Məhkəmə qərarları › İş №1(101)-916/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-916/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-916/2021 30.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Quliyev Feyruz Məhərrəm oğlunun, iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istifadəsində olmuş “Samsung S6” markalı mobil telefonundakı ***-***-**- ** nömrə ilə «WhatsApp» mobil telefon tətbiqetməsi vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı olan Bayram və “Küməz” adları ilə tanınan şəxslə tanış olub qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, həmin şəxsin «WhatsApp» mobil tətbiqetməsində qeydiyyatdan keçirilmiş +**********09 mobil nömrəsi ilə əlaqə yaradıb birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs dəyərini satdıqdan sonra ona ödəmək şərti ilə 1 qramı 10 manata olmaqla 3.000 manat dəyərində narkotik vasitə heroin və 1 qramı 15 manat olmaqla 150 manat dəyərində psixotrop maddə metamfetamini sifariş vermişdir. Daha sonra Təqsirləndirilən şəxs, aralarında olan razılaşmaya əsasən Bayram və “Küməz” adları ilə tanınan şəxsin «WhatsApp» mobil tətbiqetməsi vasitəsi ilə ona yolladığı marşruta uyğun olaraq, 12 noyabr 2020-ci il tarixdə, saat 20:40 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında, avtobus dayanacağının arxasında olan ağaclıqda, şam ağacının altından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 300,776 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 9,881 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və həmin gün saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsində yerləşən 80 nömrəli məktəbin yaxınlığında, Sabunçu rayon Polis idarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə gətirilmiş, bölmədə onun şəxsi axtarışı keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən, yapışqan lentlə bükülmüş göy rəngli sellofan bağlamanın içərisindən, külli miqdarda yəni, 300,776 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 9,881 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, “Beloçka” firmasında sürücü vəzifəsində işləyirdi. Əmək haqqı 500 (beş yüz) AZN təşkil edirdi. 2 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. Bu müddət ərzində narkotik vasitələri müxtəlif şəxslərdən əldə etmişdir. X7 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2020-ci ilin aprel ayında cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Lakin 2020-ci ilin sentyabr ayında yenidən 10 (on) il müddətinə azadlıqdan məhrum edilmişdir. Belə ki, əmisi X6 adlı şəxslə birlikdə cəza çəkmiş və sonuncunu əmisi vasitəsilə tanımışdır. “Küməz” ləqəbli Bayram adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmuşdur. 2020-ci ilin sentyabr ayından sonra istifadəsində olan “Samsung S6” markalı mobil telefonundakı ***- ***-**-** nömrə ilə “WhatsApp” proqramı vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan həmin Bayram adlı şəxslə “Küməz” adı ilə mobil tətbiqetmədə qeydiyyatdan keçmiş +**********09 nömrəsi ilə əlaqə yaradıb “Million” vasitəsilə sonuncunun hesabına 500 (beş yüz) manat məbləğində pul köçürmüşdür. Lakin balansına pul köçürülən hesab nömrəsini ödəniş etdikdən dərhal sonra telefondan sildiyi üçün yaddaşında qalmamışdır. Ondan qramı 10 (on) manat olmaqla 50 (əlli) qram narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. Daha sonra “Küməz” adlı şəxsin ona bildirdiyi yerə uyğun olaraq 12 noyabr 2020ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında avtobus dayanacağının arxasında yerləşən şam ağacının altından öz istifadəsi üçün narkotik vasitə “heroini” götürmüşdür. Narkotik vasitəni əldə edərkən tək olmuş, yanında digər şəxslər olmamışdır. Bundan sonra taksi vasitəsilə Bakıxanov qəsəbəsinə gəlmiş və maşından düşdükdən sonra iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq komendant saatı vaxtı gəzmək üçün icazəsinin olub-olmaması barədə soruşmuşlar. İcazəsinin olmadığı üçün polis əməkdaşlarından yayınmağa çalışsa da Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aparılmışdır. Polis bölməsində şübhəli şəxs kimi tutularaq video çəkilişlə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl narkotik vasitəni polis əməkdaşlarına əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən çıxarıb şəxsən təqdim etmişdir. Həmin vaxta kimi bükümü açıb baxmamışdır. Daha sonra isə əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefonları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra narkotik vasitə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, o, yalnız 50 (əlli) qram narkotik vasitə heroin almış, üzərində 300,776 qram narkotik vasitə heroin və 9,881 qram psixotrop maddə metamfetamin olmamışdır. Metamfetamin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Bu səbəbdən də özünü qismən, yəni yalnız narkotik vasitəni əldə etməkdə təqsirli bilir və onun satış məqsədi olmamışdır. Narkotik vasitəni öz istifadəsi üçün almışdır. Belə ki, hər gün 02 (iki) qram “kakos” deyilən narkotik vasitə heroin istifadə etmişdir və aldığı 50(əlli) qram narkotik vasitəni təxminən 25 dəfə istifadə etmək niyyətində olmuş, onun üçün sutkalıq 02(iki) qramlıq “doza” çox deyil, o, narkotik vasitədən bu cür istifadə edir. Bundan əlavə, Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərmişdir ki, orta təhsillidir və yazıb oxumağı bacarır, lakin polislər ona təzyiq etdiyi üçün istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, guya satış məqsədi ilə 300,776 qram heroini və 9,881 qram metamfetamini əldə etmiş və onun üzərində olmuş, əslində metamfetaminin ona ümumiyyətlə aidiyyəti olmamış, haradan alınmasını isə bilmir. Həmçinin cinayət işinin materiallarında olan onun istifadəsində olan mobil telefon nömrəsinə aid danışıqlara və yazışmalara dair məlumatlarla əlaqədar verilən suala cavab olaraq o, qeyd etmişdir ki, cəmi 2-3 nəfərə narkotik vasitə satmışdır. Bundan başqa o, bildirmişdir ki, cavan olması səbəbindən ağılsızlıq edərək bu yola düşmüş, törətdiyi əməllərdən səmimi peşimançılıq çəkir. Təqsirləndirilən şəxs ibtidai isitintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadələrində özünü tam təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəyə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, “Küməz” adlı şəxsin mobil telefon nömrəsini tapdıqdan sonra “Küməz” adlı şəxsə “WhatsApp” mobil proqramı vasitəsi ilə ismarıc yazaraq maddi durumumun pis olduğunu və narkotik vasitələrin satışından qazanc əldə etmək istədiyini bildirmişdir. “Küməz” adlı şəxs isə ona etiraz etməyərək ona ilk dəfə 50 (əlli) qram narkotik vasitə olan heroini əldə etməyi təşkil etmiş və aralarında olan razılığa əsasən narkotik vasitə satıldıqdan sonra o, hər qrama görə “Küməz” adlı şəxsə 10 manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat pul verməli olmuşdur. O, qeyd olunan miqdarda narkotik vasitə olan heroini satdıqdan sonra “Küməz” adlı şəxslə əlaqə yaratmış və “Küməz” adlı şəxs “WhatsApp” mobil proqramı vasitəsi ilə ona plastik kart hesabı göndərmiş və o, həmin hesaba “milliön” ödəmə terminalı vasitəsilə 500 (beş yüz) manat pul ödəmişdir. 12.11.2020-ci il tarixdə isə “Küməz” adlı şəxs ona həmin proqram vasitəsi ilə yenidən ismarış yazaraq yenidən narkotik vasitə götürübgötürməyəcəyini soruşmuşdur. O, Küməzlə razılaşmış və Küməz ona 300 (üç yüz) qram narkotik vasitə olan heroini və 10 (on) qram psixotrop maddə metamfetamini Həzi Aslanov metrostansiyasının yaxınlığında avtobus dayanacağının arxasında yerləşən şam ağacının altından götürəcəyini bildirərək həmin narkotik vasitənin yerləşdiyi yerin şəklini ona “WhatsApp” mobil proqramı vasitəsi ilə göndərmişdir. O, həmin narkotik vasitəni və psixotrop maddəni saat 20:40 radələrində Küməzin dediyi yerdən, yəni Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında avtobus dayanacağının arxasında yerləşən şam ağacının altından götürmüşdür. “Küməz” adlı şəxslə aralarında olan razılığa əsasən 300 (üç yüz) qram narkotik vasitə olan heroin satıldıqdan sonra hər bir qrama görə Küməzə 10 (on) manat olmaqla ümumilikdə 3000 (üç min) manat, satılan hər bir psixotrop maddə olan metamfetaminə görə isə 15 (on beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat pul verəcəkdir. O, içərisində narkotik vasitə və psixotrop maddə olan metamfetamin olan bükümü götürdükdən sonra taksiyə əyləşmiş və Bakıxanov qəsəbəsi ərazisində taksidən düşdükdən sonra iki nəfər polis geyimli şəxs ona yaxınlaşaraq ondan komendant saatı vaxtı gəzmək üçün icazəsinin olub-olmamasını soruşmuşdur. O, icazəsınin olmadığını bildirərək polis əməkdaşlarından yayınmağa çalışmışdır. Bu zaman polis əməkdaşları ondan şübhələnərək onu Sabunçu RPİ-nin 13-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 13-cü PB-nə gəlmişdir. Bundan sonra ona narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşınmasında şübhəli olduğu bildirilmiş və buna görə də o, şübhəli şəxs qismində tutulmuşdur. Tutulduqdan sonra ona hüquq və vəzifələri izah edilmiş, sonra isə videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. O, üzərinə şəxsi axtarış keçirilərkən vəkilin iştirakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özü tərəfindən təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən yapışqan lentlə bükülmüş göy sellofan bağlamanı masanın üzərinə qoymuşdur. Aşkar olunmuş maddələrə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və sorğu zamanı o, həmin narkotik vasitə və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı olan “Küməz” adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra o, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefonları təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş maddələr qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən sonra ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar olunan narkotik vasitəni və psixotrop maddəni əldə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Onun üzərndən aşkar olunan narkotik vasitə və psixotrop maddəni satmaq məqsədilə əldə etmişdir. O, ilk dəfə narkotik vasitə olan heroin əldə edərkən narkotik vasitəni müxtəlif şəxslərə satmışdır. Aşkar olunmuş narkotik vasitəni isə heç kimə sata bilməmişdir. Çünki həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir göstərilməmiş, həmçinin zor tətbiq edilməmişdir. Ona təqdim edilmiş telefon danışıqlarına dair məlumatlarla ətraflı tanış olmuş və həmin nömrələrin kimə məxsus olmasını xatırlamamış, lakin ümumilikdə o, narkotik vasitələrin satışı ilə məşğul olduğundan həmin şəxslər ondan narkotik vasitə satmağını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 İbrahim oğlu ifadəsində bildirmişdir ki, 12 noyabr 2020-ci il tarixində, saat 22:00 radələrində post yoldaşı polis serjantı Şahid1 ilə 13cü Polis Bölməsinin inzibati ərazisində, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsində xidmət apararkən bir nəfər şəxsin taksidən düşdüyünü görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşdıqdan sonra özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədləri tələb edərək komendant saatı ilə əlaqədar müvafiq icazəsinin olub-olmamasını soruşmuşlar. Bu zaman həmin şəxs üzərində şəxsiyyəti təsdiq edən sənədinin olmadığını bildirmişdir. Bundan başqa sorğusual edilən şəxsin onlara dağınıq cavablar verərək onlardan yayınmağa çalışdığını, həmçinin narkotik vasitənin təsiri altında olduğunu hiss etmişlər. Həmin şəxsin üzərində narkotik vasitə olmasından şübhələnərək şəxsi Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər və həmin onlarla razılaşmış, müqavimət göstərməmişdir. Bölmədə həmin şəxsin anket məlumatları dəqiqləşdirilərkən onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onlar birlikdə müvafiq raport tərtib edərək bölmənin növbətçi hissəsinə təqdim etmişlər. Tərtib etdikləri raportun araşdırılması bölmə rəisi tərəfindən təhqiqatçıya həvalə edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və sonra şübhəli şəxsin üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın keçirilməsi zamanı müdafiəçinin iştirakı olmadan, eyni zamanda videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən yapışqan lentlə bükülmüş göy rəngli sellofan bağlamanı masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bağlamaya baxış keçirilmiş və bağlamanın içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində kristal formalı maddə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin nə olması soruşulduğu zaman Təqsirləndirilən şəxs həmin maddələrin “kokos və “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu və əmisi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Küməz” adlı şəxsdən aldığını bildirmişdir. Götürülmüş maddələr qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RP-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 bildirmişdir ki, 12 noyabr 2020-ci il tarixində, saat 22:00 radələrində post yoldaşı polis serjantı Şahid2 ilə 13-cü polis bölməsinin inzibati ərazisində, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsində xidmət apararkən bir nəfər özünü şübhəli aparan şəxsin taksidən düşdüyünü görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşdıqdan sonra özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədləri tələb etmişlər və komendant saatı ilə əlaqədar müvafiq icazəsinin olub-olmamasını soruşmuşlar. Bu zaman özünü şübhəli aparan şəxs üzərində şəxsiyyəti təsdiq edən sənədinin olmadığını bildirmişdir. Şəxsin onlara dağınıq cavablar verərək onlardan yayınmağa çalışdığı və narkotik vasitənin təsiri altında olan şəxsə oxşadığı üçün ondan daha da şübhələnmişlər. Onun üzərində narkotik vasitə olmasını ehtimal edərək şəxsi Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər və o, razılaşaraq onlarla bölməyə getmişdir. Bölmədə həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilərkən onun Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onlar bu haqda raport tərtib edərək bölmənin növbətçi hissəsinə təqdim etmişlər. Tərtib etdikləri raportun araşdırılması təhqiqatçıya həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı müdafiəçinin iştirakı olmadan, eyni zamanda videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən yapışqan lentlə bükülmüş göy rəngli sellofan bağlamanı masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bağlamaya baxış keçirilmiş və bağlamanın içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində kristal formalı maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin mənşəyi barədə sual verildikdə o, həmin maddələrin “kokos və “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, bunları narkotiklə bağlı tutulan əmisi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Küməz” adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş maddələr qablaşdırılmış və ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 12 noyabr 2020-ci il tarixli Sabunçu RPİ-nin PPXBnin polis nəfərləri, polis serjantı Şahid1 və polis serjantı Şahid2 tərəfindən Sabunçu RPİnin 13-cü PB-nin rəisinin adına yazılmış raportdan görünür ki, onlar 12.11.2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin taksidən düşdüyünü görüb ona yaxınlaşaraq komendant saatı ilə bağlı icazəsinin olub-olmamasını soruşub şəxsiyyətini təsdiq edən sənədləri tələb etmişlər, bu zaman həmin şəxs dağınıq cavablar verərək suallardan yayınmağa çalışmışdır. Şəxsin üzərində narkotik vasitələrin olmasından şübhələnərək onu 13-cü polis bölməsinə dəvət edərək şəxsiyyətini araşdırdıqda onun xx.xx.1988-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü PB-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri və ya dövriyyəsi qanunla qadağan edilmiş digər əşyaları təqdim edilməsi təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən yapışqan lentlə bükülmüş göy selofan bağlamanın içərisindən bir ədəd şəffaf selofan bükümdəki spesifik qoxuya malik, tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni və bir ədəd şəffaf selofan bükümdəki kristal formada olan psixotrop maddə sayılan metanfetaminə bənzər maddəni təqdim edərək həmin narkotik vasitə və psixotrop maddəni “Küməz” adlı İran İslam Respublikasının vətəndaşının ona göndərməsini, bağlamada olanları 12 noyabr 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında, avtobus dayanacağının arxasında olan ağaclıqda, şam ağacının altından götüryünü, narkotik vasitə və psixotrop maddənin bir hissəsini öz istifadəsi üçün, qalan hissəsinin isə satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi hamin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, protokol tərtib olunmuş, həmin protokol Təqsirləndirilən şəxs özü və istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu “CD” formatlı disk maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 26-27) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2020-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm dı məhkəmədə baxış keçirilərkən öz tədiqini tapmışdır. (cild 1, iş vərəqə 46-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13.11.2020-ci il tarixli, 6/2478 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqdiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə təmiz çəkisi 300,776 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 9,881 qram ağ rəngli kristallardan ibarət maddə isə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild 1, iş vərəqə 33-39) Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 13 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan həmin telefonun “Watsapp” tətbiqetməsində “K” adı ilə qeydiyyata alınmış +**********09 mobil telelfon nömrəsindən bir şəkil göndərilmiş və həmin şəkildə “Küməz” adı ilə Təqsirləndirilən şəxs tanıdığı şəxsin narkotik vasitəni onun götürməsi üçün qoyduğu yer əks olunmuşdur. (cild 1, iş vərəqə 48-52) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 16 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdə təmiz çəkisi 300,776 qram narkotik vasitə heroin və təmiz çəkisi 9,881 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 300,576 qram təşkil edən narkotik vasitə heroin və 9,781 qram təşkil edən psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Bundan əlavə, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs uzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntülərə dair “CD” formatlı disk də maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 79) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlarına və “SMS” yazışmalarına dair “xxxx”MMC – “Nar” mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “CD” formatlı diskə baxış keçirilməsinə dair 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslər tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satılması, onların miqdarı ilə bağlı sifarişlər verilir, narkotik vasitələrin və psixotrop maddələrin çatdılrılmasının yeri və vaxtı dəqiqləşdirilir. (cild 1, iş vərəqə 108-110) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 11.01.2020-ci il tarixli, 47 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 97- 98) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından gürünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (cild 1, iş vərəqə 94-95) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələr ilə təqsirləndirilməsinə dair cinayət işindən, iş üzrə Təqsirləndirilən şəxsla külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsində, saxlanılmasında və daşınmasında qabaqcadan əlbir olmuş cinayətkar qrupun digər üzvü, yəni istintaqa adı “Küməz” kimi məlum olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 140-141) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin az olması, psixotrop maddə metamfetaminin isə olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan əlavə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satılması ilə bağlı təhqiqat və istintaq orqanlarında əvvəlcədən hər hansı bir məlumat olmamış, onunla bağlı əməliyyat tədbirləri aparılmamış, Təqsirləndirilən şəxs saxlanılması və üzərində narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi əvvəlcədən planlaşdırılmamışdır O, xüsusi icazəsi və şəxsiyyətini təsdiq edən sənədləri olmadan komendant saatında taksi nəqliyyat vasitəsində hərəkət etdiyi zaman saxlanılmış, polis əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində sübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən külli miqdarda narkotik vasitə və psixotrop maddənin olması müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində narkotik vasitə heroinin miqdarının az olması, psixotrop maddə metamfetaminin olmaması, polis əməkdaşlarının ona münasibətdə qərəzli olması və ibtidai istintaq zamanı verdiyi ifadələrin təzyiq altında verməsi kimi gətirdiyi dəlillər əsasızdı və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs gənc yaşında olmasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayəti qismən etiraf etməklə öz əməllərindən səmimi peşimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 12 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə iş vərəqə 6-7, 77-78). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan espert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 300,576 qram təşkil edən narkotik vasitə heroin və 9,781 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə iş vərəqə 34). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Quliyev Feyruz Məhərrəm oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 28 iş saatı həcmində hüquqi yardımla bağlı Quliyev Feyruz Məhərrəm oğlunun vəkil işlədiyi Bakı şəhəri 2 saylı hüquq məsləhətxanasının hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 300,576 qram təşkil edən narkotik vasitə heroin və 9,781 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Quliyev Feyruz Məhərrəm oğlu üçün 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar