Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-915/2020 05.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxx 1978-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2, mənzil 67 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzadan 1 ay vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 4, mənzil 28 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə ümumilikdə üç ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 6,136 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində daşımaqla saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində həmin bükümlərdən içərisində 0,970 qram heroin olan bir ədədini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığındakı “Turan” mebel salonunun yanında yerləşən beş mərtəbəli binanın qarşısında 50 manat pul müqabilində Təqsirləndirilən şəxs1 satmış, xx xxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 və Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş, həmin Bölmədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 0,446 qram və 4,720 qram olmaqla, ümumi xalis çəkisi 5,166 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və arxa sağ cibindən üzərində “600g/0,01g” yazısı qeyd olunmuş bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamışdır. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığındakı “Turan” mebel salonunun yanında yerləşən beş mərtəbəli binanın qarşısında 50 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda - ümumi xalis çəkisi 0,970 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamış və xx xxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 və Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi, 28 saylı evin qarşısında saxlanılaraq Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş, həmin Bölmədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə ümumi xalis çəkisi 0,970 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitəni müxtəlif şəxslərdən, o cümlədən Şirayə adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs1 xeyli müddət əvvəldən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 da onun kimi narkotik vasitə istifadəçisidir. Təxminən xx xxxxx 2020-ci il tarixdə o, Bakı şəhəri, Fəhlə prospektində dəqiq bilmədiyi ünvanda yaşayan Şirayə adlı şəxsdən 50 manat pul müqabilində şəxsi istifadəsi üçün biri kağızda və biri şəffaf rəngli sellofanda olmaqla iki bükümdə narkotik vasitə olan heroin almışdır. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində Zamin ona zəng vuraraq dəhşətli ağrılarının olduğunu, gecədən yata bilmədiyini deyərək ona təcili heroin tapmasını xahiş etmişdir. O, Zaminə öz istifadəsi üçün bir qədər heroin aldığını, həmin heroinin bir hissəsini ona pay verə biləcəyini bildirmişdir. Beləliklə, onlar həmin gün görüşmək qərarına gəlmişlər. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 14:30 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək ona özünü təqdim etməyi təklif etmişlər. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra, polis əməkdaşları onun narkotik vasitələri əldə edərək üzərində saxlamağı və gəzdirməyi barədə məlumat daxil olmasını bildirərək onlarla birlikdə 23-cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları onu 23-cü Polis Bölməsinə aparmış, ona vəkil dəvət olunmuş və videoçəkilişdən istifadə edilərək üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, o da polis əməkdaşlarının təklifinə əsasən üzərində, yəni əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd bükümü çıxaraq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümlərin içərisində “kakos” kimi tanınan heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi iki gün əvvəl Şirayə adlı şəxsdən aldığını, bir qismini tanışı Təqsirləndirilən şəxs1 pay vermək istədiyini bildirmişdir. Təqdim etdiyi bükümlərə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Daha sonra o, əynində olan şalvarının sağ yan cibindən iki ədəd özünə məxsus “LG” markalı mobil telefon aparatını və şalvarının sağ arxa cibindən bir ədəd tərəzini çıxarıb polis əməkdaşlarına təqdim edərək üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş və aşkar olunmuş maddə qablaşdırılmışdır. O və polis əməkdaşları tərəfindən tərtib edilmiş protokol və zərfin üzəri imzalarla təsdiq edilmişdir. Polis əməkdaşlarının onunla qanunsuz davrandığı qənaətindədir, hesab edir ki, polis əməkdaşları onun yaşadığı mənzilə də qanunsuz daxil olublar. Onların etdiyi şəkildə evə baxılması, mənzilin axtarılması yolverilməzdir. Bu hərəkətlərlə qoşularının və ailə üzvlərinin yanında biabır edilmişdir. Sənədləşmələr də onun məhz narkotik vasitə satıcısı kimi qələmə verilməsinə yönəlib. Halbuki, o heç vaxt satışla məşğul olmayıb, ancaq tanışı Zaminə kəskin ağrılarına görə narkotik vasitə verib. Özü satışla məşğul olsa idi maddi vəziyyəti normal olardı. Ancaq evinə gələn polislər də görüblər ki, o çox kasıb bir şəkildə yaşayır. Ətrafdakı qonşulardan bir neçəsi də polislərin evə girmələrinin şahidi olublar. Qonşuların, onların ailəsini tanıyan hər kəsin yanında hörmətə malik olub. Heç bir qonşu onun narkotik vasitə satışı ilə məşğul olmasını nəinki təsdiq etməz, əksinə, heç kim buna ümumiyyətlə inanmaz. Bütün bu halların nəzərə alınaraq himayəsində biri azyaşlı olmaqla iki övladının olmasının, ağır şəraitdə yaşamasının, ailəsinin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını və əməlinin narkotik vasitə istifadəçisi kimi tövsif edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilərək göstərdi ki, o, narkotik vasitədən istifadə etdiyinə görə əvvəllər iki dəfə məhkum olunmuşdur. Narkotik vasitə olan heroini gün ərzində bir-iki dəfə qol əzələsinə vurmaqla istifadə etmişdir. Heroini müxtəlif şəxslərdən, o cümlədən metronun “Neftçilər” stansiyasının yaxınlığındakı “Turan” mebel salonunun yanında yerləşən beşmərtəbəli binada yaşayan Təqsirləndirilən şəxs2 alaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs2 təxminən bir-iki il olar ki, tanımışdır. Murad özü də heroin istifadəçisi olmuşdur. O, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində Muradın yaşadığı binanın həyətində sonuncu ilə görüşmüş və 50 manat ödəməklə ondan bir büküm heroin almışdır. Bundan sonra yaşadığı evə gedərək narkotik vasitənin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə Muraddan aldığı sellofan kəsiyinə bükərək özündə olan “Kinder” şokoladının içindən çıxmış sarı rəngli, oval formalı plasmas qabın içinə qoyaraq üzərində saxlamışdır. Heroini növbəti dəfə istifadə edərsə ikinci dəfə istifadə etməyə qalmayacağını fikirləşərək xx xxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurub bərk ağrılarının olduğunu deyərək heroin lazım olduğunu bildirmişdir. Murad razılaşaraq onun yaşadığı evin qarşısına gələrək heroini götürməsini demişdir. Buna görə təxminən saat 12:30 radələrində evdən çıxmışdır ki, Muradla görüşsün. Amma evdən təxminən 100 metr aralandıqdan sonra mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona özünü təqdim etməsini təklif etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələri əldə edərək üzərində saxlamağı barədə məlumat daxil olduğunu bildirərək onlarla birlikdə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə getməsini təklif etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 23-cü Polis Bölməsinə getmişdir. Polis Bölməsində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanmasından əvvəl polis əməkdaşları ona üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. O da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli “Kinder” şokoladının plasmas qabını çıxarıb açaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı qabın içərisindəki maddənin “kakos” kimi tanınan heroin olduğunu, həmin heroini bir gün əvvəl Murad adlı tanışından aldığını, həmin gün də Muradla aralarında olan razılığa əsasən yenə də ondan heroin almalı olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi qabdakı bükülüyə baxış keçirilmişdir. Daha sonra o, əynində olan şalvarının sol yan cibindən bir ədəd özünə məxsus “Kgtel” markalı mobil telefon aparatını və şəxsiyyət vəsiqəsini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş, lakin baxış zamanı başqa qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi maddə zərfə qoyularaq qablaşdırılmış və müvafiq protokol tərtib olunmuşdur. O və digər iştirak edənlər protokolu və zərfi imzalayaraq təsdiq etmişlər. Hansı əməli törətdiyini başa düşür və tam günahkar olduğunu etiraf edir. Amma narkomaniya xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınaraq ona mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ilə bağlı tam və qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 göstərdi ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan “Zamin” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə ərazi aidiyyatı üzrə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı ilə birlikdə raportla həmin Polis Bölməsinin rəisinə məruzə olunmuşdur. Alınmış əməliyyat məlumatının yoxlanılmasına razılıq əldə edildikdən sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 4 ünvanın yaxınlığına getmişlər. Orada xarici əlamətləri “Zamin” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsi görüb ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə özünü təqdim etməsini təklif etdikdə o, özünün doğum tarixini və yaşadığı ünvanı bildirməklə Təqsirləndirilən şəxs1 olduğunu demişdir. Bundan sonra Zamin Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət edilmiş və Bölməyə gəldikdən sonra bu barədə raportla bölmə rəisinə müraciət olunmuşdur. Polis Bölməsinədəki xidməti otaqlardan birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni əşya varsa onları masanın üzərinə qoyaraq könüllü təqdim etməsi təklif olunmuşdur. Zamin də əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli, plastik oval formalı, qapağı açılan konteyneri, həmçinin şalvarın sol yan cibindən bir ədəd “Kgtel” markalı mobil telefonu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi konteynerin içərisində narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni xx xxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığındakı “Turan” mebel salonunun yanında yerləşən beş mərtəbəli evin həyətində Murad adlı şəxsdən 50 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sarı rəngli konteyner açılmış və içərisindən səffaf sellofana bükülü, uc hissəsi yandırılmış halda olan qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Onun üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin qeyd etmişdir ki, bir qədər əvvəl də Murad adlı şəxslə danışaraq ondan narkotik vasitə almaq istəmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə qablaşdırılaraq 163 saylı möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, o, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan “Murad” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması üçün ərazi aidiyyatı üzrə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ünvan 5 saylı ünvanın yaxınlığına gəlmişlər. Orada xarici əlamətləri “Murad” adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsi görüb ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə özünü təqdim etməsi təklif olunduqda, o, özünü təqdim edərək təvəllüdünü və ünvanını bildirməklə Təqsirləndirilən şəxs2 olduğunu demişdir. Bundan sonra onlar Muradı Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqlardan birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuşdur. Murad da əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf selofana bükülü və bir ədəd siqaretin gümüşü kağızına bükülü olan iki ədəd bükümü təqdim edərək onların içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni iki gün əvvəl Fəhlə prospektində yaşayan “Şirayə” adlı şəxsdən öz istifadəsi üçün nisyə 50 manata aldığını, onun bir hissəsini “Zamin” adlı şəxsə pulsuz verəcəyini, bir hissəsini isə özünün istifadə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərin içərisindən qəhvəyi rəngli, toz halında olan narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ cibindən “LG” markalı iki ədəd mobil telefon aparatını, şalvarının arxa sağ cibindən isə bir ədəd kiçik ölçülü, arxasında “600g/0,01 və QS.PASS.5” yazıları olan tərəzini təqdim etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 üzərindən açarlar və bir ədəd “Rotmans” siqareti aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş narkotik vasitəyə oxşar kütlə iştirakçıların gözü qarşısında qablaşdırılaraq 163 saylı möhürlə möhürlənmişdir. Onun üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılar da protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid5 da Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 73-75). Şəxsin üzərinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli, plastik, oval formalı, qapağı açılan konteynerin içərisindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə olan heroin olduğunu, onu Murad adlı şəxsdən aldığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə olunmuş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 26-27, 159) Şəxsin üzərinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən iki ədəd büküm, şalvarının arxa sağ cibindən isə bir ədəd kiçik ölçülü, arxasında “600g/0,01 və QS.PASS.5” yazısı olan tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri “Şirayə” adlı şəxsdən aldığını, bükümlərdən birini özünün istifadə edəcəyini, digərini isə pulsuz Zamin adlı şəxsə verəcəyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə olunmuş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 49-50, 160) Axtarış və götürmə aparılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən evə keçirilmiş axtarış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya müəyyən edilməmişdir (cild 1, iş vərəqə 78). Telefon danışıqlarına dair statistik açıqlamalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş CD diskdə “Zənglər_Məxsusluq tarixçələri_553897030_onlyBKC.pdf” və “Zənglərin Detallaşması_ 553897030.pdf” adlı iki ədəd fayl olmuş, “Zənglərin Detallaşması_553897030.pdf” adlı fayl açılaraq baxış keçirildikdə xx xxxxx 2020-ci il tarixdə saat 11:04:51-də 077 *** ** ** nömrəsi ilə 102 saniyə davamlı telefon danışığının aparıldığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 169). Məhkəmə kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/434 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş….” yazısı olan zərfdə, bir ədəd bükümdə, təmiz çəkisi 0,970 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr” İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,870 qram təşkil etmişdir (cild 1, iş vərəqə 58-61). Məhkəmə kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/433 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş…” yazısı olan zərfdə, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 4,720 qram və bir ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,446 qram, ümumi təmiz çəkisi 5,166 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr” İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin ümumi qalıq çəkisi 5,016 qram təşkil etmişdir (cild 1, iş vərəqə 62-65). Məhkəmə kimyəvi ekspertizasının x xxx 2020-ci il tarixli 6/466 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin “Tədqiqat obyekti № 59”-li ştamp əksi olan paketlərdə, Təqsirləndirilən şəxs2 götürülmüş 2 ədəd bükümdəki heroinlər, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd bükümdəki heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş tərəzi” yazısı olan zərfdəki, arxa tərəfində “600g/0,01g” yazısı qeyd olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Lakin, tərəzinin üzərində heroin iz şəkilində olduğu üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspert tədqiqatından sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinin qalıq çəkisi 4,976 qram, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinin qalıq çəkisi 0,850 qram təşkil etmişdir (cild 1, iş vərəqə 198- 203). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli 1273 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 205-206). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli 1090 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 207-208). Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2003-cü il və xx.xx.2008-ci il təvəllüdlü iki uşağı vardır (cild 1, iş vərəqə 236-239). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur (cild 1, iş vərəqə 235) İbtidai istintaq orqanının xx.xx.2020-ci il tarixli qərarları ilə hazırkı cinayət işinin materiallarından “Şirayə” adlı şəxs barəsində ********* saylı və 2,034 qram heroinin mənbəyinə dair ********* saylı cinayət işləri ayrılmışdır (cild 1, iş vərəqə 252-257). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 növbəti dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Nizami Rayon Məhkəməsinn qərarı ilə cəzadan 1 ay vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqə 172-176). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, Təqsirləndirilən şəxs1 və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun özünü tam təqsirli bilərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçiməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 isə xx xxxxx 2020-ci il tarixdə ibtidai istintaq orqanının qərarı ilə azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 28, 51, 87, 106, 138-147). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hazırkı hökmün elan edildiyi tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonrakı qalıq çəkiləri 4,976 qram və 0,850 qram təkil edən heroin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş videogörüntülərin köçürüldüyü 1 ədəd CD disk və telefon danışıqlarının statistik açıqlamalarına dair 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 242 (iki yüz qırx iki) manat, Təqsirləndirilən şəxs1 100 (yüz) manat olmaqla cəmi 342 (üç yüz qırx iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən, məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş 80 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 480 manat, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs2 göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 180 manat, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir (cild 2, iş vərəqə 192-193). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkiləri 0,850 qram və 4,976 qram olan heroin, 1 ədəd elektron tərəzi məhv edilsin; - şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş videogörüntülərin köçürüldüyü 1 ədəd CD disk, habelə telefon danışıqlarının statistik açıqlamalarına dair 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 242 (iki yüz qırx iki) manat, Təqsirləndirilən şəxs1 100 (yüz) manat olmaqla - cəmi 342 (üç yüz qırx iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına vəkil X4 üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 üçün 180 (bir yüz səksən) manat, vəkil Müdafiəçi1 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-915/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-915/2020
05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver