Məhkəmə qərarları › İş №1(101)-913/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-913/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-913/2025 20.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Ələkbərli Roman Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Cəlilabad rayonu, Naftluq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonunun, Söyüdlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-646/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, 07 aprel 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki “X2” ilə üzbəüz yerləşən “Bilgəh” kafesində onunla tikinti sahəsində fəhlə işləyən tanışı Zərərçəkmiş şəxs ilə yemək yeyib spirtli içki qəbul etdikdən sonra kafedən çıxıb birlikdə özünə geyim əşyaları almaq üçün Buzovna qəsəbəsinə mağazaya getmiş, orada olan zaman Zərərçəkmiş şəxs tikinti sahəsindən çağırıldığı üçün sonuncunun Bilgəh qəsəbəsinə qayıdaraq tikinti sahəsində işlərini yekunlaşdırdıqdan sonra qeyd olunan tarixdə saat 17:00 radələrində yenidən həmin “Bilgəh” kafesinə gəldikdə, o da həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində sözügedən kafenin qarşısına gələrək Zərərçəkmiş şəxs çağırıb kafedən bayıra çıxmasına nail olduqdan sonra sonuncunun onu Buzovna qəsəbəsində mağazada tək qoymasını cüzi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub gücünü nümayiş etməklə Zərərçəkmiş şəxs cəzalandırmaq üçün kafenin yan tərəfində xuliqanlıq niyyəti ilə qəsdən yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sonuncunu yerə asfaltın üstünə zərblə yıxmaqla ona qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin böyük dərialtı hematoması, sol tərəfli periorbital hematoma, hər iki almacıq və burun sümüklərinin yerdəyişən sınığı ilə müşayiət olunan üz skeleti sümüklərinin Lefor-1 tipli sınıqları kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən tikinti obyektində fəhlə kimi işə düzəlmişdir. Həmin gün tikinti obyektində özünü “Nicat” kimi təqdim edən sonradan şəxsiyyəti dəqiq bəlli olan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Rəcəb tikinti obyektində gecələr mühafizəçi kimi, səhərlər isə hörgü işi ilə məşğul olurdu. Rəcəblə həmişə aralarında yaxşı münasibət olmuşdur. 07 aprel 2024-cü il tarixdə, təxminən saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Kordioloji Sanatoriya ilə üzbəüz yerləşən Bilgəh kafesində Rəcəblə oturub yemək yeyib 700 qram spirtli içki olan araq içmişlər. Həmin gün təxminən saat 14:00 radələri olardı ki, Rəcəblə yeməklərini bitirmişlər. Bundan sonra Rəcəblə razılaşmışlar ki, Buzovna qəsəbəsinə gedib oradan onun üçün geyim əşyası alsınlar. Həmin gün saat 14-15 radələri olmuş, Rəcəblə birlikdə Buzovna qəsəbəsində olmuşlar. Həmin vaxt mobil telefonu nasaz işləmiş və Rəcəbdən xahiş etmişdir ki, mobil telefonunu düzəltdirməkdə ona köməklik etsin və mobil telefonunu bu səbəbdən Rəcəbə vermişdir. Geyim aldıqdan sonra şalvarın ətəyini kəsdirmək üçün dərziyə getmiş və yolu tanımadığı üçün Rəcəbə gözləməsini xahiş etmişdir. Həmin vaxt Rəcəbə zəng gəlmiş, Rəcəb ona demişdir ki, işi çıxıb, gedir. O, Rəcəbə yoldaşlığının olmadığını, onunla qutardığını demişdir. Mobil telefonu isə yaddan çıxıb Rəcəbdə qalmışdır. Rəcəb onu Buzovna qəsəbəsində gözləməyib çıxıb getmişdir. O, şalvarının ətəyini kəsdirib Bilgəh qəsəbəsinə Rəcəblə yemək yedikləri kafeyə getmişdir. Fikirləşmişdir ki, Rəcəb həmin kafedə olar. Saat təxminən 17:00 radələri olarkən Bilgəh qəsəbəsində yerləşən kafeyə çatmışdır. Həmin vaxt Rəcəb də kafedə olmuşdur. O, Rəcəbdə yaddan çıxıb qalan mobil telefonunu götürmək üçün Bilgəh kafesinə girib Rəcəbdən mobil telefonunu götürüb çölə çıxmışdır. Rəcəb də arxasıyca kafedən çıxmış və onunla söhbət etmək istədiyini bildirmişdir. Onlar kafenin yanında kənara çəkilmiş, kənarda söhbət edərkən Rəcəb qəflətən üz nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. O, buna fikir vermədən çıxıb getməyə çalışmış, lakin Rəcəb arxasıyca gəlib onu söyərək yenidən onu vurmuş və o da bundan sonra iki dəfə yumruq zərbəsi ilə Rəcəbin üz-sifət nahiyyəsinə zərbə endirmişdir. Nəticədə Rəcəb zərbələrdən yerə asfaltın üstünə yıxılmış və huşunu itirmişdir. O, cəld kafeyə gedib su gətirmiş, həmin vaxt kafedəki tanımadığı şəxslərdən kömək istəmişdir. Kafedəki şəxslər də küçəyə çıxıb Rəcəbin yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşlər. Sonra kimsə X8 Stansiyasına zəng etmiş, X8 Stansiyasının həkimləri gələrək Rəcəbi xəstəxanaya aparmışlar. Bundan sonra polis əməkdaşları gələrək onu Sabunçu rayon Polis İdarəsinin 14-cü polis şöbəsinə aparmışlar. Rəcəb onu vursa da həmin vaxt heç bir xəsarət almayıb. Bu səbəbdən də Məhkəmə Tibbi Ekspert müayinəsinə və hər hansı tibbi müəssisəsinə müraciət etməyib. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Rəcəb ona əvvəlcə işdən çağırıldığını, getməli olduğunu, daha sonra isə kafeyə getdiyini, yaxşı etdiyini demişdir. O, sonuncuya ona kişi kimi söz verdiyini, lakin sözünü tutmadığını bildirmişdir. Hər ikisi spirtli içkinin təsiri altında olub. Rəcəb ona iki dəfə vurmuş, birinci dəfə onu söyməsə də, ikinci dəfə ona “var-yox” söyüşü söyüb vurmuş, o da qarşılıq vermişdir. O, sonuncunu söyüşə görə vurub. Törətdiyi əməldən peşmandır, zərər çəkmiş şəxslə aralarında barışıq əldə olunub. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində tikintisi gedən fərdi yaşayış evində fəhlə işləyən zaman tanıyıb. Elşadla fəhlə yoldaşı olublar, aralarında münasibətlər normal olub. 2024-cü ilin 7 aprel tarixində, gündüz saatlarında Bilgəh qəsəbəsində yerləşən Kardioloji sanatoriya ilə üzbəüz olan "Bilgəh" kafesində Elşadla birlikdə oturub yemək yemiş və ikisi 700 qramlıq spirtli içki qəbul etmişlər. Təxminən saat 14:00 radələrində Elşadla kafedən çıxıb Buzovna qəsəbəsinə getmişlər. Orada Elşad özünə mağazadan geyim əşyası almışdır. Onun Elşadla birlikdə Buzovnaya getməyinin səbəbi isə Elşadın Bakı şəhərini tanımaması olmuşdur. Sadəcə olaraq sonuncuya bələdçilik etmək üçün getmişdir. Buzovnada olduqları vaxt onu tikinti sahəsindən çağırdıqlarından, buna görə də Bilgəhə qayıtmalı olmuşdur. Elşada izah etmişdir ki, avtobusla geri qayıda bilər. Elşad bu hərəkətindən narazı qalmışdır, amma o, işə çağırıldığı üçün getməyə məcbur olmuşdur. Bilgəhə qayıtdıqdan sonra tikinti sahəsində işini yekunlaşdırıb yenidən gündüz birlikdə olduqları "Bilgəh" kafesinə getmişdir. Saat 17:00 radələrində kafedə tək oturmuşdur ki, pəncərədən Elşadın onu çölə çağırdığını görmüşdür. Sevinərək çölə çıxmışdır ki, Elşadı içəri dəvət etsin, yenə birlikdə oturub yeyib-içsinlər. Kafenin qarşısında Elşada yaxınlaşıb mehribancasına qucaqlamış və sonuncunu içəri dəvət etmək istəmişdir. Amma Elşad ona qarşı soyuq və acıqlı davranmışdır. Aralarında mübahisə başlamış və sonra o, huşunu itirmişdir. Ayılanda görmüşdür ki, “X5”nin reanimasiya şöbəsindədir. Elşadın qəsdən xəsarət yetirməsi nəticəsində baş və üz nahiyəsindən xəsarət almışdır – hər iki almacıq sümüyü və burun sümüyü sınıb. Elşad ona spirtli içkinin təsiri altında, heç bir əsas olmadan hücum edərək ağır bədən xəsarətləri yetirmişdir. Elşadın onu döyməsinin səbəbi isə dediyinə görə, onun Elşadın xətrinə dəyməsi olmuşdur. Güya o, Elşadı Buzovnada tək qoyub Bilgəhə qayıtmışdır. Halbuki, o, izah etmişdir ki, işə çağırılıb və sonuncuya da necə qayıtmalı olduğunu başa salmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı hər ikisi sərxoş olub. Kimin kimi birinci vurmasını xatırlamır. O da həmçinin Elşadı vurub. İlk olaraq o, Elşadı söyüb. Təqsirləndirilən şəxslə barışıb, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2012-ci ildən Daxili İşlər Nazirliyinin X6 8-ci Patrul Bölüyündə polis nəfəri polis serjantı kimi xidmət edir. Xidmət etdiyi ərazi Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsini əhatə edir. 07 aprel 2024-cü ildə təxminən saat 17:50 radələrində o, Şahid1 və Şahid2 xidmətdə olan zaman Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Kordioloji sanotoriya ilə üzbəüz yeləşən Bilgəh kafesinin yanında bir nəfər şəxsin digər şəxsi döyməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Kordioloji sanotoriya ilə üzbəüz yeləşən Bilgəh kafesinin qarşısına getmişlər. Görmüşlər ki, kafenin sağ tərəfində sonradan şəxsiyyəti onlara məlum olan Zərərçəkmiş şəxs yerdə huşsuz vəziyyətdə uzanmışdır, sifəti və baş nahiyəsi qan içərisində olmuşdur. Sonuncunun yanında sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs da olmuşdur. Şifahi söhbət zamanı Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, yerdə huşsuz vəziyyətdə uzanmış, sifəti və baş nahiyəsi qan içərisində olan Zərərçəkmiş şəxs qəsdən yumruqla vurub, həmçinin Rəcəbin baş və sifət nahiyəsini asfalta vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Həmin zaman ətrafda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa adam olmamışdır. Hadisə yerində olan zaman onlar təcili yardım çağırıb Zərərçəkmiş şəxs xəstəxanaya yola salmışlar. Təqsirləndirilən şəxs isə ərazi aidiyyəti üzrə raportla Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə təhvil vermişlər. Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin rəisinin adına yazdıqları xx.xx.2024-cü il tarixli raportda dava anını gördüklərini yazmışlar, lakin ifadəsində bildirdiyi kimi onlar dava anını görməmişlər, raport yazılan vaxt fikirlərini düzgün izah edə bilməmişlər, sadəcə olaraq sonradan hadisə yerinə getmişlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid3 ifadəsi ilə anoloji məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “Üzləşdirmə” haqqında protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materillarında olan məhkəmə tibbi ekspertinin Zərərçəkmiş şəxs barəsində tərtib edilmiş 387/MEŞ saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin böyük dərialtı hematoması, sol tərəfli periorbital hematoma, hər iki almacıq və burun sümüklərinin yerdəyişən sınığı ilə sınığı müşayiət olunan üz skleti sümüklərinin Lefor-1 tipli sınıqları” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə sonuncunun əməli düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” adlanan 126.1-ci maddəsinə görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərər çəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 126.2.4-cü maddəsi eyni əməllərin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 6-cı bəndində deyilir: "Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Məhkəmə qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Cinayət işinin mübahisəsiz hallarından açıq-aydın görünür ki, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə məhz zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi sözü tutması ilə bağlı aralarında yaranmış narazılıqdan sonra zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs söyməsi ilə əlaqədar olmuşdur. Yuxarıda adları çəkilən şəxslərin hər ikisi məhkəmə iclasında vermiş olduqları ifadələrdə ilk olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyüş söyməsini təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində ilk olaraq Zərərçəkmiş şəxs ona yumruq zərbəsi vurduğunu bildirmiş, sonuncu da onların hər ikisinin bir-birini vurduğunu, lakin ilk zərbənin kim tərəfindən yetirildiyini xatırlamadığını göstərmişdir. Göründüyü kimi tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə münasibətlər zəminində baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi işin faktiki hallarına və tərəflərin münasibətlərinə uyğun olmamışdır. Hazırki cinayət işində hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq xuliqanlıq cinayətinin subyektiv cəhətinin mütləq şərti olan cinayətin motivi – xuliqanlıq niyyəti təqsirləndirilən şəxsin əməlində öz əksini tapmamış, tərəflər arasındakı mübahisənin əsasını şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş konflikt təşkil etmişdir. Buna baxmayaraq məhkəmə müəyyən edir ki, hazırki cinayət işi üzrə zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi sözü tutması ilə bağlı aralarında yaranmış narazılıqdan sonra zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs söyməsi ilə bağlı münaqişəli vəziyyət olmuş və qeyd olunan zorakı hərəkətin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmişdir. Buna baxmayaraq ibtidai istintaq orqanının yuxarıda göstərilən münaqişəli vəziyyəti Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirməsi isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Məhkəmənin qənaətə görə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs əməllərinin səhv davranış kimi səciyyələndirməsi ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmədir və açıq-aydın Təqsirləndirilən şəxs cinayəti zərər çəkmişə qarşı olan şəxsi münasibəti zəminində törətdiyini göstərir. Halbuki ibtidai istintaq orqanı öz qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir. Hazırki işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından, hətta ittihamın özündə belə təsvir olunmuş xüsusatlardan isə görünən odur ki, Təqsirləndirilən şəxs səbəb olmadan və yaxud nəyisə bahənə etməklə hərəkət etməmiş, onun subyektiv münasibətində zərər çəkmiş Zərərçəkmiş şəxs hərəkətləri və bundan irəli gələn mübahisə bahanə deyil, “əsl səbəb” kimi çıxış etməklə onu cinayət törətməyə sövq edən, təkanverici amil rolunu oynamışdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə bu nəticəyə gələrkən təqsirkar şəxsin zərər çəkmiş şəxsin sağlamlığına xəsarət yetirmək məqsədilə qəsdən münaqişə yaratmadığını da nəzərə alır. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi üçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruridir. Belə ki, Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibi xüsusi yer tutur. Cinayət tərkibi dedikdə ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirilən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyekti və subyektiv əlamətlərinin məcmusu başa düşülür. Cinayət tərkibi isə dörd vacib elementdən ibarətdir; cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti — cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti — üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizlik) qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir. Cinayətin subyektiv cəhətinə motiv, məqsəd və emosional vəziyyət kimi əlamətlər də daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib elementi olan subyektiv cəhətin (xuliqanlıq niyyəti) mövcud olmaması işin halları ilə tam təsdiq edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmənın iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən mənfi xarakterizə olunmayan şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonunun Söyüdlü kəndində valideynləri ilə birlikdə yaşayır, fəhlə işləyərək ailəsinin maddi təminatını ödəyir. Sonuncu kənddə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, narazılıq yaradacaq hallara yol verməmişdir və öz həmyaşıdlarına daima müsbət nümunə olmuşdur. Təqsirləndirilən şəxs sakit təbiətlidir, müsbət xarakterli insandır, xüsusən ağsaqqlara qarşı diqqətli olmuşdur. Sonuncu barəsində nümayəndəliyə cinayət xarakterli heç bir müraciət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən sonuncunun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar qismində qəbul edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu axımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən artıq olmamaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-646/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdən 11 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 09 dekabr 2024-cü il tarixdən hazırki hökmün elan olunduğu tarixədək olan müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müsadirə edilməli hər hansı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Hazırki cinayət işi üzrə maddi sübut qismində tanınmış əşya müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar