Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-909/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Ağcəbədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcəbədi rayonu, Salmanbəyli kəndində qeydiyyatda olub, Bakı şəhəri, Yasamal rayonu, A. Abbasov küçəsi, ev 9B, mənzil 32-də yaşamaqla, barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8 iyun 2023cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə «Rəsul» adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə mənbədən və vaxtda əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşdirdiyi 01 ədəd bükümdə təmiz çəkisi 5,317 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 30 may 2023-cü il tarixdə həmin yerdən götürüb əldə edərək sonradan qrupun üzvü «Rəsul» adlı şəxsin təlimatı ilə onun deyəcəyi şəxslərə çatdırılması üçün ayrı-ayrı yerlərə qoymaq üçün üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 06 iyun 2023-cü il tarixdə saat 19:40 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 5,317 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd «CAX CUX 420H» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, tutulana qədər usta qismində fəaliyyət göstərmiş, aylıq qazancı 500-600 manat təşkil etmişdir. Narkotik vasitəni yeni istifadə etməyə başladığı üçün qazancı ona kifayət etmişdir. 6 iyun 2023-cü il tarixdə yaşadığı evin işiqları söndüyünə görə çölə çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən elə evində ailə üzvlərinin iştirakı üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən aşkar olunan 5 qram narkotik vasitəni polis əməkdaşlarına özü təqdim etmişdir. Daha sonra polis bölməsinə aparılmışdır. Həmin narkotik vasitəni 10 günlük istifadəsi üçün 150 manata sosial şəbəkədən tanımadığı İran vətəndaşından əldə etmişdir. İki uşaq atasıdır, heç kimə narkotik vasitə satmamışdır. Tərəzi özünə məxsusdur, lakin həmin tərəzini şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitəni ölçmək üçün istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında 6 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanında təqsirləndirilən şəxs saxlanılaraq 34-cü Polis Bölməsinə gətirilmişdir.Təqsirləndirilən şəxsin üzərindən heroinə bənzər narkotik vasitə, tərəzi, şəxsiyyət vəsiqəsi və 30-31 manat məbləğində pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs 6 qram narkotik vasitəni Bakı şəhəri Nəsimi rayonu ərazisindən 150 manata İran vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonralar təqsirləndirilən şəxsin narkotik vasitəni kimə satması ilə bağlı ona əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq 29cu Polis Bölməsinə dəvət edilmiş, Polis Bölməsində onun üzərinə baxış keçirilmiş və miqdarı 6 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirirlən şəxs həmin narkoitik vasitəni saxlanılmadan bir həftə əvvəl Bakı şəhəri Nəsimi rayonu ərazisində İranlı şəxsdən öz istifadəsi üçün 150 manata əldə etdiyini bildirmişdir.Daxil olan əməliyyat məlumatı narkotik vasitələrinin satışı ilə bağlı olmuş, sonralar təqsirləndirilən şəxsin narkotik vasitələri kimə satması ilə bağlı əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 6 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar qəbul edilmiş 06 iyun 2023-cü il tarixli qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində elə həmin tarixdə, saat 19:40 dəqiqədə Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi 9B yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edildikdən sonra paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsinə dair verilmiş təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofanda açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni, bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** GSM nömrə olan “Hisense” markalı mobil telefon, 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan “Nokia” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi və 31 manat pul aşkar edilərək götürülmüşdür. Bundan sonra sonuncunun təqdim etdiyi bağlamaya baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükümdəki küllənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin qablaşdırılma ilə birlikdə 6 qram olması müəyyən edilmişdir. Həmin büküm 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotrik vasitə heroini bir həftə qabaq Bakı şəhəri, Nəsimi rayonu ərazisində gizlədilmiş yerdən şəxsi istifadəsi üçün sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsin bank hesabına 150 manat pul ödəməklə əldə etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini və başqa hardasa narkotik maddə saxlamadığını bildirmişdir (Cild 1, iş vərəqə 28-30). 07 iyun 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün № 7” möhür əksi. “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş küllə və elektron tərəzi..." qeydli kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,317 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr" siyahısına (Siyahı İ) daxildir. Ekpertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 5,217 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 38-39). 8 iyun 2023-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərarla istintaq zamanı iş üzrə 5,317 qram təşkil edən narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,217 qram təşkil edən narkotik vasitə heroinin və bir ədəd ədəd «CAX CUX 420H» markalı elektron tərəzinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi nəzərdə tutulmuşdur (Cild 1, iş vərəqə 95-96). 09 iyun 2023-cü il tarixdə tərtib edilmiş «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 06 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş mobil telefon aparatına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir telefon danışığı və ya mesaj mətni müəyyən edilməmişdir. Odur ki, mobil telefon aparatları əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmayaraq təqsirləndirilən şəxs azad olunanadək maddi sübutların saxlanc kamerasına təhvil verilməsi nəzərdə tutulmuşdur. (Cild 1, iş vərəqə 105, 132-142). 08 iyul 2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqə 117). 25 sentyabr 2023-cü il tarixli, məhkəmə-psixiatrik ekspertizasının görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqə 129-131). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (Cild 1, iş vərəqə 107). Məhkəmənin 12 fevral 2024-cü il tarixli qərarına əsasən əldə edilmiş, "xxxx" MMC-nin müşaiyət məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** və 050 *** ** ** mobil telefon nömrələri ilə aparılan danışıqları özündə əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilərkən onun istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə 04 fevral 2023-cü il tarixdə **********98 saylı mobil telefon nömrədən “Dayı təkəm pulum var yarı bala əmələ gələr tez bazar gəlim götürüm”, **********38 mobil telefon nömrəsindən “eldeniz sen menen ne pislik gordun qaqa biraz elim asaqi oldu 10.manat bojdu qaldim onuda sene rasasdiqim gunu verecem qaqa mene zeg ele sen ananin atanin cani”, 25 fevral 2023-cü il tarixdə **********00 saylı mobil telefon nömrəsindən “X5 X6 X7 Agrdan” 23 aprel 2023-cü il tarixdə **********03 saylı mobil telefon nömrəsindən “Qaqa.1.qram.lazimdi.”, 21 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxsin istifadəsində olan **********11 mobil telefon nömrəsindən **********35 mobil telefon nömrəsinə “qardaşım balamın canına gedirəm başqa yerdən götürəm uzağı 11: 30 çəkər gələrəm sizin binànın yanına düşərsən götürərsən”məzmunda təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən çox sayda sms mətnlərə rast gəlinmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiyada) Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında yaşadığı evdə tutulmasını və tutularkən evdə barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilməsini , 5,317 qram narkotik vasitənin və elektron tərəzinin evdən aşkar edilməsini qeyd etsə də cinayət işi materiallarına əlavə edilmiş şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, o, Polis Bölməsinə gətirilənədək hər hansı qanunsuz hərəkətlərə məruz qalmadığını bildirmişdir. Bundan başqa həm Təqsirləndirilən şəxs qismən etirafedici ifadələrini, həm də şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, onun üzərindən elektron tərəzi və 5,317 qram heroin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özüözlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitənin 30 may 2023-cü il tarixdə əldə etməsinə baxmayaraq 06 iyun 2023-cü il tarixədək üzərində gəzdirməsini, 6 gün ərzində həmin narkotik vasitəni ümumiyyətlə istifadə etməməsini, üzərindən həmçinin elektron tərəzinin aşkar edilməsini, istifadəsində olan telefon nömrələri vasitəsilə çoxlu sayda narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar danışıqların aparılması kimi işin hallarını məcmu şəkildə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 aprel 2015-ci il və 23 fevral 2022-ci il təvəllüdlü iki azyaşlı övladı vardır (Cild 1, iş vərəqə 110-113). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olması, himayəsində iki azyaşlı uşağının olması kimi barəsində olan cəzasını yüngülləşdirici halları, cəzasını ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 6 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 20), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 6 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (Cild 1, iş vərəqə 80-81). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 6 iyun 2023-cü il tarixdən hesablanmalıdır. 23 sentyabr 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, iş vərəqə 127-128). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,217 qram narkotik vasitə heroin və 01 ədəd «CAX CUX 420H» markalı elektron tərəzi istehlak dəyərini itirmiş əmlak kimi məhv edilməli, 6 iyun 2023-cü il tarixli şəxsi axtarış keçirilməsinin və götürmə aparılmasının görüntülərini özündə əks etdirən bir CD ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut əhəmiyyəti kəsb etməyib Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş 1 ədəd “Hisense” və 1 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (Cild 1, iş vərəqə 37). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 6 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,217 qram narkotik vasitə heroin və 01 ədəd «CAX CUX 420H» markalı elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş 1 ədəd “Hisense” və 1 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-909/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-909/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver