Məhkəmə qərarları › İş №1(101)-907/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-907/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-907/2020 24.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yeni tikilidə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri və külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs təxminən xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzi yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan “Səfərpur” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini, narkotik vasitə olan 4 ədəd həbdən ibarət olan narkotik vasitə metadon tərkibli dərman preparatlarını və külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, bir qismini istifadə etmiş və narkotik vasitəni satmaq məqsədilə üstündə daşıyıb saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi ərazisində həmin narkotik vasitənin 0,04 qram çəkidə olan 1 ədəd metadon həbini tanışı X4 15 manat müqabilində satmış, sonuncu həmin tarixdə saat 20:10 radələrində ünvan 3 ünvanı yaxınlığında olduğu zaman Nərimanov Rayon Polis X1 bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb, polis idarəsinə gətirilərək, üzərinə baxış keçirilmiş və əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş, 1 ədəd həbdən ibarət 0,04 qram çəkidə narkotik vasitə metadon tərkibli dərman preparatı aşkar olunaraq götürülmüş, bundan sonra yəni, xx xxxxx 2020-ci il tarixdə saat 22:45 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanı yaxınlığında olan zaman Nərimanov Rayon Polis X1 bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb Nərimanov RPİ-nin inzibati binasına gətirilərək xidməti otaqda üstünə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən "‘Prima" siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə 1,077 qram çəkidə psixotrop maddə olan metamfetamin, şokolad kağızına bükülmüş 3 ədəd həbdən ibarət ümumilikdə 0,12 qram çəkidə narkotik vasitə olan metadon tərkibli dərman preparatı və 1 ədəd sellofan bükümdə 18,596 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, həyat yoldaşı X6 və oğlu Fərid Bağırzadə ilə birlikdə yaşayır. O, təxminən 2012-2013-cü ildən “kakos” kimi tanıdığı narkotik vasitə heroini burnuna çəkmək yolu ilə qəbul etmişdir. O, tutulandan təxminən 12 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzi yaxınlığında 1990-cı ildən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Səfərpur adlı şəxsdən metamfetamin, 4 ədəd metadon həbi və “kakos” adlı maddələri heç bir ödəniş etmədən almış və əynində olan qara rəngli gödəkçənin sağ cibində saxlamışdır. Həmin maddələrin bir qismini özü istifadə etmiş, bir ədəd metadon həbini xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında təxminən saat 15:30 radələrində əvvəllər tanıdığı Ramana qəsəbəsində qonşusu olmuş Fəxran adlı şəxsə, ona ağrıları olduğunu bildirdiyi üçün Nərimanov rayonu, Montin qəsəbəsində 15 manata satmışdır. O, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 22:45 radələrində Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 62 saylı ünvanın yaxınlığında olarkən mülki geyimdə olan 4 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlarla Nərimanov Rayon Polis İdarəsinə getməyini xahiş etmişlər. O, etiraz etməmiş və həmin polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddə qəbul etmə və özündə saxlamaqda şübhəli olduğunu bildirmişlər və bu səbəbdən ona hüquqlarını müdafiə etməsi üçün vəkil siyahısı təqdim etmişlər. O, təqdim olunmuş siyahıdan X10 adlı vəkili hüquqlarının müdafiəsi üçün seçmişdir. Daha sonra polis əməkdaşları həmin vəkili Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində polis əməkdaşları video çəkilişlə onun üzərində axtarış və götürmə aparmağa başlamış və axtarış aparılan zaman polis əməkdaşları ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. O, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən üzərində “Prima” yazısı olan 1 ədəd siqaret qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində narkotik maddələr olduğunu bildirmiş, bundan başqa siqaret qutusunun içərisindən şəffaf rəngli sellefona bükülmüş 2 ədəd, üzərində “Nijni Novqorod şokolad” sözləri yazılmış 1 ədəd kağız parçasını, 1 ədəd siqaretin gümüşü rəngli kağız parçasını və 1 ədəd bükülmüş Azərbaycan Respublikasına aid olan 1 manatlıq pul əskinasını könüllü təqdim etmişdir. Onun təqdim etdiyi 2 ədəd şəffaf rəngli sellefon bükülünün birinin yuxarı hissəsi qırmızı rəngli iplə bağlanmışdır. Sorğu zamanı o, həmin şəffaf sellofan bükülünün içərəsində qəhvəyi rəngli toz halında olan maddənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu, digər şəffaf rəngli polietilen bükülünün içərisində isə ağ rəngli toz və xırda dənəvar maddənin narkotik vasitə metamfetamin olduğunu və üzərində “Nijni Novqorod şokolad" sözləri yazılmış 1 ədəd kağız parçasının içərisindəkinin isə üzərində F/M40 yazıları olan 3 ədəd qəhvəyi rəngli metadon həblər olduğunu və siqaretin gümüşü rəngli kağız parçasının boş olduğunu bildirmişdir. Daha sonra onun üzərində aşkar olunmuş narkotik vasitə olan metamfetamin, metadon həbləri və “kakos” polis əməkdaşları tərəfindən zərfə qoyularaq möhürlənmiş və həmin zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərilmişdir. Bu barədə polis əməkdaşı tərəfindən tərtib olunmuş protokol ona ucadan oxunmuş və heç bir şikayət və ərizə daxil olmadığı üçün iştirakçılar və eyni zamanda onun tərəfindən imzalanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis X1 bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında ünvan 4 ünvanı yaxınlığında iş yoldaşları polis kapitanı Şahid1, polis leytenantı Sarvan Rüstəmov və polis serjantı Azər Sadıqovla birlikdə əvvəlcədən əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra həmin şəxsə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs Polis İdarəsində xidməti otaqlardan birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində axtarış və götürmə keçiriləcəyi, axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefonun video kamerası ilə çəkiliş aparılacağı bildirilmişdir. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs vəzifələri izah edildikdən sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə və ya əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən üzərində “Prima" sözləri yazılmış 01 ədəd siqaret qutusunu çıxarıb təqdim edərək həmin siqaret qutusunun içərisində narkotik vasitələr olan heroin, şüşə, yəni metamfetamin və metadon həbləri olduğunu bildirmiş və həmin siqaret qutusunun içərisinə baxış zamanı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində toz halında, narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli maddə, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində kristal şəklində ağ rəngli spesifik iyli maddə və üzərində “Nijni Novqorod şokolad” yazısı olan şokolad kağızına bükülmüş bükülünü açdıqda üzərində F/M40 yazıları olan 3 ədəd qəhvəyi rəngli həblər aşkar edimişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, əməliyyat marağı kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərin içərisindəkinin narkotik vasitə olan heroin, metamfetamin və 3 ədəd metadon həblərinin olduğunu və həmin maddələri Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzi yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan Səfərpur adlı şəxsdən öz istifadəsi üçün və satmaq məqsədi ilə aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 1 ədəd metadon həbini xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında əvvəllər tanıdığı Ramana qəsəbəsində qonşusu olmuş Fəxran adlı şəxsə Nərimanov rayonu, Montin qəsəbəsində 15 manata satdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra bu göstərilənlər barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün iştirakçılar və eyni zamanda onun tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Məhkəmədə elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı özü barədə olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinə xx xxxxxx 2020-ci il tarixdə gəlmiş və Rusiyada əvəllər bir neçə dəfə metadon həbindən istifadə etmişdir. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında təxminən saat 15:30 radələrində əvvəllər onunla Ramana qəsəbəsində qonşu olmuş Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu, Montin bazarı adlanan ərazidə təsadüfən görüşmüşdür. Söhbət əsansında o, Təqsirləndirilən şəxs ağrılarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə ona təklif etmişdir ki, onda ağrı kəsici həb metadon vardır və 15 manata sata bilər. O, 15 manat Təqsirləndirilən şəxs verərək 1 ədəd metadon həbini şəxsi istifadəsi üçün almışdır. O, həmin dərmanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibinə qoymuşdur ki, sonra ağrıyanda istifadə etsin. xx xxxxx 2020-ci il tarixdə ünvan 5 ünvanı yaxınlığında “Miraj” restoranının yanında olarkən ona mülkü geyimdə olan üç nəfər şəxs yaxınlaşmış özlərini təqdim edib Nərimanov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib polis əməkdaşları ilə Nərimanov Rayon Polis İdarəsinə getməyini xahiş etmişlər. O, da polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, onun narkotik maddə qəbul etməyində və özündə saxlamaqda şübhəlidir. Buna görə də onun hüquqlarını müdafiə etmək üçün vəkil siyahısı təqdim etmişlər və o, təqdim olunmuş siyahıdan X11 adlı vəkili hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşları həmin vəkili Nərimanov RPİ-nə dəvət etmişlər. Vəkil gəldikdən sonra onun və onu Polis İdarəsinə gətirmiş polis əməkdaşlarının iştirakları ilə video çəkilişlə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Axtarış aparılan zaman ona təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. O, da xx xxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Nərimanov rayonu, Montin bazan adlanan ərazidə Təqsirləndirilən şəxs 15 manata aldığı və əynində olan qara gödəkcəsinin sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünün içərisində narkotik maddə hesab olunan metadon maddəsini könüllü təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi, içərisində metadon olan maddəni zərfə qoyub qablaşdıraraq möhürləmişdir. O, hüquqlarını müdafiə edən vəkil və iştirakçılar zərfi imzalamışlar. Eyni zamanda bu barədə protokol tərtib edilmiş və onlar protokolu da imza etmişlər (iş vərəqi 162-165). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 02 (iki) ədəd şəffaf rəngli sellefon bükülünün birinin yuxarı hissəsi qırmızı rəngli iplə bağlanmışdır. Həmin bükülünün içərisində qəhvəyi rəngli toz halında olan maddə, digər şəffaf rəngli sellefon bükülünün içərisində isə ağ rəngli, kristal şəklində maddə vardır. Üzərində “Nijni Novqorod şokolad” sözləri yazılmış 01 (bir) ədəd kağız parçasını açdıqda üzərində F/M 40 yazıları olan 03 (üç) ədəd qəhvəyi rəngli həblər aşkar olunmuşdur (iş vərəqi 23-24). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimiyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/548 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs" yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 18,596 qram, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,077 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və zavod üsulu ilə hazırlanmış 3 ədəd, üzərində "F/M40" yazısı həkk olunmuş boz rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. 3 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,12 qr (bir həbdə 0,04 qr metafom olmaqla) təşkil edir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (iş vərəqi 36-40). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli axtarış və götürmə haqqında prortokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs evinin otaqları, mətbəx və sanuzel otağında axtarış keçirilsə də hər hansı narkotik vasitə və ya qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir (iş vərəqi 86-95). İşdə olan xx.xx.2020-ci tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (iş vərəqi 104-105). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli, 1256 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür (iş vərəqi 128-129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1378 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 130- 131). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/662 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti-No59"-li ştamp əksi ilə möhürlənmiş paketlərdəki, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, üzərində “T7M40” yazısı həkk olunmuş boz rəngli dairəvi formalı metadon tərkibli həblər və X3 üzərindən götürülmüş açıq qəhvəyi rəngli, üzərində "ddp/M40” yazısı həkk olunmuş metadon tərkibli həb xarici əlamətlərinə və tərkibinə görə (rəngi, üzərində istehsalçı tərəfindən həkk olunmuş yazıları, həblərin ölçüsü) fərqlidir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (iş vərəqi 134-136). İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xalis çəkisi 18,596 qram narkotik vasitə olan heroin, xalis çəkisi 1,077 qram psixotrop maddə metamfetamin və 3 ədəd ümumilikdə 0,12 qram metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış, “DVD” disk iş materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 18,496 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 1,027 qram psixotrop maddə metamfetamin və 1,5 ədəd metadon həbi saxlanılması üçün Nərimanov RPİ-yə təhvil verilmişdır (iş vərəqi 153). İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, 1995-cil il təvəllüdlü Sevda adlı qızı və 1997-ci il təvəllüdlü Fərid adlı oğlu var (iş vərəqi 143-144). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metafetamin təmiz halda şəxsi istehlak miqdarı 0,15 qrama qədər, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmin Qanuna əsasən metadon təmiz halda şəxsi istehlak miqdarı 0,02 qrama qədər, 1,6 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, həmin cinayəti törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vərəqi 96- 97,121-127). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzası çəkib qurtardığı tarixdən 6 ildən çox vaxt keçdiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmış, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 16-17, 80-82). Məhkəmə Qanunun qeyd edilən müddəalarını tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2020-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, ekspert tədqiqatından sonra qalıq qalan və Nərimanov Rayon Polis İdarəsində saxlanılan 18,496 qram çəkidə heroin, 1,027 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1,5 ədəd metadon həbi məhv olunmalı, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, işdə olan məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalan 18,496 qram çəkidə heroin, 1,027 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1,5 ədəd metadon həbi məhv edilsin, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar