Məhkəmə qərarları › İş №1(101)-912/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-912/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-912/2022 05.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - "ARBİTRİUM" Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 20 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 23,086 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsinə daşımış və 20 noyabr 2021-ci il tarixdə saat 17:10-da özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu RPİ-nin cinayət-axtarış şöbəsinin və həmin idarənin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində saxlanılaraq 12-ci Polis şöbəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 23,086 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum atası narkotiklərin satışı ilə məşğul olan şəxs olmuş və həmin əməllərə görə dəfələrlə məhkum olunmuşdur. Saxlanıldığı gün polis əməkdaşları onların evinə gələrək narkotik vasitəni tapmışdır. Həmin vaxt atası xəstə olduğundan və atasının yenidən həbs edilə biləcəyindən, orada isə ölə biləcəyindən ehtiyat edərək, atasının işlərini öz boynuna götürmüşdür. Ona görə də, indi məhkəmədə etiraf edərək aşkar olunmuş narkotik vasitələrin ona yox, atasına məxsus olduğunu bildirir. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, polis əməkdaşları tərəfindən evdə tutulduğunu, narkotik vasitələrin atasına məxsus olduğunu, lakin atasının yenidən türməyə getməməsi üçün hər şeyi öz üzərinə götürdüyünü, tutulandan beş-altı gün sonra atasının rəhmətə getdiyini, narkotik vasitələrin və tərəzinin evdə atasının balışının altında olduğunu, özünün də narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər atasının narkotik satmasının həmişə əleyhinə olduğunu, lakin sonradan özü də narkotik vasitə istifadə etməyə başladığından səsini çıxarmadığını, iş yekunlaşan zaman bütün bunları müstəntiqə bildirsə də, müstəntiqin ona qulaq asmadığını və bunları məhkəmədə deməsini bildirdiyini, mobil nömrələr onun adına olsa da, həmin nömrələrdən sağlığında atasının istifadə etdiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 3 ildir nakotik vasitə heroin qəbul edir. Maddi vəziyyəti pis olduğu üçün 2 ilə yaxın müddətdir ki, narkotik vasitənin satışı ilə də məşğul otur. Narkotik vasitə heroinin 1 qramını 20 manata alıb, 30 manata satmaqla gəlir əldə edir. Narkotik vasitəni üzdən tanıdığı, lakin adlarını və ünvanlarını bilmədiyi şəxslərdən alıb, özü qəbul edir və satır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 həftə əvvəl yəni, 13.11.2021-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 400 manat ödəyərək 1 (bir) büküm narkotik vasitə heroin almışdır. Həmin heroini öz istifadəsi üçün, eyni zamanda satmaq məqsədi ilə üzərində saxlamışdır. 20.11.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. Özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Bu zaman o, üzərində sənədinin olmadığını bildirmişdir. Onu 12-ci Polis şöbəsinə dəvət etmişlər. Bu zaman 13.11.2021-ci il tarixdə öz istifadəsi, eləcə də satmaq məqsədi ilə aldığı narkotik vasitə heoin və həmin narkotik vasitəni çəkmək üçün elektron tərəzi də cibində olmuş, həmin narkotik vasitəni və elektron tərəzini atmaq imkanı olmamışdır. Polis əməkdaşları onu 12-ci Polis şöbəsinə gətirmişlər və onu şöbənin təhqiqatçısına təqdim etmişlər. Təhqiqatçı ona nə üçün gətirildiyini və üstündə şəxsi axtarış aparılacağını elan etmişdir. Həmçinin təhqiqatçı axtarışa etiraz edə və vəkilin yardımından istifadə edə biləcəyini ona bildirmişdir. O, etiraz etməmiş və cibindəki narkotik vasitə heroin olan bükümün və elektron tərəzinin aşkar olunacağını başa düşmüşdür. Həmçinin ona axtarışın gedişatının kamera İlə çəkiləcəyi elan edilmişdir. Təhqiqatçı ondan üzərində dövriyyəsi və saxlanılması qadağan edilmiş əşya və predmetlərin olub-olmaması və olduğu halda, təqdim olunmasını təklif etmişdir. O, əynində olan gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə olan 1 ədəd bükümü, sol cibindən isə 1 ədəd elekton tərəzini çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm açılmışdır. O, Polis əməkdaşına aşkar edilən maddənin narkotik vasitə heroin olduğunu, onu Balaxanı qəsəbəsində adını bilmədiyi şəxsdən həm öz istifadəsi üçün, həm də satmaq üçün 400 manata aldığını, digərinin isə elektron tərəzi olduğunu, həmin tərəzidən də narkotik vasitəni satarkən qramını ölçmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və elektron tərəzi qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar (cild 1, iş vərəqi 52-55). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 20 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Sabunçu RPİ Cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində xidmət apardıqları zaman bir nəfərin dayandığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar saxlanılan şəxsdən nə üçün həmin ərazidə dayandığını soruşduqda, o, həyəcanlı şəkildə tələsdiyini, evinə gedəcəyini deyərək onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxsin üzərində qanunsuz əşya və predmet olmasından şübhələnmişlər və bu səbəbdən Sabunçu RPİ 12-ci Polis şöbəsinə getməyi tələb etmişlər. Əvvəl həmin şəxs onlarla getmək istəməyərək tələsdiyini, ailə üzvlərinin onu gözlədiyini deyərək onlardan yayınmağa çalışmışdır. Onun müxtəlif bəhanələr gətirərək həyəcanlı şəkildə onlardan yayınmağa çalışması, onlarda yaranmış şübhələri daha da artırmış və bu səbəbdən onun bölməyə getməsinin zurəri olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla razılaşmış və Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmişlər. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirmişlər və onun gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş və ona müdafiəçi təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, sol yan cibindən isə bir ədəd elektron tərəzini təqdim etmişdir. Bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan maddənin heroin olduğunu, onu təqribən bir həftə əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 400 manata satmaq və istifadə etmək məqsədi ilə aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra protokol tərtib edilmiş, o da, həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində saxlanılıb Sabunçu RPİ 12-ci Polis şöbəsinə gətirilərək şəxsi axtarışın aparılmasında və narkotik vasitələrin götürülməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 20 noyabr 2021-ci il tarixli protokola əsasən, Sabunçu rayon Polis idarəsi 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 17:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq 12-ci Polis şöbəsinə gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf selofan bükümdə içərisində tünd qəhvəyi rəngli maddə, həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 24-26). Cinayət işinə əlavə edilmiş 22 noyabr 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, polis baş leytenantı Fərid Sofuyev tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələrin qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşular. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla əldə edilməsi qadağan edilən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində tünd rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli maddə, həmin gödəkçənin sol yan cibindən isə bir ədəd elektron tərəzi təqdim etdi. Aşkar edilmiş maddə və eletron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür (cild 1, iş vərəqi 64). Məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2021-ci il tarixli 6/5147 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 23,086 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 32-38). Məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli 488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 86-87). İbtidai istintaq orqanının 23 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 23,086 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 23,036 qram çəkidə narkotik vasitə heroin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd disk iş üzrə maddi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 65-66). İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 69). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, narkotik vasitələrin atasına məxsus olduğunu, lakin atasının yenidən türməyə getməməsi üçün hər şeyi öz üzərinə götürdüyünü, tutulandan beş-altı gün sonra atasının rəhmətə getdiyini, narkotik vasitələrin və tərəzinin evdə atasının balışının altında olduğunu, özünün də narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər atasının narkotik satmasının həmişə əleyhinə olduğunu, lakin sonradan özü də narkotik vasitə istifadə etməyə başladığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitə olan heroini və elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində həmin narkotik vasitənin və elektron tərəzinin ona məxsus olduğunu, üzərindən aşkar olunan elektron tərəzinin də bu məqsədlə, yəni narkotik vasitələri satan zaman istifadə etdiyini, narkotik vasitələri aldığı şəxsləri üzdən tanısa da, həmin şəxslərin adlarını və ünvanlarını bilmədiyini, sonuncu dəfə 400 manata bir büküm narkotik vasitə olan heroin aldığını bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası qeyd olunan müddəalara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablanmalı, həmçinin həmin tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir.dır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 23,036 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videogörüntüləri əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat 82 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli 488 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətləri olduğundan, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 23,036 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri olan 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Telman Hüseynov Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar