Məhkəmə qərarları › İş №1(101)-907/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-907/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-907/2025 03.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində doğulmuş, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan bir ədəd bükümdə təmiz çəkisi 3,388 qram olmaqla külli miqdarda psixotrop maddə sayılan metamfetamin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 3,388 qram külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 15 sentyabr 2024-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb 12-ci Polis Şöbəsinə aparılaraq, həmin tarixdə saat 14:15-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 3,388 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl o, bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli kristal formalı maddəni təqdim etmişdir. O, cibindən çıxararaq təqdim etdiyi həmin bükümün içərisində psixotrop maddə olduğunu, Lənkəranlı Taleh adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üzərində saxladığını bildirmişdir.

4. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş, 01 ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş büküm bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 26-28).

5. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4580 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi, “Şübhəli şəxs Məmmədov.S /imza/; PPXB: polis.İ.T /imza/; 2.Adıgözəlov.C /imza/; baş təhqiqatçı: Şahid2 /imza/” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,388 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir” - Qeyd: metamfetaminin təmiz çəkisi 3,388 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 3,288 qram qalıq qalmışdır (cild 1, iş vərəqi 33-36).

6. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən Şuşa şəhərciyində saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş narkotik tərkibli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs könüllü şəkildə həmin qanunsuz maddəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində Lənkəranlı Taleh adlı şəxsdən əldə etdiyini bildirmiş, aşkar olunan narkotik tərkibli maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, Cəmil Vəlizadə ilə birgə sonuncuya yaxınlaşmış, Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən videoçəkilişdə nümayiş etdirilməsi üçün heç bir əlavə kütlə təqdim edilməmiş, aşkarlanmış narkotik tərkibli maddənin qablaşdırılması 1 dəfə aparılmış və həmin zərfə əlavə kütlə yerləşdirilməmiş, saxlanılarkən Təqsirləndirilən şəxs üzündə və ya bədənində hər hansı bir xəsarətin olub-olmamasını xatırlamamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X5 Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən miqdarda psixotrop maddə metamfetaminin aşkarlandığını bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə öz istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Muxtarov küçəsində anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı “Taleh” adlı şəxsdən 10 manata psixotrop maddə metamfetamin alıb üzərində saxlayıb daşımış, həmin tarixdə saat 13:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olarkən ona biri mülki, digəri isə polis geyimində olmuş şəxslər yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini təqdim edib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyi təklif etmişlər. Üzərində psixotrop maddə metamfetamin olduğu üçün həyacanlanmış və tez bir zamanda yanından ayrılıb getmək istədikdə, polis əməkdaşları onun hərəkətlərindən şübhələnib, birlikdə 12-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. Artıq qaçıb gedə bilməyəcəyini başa düşüb polis əməkdaşları birlikdə 12-ci PŞ-yə getmişdir. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən ona polis şöbəsinə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra sonuncu Təqsirləndirilən şəxs təqdim edilmiş, bir daha müdafiəçisinin yanında hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs qismində tutulub, bu barədə tərtib olunmuş qərarın surəti və protokol ona təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən ondan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulduqda, o, əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olmuş metamfetamini təqdim etmiş, həmin əşyadan başqa üzərindən hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi büküm təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. O, metamfetamini haradan, hansı məqsədlə və necə əldə etdiyi barədə ətraflı şəkildə izah vermiş, narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olduğu müddət ərzində ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlər göstərilməmişdir. Metamfetamini ona satmış “Taleh" adlı şəxsin adını, anket məlumatlarını bilmir, istifadə etdiyi mobil nömrəni xatırlamır. Başqa hər hansı bir ünvanda psixotrop maddə və ya narkotik vasitə saxlamır.

7. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən Şuşa şəhərciyində piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ərazidə xidmət aparan Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru və post patrul xidməti bölüyünün əməkdaşı tərəfindən saxlanılaraq 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. (cild 1, iş vərəqi 4)

8. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqi 13-14; 58-59)

9. Məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videoçəkilişi aparılmışdır. Həmin videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, ilk olaraq ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş əşyaların təqdim etməsi təklif olunması, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etməsi, həmin bükümün içərisində metamfetaminin olduğunu və həmin narkotik tərkibli maddəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində Lənkəranlı Taleh adlı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədilə əldə etdiyini deməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuşdur (cild 1, iş vərəqi 56-57).

10. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 3350 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl ilə bağlı anlaqlı hesab olunduğundan, hərəkətləri CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onunla istintaq hərəkətləri aparılması mümkündür. (cild 1, iş vərəqi 125-126)

11. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7399 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. (cild 1, iş vərəqi 122-123).

12. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,388 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 3,288 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin bu istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdır. (cild 1, iş vərəqi 127-134)

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, xx/xx-11092 saylı məktəbuna əsasən Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/4181 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs həmin xəstəxanaya müraciət etməyib. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli, 12144 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs həmin xəstəxanaya müraciət etməyib. - Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satmış şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamış, əməliyyat yolu ilə təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı müəyyən edilməmişdir. (cild 1, iş vərəqi 101-103; 121).

14. Təqsirləndirilən şəxsə məxsus olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (cild 1, iş vərəqi 112).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

15. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları onun oğurluq etdiyini zənn edərək saxlamış, həmin vaxt üzərində 0,5 qram psixotrop maddə metamfetamin mövcud olmuşdur. O, həmin psixotrop maddəni şəxsi istifadəsi məqsədilə əldə etmiş, onun üzərində 3,3 qram metamfetamin olmamışdır. Polis əməkdaşları onu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirdikdən sonra ona videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə kütlələr təqdim etmiş, ona törətdiyi əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyi deyilmişdir. Sonradan isə ona əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə rəsmiləşdirildiyi məlum olmuş, o, polis əməkdaşları tərəfindən edilmiş zorakılıqla əlaqədar Sabunçu rayon prokurorluğuna şikayət etmişdir.

16. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində həmçinin bildirmişdir ki, özünü 0,5 qram metamfetamini əldə edib üzərində saxlamaqla daşımaya görə təqsirli bilmiş, lakin 3,3 qram metamfetamini əldə etməsi ilə bağlı isə bağlı təqsirli bilməmişdir. Polis şöbəsində videoçəkilişlə üzərinə baxış keçirilmiş, həmin vaxt o, çəkisini demədən könüllü şəkildə cibindəki psixotrop maddəni təqdim etmiş, videoçəkilişdə ondan cibindən çıxan maddənin çəkisi soruşulmadığından, o da söyləməmiş, 25 manata 0,5 qram metamfetamini almış, videoçəkiliş bir dəfə aparılmış, təqdim etdiyi bükümün qablaşdırılıbqablaşdırılmadığını xatırlamamışdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

17. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

20. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

21. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

23. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

24. Maddə 15.4, 18.1, 83.3.3, 83.3.4 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

25. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

26. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

27. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

28. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

29. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

30. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

32. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

33. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

34. Maddə 1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

35. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

36. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

38. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

39. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

40. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

41. Qərarın 26-cı bəndi. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

42. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

43. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin miqdarı və digər sübutlar psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.

44. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (hökmün 26-cı bəndi) həmin hərəkətlərin nəticələri, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, onun məhkəmə baxışı zamanı ittihama uyğun məzmunda verdiyi ifadəsi, şahid ifadələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

45. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: hökmün 34-37-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

46. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan psixotrop maddəni əldə etmə, saxlama və daşımaya görə verilmiş ittiham əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs külli miqdarda, yəni 3,378 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.

47. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda psixotrop maddənin aşkar edilmədiyini, polis əməkdaşları tərəfindən əlavə çəkidə psixotrop maddənin qoyulduğunu, ona qarşı psixoloji təsir göstərildiyini, döyüldüyünü bildirərək özünü təqsirli bilməmişdir.

48. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər ona zorakılıq edilməsi ilə bağlı bildirməmişdir. İstintaq təcridxanasına yerləşdirilərkən onun üzərində “Sağ göz nahiyədə bönəvşəyi rəngli qançır, hər iki saidin və ön və arxa səthində, hər iki döş nahiyəsində, boyunun sağ və sol yan tərəfində, sol bazunun arxa səthində köhnə çapıq toxumalar” aşkarlanmışdır. - xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-nin MSY-yə daxil olarkən tərtib edilmiş aktdan görünür ki, üzərinə baxış zamanı “hər iki qollarında, boynunda, sinəsində köhnə kəsik izləri aşkar olundu. Öz deməsinə görə əvvəllər öz-özünə xəsarət yetirib” qeydi aparılmışdır. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs zorakılıq edilməsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması hissəvi rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində olan “Məhkəmə-tibbi Ekspertiza və X4” X7 Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 2921 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ gözaltı nahiyənin qançırı müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti şəxsin BİT-də göstərilən xx.xx.2024cü il tarixdə törənməsi inkar edilmiş, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2025-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs zorakılıq edilməsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat aparılarkən polis əməkdaşları tərəfindən ona edilmiş hər hansı zorakılıqla bağlı müvafiq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zorakılıq tətbiq edilməsi prokurorluq orqanı tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına, habelə bədəni üzərində aşkarlanmış xəsarətlərin məhz polis əməkdaşları tərəfindən törədilməsinə dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

49. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (hökmün 28, 38,39, 40, 41-ci bəndlərindəki normativ aktlara əsasən).

50. Məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində psixotrop maddə metamfetaminin ittihamda göstəriləndən az miqdarda olması, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığın göstərilməsi, polis əməkdaşının müvafiq istintaq hərəkəti zamanı psixotrop maddə metamfetamini nümayiş etdirməsi üçün təqdim etməsi baradə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişin 1 dəfə aparıldığını söyləmişdir. Həmin istintaq hərəkətinin videoçəkilişdən görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə cibindən psixotrop maddəni çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra müvafiq zərf ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur.

51. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin külli miqdar təşkil etməsini, təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin olmasını səmimi şəkildə etiraf etməsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli psixotrop maddə metamfetamini məhz satış məqsədi olmadan əldə etmişdir.

52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (hökmün 25-ci bəndi).

53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 18, 19, 20, 21-ci bəndləri).

55. Məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini qismən etiraf etməsini, məhkəməyədək icraat zamanı və məhkəmə baxışı dövründə davranışını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əzasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

56. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2011-ci il tarixli hökmü ilə CM-in 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 03 il sınaq müddəti müəyyən edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2011-ci il tarixli qərarı ilə CM-in 70-ci maddəsi hökmdən xaric edilib CM-in 62-ci maddəsi tətbiq edilərək cəzası 06 (altı) ilə endirilmiş, üzərində qəti olaraq 05 (beş) il 07 (yeddi) ay 06 (altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 66.5 və 317.2.1-ci maddələri ilə 05 il 08 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vərəqi 99- 100).

57. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (hökmün 24-cü bəndi).

58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 22-ci bəndi).

60. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 17 sentyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 79-81). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (hökmün 23, 29 və 30-cu bəndləri).

61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 15 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,288 qram qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut – təqsirləndirilən şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 31-ci bəndi).

64. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (hökmün 32-ci bəndi).

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə təmiz çəkisi 3,288 qram psixotrop maddə metamfetamin məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 60 (altmış) məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar