışdır. Videoçəkilişdən əvvəl boynuna götürməsi barədə təzyiq etmişlər. Dostunun maşınını mağazaya getmək üçün götürmüşdür. Narkotik vasitə cibində yox, maşında imiş. Onu bölmədə qorxudaraq demişlər ki, cibinə qoyulacaq, çəkilişdə cibindən çıxaracaqlar. İbtidai istintaqda verdiyi ifadəsi bölmədə qurulmuşdur. O döyülməkdən qorxduğu üçün polis əməkdaşlarına “Necə lazımdırsa, edək” demişdir. Tutulduqdan sonra düzgün qərarlar verə bilmədiyindən şikayət etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli həmin epizod üzrə istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanıır. Təqirləndirilən şəxsin tutulması istiqamətində daxil olmuş əməliyyat məlumatı əsasında şəxsin narkotik vasitəni qanunsuz dövriyyəsi barədə məlumatların realizə edilməsi məqsədilə tərəflərin əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədi ilə rəisə məruzə olunmuşdur. Raport qaydasında tədbirlərin keçirilməsi üçün lazım olan tədbirlər planı hazırlanmış, şəxsin tutulması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, şəxs saxlanılmış və 30-cu Polis şöbəsinə gətirilmişdir. Üzərinə baxış keçirilən zaman özü könüllü şəkildə videoçəkiliş zamanı üzərində olan narkotik vasitəyə bənzər maddəni təqdim etmiş və həmin təqdim etdiyi maddə sənədləşdirilib qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsi harada və hansı ay tutduqlarını xatırlamır. Şəxs küçədə olmuşdur və tutulduqdan sonra 30-cu Polis şöbəsinə gətirilmişdir. Təhqiqat otağına aparılmış və videoçəkilişlə sənədləşməsi aparılmışdır. Şəxs özü “İyirmilər” deyilən yerdə yaşayırmış, “Ballı” marketin arxa tərəfində “Araz” marketin yaxınlığında yaşayırmış. Oradakı hərəkət istiqaməti, gündəlik fəaliyyəti barədə daxil olmuş məlumata əsasən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin yanında bir xanım da var imiş, xanımın şəxsiyyəti vəsiqəsi yox imiş, ona orada forma 9 düzəltmişlər. Şəxsin narkotik vasitəni istifadəsi, üzərində gəzdirməsi, yayması barədə əməliyyat məlumatına əsasən şəxsin barəsində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. O, istintaqdakı ifadəsi zamanı baş verənləri qeyd etmişdir. Təqsirləndirilən şəxsı saxlamaqlarına səbəb narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxsı Hövsan qəsəbəsində saxlamışlar. Şəxsin üzərinə 30-cu Polis şöbəsində təhqiqatçının otağında şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Narkotik vasitəni özü könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxsı hansı ayda saxladıqlarını xatırlamır. Əməliyyat məlumatı narkotik vasitənin istifadəsi barədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs yanında bir xanım olmuş və həmin xanım barəsində onun sırğa oğurlaması ilə bağlı məlumat var imiş. Müəyyən etmişlər ki, sırğanı oğurlayan o xanımdır. Təqsirləndirilən şəxsi Hövsanda saxlamışlar. Təhqiqatçının iştirakı ilə üzərinə baxış keçiriləndə üzərindəki narkotik vasitəni stolun üzərinə qoymuşdur. Şəxsə tərəflərindən qanunsuz təsir olmamışdır. Narkotik vasitəni şəxs özü təqdim etmişdir. O,əməliyyat qrupunun rəhbəri olmuşdur. Satış barədə heç bir məlumat daxil olmamışdır, istifadə barədə məlumat daxil olmuşdur. Şəxsi Hövsan qəsəbəsində harada tutduqlarını dəqiq xatırlamır. Günorta vaxtı olarmış, saat yadında deyil. Həm Orxan, həm də qız barəsində narkotik vasitə ilə bağlı məlumat var imiş. Onlarla bağlı əməliyyat məlumatı 3 ay qabaq ona daxil olmuşdur. Təqsirləndirilən şəxslə birlikdə qızılı verdikləri və ya satdıqları şəxsin yanına getmişlər. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərməmişlər. Onlarda məlumat istifadə barədə olmuşdur.İlkin məlumat satış barədə olsa da sonradan dəqiqləşdirib müəyyən etmişlər ki, istifadədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Orxanı Hövsan qəsəbəsi, E.Qasımov 17 ünvanında tutmuşlar. Orxanın yanında bir xanım da olmuşdur. Həmin xanım E.Məmmədov küçəsində bir uşağın qulağından sırğa oğurlamışdır. Bununla bağlı xanımı axtaran zaman həmin ərazidə Orxanla qızı görmüş və onları 30-cu Polis şöbəsinə gətirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən axtarış keçirilərkən üzərindən narkotik vasitə çıxmışdır. Narkotik barədə məlumat raportda var imiş. Məlumat Şahid3 daxil olmuş və rəisə raport yazılmışdır. Onlar Orxanla qızın bir yerdə olduqlarını bilirmişlər, bu barədə valideynləri məlumat vermişdir. Təqsirləndirilən şəxsə qarşı döymə-söymə halları olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək, ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamını təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamın ikinci epizodunda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınan polis əməkdaşları da ayrı ayrılıqda verdikləri ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs barəsində ilkin məlumat satış barədə olsa da sonradan dəqiqləşdirib müəyyən etmişlər ki, o narkotik vasitələrin satışı ilə deyil, onun istifadəsi ilə məşquldur. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin 3 ədəd bükümdə külli miqdarda olmasına istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri Təqsirləndirilən şəxs narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs eyni hərəkətlə müxtəlif vaxtlarda bir cinayət çərçivəsinə sığan (obyekt, obyektiv cəhəti, subyekt və subyektiv cəhəti eyni olan) iki cinayət əməli (fərq narkotik vasitənin miqdarı) törətmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin məcmusu yoxdur, şəxsin əməli daha ağır cəza nəzərdə tutan, konkret halda Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibini bütün əlamətlərini özündə əks etdirən əməlləri həmin Məcəllənin 234.1-ci maddəsinin rəqəm ifadəsi olaraq xaric edilməklə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan həmin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi rəqəm ifadəsi olaraq xaric edilməli, onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində birinci epizod üzrə ona verilmiş ittihamda narkotik vasitənin qeyd olunan miqdardan onda az olması və eyni zamanda ikinci epizod üzrə narkotik vasitənin ona məxsus olmaması barədə və polis idarəsində təzyiq altında olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. Cinayət işində olan 10 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd ağ rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 11 avqust 2022-ci il tarixli 6/4279 №li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi və “...Şübhəli şəxs X3 aşkarlanmış maddi sübut...Şübhəli şəxs: O.Qasımov-imza, iştirak etdi-üç imza,Tərtib etdi:V.İsizadə-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki iki ədəd bükümdəki təmiz çəkisi- 0,610 qram və -0,885 qram, ümumi təmiz çəkisi-1,495 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi-1,495 qram (-0,610 qram, -0,885 qram), tədqiqata sərf edildi-0,1 qram(hər birindən-0,05 qram), qalıq-1,395 qram(-0,560 qram, -0,835 qram). (ekspertiza tədqiqatın dəyəri 92 (doxsan iki) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 12 avqust 2022-ci il tarxli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, 02 ədəd ağ rəngli sellofana bükülmüş bükümlərdə metamfetamin olduğunu, həmin narkotik vasitəni Xətai rayonu, Əhmədli Metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi bükümlərdən başqa narkotik vasitə aşkar edilməmişdir. Həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınmışdır. Cinayət işində olan 23 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqim etmiş və həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, bu narkotik vasitəni 22 sentybr 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya maddə aşkar edilməmişdir. Aşkar olunan sellofan bükümlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 23 sentyabr 2022-ci il tarixli 6/5466 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,705 qram, 2,303 qram və 2,102 qram, ümumi təmiz çəkisi 7,110 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi- 7,110 qram, tədqiqata sərf edildi-0,12 qram, qalıq-6,990 qram. (ekspertiza tədqiqatın dəyəri 110 (yüz on) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ cibindən 01 ədəd bükümü və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin üç ədəd bükümün açılaraq içərisində baxıldıqdan sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində kokos olduğunu, həmin narkotik maddəni 22 sentyabr 2022- ci il tarixdə tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmiş, sonra aşkar edilmiş həmin 03 ədəd bükümün götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji yoxlaması üzrə 10 sentyabr 2022-ci il tarixli 5094 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu nəzərə alınmaqla barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 202 (iki yüz iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,990 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,395 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 202 (iki yüz iki) manat alınıb dövlət büdcəsinə verilməli, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 25 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 202 (iki yüz iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Azərbaycan Respublikası DİNin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,990 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,395 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar