Məhkəmə qərarları › İş №1(101)-915/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-915/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-915/2024 30.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X7 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Kamal oğlunun, tərcüməçi X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,818 qram çəkidə psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 6 iyun 2023-cü il tarixdə ünvan 4 ünvanının qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən 1 ədəd bükümdə külli miqdarda 3,818 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, el şənliklərində özünə aid mahnılar oxuyaraq qazanc əldə edib ailəsini dolandırırdı. Bir neçə mahnısı vardır ki, həmin mahnılarda kriminal aləmdə olan şəxslərin adlarını çəkmişdir. Oxuduğu mahnılarda kriminal aləmi təbliğ etdiyi üçün 2 dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdır. Həmin idarədə Müzəffər müəllim onu otağında qəbul edib artıq bu kriminal aləmi təbliğ edən mahnılar oxumağı dayandırmağını demişdir. Bu görüşlərdən sonra o, bu tərzdə mahnılar oxumamaq qərarına gəlmişdir. Bir dəfə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Çanaqqala” restoranında yığıncağa dəvət edib sonra da prodüseri Kamilin bank kartına 50 manat göndərmişlər. Həmin yığıncaqda uzun müddət tanıdığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rəvan müəllim ona bir daha kriminal aləmi təbliğ edən mahnılar oxumamağını bildirərək əks halda, onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edəcəklərini demişdir. Buna baxmayaraq o, pula ehtiyacı olduğundan kriminal aləmdə “Georgi” adı ilə tanınan şəxsin ad günü münasibəti ilə rus dilində ona mahnı oxumuşdur. Kriminal aləmdə məşhur olan şəxslərə mahnı oxuduğundan qanunsuz olaraq ittiham edilmişdir. 5 iyun 2023-cü ildə prodüseri Kamilin bank kartına 50 manat göndərib onu 6 iyun 2023-cü il tarixdə “Hollywood” restoranında olan tədbirə dəvət edərək qalan 450 manatı məclisin sonunda verəcəklərini bildirmişlər. 6 iyun 2023-cü il tarixdə saat 18:00 radələrində Kamillə birlikdə Masazır qəsəbəsindən yola düşüb Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Hollywood” restoranına gəlmişlər. Kamil sifariş verən şəxslərlə əlaqə saxlamış və həmin şəxslər onlara avtomobillərin saxlanıldığı mərtəbəyə düşmələrini, daha sonra birlikdə yuxarı qalxacağlarını bildirmişlər. O da Kamillə birlikdə liftlə aşağı düşmüş, liftin qapısı açılan kimi onu 7 nəfər mülki geyimli şəxs saxlayıb avtomobilə əyləşdirmişlər. Bu zaman orada Rəvan müəllimi görmüşdür. Avtomobildə polislər onu təhqir edib bildirmişlər ki, “sənə deyilmədi ki, vorovskoy haqqında mahnı oxuma”. Bundan sonra parklanma yerindən onu və Kamili ayrı-ayrı avtomobillərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə sorğu-sual zamanı maddi ehtiyacı olduğu üçün kriminal aləmdə məşhur olan şəxsə mahnı oxuduğunu bildirmişdir. İdarədə ona fiziki təsir göstərib hədələmişlər. Belinə bir neçə dəfə təpik və üzünə şillə vurmuşlar. O da təzyiqlərə dözə bilməyib videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, sonra da sənədlərə imza etmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra istifadə etməmişdir. Masazır qəsəbəsindən taksi ilə birbaşa “Hollywood” restoranına gəlmişlər. Onunla birlikdə Kamil Mirzəliyevi də BMCMİ-yə gətirmiş, lakin sonra onu azad etmişlər. Saxlanıldığı gün saat 23:00 radələrində təzyiqlərə dözə bilməyib sənədlərə imza etmişdir. Əvvəllər marixuana və tiryəkdən istifadə etmişdir. İbtidai istintaq zamanı yazılan ilkin ifadəyə oxumadan imza etmişdir. Rəvan müəllimlə saxlanıldıqdan 1 ay əvvəl görüşmüşdür. Kamilin bank kartına 50 manat pul göndərib Çanaqqala restoranına çağırdıqdan sonra orada onları saxlayıb BMCMİ-nin inzibati binasına apararaq kriminal aləmə aid mahnı oxumamağını bildirmişlər. Rəvan müəllim saxlanılmazdan əvvəl onu BMCMİ-yə çağırıb xəbərdarlıqlara baxmayaraq kriminal aləmdə olan şəxsə aid nəyə görə mahnı oxuduğunu soruşduqda, ona həmin mahnını uzun müddət əvvəl oxuduğunu, şəhidlərə görə həmin mahnını platformalarda indi paylaşdığını bildirmişdir. Rus dilində “Georgi” ləqəbli şəxsə ad gününə görə mahnı oxumuşdur. Kriminal aləmlə bağlı mahnı oxumağı dayandırmağı üçün 2 dəfə ona xəbərdarlıq etmiş, lakin 3-cü dəfə onu dedikləri kimi qanunsuz ittiham etmişlər. Bacısı oğlu Elvin Abbasovu BMCMİ-nin inzibati binasına çağırıb sosial şəbəkələrdə saxlanılması ilə bağlı heç bir paylaşım etməməsini tələb etmişlər. Məclislərdə BNMİ-nin əməkdaşı Anar müəllimə və Yasamal RPİ-də Çingiz müəllimə BMCMİ tərəfindən ona kriminal aləmə aid mahnı oxumağa məhdudiyyət qoyulduğunu bildirmişdir. Rəvan müəllim kriminal aləmə mahnı oxuduğuna görə Əbülfət Rzayevin ona əsəbləşdiyini demişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təzyiq göstərdiklərindən şəxsi axtarış zamanı psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşlarının dediklərini təkrar etmişdir. İbtidai istintaq zamanı yazılan etirafedici ifadəyə oxumadan imza etmişdir. BMCMİ-nin təhqiqatçısı və əməliyyat müvəkkili Rəvan adlı polis əməkdaşı sənədlərə imza etməsi üçün ona təzyiq göstərmişlər. Polis əməkdaşları başına və bədəninin müxtəlif nahiyələrinə zərbə vurmuşlar. Təcridxanaya daxil olarkən xəsarətləri tibbi kitabçaya qeyd edilmişdir. Aldığı xəsarətlərlə bağlı prokurorluq əməkdaşları tərəfindən izahatı alınmışdır. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə məcbur olub imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə heroin və psixotrop maddə metafetamin istifadə etsə də, hazırda yalnız narkotik vasitə qurudulmuş marixuana və tiryəkdən istifadə edir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il tarixli hökmü ilə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdir. Hazırda musiqi bəstələyib oxumaqla qazanc əldə edir. 6 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində anket məlumatlarını dəqiq bilmədiyi şəxsə 100 manat pul verib 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin almışdır. Həmin bükümü istifadə etmək məqsədi ilə şalvarının cibinə qoymuşdur. 6 iyun 2023-cü il tarixdə saat 19 radələrində tanışı X4 ilə birlikdə ünvan 4 ünvanının qarşısında hərəkət edən zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək onlardan anket məlumatlarını soruşmuşlar. Onlar, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün tərcüməçi və müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış, Kamilin üzərinə isə baxış keçirilmişdir. Paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü, şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonu və 27 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metafetamin olduğunu bildirmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metafetamin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümün içərisində psixotrop maddə metafetamin polis əməkdaşı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 2 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş, üzərindən aşkar edilmiş 27 manat pul özünə geri qaytarılmışdır. Daha sonra Kamil Mirzəliyevin üzərinə baxış keçirilmişdir. X3 prosesin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Kamil Mirzəliyev buna etiraz etmədiyini bildirdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Kamil Mirzəliyev üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib əynində olan şalvarının cibindən “Nokia” markalı və “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və 2 manat 10 qəpik pulu çıxardıb təqdim etmiş, sonra həmin əşyalar Kamil Mirzəliyevə geri qaytarılmışdır. O, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddəni anket məlumatlarını bilmədiyi şəxsdən bu gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində 100 manata aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddədən tanışı Kamil Mirzəliyevin məlumatının olmadığını bildirmişdir (cild 1, iş vərəqə 89-91). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 6 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilərək əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvləri olan əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. 6 iyun 2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektinə getmişlər. Bir qədər həmin ərazidə müşahidə aparan zaman saat 19:25-də ünvan 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxsin bir nəfər kişi cinsli şəxs ilə hərəkət etmələrini görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək onlara özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs olduğunu, yanında olan şəxs isə X4 olduğunu bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib yanında olan tanışı ilə birlikdə Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonu və 27 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metafetamin olduğunu bildirmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilmişdir. İçərisində psixotrop maddəyə bənzər maddə olan büküm 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və tərəflərindən imzalanmışdır. 2 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Kamil Mirzəliyevin üzərinə baxış keçirilmiş, lakin üzərindən iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 ilə birlikdə küçədə piyada hərəkət edərkən daxil olmuş əməliyyat məlumatı əsasında saxlamışlar. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmunundan görünür ki, onlar, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 221-223 və 224-226). Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması” haqqında 6 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 iyun 2023cü il tarixdə saat 19:25-də ünvan 4 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən 1 ədəd sellefon bükümdə psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 38-40). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında 5 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olmuş, onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrələri ilə olan danışıqlarına baxış zamanı müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparılması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir ( cild 1, iş vərəqə 235). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 iyun 2023-cü il tarixli 6/3217 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə olan 1 ədəd sellefon bükümdə təmiz çəkisi 3,818 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 3,818 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,768 qram cild 1, iş vərəqə 58-60). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 7 iyun 2023-cü il tarixli 3562 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 236-237). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, 13 iyun 2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 6 iyun 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1 iş vərəqə 119-121). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” barədə 4 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, polis əməkdaşları izahatlarında Təqsirləndirilən şəxs qarşı hər hansı bir mənəvi və fiziki təzyiq göstərilmədiyini, onun heç bir polis əməkdaşı tərəfindən döyülmədiyini, xəsarət yetirilmədiyini və işgəncə verilmədiyini bildirmişlər, bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X10 Publik hüquqi şəxsin 29 avqust 2023-cü il tarixli 1095 nömrəli rəyində Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun göstərdiyi 6 iyun 2023-cü il tarixə uyğun hər hansı bir xəsarət aşkar olunmamış, Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi kartada təcridxanaya daxil olarkən bədən səthində 6 iyun 2023-cü il tarixə uyğun hər hansı bir xəsarətin olubolmaması haqda heç bir qeydiyyat yoxdur (cild 1, iş vərəqə 227-229). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,768 qram olan psixotrop maddə olan metafetamin maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 122-127). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökm və qərarların surətlərindən görünür ki, təqsirləndirilən şəxs Qonşuyev X9 Ağır Cinayətlər məhkəməsinin 1 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə cəzası 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərarı ilə cəzası 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və 28 dekabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 145-147, 162-168, 183-198 və 199-202). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs anası X11 xəstəlikdən əziyyət çəkir (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs anasının xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs anası X5 xəstəlikdən əziyyət çəkməsini müstəsna hal hesab edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddədə müəyyən edilən azadlıqdan məhrum etmə növündən daha yüngül cəza növü azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.3-cü maddəsindən görünür ki. cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 iyun 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 25). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 7 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu 6 iyun 2023-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 107-109). Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 6 iyun 2023-cü il tarixdən 30 yanvar 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 3 (üç) ay 18 (on) səkkiz gün müddət çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,768 qram olan psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 6 iyun 2023-cü il tarixdən 30 yanvar 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 7 (yeddi) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla 1 (bir) il 3 (üç) ay 18 (on) səkkiz gün olaraq hesablansın və ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvanı gecə saat 23:00-dan səhər saat 6:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,768 qram olan psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar