Məhkəmə qərarları › İş №1(101)-912/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-912/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-912/2025 06.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X13 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı əlil və 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:49 radələrində orta sərxoşluq halında etibarnamə əsasında idarə etdiyi “Fiat Albea” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Nardaran yolu ilə üzü Nardaran qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya təhlükəsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək, avtomobili 70-80 km/saat sürətlə idarə edərkən qarşıda hərəkət etdiyi zolaqda dayanmış vəziyyətdə olan X5 idarə etdiyi “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sol arxa hissəsindən vurub onun ehtiyyatsızlığından idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəli olan baş beyinin əzilməsi, baş beyində və yumşaq qişalarına qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ almacıq, sağ əng və çənə sümüklərinin, sağ mil sümüyünün yerini dəyişən qapalı sınıqları, ağciyərlərin hematoması, qaraciyərin, mədə və köndələn çənbər bağırsaq bağının, nazik bağırsaq müsariqəsinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların dərialtı hematomaları, qançır və sıyrıqları ilə nəticələnən bədən xəsarətlərin almasına və həmin xəsarətlər nəticəsində xx.xx.2024-cü il tarixdə yerləşdirildiyi Sabunçu kliniki Mərkəzdə ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Fiat Albea" markalı **-ZE-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir ildir ki, mərhum Zərərçəkmiş şəxs tanımış və bu müddət ərzində də dost olmuşlar. xx.xx.2023-cü ildə təxminən saat dördə işləmiş Binə qəsəbəsində olarkən Zərərçəkmiş şəxs onu Nardaran qəsəbəsi, “See Breez” istirahət mərkəzinə aparmağını istəmiş və hər dəfəsində o, sonuncunu qeyd edilən ünvana apardıqda 15 manat yol haqqı vermişdir. Onlar Binə qəsəbəsindən çıxararaq Buzovna Bilgəh - Bilgəh Nardaran yolu ilə üzü Nardaran kəndi istiqamətində hərəkət edərkən Nardaran qəsəbəsində Bravo marketə bir neçə yüz metr qalmış sağdan birinci zolaqla saatda 70-80 km sürətlə hərəkətdə olan zaman qabaq oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs ondan alışqan istəmişdir. O, cibindən alışqanı çıxarıb sonuncuya verərkən alışqan əlindən düşmüş, daha sonra onu götürərkən ani bir vaxtda hərəkətdə olduğu zolaqda yolun sağ kənarında dayanmış avtobusu görmüşdür. Həmin avtobusla toqquşmamaq üçün hərəkətini sola istiqamətləndirməyinə baxmayaraq idarə etdiyi avtomobilin qabaq sağ hissəsilə yolun sağ kənarında hərəkətsiz vəziyyətdə dayanmış avtobusun sol arxa hissəsindən vuraraq toqquşmuş və zərbənin təsirindən idarə etdiyi avtomobil yolun ortasında fırlanaraq yolun əks istiqamətində dayanmışdır. Onun ayaqları pedala sıxışıb qalmış, Zərərçəkmiş şəxs təhlükəsizlik kəməri taxmadığı üçün başı şüşəyə dəymişdir. Həmin vaxt ətrafda olan insanların köməkliyi ilə onu maşından çıxararaq özünə gəlməsi üçün su vermiş, təcili tibbi yardım briqadasına zəng vurmuşlar, onu təcili tibbi yardım maşınına mindirərək onunla birlikdə 3 saylı kliniki xəstəxanaya gəlmiş və xəstəxanada qeydiyyat şöbəsində özünün istifadəsində olan mobil nömrəsini qeyd etmişdir. Bundan sonra xəstəxanadan çıxaraq yaşadığı Binə qəsəbəsinə getmişdir. Hadisə nəticəsində çox qorxduğu və şok vəziyyətində olduğu üçün evdən çıxararaq mağazadan “Go” spirtli içkisi alaraq içmişdir. Hətta hadisədən sonra o, şəkər xəstəliyinə də tutulmuşdur. Axşam saatlarında 42-ci polis bölməsindən ona zəng gəlmiş, onun avtobus dayanacağına çıxmağını istəmiş və ordan onu bölməyə aparmışlar. Bundan sonra sərxoşluq vəziyyətinin müayinə olunması üçün onu həkimə apararaq sərxoşluğunu yoxlamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Daha sonra əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, ailəli olmaqla himayəsində daun sindromlu, əlil bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, hadisənin baş verməsini özündə əks etdirən CD diskə olan videogörüntülər, məhkəmətibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2023-cü ildə günorta saatlarında qardaşı ilə əlaqə saxlamaq üçün istifadəsində olan mobil nömrəyə zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmiş və o, bundan narahat olmuşdur. Bir müddət sonra qardaşı Zərərçəkmiş şəxs ilə əlaqə saxlaya bilmədiyi üçün narahat olaraq qohumları ilə əlaqə saxlamış lakin, qardaşını heç kim görməmişdir. Bundan sonra qardaşının mütəmadi olaraq işə getdiyi qonşuları olan taksi sürücüsünün yaşadığı evi maraqlanaraq tapmış, həmin sürücü Təqsirləndirilən şəxs ona günorta saatlarında Zərərçəkmiş şəxs işə apararakən Nardaran qəsəbəsində təzə yol adlanan istiqamətdə yolda dayanmış avtobus ilə toqquşduğunu və yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs xəsarətlər alaraq 3 saylı Klinik Xəstəxanasına yerləşdirildiyini bildirmişdir. Həmin xəstəxanaya getdikdə həqiqətəndə qardaşının yaralı vəziyyətdə orda olması barədə məlumatlı olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə aldığı xəsarətlərin nəticəsində xəstəxanada vəfat etmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi İ.M.Əliyev məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, rəhmətlik qardaşının təqsirləndirilən şəxslə dost münüsibətləri olmuşdur və bu səbəbdən sonuncunun azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin DYPŞ-nin polisi Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə 297 saylı xidməti avtopatrulla inzibati ərazidə xidmətdə olarkən efir vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breez” istirahət yerinin yaxınlığında yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. O, hadisə baş verən ərazinin yaxınlığında xidmətdə olduğu üçün hadisə yerinə gəlmişdir. Hadisə yerinə gəldikdə xətt avtobusunun arxa sol hissəsinin əzilmiş vəziyyətdə yolun sağ kənarında, Fiat markalı avtomobilin isə qabaq sağ hissəsinin əzilmiş vəziyyətdə yolun ortasında dayandığını görmüş və hadisə ilə maraqlanarkən Fiat markalı avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişinin xəsarət aldığı məlum olmuşdur. Hadisə ilə bağlı hər iki sürücünü şifahi olaraq dinləmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlmiş və xəsarət almış şəxsi Fiat markalı avtomobilin sürücüsü ilə birlikdə xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerinin təhlükəsizliyi onun tərəfindən qorunduqdan sonra hadisə yerinə müstəntiq gələrək müvafiq sənədləşmə işləri aparmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən mərhum Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, "xxxx" MMC-yə məxsus 171 saylı xətt avtobusunda yol vərəqəsi üzrə “Daewoo BS90” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək sürücü kimi işləmişdir. Onun hərəkət marşrutu Bilgəh qəsəbəsi, Kardioloji sanatoriyasının qarşısından Bilgəh Nardaran yolu-Kürdəxanı qəsəbəsi istiqamətində, təzə yol adlanan yolla SeeBreez istirahət mərkəzinin qarşısında yerləşən Bravo marketin qarşısınadək və eynilə həmin yolu geri qayıtmaq olmuşdur. xx.xx.2023-cü ildə saat təxminən 15 radələrində Bilgəh Kardioloji sanatoriyasının qarşısında yerləşən Bravo marketin qarşısı istiqamətində sağdan birinci zolaqla hərəkətdə olarkən avtobusda nasazlıq yaranmış, bu səbəbdən avtobusda heç bir sərnişin olmadan saatda 30-40 km sürətlə hərəkət edərək Nardaran qəsəbəsində yerləşən Bravo marketə çatmamış yolun sağ kənarında avtobusu saxlayaraq mağazadan su almaq üçün düşmək istəyərkən ani bir vaxtda arxadan hərəkət edən sarı rəngli taksi gələrək idarə etdiyi avtobusun sol arxa küncündən vurmuş, toqquşmanın zərbəsindən özü avtobusun içərisində yerə yıxılmışdır. Bundan sonra ətrafda olan insanlar ona yaxınlaşaraq su vermiş və o, suyu içdikdən sonra özünə gəlmişdir. Özünü daha yaxşı hiss etdikdə avtobusdan düşüb idarə etdiyi avtobusu vuran maşının içərisində qabaq oturacaqda əyləşmiş şəxsin xəsarət aldığını görmüş və bundan sonra hadisə yerinə təcili tibbi yardım briqadası gələrək xəsarət almış şəxsi xəstəxanaya aparmışlar. Cinayət işinin 115-118-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan və iltizamdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 202-203-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 28-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2014-cü ildə verilmiş AC seriyalı, 701574 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ilədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 29-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2015-ci ildə verilmiş AC seriyalı 504193 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2008-ci il, «Fiat Albea minik» markalı, **-ZE-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X9r. Cinayət işinin 30-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli, 278368 nömrəli nəqliyyat vasitəsinlərinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, avtomobilin idarə edilməsi xx.xx.2023-cü ilədək Təqsirləndirilən şəxs həvalə edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli, 1/552 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcə sərxoş olmuşdur. Cinayət işinin 165-ci vərəqəsində olan Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2024-cü ildə xx.xx.2034-cü ilədək etibarlı olan BB 448378 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququndan məhrum olunması barədə heç bir məlumat qeydə alınmamışdır. Cinayət işinin 6-14-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, yolnəqliyyat hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda baş vermişdir. Yol örtüyünün eni 20 metr, hərəkət zolaqlarının sayı 3, hərəkət hissəsinin eni 10 metrdir. Hərəkət hissədə qarşı-qarşıya hərəkət edən nəqliyyat axınını ayıran daaş səki mövcuddur. “Daewoo BS-090” markalı avtobus yolun sağ kənarında üzü Kürdəxanı istiqamətində, “Fiat Albea” markalı avtomobil isə yolun ortasında üzü yolun əksi istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində “Daewoo BS-090” markalı avtobusun sol arxa hissəsi əzilmiş vəziyyətdə, “Fiat Albea” markalı avtomobilin qabaq sağ hissəsi əzilmiş vəziyyətdə olmuşdur. Yolda şin izləri yoxdur, tormozlama izləri yoxdur. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri yoxdur. Cinayət işinin 47-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə öldüyündən onun qardaşı İ.M.Əliyev zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 63-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2023cü il tarixli, 52 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Alın sümüyünün kəllə əsasına keçən xətti sınığı. Sağ almacıq, sağ əng və çənə sümüklərinin, sağ mil sümüyünün yerini dəyişən qapalı sınıqları. Ağciyərlərin hematoması. Qaraciyərin, mədə və köndələn çənbər bağırsaq bağının, nazik bağırsaq müsariqəsinin əzilmiş-cırılmış yaraları. Döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsqlara və hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların dərialtı hematomaları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs xəstəxanaya daxil olmasından (xx.xx.2023-cü il, saat 16:15) az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü ildə sərnişin olduğu minik avtomaşının avtobusla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb alın sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölüm xx.xx.2023-cü ildə, saat 18:00-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə (xəstəlik tarixində) xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə qeydiyyat yoxdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benziodiapezin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 77-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1457 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Fiat Albea” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 78-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (bir yüz səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 123-128-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk, “Fiat Albea” markalı **-ZE-*** və “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri maddi sübut kimi tanınmış, “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibinə qaytarılmış, “Fiat Albea” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılması üçün Sabunçu RPİ-nin cərimə meydançasına təhvil verilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 40-cı vərəqəsində olan baş vermiş hadisənin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16:49 dəqiqədə 16-cı saniyədə Təqsirləndirilən şəxs idarə etdiyi sarı rəngli “Fiat Albea” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağdan birinci zolaqla hərəkət etdiyi, həmin saatın və dəqiqənin 23-cü saniyəsində qabaq tərəfdən həmin zolaqda dayanmış avtobusun arxa sol tərəfindən toqquşduğu, avtomobilin əzilib yolda qaldığı görünür. Sonra hadisə yerinə ətrafda olan şəxslər toplaşır və polis əməkdaşları hadisə yerinə gəlir. Təcili tibbi yardım avtomobili gələrək “Fiat Albea” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobildə xəsarət almış şəxsi hadisə yerindən aparır. Cinayət işinin 55-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İ.M.Əliyevin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 158-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli, 077527 nömrəli vəsiqənin surətindən görünür ki, G.Təqsirləndirilən şəxs 18 yaşadək sağlamlıq imkanları məhdud əlildir. Cinayət işinin 160-cı vərəqəsində olan xx.xx.2016-cı il tarixli müayinə sənədindən görünür ki, G.Təqsirləndirilən şəxsya imbessillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu diaqonuzu ilə sağlamlıq imkanları məhdudluğu təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında və mərhum şahidin məhkəməyədək istintaq dövründə verdiyi ifadələri, hadisə yerinə baxış protokolu, yol nəqliyat hadisəni özündə əks etdirən CD diskdə olan videogörüntülərlə, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlər ilə sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, ailəli olmaqla himayəsində daun sindromlu bir az yaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, sonuncu ilə barışmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, yəni əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, ailəli olmaqla himayəsində daun sindromlu bir az yaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, sonuncu ilə barışmasını, onun azadlığa buraxılmasını məhkəmədən xahiş etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı, digər maddi sübut Sabunçu RPİ-nin cərimə meydançasında saxlanılan “Fiat Albea” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X10 qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Bundan əlavə Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, barəsində 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Sabunçu RPİ-nin cərimə meydançasında saxlanılan iş üzrə maddi sübut “Fiat Albea” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X10 qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 19 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar