Məhkəmə qərarları › İş №1(101)-906/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-906/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-906/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 13:20 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Wolt” şirkətində kuryer işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,471 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 avqust 2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanda saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 3,471 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, ona qarşı verilən ittiham saxtadır. Çünki, onun ictimai-siyasi fəaliyyəti olmuş, ölkədə baş verən qanunsuzluqlara öz iradını, tənqidlərini bildirmişdir. Hətta buna görə bir neçə dəfə inzibati həbs olunmuşdur. O, vergi ödəyicisi olmaqla “Ozon” aptekləri ilə çalışmış, apteklərdən sifariş əsasında dərmanları çatdırmaq işi ilə məşğul olmuşdur. 04 avqust 2023-cü il tarixdə, saat təxminən 15:00-15:30 radələrində Bakı şəhəri, Nizami rayonunda yaşadığı mənzilin təxminən 40 metrliyində yerləşən marketdən çıxarkən 4 nəfər onun üstünə hücum çəkmiş, daha sonra əlavə 4 nəfər də gəlmişdir. Həmin şəxslər özlərini təqdim etmədən onu zorla avtomobilə otuzdurmuş və onun telefonunu əlindən almışlar. Ona nəzarət edən idarə Binəqədi olmuşdur. O, hadisədən bir ay əvvəl olardı ki, Nizami rayonuna kirayəyə köçsə də, idarənin onun köçməsindən xəbəri olmadığına görə nəzarət yenə də Binəqədi rayonunda qalmışdır. Binəqədi rayonunun polisləri gəlib onu Nizami rayonunda tutmuşlar. Bununla bağlı kamera görüntülərini də tapmaq mümkündür. Belə ki, o, Nizami rayonundan Binəqədi rayonuna kimi gəldiyi marşrutu və təxminən hansı saatlarda hərəkət etdiyini bilir. Onu zorla avtomobilə otuzdurandan sonra təxminən bir saat gözləmişlər ki, çağırdıqları adam gəlib onun motosikletini aparsın. Həmin adam gələndən sonra yola düşmüşlər, onun motosikletini sürən adam da onların dalınca gəlmişdir. Ziya Bünyadov küçəsindən Əhməd Rəcəbli küçəsinə dönəndə “Elit” ticarət mərkəzi ilə üzbəüz yolun o biri tərəfində olan ara bir yerdə təxminən 30-40 dəqiqə gözləmişlər. Həmin vaxt onun motosikletini idarə edən şəxs onu məlum olmayan səbəbdən motosikleti sağa-sola, ora-bura sürmüşdür. Daha sonra onu Binəqədi rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində əvvəlcə ona hədəqorxu gəlmişlər, əl-qol ataraq yumruq vurmuşlar. O isə “mənim burada sümüklərimi də qırsanız, mən sizinlə razı deyiləm” demişdir. Bundan sonra yenə ona əl-qol atmışlar, gah aşağı, gah yuxarı otağa aparmışlar. Sonra isə guya ona məntiqli açıqlama verərək “sənə bir qram narkotik qoyulacaq, bununla tutulma yoxdur, bununla razılaşmalısan” demişlər. O isə narkotik vasitə ittihamı ilə heç vaxt razılaşmayacağını, narkotiklə bağlı maddənin onun üçün çox utancverici olduğunu deyərək heç olmasa ona başqa ittiham, məsələn, kiməsə və ya özünə zərər vurma ittihamının verilməsini bildirmişdir. Belə olan halda ona “qadın gətirəcəyik, üzünə duracaq ki zorakılıq olub”, “paykovoy şahid gətirəcəyik”, “konçennıy narkomanlar gələcək 3 nəfər, duracaq üzünə ki, sən narkotik satırsan” və sair bu kimi sözlər deyilmişdir. Daha sonra ondan haranın agenti olduğu soruşularaq onun üzərinə İranın agenti olduğunu qoyacaqlarını bildirmişlər. O isə “haranın agenti qoysanız da, ümumiyyətlə mənə Azərbaycandan başqa hansısa bir ölkənin agenti qoysanız heç kim inanmayacaq. Çünki mənim reputasiyam elədir ki, məni tanıyan insanlar məni Azərbaycanın adamı kimi tanıyır, həm də mənim İrana olan münasibətimi də bilir. Sadəcə, özünüz üçün gülünc doğuracaq. Mənə elə bir şey qoya bilməzsiniz” demişdir. Bundan sonra ona “biz səni ona görə tutmuşuq ki, sən sadəcə olaraq, nəzarətdə olasan. Bir qramı götür, sən nəzarətdə olacaqsan və prokuror sabah saat 12-də səni buraxacaq” demişdir. O isə onlara inanmadığını deyərək razılaşmamışdır. Onlar isə “sən sabah 12-yə qədər buraxılacaqsan, yalan danışırıqsa...” kimi cümlələrlə öz ünvanlarına ən nalayıq ifadələr səsləndirərək onu inandırmağa çalışmışlar. Polislər əvvəl 3 nəfər olmuş, sonra isə başqa şəxslər də gəlmiş və ümumilikdə otağa 8-9 nəfər toplaşmışdır. Onu bir qram narkotiki boynuna götürəcəyi təqdirdə sabah saat 12-yə kimi buraxacaqlarına inandırmağa çalışsalar da o, inanmamış və “burada nə qədər adam varsa, hamı öz payına bir söz desin, bilim ki, yəni bu qədər adamın hamısı da qeyrətsiz olmaz” demişdir. Həmin şəxslərin hər biri öz paylarına “namus”, “şərəf”, “uşaq” və sair onun həyatda dilə gətirə bilmədiyi, utanacağı ifadələr işlədərək onu inandırmışlar. Yəni, həmin şəxlər elə sözlər demişlər ki, onun ağlına belə gəlməzdi ki, bu qədər ifadədən sonra onun barəsində cinayət işi açarlar və bunu 234.4.1-ci və 234.4.3-cü maddələrə çevirərlər. Sadəcə özünü həmin şəxslərin yalanlarına inandığı üçün təqsirli hesab edir, narkotik ittihamı ilə təqsirli hesab etmir. Ondan əvvəl də nə qədər adamı şərləyərək bu ləyaqətsizliyi etmiş insanlara inanmamalı idi. O, onların əleyhinə təbliğat aparan adam olmuşdur. O, dövlətçidir, dövlətini sevən insandır, dövlətinin müqəddəratı onun üçün hər şeydən vacibdir. Necə narkotik sata bilər ki, onun milləti, onun xalqı bununla zəhərlənsin!? Nəinki o, özünə hörmət edən, şərəfi, ləyaqəti olan heç bir insan bunu özünə sığışdırmamalıdır. Beləliklə, həmin 8-9 nəfər öz ünvanlarına o ifadələri işlədəndən sonra o, düşünmüşdür ki, yəqin bu qədər işlər gördüyünə, öz narazılıqlarını, tənqidlərini bildirdiyinə görə onu həqiqətən nəzarətdə saxlamaq istəyirlər. O, özlüyündə “öz ünvanlarına bu qədər ağır ifadələr işlətdilər, biri-ikisi şərəfsiz olar, səkkizi də şərəfsiz ola bilməz ki” deyə düşünərək onlara inanmış və onların dedikləri ilə razılaşmışdır. Amma səhəri gün saat 12-dən sonra, saat 12:10-da həmin səkkiz nəfərin səkkizinin də şərəfsiz olduğunu başa düşmüşdür. Şəxsi axtarış zamanı balaca bir büküm olmuş, o da həmin bükümün ona deyildiyi kimi bir qram olduğunu düşünmüşdür. Heç ona bükümün içindəki maddənin adını da deməmişlər. Həmin vaxt bükümü tərəziyə qoymadıqları üçün dəqiq çəkisini bilməmiş, sadəcə ona öncədən bir qram olduğu deyildiyi üçün, həmin şəxslər öz ünvanlarına ağır ifadələr işlədərək onu buna inandırdıqları üçün onlara etibar edərək razılaşmışdır ki, yəqin ona 234.1-ci maddə ilə ittiham verilərək qandal ilə buraxacaqlar, o da hər gün gedib qol çəkəcək və proses belə davam edəcək. Amma ekspertizaya 3-4 qram narkotik vasitə göndərəcəkləri onun ağlına belə gəlməmişdir. Bir qram narkotikə razılıq verməsinin səbəbi o olmuşdur ki, “İran məsələsi” və ya “qadın məsələsi” ona yapışmazdı, amma onun üzünə 3 şahid gətirsəydilər ki guya ona narkotik satıb, bu onun üçün fəlakət ola bilərdi və onun altından çıxmaq daha çətin olardı. Şəxsi axtarış zamanı ona narkotik vasitəni guya filan yerdən alması və sair barədə onların dedikləri qaydada danışmasını tapşırsalar da o, onların tarşırdıqları kimi danışmamış, narkotik vasitəni tapdığını, polisə təhvil vermək istədiyini, maddənin nə olduğunu bilmədiyini, şübhələnib yerə atmaq istəyəndə kiminsə görüb yalnış başa düşə biləcəyinə görə həyəcanlandığını, ona görə yerə ata bilmədiyini, Binəqədi rayon Polis İdarəsinə tərəf aparanda yolda onun şübhəli və həyəcanlı davranışlarını görən polis əməkdaşlarının şübhələnərək onu saxladıqlarını bildirmişdir. Ona oxumağa icazə vermədikləri bir çox sənədlərə imza etdirmişlər. Vəkil gələndə polis əməkdaşları ona vəkilə heç nə deməməyi tapşırdıqları üçün vəkilə heç nə deməmiş, vəkil özü də ondan heç nə soruşmamış və onunla ayrılıqda danışmamışdır. Vəkili ikinci dəfə Binəqədi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən görmüşdür. Ona görə də məhkəmədən günahsız olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05 avqust 2023-cü il tarixdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, kuryer fəaliyyəti ilə məşğul olduğundan sifarişlə bağlı 04 avqust 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində “Elit” Ticarət Mərkəzində olan zaman yerdə bir ədəd parıltılı büküm gördüyündən onda maraq oyandığı üçün yaxınlaşaraq həmin bükümü yerdən götürmüşdür. Ehtiyatla ətrafa baxdıqdan sonra heç kimin onu görmədiyinə əmin olub həmin bükümü açdıqdan sonra isə içərisində narkotik vasitəyə bənzər kütlə görüb yenidən büküb yerə tullamaq istəsə də, tərəddüd etdiyindən əynində olan idman şalvarının sağ cibinə qoyaraq ərazi üzrə polis bölməsinə təqdim etməyi düşünmüşdür. Lakin istər-istəməz narkotik vasitəni üzərində daşımağına görə müəyyən mənada həyəcanlandığından qeyri-adekvat hərəkətlərə yol vermişdir. Həmin vaxt iki nəfər mülki geyimdə olan polis əməkdaşları onun qeyri-adekvat hərəkətlərindən şübhələndikləri üçün ona yaxınlaşaraq onu Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə dəvət etmişlər. O da həmin əməkdaşlara heç bir etiraz etmədən sonuncularla birlikdə polis idarəsinə gəlmişdir. Bundan sonra qeyd edilən idarənin inzibati binasında xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmişdir. Sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış zamanı videoçəkiliş aparılacağı izah edilmiş, o da buna heç bir etiraz etməmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. O, da öz məsuliyyətini dərk etdiyindən təxminən 1 saat əvvəl yerdən tapdığı və üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə narkotik vasitəyə bənzər kütləni əməkdaşa təqdim etmişdir. Bundan sonra həmin əməkdaş tərəfindən onun üzərində əlavə şəxsi axtarış aparılsa da heç bir qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o, protokolun doğruluğunu imza edərək təsdiq etmişdir. Onun təqdim etdiyi bir ədəd büküm isə zərfə qoyularaq möhürlənib götürülmüşdür. Tutularkən, idarədə olarkən, istərsə də müvəqqəti saxlama yerində saxlanılarkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı ona verilən sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, yerdən həmin bükümü sırf maraq naminə götürüb açdıqdan sonra içərisində narkotik vasitəyə bənzər kütlə olduğunu görmüşdür. Lakin qeyri-iradi olaraq həmin bükümü yerə tullamaqdan çəkinib bükərək əynində olan idman şalvarının sağ cibinə yerləşdirmişdir. Onun məqsədi həmin bükümü polis əməkdaşlarına təqdim etmək olmuşdur. Sadəcə ilk dəfə belə bir hadisə ilə rastlaşdığından qeyri-adekvat hərəkətlər etmişdir. Bundan şübhələnən polis əməkdaşları isə ona yaxınlaşaraq onu polis idarəsinə dəvət etmişlər. O, narkotik vasitə və ya psixotrop maddə qəbul etmir və əksinə bunlara qarşı mövqedədir. Həmçinin, əsla narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini isə polis əməkdaşlarına təqdim etmək üçün üzərində daşımışdır. Bildirir ki, həyatında ilk dəfə belə bir hadisə ilə rastlaşdığından buna adekvat reaksiya verə bilməmişdir. Lakin onun məqsədi içərisində narkotik vasitə heroin olan həmin bükümü polis əməkdaşlarına təqdim etmək olmuşdur (cild 1, iş vərəqə 71-73). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Binəqədi rayon Polis İdarəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 04 avqust 2023cü il tarixdə bir nəfər şəxsin göy rəngli motosiklet ilə Cəfər Xanlar küçəsində narkotik vasitələrin alqı-satqısı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanda saxlanılmışdır. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət etmişlər, sonuncu da könüllü olaraq onlarla polis idarəsinə gəlmişdir. Polis İdarəsində onun şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raportla idarə rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi baş təhqiqatçı Kamandar Ələsgərova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Polis İdarəsinin xidməti otaqlarından birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu da əynindəki idman şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq onun əynindəki idman şalvarının arxa cibindən bir ədəd gümüşü rəngli metal, üzərində sarı rəngli daş-qaş olan üzük çıxarılaraq masanın üzərinə qoyulmuş, digər hər hansı bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə olduğundan şübhələndiyini, həmin bükümü 04 avqust 2023-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsində gəzərkən yerdən tapdığını və polisə vermək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümə baxıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu məlum olmuşdur. Həmin büküm zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə məlumatlar əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin cinayətaxtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 04 avqust 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli, kənarlarında ağ xəttləri olan idman şalvarının sağ cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü Binəqədi rayonu, C.Xandan küçəsində yerdən tapdığını, polisə təqdim etmək üçün gətirərkən özünü şübhəli apardığı üçün polis əməkdaçları tərəfindən saxlanıldığını, narkotik vasitədən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənib götürülmüş, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 36-38, 118-119). Məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4178 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,471 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazizisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”iıı siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,421 qram təşkil etmişdir (cild 1, iş vərəqə 46-50). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 avqust 2023-cü il tarixli 5327 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 166-167). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 avqust 2023-cü il tarixli 2335 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini qavramaq iqtidarında olmuşdur, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 169-172). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X3 İnstitutu tərəfindən verilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ağciyər xəstəliyindən əziyyət çəkmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 125). İbtidai istintaq orqanının 23 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqə 228-229). İbtidai istintaq orqanının 19 sentyabr 2023-cü il tarixli qərarı ilə hazırkı cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 206-207). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların ədə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə 01 may 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısının (anket məlumatları göstərilməklə), sms mətnlərinin, nömrə sahiblərinin anket məlumatlarının və həmin nömrələrin anten əhatə dairəsinin Bakcell” MMC-dən və "xxxx" MMC-dən götürülməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 11 avqust 2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilmişdir. "xxxx" MMC-nin 19 sentyabr 2023-cü il tarixli məktubu ilə və Bakcell” MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə yuxarıda qeyd olunan məlumatlar “CD” disk şəklində təqdim edilmişdir. Həmin disklərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, habelə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə dəlalət edə bilən hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə 102-105). Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün, çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs külli miqdarda - təmiz çəkisi 3,471 qram təşkil edən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, həmin maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar olunan maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı isə məhkəmə qeyd edir ki, həmin maddə ilə cinayət məsuliyyətinin yaranması üçün Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməlidir. Ona görə də satış məqsədini təsdiq edən heç bir sübutun olmadığı vəziyyətdə, ittiham tərəfinin belə əməlin həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlaməti ilə törədilməsinə dair israrının təkzibi üçün əlavə əsaslandırmaya zərurət olmaması qanuni və əsaslı qənaət kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotk vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasına, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs polis orqanında qanunazidd davranışa məruz qalması ilə bağlı ifadəsi isə hər hansı dəlillə təsdiqini tapmır. Məhkəmə istintaqı zamanı qeyd olunan məsələ ilə bağlı prokurorluq orqanının apardığı araşdırma zamanı gəldiyi nəticənin əsaslılığını şübhə altına ala biləcək hər hansı dəlil müəyyən edilmədi. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 24-25, 92-98). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,421 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,421 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar