Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-916/2020 11.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2 , zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 11 » sentyabr 2020-ci il Bakı şəhərində xx.xx.1996-cı ildə Cəlilabad rayonunun Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Günəşli kəndində qeydiyyatda olan,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs əvvəllər yaşadığı ünvan 1 nömrəli ünvanında yerləşən binanın qarşısında yerləşib Zərərçəkmiş şəxs məxsus mağazaya silahlı basqın edib pullarını və əmlakını ələ keçirib sonuncunu qəsdən öldürmək qərarına gələrək bu məqsədlə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində üzərində gəzdirdiyi məişət təyinatlı mətbəx bıçağı ilə silahlanaraq həmin ünvana gəlmiş, əlverişli məqamı gözləmiş, saat 22 radələrində ətrafda və mağazada zərərçəkmiş Zərərçəkmiş şəxs başqa kiminsə olmadığına əmin olduqdan sonra cinayətkar niyyətini həyata keçirmək üçün mağazaya daxil olub siqaret almaq bəhanəsi ilə iki manat verərək Zərərçəkmiş şəxs diqqətini yayındırmaqla arxasını ona çevirən sonuncunun üzərinə hücum edib həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək silah kimi istifadə etdiyi bıçaqla quldurluqla əlaqədar öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs zərbələr vurub döş qəfəsinin arxa səthinin sağ yarısından, sağ kürək altı nahiyənin iç hissəsindən, sağ kürək xətt üzrə Vİİİ-X qabırğalararası sahədən daxilə döş boşluğuna keçib ətraf yumuşaq toxumaları, diafraqmanı və sağ ağciyərin aşağı payını zədələyən və kəskin çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olan və döş qəfəsinin arxa səthinin sağ yarısında, sağ kürək sümüyü nahiyəsində daxilə döş boşluğuna keçməyən bir ədəd kiçik ölçülü deşilmiş-kəsilmiş səthi dəri yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci ildə atası ünvan 2 ünvanında yerləşən binada 2-ci mərtəbədə 58 nömrəli üçotaqlı mənzil almış, onlar həmin mənzilə köçmüşlər. 2016-cı ildə atası ölmüş, qardaşı Namiq Bakı şəhərində olan mənzili satmış və onlar daimi olaraq Günəşli kəndində qalmışlar. O, xx.xx.2020-ci il tarixdə yol maşını ilə Bakı şəhərinə gəlmiş, üstündə cəmi 20 manat pulu olmuş və 5 manatı maşına vermişdir. Bakı şəhərində «20 yanvar» dairəsinin yanındakı avtovağzalda düşmüş, orada maraqlanaraq öyrənmişdir ki, 8-ci km bazarının yaxınlığında bir günü üç manata gecələmək üçün yerlər var və həmin yerə gələrək Bakıda qaldığı müddət ərzində gecələr orada qalmışdır. Pulu qurtardığından atasının köhnə dostu Ceyhunun istifadəsindəki ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, təxminən 4-x xxxxxx 2020-ci il tarixdə sonuncu ilə «Həzi Aslanov» metrosunun yanında görüşərək maddi vəziyyətinin ağır olduğunu demiş, Ceyhun ona 150 manat pul vermiş və onlar ayrılmışlar. O, 8-ci km ərazisində gəzərək işləməyə yer axtarmış, amma bir iş tapa bilməmiş, çətin maddi vəziyyəti onu sıxdığından bezmiş və cinayət yolu ilə pul qazanmaq qərarına gəlmişdir. Bu səbəbdən piyada gəzərək pul oğurlamaq üçün sakit yer axtarmış, lakin oğurluq etmək üçün sakit bir yer tapa bilməmişdir. Əvvəllər yaşadığı Zığ Yolu küçəsi 22 ünvanının qarşısında məhəllədə sakit dalan kimi yerdə qarajların arasında bir kişinin mağazasının olduğu yadına düşmüş və həmin dükana gedərək mağazada işləyən kişini bıçaqla vurub pul götürmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində ünvan 3 ünvanın qarşısındakı məhəlləyə qarajların arasında olan həmin mağazanın yanına gəlmiş, bir az ətrafda gəzişdikdən sonra saat 22-23 radələrində dükana daxil olmuş, həmin vaxt Bəxtiyar arxası qapıya oturaraq televizora baxırmış. Dükana girib Bəxtiyarın fikrini yayındırmaq məqsədi ilə siqaret almaq bəhanəsi ilə masanın üstünə iki manat atıb Bəxtiyardan siqaret istəmiş, Bəxtiyar oturduğu yerdən duraraq arxasını ona çevirib siqaret vermək istəyərkən cibində olan bıçağı çıxardıb bir və ya iki dəfə Bəxtiyarı kürəyindən vurmuşdur. Bəxtiyar durub ona tərəf dönərək qışqırmış, o, kiminsə ora gələcəyindən və tutulacağından qorxub tez dükandan çıxıb qaçaraq «H.Aslanov» metrosuna getmiş, oradan isə «Neftçilər» metrosuna gəlmişdir. xx.xx.2020-ci ildə, saat 09 radələrində «Nərimanov» metrosunun qarşısında polislər onu saxlamış və o, xx.xx.2020-ci il tarixdə, Xətai rayonunda bıçaq ilə adam vurduğunu demiş, üstündə olan bıçağı təqdim etmişdir.Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu, ev 1 V, mənzil 32-də atası Bəxtiyar və anası Ağabacı ilə birlikdə yaşamışdır. Onların yaşadıqları bina ilə üzbəüz Zığ Şossesi küçəsində yolun əks tərəfində atasının işlətdiyi dəmir konstruksiyadan yığılmış obyekt var və atası rəsmi vergi ödəyicisi kimi qeydiyyatda olmaqla həmin mağazada ərzaq satışı ilə məşğul olmuşdur. X4 müharibəsi iştirakçısı olmaqla 2-ci qrup əlil olmuş, hər gün səhər saat 08 radələrində evdən çıxıb iş yerinə gedərək naharı da orada edib, axşam saat 23 radələrində evə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə, saat 22:06-da işdə olan zaman atası istifadə etidiyi ***-***-**-** mobil telefon nömrəsindən ona zəng edib harada olduğunu soruşmuş, atasına işdə olduğunu bildirmiş, atası da ona “təcili gəl bura” demiş, atasından nə baş verdiyini soruşmuş, atası isə əlavə heç nə demədən yenə də “tez gəl bura” demişdir. O, dərhal maşınla atasının işlədiyi mağazaya gəlmiş, atasının mağazada yerdə uzanmış vəziyyətdə olduğunu görüb içəri daxil olmuş, atasını çətinlikə qaldırıb stulda otuzdurtmuş, zəng edərək təcili tibbi yardım çağırmışdır.Atası mağazanın qarşısında olan 22 nömrəli binada yaşayan Oleqin mənzilinin altındakı mənzildə əvvəllər yaşamış və Cəlilabaddan olan Nizaminin kiçik oğlu İsmailin bıçaqla onu vurduğunu demişdir. O, atasının kürək nahiyyəsində olan yaralara baxıb kürəyində bir ədəd dərin xəsarət, 2-3 ədəd isə cızıq kimi xəsarətlər görmüşdür. Bir neçə dəqiqədən sonra təcili tibbi yardımın həkimi ona zəng edib gəldiklərini bildirmişdir. O, 22 nömrəli binanın qarşısına tərəf getmiş, yolda həmin binada yaşayan dostu Vüsalı öz maşınının yanında görmüş, təcili yardımın keçməsi üçün Vüsaldan maşının yerini dəyişməsini demiş, sonuncu maşının yerini dəyişdikdən sonra təcili yardım keçmiş, həkimlər atasını müayinə edib və 3 saylı şəhər klinik xəstəxanasına aparacaqlarını demişlər. O, işıqları söndürüb mağazanı bağlamış və Vüsalın maşını ilə xəstəxanaya gəlmişdir. Xəstəxanaya çatdıqda atasının əməliyyata aparıldığını bilmiş, bir az keçmiş polis işçiləri gəlmiş, o, baş verənləri polislərə danışmış, Nizaminin oğlunun yerini qonşulardan soruşmaq üçün polislər ilə hadisə yerinə gəlmişdir. Onlar hadisə yerinə çatanda atasının xəstəxanada öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi ev 22, mənzil 3-də atası və anası ilə yaşayır. xx.xx.2020-ci il tarixdə, saat 22:30 radələrində binanın qarşısında idarə etdiyi «Hyundai» markalı maşının yanında durmuş, həmin vaxt Əliyev Samir ona yaxınlaşıb təcili tibbi yardım maşınının keçə bilməsi üçün maşınının yerini dəyişməsini xahiş etmiş, o, tez maşını arxaya vermiş, Samirin arxası ilə həyətin içinə qarajların yanına keçmiş və Bəxtiyar kişinin dükanda qan içində stulda oturduğunu, təcili yardım həkimlərinin Bəxtiyara yardım etdiklərini görmüşdür. O, nə baş verdiyini soruşmuş, Bəxtiyar və Samir əvvəllər qonşuluqlarında yaşayan İsmail adlı oğlanın bıçaqla Bəxtiyarı vurub qaçdığını demişlər. Həkimlər Bəxtiyarı maşına mindirib xəstəxanaya aparmışlar. Samir dükanı bağlamış və onun maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına gəlmişlər. Xəstəxanaya çatdıqda Bəxtiyarın əməliyyata aparıldığını bilmişlər, bir az keçmiş xəstəxanaya polislər gələrək hadisənin necə baş verdiyini soruşmuşlar. O, xəstəxanada qalmış, Samir isə polislərlə getmişdir. Saat 23:30da həkimlər Bəxtiyarın öldüyünü demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1986-cu ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Zığ Yolu küçəsi ev 22, mənzil 60-da yaşayır. Onların mənzilinin altında olan 58-ci mənzildə Nizami öz ailəsi ilə yaşamış, sonuncunun iki oğlu və bir qızı olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 23:30 radələrinə polislər ondan 58-ci mənzildə yaşamış İsmaili soruşarkən bildiyi məlumatı polislərə demişdir. Həmin vaxt bilmişdir ki, onların binası ilə üzbəüz yaşayan və onların həyətində dükanda işləyən Bəxtiyarı bıçaqla vurmuşlar. Bəxtiyar onu bıçaqla vuran şəxsi tanıyaraq, həmin şəxsin İsmail olduğunu bildirərək «məni Oleqgilin mənzilinin altında yaşamış Nizaminin oğlu İsmail vurub» demişdir. Ona görə də, polislər onun mənzilinə gəlmişlər. Polislər 58-ci mənzilə düşərək qapını döyüb mənzilin hazırki sahibi Eyyub ilə nə isə danışmışlar. O, həyətə düşmüş və həmin vaxt polislər Bəxtiyarın xəstəxanada öldüyünü demişlər. Məhkəmə-genetik ekspertizasının xx.xx.2020-ci il tarixli, 20/124R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, təqdim olunmuş 4 (dörd) ədəd çöplü pambıq tampon üzərində, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qolsuz jiletin arxa tərəfində, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qolsuz gödəkçənin arxa tərəfində, Təqsirləndirilən şəxs hadisə zamanı əlində olmuş 01 (bir) ədəd bıçağın tiyəsi və tiyəsi ilə dəstəyinin birləşdiyi yerdə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd uzunqol gödəkçənin sol qolunun bilək nahiyyəsi, sol cibinin ağzı və sol cibinin iç səthində aşkar edilmiş qanabənzər ləkələr qan nümunələridir və insana məxsusdur.Təqdim olunmuş 04 (dörd) ədəd çöplü pambıq tampon üzərində, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qolsuz jiletin arxa tərfində, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qolsuz gödəkçənin arxa tərəfində, Təqsirləndirilən şəxs hadisə zamanı əlində olmuş 01 (bir) ədəd bıçağın tiyəsi və tiyəsi ilə dəstəyin birləşdiyi yerdə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd uzunqol gödəkçənin sol qolunun bilək nahiyyəsi, sol cibinin ağzı və sol cibinin iç səthində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci tarixli, 17 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir – döş qəfəsinin arxa səthinin sağ yarısından, sağ kürək altı nahiyənin iç hissəsindən, sağ kürək xətt üzrə Vİİİ-X qabırğalararası sahədən daxilə - döş boşluğuna keçib ətraf yumuşaq toxumaları, diafraqmanı və sağ ağciyərin aşağı payını zədələyən və kəskin çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin arxa səthinin sağ yarısında, sağ kürək sümüyü nahiyəsində daxilə döş boşluğuna keçməyən bir ədəd kiçik ölçülü deşilmiş-kəsilmiş səthi dəri yarası, bel nahiyəsinin sol yarısında bir ədəd sıyrıq. Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar olunan xəsarətlərdən – döş qəfəsinin arxa səthinin sağ yarısından, sağ kürək altı nahiyənin iç hissəsindən, sağ kürək xətt üzrə Vİİİ-X qabırğalararası sahədən daxilə döş boşluğuna keçib ətraf yumuşaq toxumaları, diafraqmanı və sağ ağciyərin aşağı payını zədələyən və kəskin çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin arxa səthinin sağ yarısında, sağ kürək sümüyü nahiyəsində daxilə döş boşluğuna keçməyən bir ədəd kiçik ölçülü deşilmişkəsilmiş səthi dəri yarası ülgücə və küpə malik yastı tiyə tipli hər–hansı bir deşici-kəsici alətin (alətlərin) yaxud, əşyanın (əşyaların) təsirindən, ola bilsin bıçağın (bıçaqların) təsirindən, bel nahiyəsinin sol yarısındakı bir ədəd sıyrıq isə küt əşyanın təsirindən yetirilə bilərdilər, törənmə müddətləri Zərərçəkmiş şəxs 3 saylı ŞKX-da tibbi yardımlar göstərildikdən bir qədər əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci tarixə bıçaqla (bıcaqlarla) və küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdilər; -Dərəcələrinə görə Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən – döş qəfəsinin arxa səthinin sağ yarısından, sağ kürək altı nahiyənin iç hissəsindən, sağ kürək xətt üzrə Vİİİ-X qabırğalararası sahədən daxilə - döş boşluğuna keçib ətraf yumuşaq toxumaları, diafraqmanı və sağ ağciyərin aşağı payını zədələyən və kəskin çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədirlər, döş qəfəsinin arxa səthinin sağ yarısında, sağ kürək sümüyü nahiyəsində daxilə döş boşluğuna keçməyən bir ədəd kiçik ölçülü deşilmiş-kəsilmiş səthi dəri yarası və bel nahiyəsinin sol yarısındakı bir ədəd sıyrıq isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətinə malikdirlər və ölümlə səbəbli əlaqəsi yoxdur; -Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin arxa səthinin sağ yarısından, sağ kürək altı nahiyənin iç hissəsindən, sağ kürək xətt üzrə Vİİİ-X qabırğalararası sahədən daxilə - döş boşluğuna keçib ətraf yumuşaq toxumaları, diafraqmanı və sağ ağciyərin aşağı payını zədələyən və kəskin çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara olmuş, mərhumun ölümü xx.xx.2020-ci il tarixdə, saat 23:15-də 3 sayli Şəhər Klinik xəstəxanasında baş vermişdir; -Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. ( MKŞ - ın 574/K saylı aktı.)» Kompleks ambulator məhkəmə-psixiatrik və ambulator məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 586 nömrəli rəyindən görünür ki, «məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, Eqosentrizm, başqalarının hiss və həyacanlarına qarşı biganəlik, kobudluq, tez özündən çıxmaq, qıcığa qarşı həssalıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdırma bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır». Kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 111/2020-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkçənin və jiletin arxa hissəsində üç ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur; -ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkçənin və jiletin arxa hissəsinin sağ nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrdən ikisi onun bədəninin döş qəfəsinin arxa səthinin sağ yarısında olan iki ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər; -Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkçənin və jiletin arxa hissəsinin sağ nahiyəsində aşkar edilmiş digər bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər; -ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisi,şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri, Xətai rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs paltarları və bir cüt ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus uzunqol gödəkçə və «Nokia» markalı mobil telefonu qohumlarına qaytarılmalı, bir ədəd bıçaq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Bakı şəhəri, Xətai rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs paltarları və bir cüt ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, Təqsirləndirilən şəxs məxsus uzunqol gödəkçə və «Nokia» markalı mobil telefonu qohumlarına qaytarılsın, bir ədəd bıçaq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-916/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-916/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver