Məhkəmə qərarları › İş №1(101)-913/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-913/2024

07.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-913/2024 07.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı İran İslam Respublikasının vətəndaşı “İsi" adlı şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun 26 iyun 2023-cü il tarixdə ünvan 2 ünvanın yaxınlığında naməlum şəxslər vasitəsilə onun üçün gizlətdiyi külli miqdarda 1 ədəd sellofan paketdə olan, 2 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 3010 (üç min on) qram və 2290 (iki min iki yüz doxsan) qram, ümumilikdə təmiz çəkisi 5300 (beş min üç yüz) qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qeyd edilən ünvandan götürməklə əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının 26 iyun 2023-cü il tarixdə keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində saat 22:50 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3nda yerləşən Nərimanov Rayon Polis İdarəsinə dəvət edilib orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman sağ əlində saxladığı üzərində “D~G Dolce -Gabbana Junior; New Collection” yazısı olan ağ rəngli sellofan paketin içərisindən külli miqdarda 2 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 3010 (üç min on) qram və 2290 (iki min iki yüz doxsan) qram olan, ümumilikdə təmiz çəkisi 5300 (beş min üç yüz) qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotk vasitənin “marixuana” növündən aradabir istifadə edir. Lakin o heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, ümumiyyətlə “İsi” adlı şəxs tanımır. O, “İnstagram” Sosial şəbəkəsində “narktoik vasitə satıram” adlı profilə dostluq təklifi göndərərək onlayn şəkildə bir nəfərlə tanış olmuş və onun “Whatsapp” sosial şəbəkəsində işlətdiyi nömrəni alıb həmin nömrədən danışmışdır. Həmin şəxsin nömrəsi türk nömrəsidir və həmin nömrə hər kəsə yayılmışdır. O, həmin şəxslə 1 kibrit qutusu boyda narkotik vasitəni 75 manata razılaşmışdır. O, 75 manat pulu həmin şəxsin kart hesabına köçürmüşdür. Həmin şəxs ona narkotik vasitəni götürməli olduğu yerin məkan paylaşımını və həmin yerin şəklini göndərmişdir. O, həmin konuma əsasən 26 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsindəki kolluğa taksi sürücüsü Şahid4 ilə getmişdir. O, həmin yerə yaxınlaşıb oradakı bina ətrafı yerinə qədər axtarsa da narkotik vasitəni tapa bilməmişdir. Əslində o narkotik vasitəni axtararkən zibil qutularının yanında qoyulan əməliyyatçıların onda aşkar olunduğunu dedikləri 5 kilo narkotik vasitə olan torbanın qarşısından bir neçə dəfə keçib getmişdir. Əgər onun həqiqətən niyyəti olsa imiş, o 5 kilo narkotik vasitə olan torbanı götürərmiş. Amma o yalnız 1 kibrit qutusu boyda olan narkotik vasitəni axtarmış və tapa bilməyib maşına tərəf geri qayıtmışdır. Maşına qayıdıb oturanda polis əməkdaşları ona yaxınlaşıb onu tutmuşlar. O, şəxsi axtarış zamanı fiziki təzyiq altında 5 kilo narkotik vasitəni boynuna götürmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 1 kibrit qutusu boyda narkotik vasitəni 20-30 gün çəkəcəkmiş. Taksi sürücüsü sadəcə onu Nərimanov rayonuna aparmışdır. Hadisə zamanı o və Vüqar adlı sürücü saxlanılmışdır. Sürücü onun narkotik vasitə dalınca getdiyini bilmirmiş. O, axtardığı narkotik vasitəni tapmamış və getmək üçün maşına əyləşmişdir. O, təzyiq altında videoçəkiliş zamanı polis əməkdaşlarının dediklərini təkrarlamışdır. Yazışmalarda səsli mesajlar var. Həmin mesajlara baxsalar onun 1 kibrit qutusu boyda narkotik vasitəni almaq üçün 75 manat ödədiyini görərlər. Onun 4 gün ailəsiylə əlaqə saxlamağına şərait yaradılmamışdır. O, narkotik vasitəni tapa bilməyəndən sonra ona konum atan həmin şəxsə mesaj yazmışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 29-30-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 31-33-cü vərəqələrində olan izahatında, 1-ci cild 70- 73, 74-76, 93-96-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... təxminən 3-4 ilə yaxındır ki, müxtəlif növ narkotik vasitələrin istifadəsi ilə məşğul olmuşdur. Qonşusu Şahid4 taksi sürücüsü işləyir, bəzən onun idarə etdiyi taksi ilə şəxsi işləri ilə əlaqədar müxtəlif yerlərə gedib-gəlmiş və hər dəfə ona taksi pulunu vermişdir. İnstaqram sosial şəbəkəsində “İsi" adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə aralarında bir neçə dəfə yazışma olmuşdur. xx.xx.2023-cü il tarixdə istifadə etdiyi “Honor” markalı, içərisində ***-***-**-** nömrəsi olan telefonunun “whatsapp” proqramına “İsi” adlı şəxs Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsindəki kolluğa onun üçün ağ rəngli sellofan paketdə narkotik maddə marixuana atdırdığını yazmış və həmin ünvanın şəklini, xəritə formasında yerləşmə yerini ona göndərmişdir. Ona görə həmin ünvana getmək üçün Abşeron rayonu, Xırdalan şəhərində avtomaşın gözlədiyi vaxt təsadüfən taksi sürücüsü Şahid4 ilə rastlaşmış və onu həmin ünvana aparmasını ondan xahiş etmişdir. Vüqarın idarə etdiyi ağ rəngli, “Opel Astra” taksi ilə həmin ünvana getmiş və taksidən düşüb, qaranlıq olduğundan mobil telefonunun işığı ilə İsinin ona göndərdiyi narkotik maddə marixuananın olduğu bağlamanı axtarmağa başlamışdır. Vüqar isə taksidən düşməmiş, taksidə oturmuşdur.‘‘İsi"nin onun üçün həmin yerə atdırdığı bağlamanı axtarıb yerdə gördükdə, götürüb ağ rəngli, üzərində “Dolce Gabbana” yazısı olan sellofan paketin içinə baxmış, orada 2 ədəd bağlama olduğunu gördükdə, İsinin ona göndərdiyi narkotik maddə marixuana olduğunu bilmişdir. Narkotik maddə marixuananın olduğu həmin sellofan paketi əlində tutub Vüqarın oturduğu taksiyə yaxınlaşdıqda, qaranlıqda 3 nəfər mülki geyimdə olan şəxs onu saxlamış, özlərini təqdim edərək, Nərimanov Rayon Polis İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşların təklifi ilə Vüqarla birlikdə Polis İdarəsinə getmişlər. Polis İdarəsində aparılan sorğu sual zamanı etdiyi hərəkətlərini etiraf edərək, sellofan paketdə narkotik maddə marixuana olduğunu, İsi adlı şəxsin onun üçün ora atdırdığını demişdir. Polis İdarəsində olduqları vaxt, onunla aparılan sorğu-sual zamanı Vüqar həmin sellofan paketdə narkotik maddə marixuana olduğunu bilmişdir. Həmin vaxta qədər Vüqara narkotik maddə marixuana üçün getdiyini deməmiş və Vüqar bunu bilməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahat və protokolları təzyiq altında imzalamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 173-179-cu vərəqələrində olan ifadənin yerində yoxlanılması protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 17-ci PŞ-də əməliyyat müvəkkili işləyir. O, 26 iyun 2023-cü il tarixdə işdə olduğu vaxt, etimad doğuran, məlum, qərəzsiz mənbədən Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni saxlama və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və 26 iyun 2023-cü il tarixdə, saat 22:50 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs və yanında olan taksi sürücüsü Şahid4 yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və onun narkotik vasitənin saxlanmasında və istifadəsində şübhəli olduğunu bildirərək Nərimanov RPİ-nə dəvət etmişlər. Nərimanov RPİ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlindəki ağ rəngli sellofan paketin içərisindən 02 ədəd bağlamanı çıxarıb narkotik vasitə marixuana olduğunu, həmin marixuananın “İsi” adlı tanışının onun üçün göndərdiyini bildirmişdir. Şahid4 isə cinayət xarakterli əşya aşkar etməmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, şəxsə qarşı heç bir fiziki təsir olunmamışdır. Tutulan zaman Eldar maşının içində yox, çölündə imiş. Taksi sürücüsü isə maşının içində imiş. Eldarı tutan zaman qaçmağa cəhd etmişdir. Eldar əlində paketlə tutulmuşdur. Onlar axşam saatlarında Təqsirləndirilən şəxs saxlamışlar, Təqsirləndirilən şəxs marixuananı “İsi” adlı tanışının onun üçün göndərdiyini bildirmiş, onun mobil telefonunda yazışmaları da var imiş. Onunla birgə Məzahir və Pərviz də əməliyyat qrupuna daxil imiş. Pərviz onunla birlikdə Eldarın, Məzahir isə sürücünün tutulmasında iştirak edirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 26 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində rastlaşdıqda Təqsirləndirilən şəxs təklifi ilə onu idarə etdiyi “Opel Astra” minik markalı, ağ rəngli **-OV-*** dövlət qeydiyyat nişanlı taksi ilə Nərimanov rayonu, F.Yusifov küçəsi 39 saylı ünvanın qarşısına paltar almağa aparmışdır. Təqsirləndirilən şəxs maşından düşmüş və onun paltar mağazasından idman paltarı aldığını görmüşdür. Başqa nəsə almağını görməmiş və heç nədən də şübhələnməmişdir. Sonra Təqsirləndirilən şəxs taksidən düşərək bayıra çıxmışdır. Həmin vaxt idarə etdiyi taksidə oturmuş, Eldarın qayıtmasını gözləmişdir. Həmin ərəfədə 3 nəfər mülki geyimdə olan şəxs Eldarı saxlamış və özlərini təqdim edərərk, Nərimanov Rayon Polis İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra o qaranlıqda 3 nəfər mülki geyimdə olan şəxsin Eldarı saxladıqlarını görmüşdür. Polis əməkdaşlarının təklifi ilə Eldar ilə birlikdə Polis İdarəsinə getmişlər. Polis İdarəsində Eldar ilə aparılan sorğu sual zamanı sellofan paketdə narkotik vasitə olduğunu Eldardan eşitmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, polislər onu tutan zaman o maşında imiş. Eldar maşından düşəndə hara getdiyini bilmir. Eldar tutulan zaman əlində paltar sumkası var imiş. Eldar tutulan zaman maşında deyilmiş, maşından düşmüş, o, isə maşında imiş. Eldarı paltar almağa apardığı üçün onun idman paltarı aldığını gözüylə görmüşdür. Onlar saxlanılandan sonra idman paltarının hara yoxa çıxdığını bilmir. Onun xəstəxanada yatmağının səbəbi revmatizmasının olmasıdır, yoxsa heç kim ona təzyiq və xəsarət yetirməmişdir. O, Təqsirləndirilən şəxs əlində narkotik vasitə görməmişdir. Onun avtomobili yağ çox sərf etdiyinə görə o avtomobildən enib avtomobilin kapotunu açmışdır. Şahid Nicat Cəfərovun istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan X2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 24-28-ci vərəqələrində olan ifadəsində X4 aşağıdakıları göstərmişdir: «...26 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində rastlaşdıqda Təqsirləndirilən şəxs təklifi ilə onu idarə etdiyi “Opel Astra” minik markalı, ağ rəngli **-OV-*** dövlət qeydiyyat nişanlı taksi ilə Nərimanov rayonu, F.Yusifov küçəsi 39 saylı ünvanının qarşısına aparmış, orada Eldarın taksidən düşərək mobil telefonun işığında qaranlıqda nə isə axtardığını görmüşdür. Həmin vaxt idarə etdiyi taksidə oturub, Eldarın qayıtmasını gözləmişdir. Eldar yerdən götürdüyü, üzərində xatırlamadığı yazılar olan ağ rəngli sellofan paketi əlində tutub taksiyə yaxınlaşdıqda, qaranlıqda 3 nəfər mülki geyimdə olan şəxs Eldarı saxlamış və özlərini təqdim edərək, Nərimanov Rayon Polis İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşların təklifi ilə Eldar ilə birlikdə Polis İdarəsinə getmişlər. Polis İdarəsində aparılan sorğu sual zamanı həmin sellofan paketdə narkotik vasitə olduğunu Eldardan eşitmişdir. Həmin vaxta qədər Eldarda olan sellofan paketdə nə olduğunu bilməmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, imza onun imzasıdır, ola bilər müəyyən hadisələr yadından çıxmış, ifadəni təsdiq edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 26 iyun 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri saxlama və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 26 iyun 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələri əldə etməsində, istifadəsində və üzərində gəzdirməkdə şübhəli olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 206-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2023-cü il tarixli, 5(008)- 133/2023 nömrəli qərarından görünür ki, Nərimanov RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 26 iyun 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Arzu Heydərovun 26 iyun 2023-cü il tarixli, 3-13- 50/Ə205/23 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələri əldə etməsində, saxlamasında və satışında şübhəli olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 iyun 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs sağ əlində olan üzərində “D&G DOLCE&GABBANA X9” yazısı olan ağ rəngli sellofan paketin içərisindən 02 (iki) ədəd tünd qəhvəyi rəngli bükümün içərisində olan tünd yaşıl rəngli spesifik qoxuya malik olan ot kütləsini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri “İsi” adlı şəxsdən aldığını, içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “Honor” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş bükümlər və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung A41” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 201-202-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyun 2023-cü il tarixli CD-R disk üzrə videoçəkilişə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində “D&G DOLCE&GABBANA X9” yazısı olan ağ rəngli sellofan paketin içərisindən 02 ədəd tünd qəhvəyi rəngli bükümün içərisində olan tünd yaşıl rəngli olan ot kütləsini təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri “İsi” adlı şəxsdən aldığını, içərisində narkotik vasitə marixuana olduğunu bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “Honor” markalı mobil telefon aşkar edilir. Aşkar edilmiş bükümlər və mobil telefon qablaşdırılaraq götürülür. Cinayət işinin 1-ci cild 59-62-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2023-cü il tarixli 7/938 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs ... könüllü təqdim etdiyi... 2 ədəd büküm...” yazıları və imzalar olan polietilen bağlamadakı 02 (iki) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3010 qram; 2290 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabıs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5300 qramdır. Cinayət işinin 1-ci cild 173-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni götürdüyü yeri əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 180-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilində baxış və axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 183-186-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyun 2023-cü il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzildə baxış və axtarış aparılması nəzərdə tutulmuş, həmin mənzildə yaşayan Təqsirləndirilən şəxs anası Zaqatala rayonunda olduğundan və açar olmadığından, mənzildə axtarış aparılması mümkün olmamışdır. Baxış və axtarış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 29-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli, 5/923 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş "Honor 20 Lite” markalı “HRY-LX1T” modelli ”**********47138, **********84149” “imei” kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Honor 20 Lite” markalı “HRY-LX1T” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS”, mesajlar, audio, foto, video fayllar, “WhatsApp”, “WhatsApp Business”, “Teleqram” proqram təminatlatı, “İnstagram” sosial şəbəkə vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cild 66-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 sentyabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 67-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid4 istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, Təqsirləndirilən şəxsn getdikləri yerdə telefon işığı ilə nəsə axtarıb ordakı bağlamanı götürdüyünü bildirmiş, Təqsirləndirilən şəxs deyilənləri təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 49-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 iyun 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şahid4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 53-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 iyun 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərindən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 157-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2023-cü il tarixli, 4(005)- 993/2023 nömrəli qərarından görünür ki, Şahid4 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 177-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs taksi ilə apardığı yeri əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 187-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid4 28 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilində baxış və axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 191-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyun 2023-cü il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid4 yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzildə baxış və axtarış aparılmış, baxış və axtarış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış və axtarış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 63-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 sentyabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 41-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 sentyabr 2023-cü il tarixli, 5638 nömrəli ekspert rəyindən görünür ki, Şahid4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 80-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 04 oktyabr 2023cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmiş və Şahid4 saxlanıldığı Təcridxanadan azad edilmişdir. Cinayət işinin 2-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş 08 avqust 2023-cü il tarixli, 2/2- 9496 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 94-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 04 oktyabr 2023cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işi materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir, o, həqiqətən narkotik vasitə olan spiçka korobkasında marixuana sifariş etmiş, lakin, narkotik vasitənin qoyulduğu yerdə tapmamışdır, polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün fərqli ifadə vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna sorğu ilə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 17 noyabr 2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş tibb kitabçasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman, müayinə zamanı sonuncuda xəsarət aşkar edilməmişdir. Həmçinin, Bakı şəhəri, Nərimanov rayon prokurorluğundan daxil olmuş 17 noyabr 2023-cü il tarixli, 427-C-23 nömrəli məktubla daxil olmuş Bakı şəhəri, Nərimanov rayon prokurorunun köməkçisi X1 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat aparılmış yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 5 kq 300 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından 1060 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs üzərində külli miqdarda, yəni təmiz çəkisi 5 kq 300 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 6-7-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 15 iyul 2023-cü il tarixli, 1933 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 39-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 sentyabr 2023-cü il tarixli, 5637 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirilən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 26 iyun 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 19-20-ci vərəqələrində olan 26 iyun 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 163- 168-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2023-cü il tarixli 4(005)-992/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5299,6 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 158 (yüz əlli səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5299,6 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 158 (yüz əlli səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar