Məhkəmə qərarları › İş №1(101)-916/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-916/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-916/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - "Hümbətov və partnyorları" Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, 08 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda, yəni 4,135 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 13:00-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 4ərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 14:39-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 4,135 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, saxlanılan vaxt onun üzərində narkotik vasitə olmamışdır. O, ad günündə iştirak etdiyi üçün həbs olunmuşdur. Polis əməkdaşları ona zəng edib ərizə yazmaq üçün dəvət etmişlər. İdarəyə aparılandan sonra onun üzərinə narkotik vasitə qoyulmuş və çəkiliş zamanı əvvəlcədən polis əməkdaşlarının dediyi kimi həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Proses iştirakşılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs Rusiya vətəndaşı olan bir nəfərin ad günü olduğunu, dostları ilə həmin ad günündə iştrak etdiyini, Nihad adlı həmin şəxsin ad gününə dostlarını apardığını, ad gününün harda keçirildiyini dəqiq xatırlamadığını, ad günündə iştirak edən şəxsləri tanımadığını, həmin ad günündə təxminən bir saat-saat yarım iştirak etdiyini, bunun üstündən 10 gün keçəndən sonra polis əməkdaşlarının ona yaxınlaşıb şəkil göstərdiklərini və şəkildəki şəxsin kim olduğunu soruşduqlarını, o isə, polis əməkdaşlarına həmin şəkildəki şəxsin özünün olduğunu və həmin məclisdə iştirak etdiyini bildirdiyini, bundan sonra polis əməkdaşlarının onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqlarını, idarədə olanda polis əməkdaşlarının ona narkotiki boynuna götürməsini bildirdiklərini, onun Nihad adlı şəxsi tanımadığını, videoçəkiliş zamanı narkotik vasitəni yerdən tapdığını bildirdiyini, özünün narkotik vasitələrdən istifadə etmədiyini, məcburiyyətdən həmin narkotiki boynuna götürdüyünü, ona fiziki təsir və təzyiq olunmadığını, amma ona psixi təsir edildiyini, ondan başqa həmin ad günündə iştirak edən şəxslərdən kiminsə həbs olunduğunu eşitmədiyini, idarəyə gətiriləndən sonra Nihad adlı şəxsin Rusiyanın Surqut şəhərində həbs olunduğunu bildiyini, ad günündə olan şəxslərin Nihadı tanıdıqlarını, yəqin kimsə tərəfindən ad gününün videosu yayıldığını və polis əməkdaşlarının həmin videonu «TikTok» sosial şəbəkəsindən əldə etdiyini, polis əməkdaşlarlnln ona göstərdiyi videogörüntüdə ondan başqa yeddi nəfərin olduğunu, lakin yalnız onun tutulduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində bildirmişdir ki, arabir “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan və “kokos” kimi tanıdığı heroindən istifadə edir. İstifadə etdiyi maddələri Bakı şəhərində müxtəlif tanımadığı şəxslərdən alır. 06 avqust 2023-cü il tarixdə axşam radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə piyada hərəkət edib evə gedən zaman yolun kənarında balaca bir bükümün olduğunu görmüş və həmin büküm diqqətini çəkmişdir. Həmin bükümə nəzər salan zaman içərisində “kokos” kimi tanıdığı heroin olduğunu müəyyən etmişdir. Bükümü cibinə qoymuşdur ki, nə vaxtsa istifadə etsin. 08 avqust 2023-cü il tarixdə saat 13:00-da yaşadığı ünvan 5 ünvanın yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung” və 1 ədəd «İphone» markalı mobil telefon cihazını, şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunu və 1 ədəd selofan bükümü təqdim etmiş, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin selofan büküm açıldıqda içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl yerdən tapdığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, tapdığı maddəni öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 1 ədəd selofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı üstündən aşkar edilmiş 1 ədəd “Samsung” və 1 (bir) ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Üstündən aşkar edilmiş “Kent” markalı siqaret qutusu özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, nə saxlanılarkən, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını bildirmişdir (cild 1, iş vərəqi 67-70). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, həmin ifadəni oxumadan imzaladığını, istintaq zamanı ona qarşı təsir və təzyiq olunmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 08 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı onun rəhbərliyi ilə Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 12-13 radələrində Təqsirləndirilən şəxs Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 ünvanının yaxınlığında olması müəyyən edilmiş və həmin şəxsə yaxınlaşıb onu saxlamışlar. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş idarəyə dəvət etmişlər. İdarənin inzibati binasında müdafiəçinin iştirakı və videoçəkiliş keçirilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs üstündə narkotik vasitə olduğunu bildirib 1 ədəd selofan bükümü, həmçinin 1 ədəd “Samsung” və 1 ədəd “İphone” markalı mobil telefonları təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd şəffaf selofan bükümdə olan maddə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfə qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, 2 ədəd mobil telefonlar əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs üstündən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni tapdığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən və polis idarəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və həmin idarənin əməliyyat müvəkkili Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə olan heroinin aşkar olunaraq götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiklərini bildirərək, Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 13:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş idarənin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, içərisində 5 (beş) ədəd siqaret olan 1 (bir) ədəd “Kent” markalı siqaret qutusu, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” və 1 (bir) ədəd “İphone” markalı mobil telefonlar aşkar olunmuş, selofan bükümdəki maddə və mobil telefonlar götürülmüş, siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 08 avqust 2023-cü il tarixdə saat 14:39-da başlamış və həmin tarixdə saat 14:50-də bitmişdir (cild 1, iş vərəqi 26-28). Şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 29, 176). Məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4238 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6" dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,135 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 4,135 qram, tədqiqata istifadə edildi - 0,05 qram, qalıq - 4,085 qram (cild 1, iş vərəqi 40-44). Məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 5087 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 143-144). Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2023-cü il tarixli 2920/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir (cild 1, iş vərəqi 162-165). İbtidai istintaq orqanının 10 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,085 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 100-102). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatlara, şəxsi axtarış və götürmə zamanı sonuncudan götürülmüş "Samsung Galaxy J5” və "İphone X” markalı mobil telefonlara baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddələrin alqısatqısını təsdiq edən hər hansı bir danışıqlar, «sms» yazışmaları və digər məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqi 121, 130). Cinayət işinə əlavə edilmiş 21 avqust 2023-cü il tarixli 13-20/40 saylı məktubdan və əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2nvanında atası və anası ilə birlikdə yaşayır, ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 117-118). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 15 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 109). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılan vaxt onun üzərində narkotik vasitə olmadığını, dostları ilə birlikdə Nihad adlı Rusiya vətəndaşı olan bir nəfərin ad günündə iştirak etdiyi üçün həbs olunduğunu, polis əməkdaşlarının ona zəng edib ərizə yazmaq üçün dəvət etdiklərini, idarəyə aparılandan sonra onun üzərinə narkotik vasitə qoyulduğunu və çəkiliş zamanı əvvəlcədən polis əməkdaşlarının dediyi kimi həmin narkotik vasitənin özünə məxsus olduğunu dediyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 Baş idarədə şübhəli şəxs barəsində yalnız narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, daşınması və saxlanılması barədə məlumatın olduğunu, şəxsin başqa qanunsuz əməlləri barədə hər hansı məlumat daxil olmadığını bildirdilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli və ziddiyyətli ifadə verməsini onun məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, subay olmaqla ailənin yeganə təminatçısının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, subay olmaqla ailənin yeganə təminatçısı olmasını, himayəsində yaşlı valideynlərinin olmasını cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq olunmasını və ona həmin maddə ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və halhazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 5087 №li №-li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,085 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,085 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar