Məhkəmə qərarları › İş №1(101)-918/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-918/2023

31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-918/2023 31.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlu və müdafiəçi - Bakı şəhəri, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 15 oktyabr 202-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu 13 oktyabr 2022-ci il tarixdə saat 19:40 radələrində ünvan 3 ünvanında yerləşən “Gəncə” mərasim evinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs olan pul borcunun vaxtında qaytara bilməməsi və bunun nəticəsində zərərçəkən tərəfindən birincinin mobil telefonuna təhqiredici ifadələrin göndərilməsi səbəbindən, aralarında yaranmış narazılıq zəminində üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən 7 dəfə zərbə vuraraq, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan 2 ədəd sağlamlığa yüngül zərərvurmaya aid sol qulaq seyvanı və sol gicgah nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, həmçinin insan həyatı üçün təhlükəli olan döş qəfəsinin arxa səthinin 4 ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları, 1 ədəd qarının sol-yan səthinin periton boşluğuna nüfuz edərək yoğun bağırsağın zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 30 manat pul borcu olduğundan Cavanşir onu təhqir etmiş və nəticədə onu yaralamışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, zərərçəkmiş şəxsi 1 ilə yaxındır tanıyır, onların arasında sadəcə tanışlıq münasibətləri olmuşdur. Hadisədən 3-4 gün əvvəl pula ehtiyacı olduğu üçün o, Cavanşirdən 30 manat borc pul istəmiş və həmin pulu qısa müddətdə qaytaracağına söz vermişdir. Pulu özünə lazım olduğu üçün istəmiş, Cavanşir də ona dərhal pulu vermişdir. Daha sonra pul olmadığından Cavanşirin pulunu qaytara bilməmiş, dostu Nurəlidən ona olan borcunu ödəməsini xahiş etmişdir. Dostu Nurəli ilə pulun zərərçəkmiş şəxsə ödənilməsi barədə razılıq əldə etmişlər, lakin pul kartdan-karta göndərmə zamanı zərərçəkmiş şəxsə çatmamışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs onu təhqir etmişdir. Sonra zərərçəkmiş şəxsə pulu ödəyəcəyini deyərək görüşə çağırmış və ondan üzrxahlıq etməsini istəmişdir. Lakin zərərçəkmiş şəxs heç bir üzrxahlıq etməmişdir. Bu zaman Nurəli də orada olmuş və kənarda gözləmişdir. Hadisə baş verən zaman Nurəli onları kurtkalarından tutaraq ayırmağa çalışmışdır. Təxminən saat 19 radələrində mərasim evinin arxa hissəsində o, Cavanşiri yaralamış, hadisə baş verən zaman özündə olmamışdır. İstifadə etdiyi bıçağı 1 ilə yaxındır ki, gecə saatlarında işlədiyindən, özünü müdafiə etmək məqsədilə hər zaman üzərində gəzdirmişdir. Hadisə baş verdikdən sonra Cavanşir qaçıb getmiş və o, zərərçəkmiş şəxsə heç bir yardım göstərməmiş, öz evinə getmişdir. Özü Əhmədlidə kuryer kimi fəaliyyət göstərmiş, günə təxminən 30-50 manat pul qazanmışdır. Anası və atası işləməmiş, ailədə bacısı ilə birgə 2 uşaq olmuşlar. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Ayxana borc pul vermiş və hadisə baş verməmişdən qabaq verdiyi borcun qaytarılmasını istəmişdir. Ayxan isə borcun ödənilməsini dostu Nurəlidən xahiş etmişdir. O, Nurəli ilə danışıb ona özünün kart nömrəsini göndərmiş, lakin Nurəli pulu onun kartına vurmamışdır. Bu barədə maraqlandıqda, Nurəli bankla bağlı problem olduğunu demişdir. Sonra o, Nurəlidən 3 manat yol pulu istəmiş və evinə getmişdir. Səhər Nurəliyə zəng etmiş, Nurəli pulu göndərəcəyini desə də, sözünə əməl etməmişdir. Buna görə Ayxana zəng edərək pulun ona verilmədiyini demiş, Ayxan isə pulun göndəriləcəyini bildirmişdir. Təxminən 3 gün sonra yenə Nurəliyə zəng etmiş, sonuncu isə, telefonu açıb bağlamışdır. Yenidən bir gün gözləmiş, zəng etmiş, lakin Nurəli telefonu açdıqdan sonra təkrar bağlamışdır. Bundan qəzəblənərək Nurəliyə təhqir məzmunlu mesajlar yazmış, daha sonra Ayxana yazaraq Nurəlini təhqir etdiyini bildirmişdir. Ayxan evdə olduğunu demiş və sonra ona zəng edəcəyini bildirmişdir. Təxminən saat 19 radələrində Ayxan onu «Gəncə» mərasim evinin yanına çağırmış və orada onu qarşılamışdır. Siqaret aldıqdan sonra Ayxan onu «Gəncə» mərasim evinin arxasına aparmışdır. Orada söhbət zamanı o, təkrar Ayxandan pulunu istəmiş, lakin Nurəli onu arxaya çəkmişdir. Nurəli ona «bu nə söyüşlərdir yazmışdın» dedikdən sonra, o, cavab verməyə macal tapmamış Ayxan onu bıçaqla vurub yaralamışdır. O, qaçmağa çalışdığı zaman Nurəlinin onun kurtkasından tutub dartdığını görmüş, bu zaman Ayxan onu təkrar bıçaqlamış və daha sonra qaçıb getmişlər. Zərərçəkmiş şəxs ifadəsinə görə, bütün baş verənlərin səbəbkarı Nurəli olmuşdur, onu kənara Nurəli çəkmiş, Ayxanın tək günahı isə onu yaralaması olmuşdur. Ayxanın nə üçün belə etdiyini o, anlamamışdır. Ona ümumilikdə doqquz zərbə yetirilmişdir. Ayxanla Nurəli qaçıb getdikdən sonra o, «102» xidmətinə zəng etmiş və yaralanması barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı adları çəkilən şəxslər ibtidai istintaqa verdikləri sərbəst ifadələrini təsdiq etmişlər (cild 1, iş vərəqi 141-145). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir ildir tanıyır, onunla eyni məhəllədə böyümüşlər. Birlikdə vaxtaşırı çayxana və digər yerlərə getmişlər. Hadisədən təxminən bir həftə əvvəl Ayxan onu öz tanışı Zərərçəkmiş şəxsla tanış etmişdir. Bir neçə gün sonra Ayxan zəng edərək Cavanşirin ona 30 manat borc pul verdiyini bildirmiş, ondan həmin pulu Cavanşirə qaytarmağı xahiş etmişdir. O, Ayxana razılığını bildirmişdir. Hadisədən 4-5 gün əvvəl Cavanşirlə birlikdə yaşadığı evə «Keşlə» məscidinin yanına getmişlər. Orada öz istifadəsində olan bank kartından Cavanşirin kartına pul köçürmək istəmiş, lakin bir neçə dəfə çalışsa da, bunu edə bilməmişdir. Bundan sonra Cavanşirə 3-5 manat məbləğində yol pulu vermiş və ayrılmışlar. Növbəti gün Cavanşir dəfələrlə onun istifadəsində olan mobil telefona zəng etmiş, sonuncuya onun bank kartında pul köçürməsinə dair yəgin hansısa problem olduğunu bildirmişdir. Daha sonra Cavanşir gün ərzində bəlkə də 30 dəfə ona zəng etmiş, mübahisə yaranmaması üçün onun telefonunu götürməmişdir. 13 oktyabr 2022-ci il tarixdə Cavanşir “Whatsapp” vasitəsilə onun ailəsini alçaldan sözlər göndərmiş, öz tərbiyəsini qoruyaraq onun mesajlarına cavab verməmişdir. Daha sonra isə Ayxanla görüşüb bu barədə məlumat vermişdir. Söhbət zamanı Ayxan axşamüstü Cavanşirlə görüşərək dediyi sözlərə görə üzr istədəcəyini bildirmişdir. Ayxan Cavanşirlə danışmış, daha sonra ondan xahiş etmişdir ki, aralarında baş verəcək söhbətdə o da, iştirak etsin. Həmin gün saat 19:30 radələrində “Gəncə” mərasim evinin yanına gəlmiş, Ayxan və Cavanşirin də orada olduqlarını görmüşdür. Cavanşir pulunu tələb etdikdə, Ayxan adam çox olduğu üçün kənara çəkilməyi təklif etmiş və onlar bir həyət evinin darvazasının yanına gəlmişlər. Ayxan Cavanşirlə söhbət etməyə başlayarkən, onlardan təxminən 3-4 metr aralıda dayanmışdır. Söhbət zamanı Ayxan Cavanşirdən yazdığı mesajlara görə üzr istəməyi tələb etmişdir. Cavanşir isə Ayxana cavab qaytardıqdan sonra sonuncu, Cavanşirin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. X2 əli ilə yumruq vurduğunu fikirləşmiş, bıçağın olmasını görməmişdir. Təxminən 5-6 saniyə davam edən davanın sonunda Cavanşirin boynundan qan fışqırmasını gördükdə anlamışdır ki, Ayxan Cavanşiri əvvəlcədən bıçaqla vurmuşdur. Cavanşir qışqırmağa başlamış, dava-dalaşın bıçaqlanma olmasını anladıqda, Ayxanla Cavanşiri ayırmaq istəmişdir. Bu məqsədlə həm Ayxanın, həm də Cavanşirin ködəkçələrindən tutmuş, bu anda Ayxan sonuncu zərbəni Cavanşirə vurmuşdur. Bundan sonra onların hər biri hadisə yerindən qaçıb uzaqlaşmışlar. Baş vermiş hadisədən sonra o, evə getmiş, 26 oktyabr 2022-ci il tarixdə isə hərbi xidmətə çağırılmışdır. Şahid ifadəsinə görə, Ayxan onunla görüşən zaman Cavanşiri bıçaqlayacağı barədə əvvəlcədən heç nə deməmiş, bu barədə onların arasında heç bir danışıq olmamışdır. Cinayət hadisəsi təxminən bir dəqiqə davam etmiş, hadisə yerində kənar adamlar olmamış, hadisədən qabaq Təqsirləndirilən şəxs üzərində bıçaq gəzdirməsi barədə məlumatsız olmuşdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 14 oktyabr 2022-ci il tarixli protokola əsasən, cinayət hadisəsinin baş verdiyi yer ünvan 3 ünvanında yerləşən «Gəncə» mərasim evinin yaxınlığıdır. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək rotokola əlavə edilmişdir (cild 1, iş vərəqi 9-13). Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 1270 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin arxa səthinin 4 ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları; - qarının sol-yan səthinin peritor boşluğuna nüfuz edərək yoğun bağırsağın zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yarası; - sol qulaq seyvanının deşilmiş-kəsilmiş yarası; - sol gicgah nahiyəsinin deşilmiş-kəsilmiş yarası. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, törənmə müddətlərinə görə qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə və şəraitə, yəni bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə döş qəfəsi və qarın nahiyələrinin 5 ədəd boşluqlara nüfuz edən yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol qulaq seyvanı və sol gicgah nahiyəsinin deşilmiş-kəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı-ayınlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 135-138). Məhkəmə-tibbi kriminalistik ekspertizanın 11 yanvar 2023-cü il tarixli 657/2022-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yuxarı nahiyəsində altı ədəd, köynəyin boyun nahiyəsində bir ədəd, köynəyin ön səthinin sağ nahiyəsində iki ədəd, köynəyin arxa səthinin sol nahiyəsində iki ədəd, köynəyin arxa səthinin orta nahiyəsində dörd ədəd, köynəyin sağ qolunun arxa səthində üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər (cild 1, iş vərəqi 173-175). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 3388 saylı rəyindən görünür ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə - Təqsirləndirilən şəxs oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. - Təqsirləndirilən şəxs oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs oğlu hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. - Təqsirləndirilən şəxs oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs oğlunun əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, konfliktə meylilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs oğlu cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs oğlu cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Emosional halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqi 169-172). Məhkəmə-tibbi bioloji ekspertizanın 13 yanvar 2023-cü il tarixli 841/2022-MTBŞ saylı rəyindən görünür ki, ekspert maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlir:

1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «A» antigeni alındı. Bu qan ləkələri Abeta(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 180-184). Cinayət işinə əlavə olunmuş 21 iyul 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs oğlu tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 24 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu barədə idarənin informasiya bazasında məlumat yoxdur (cild 1, iş vərəqi 131-132). Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs özünün bıçaqla ağır xəsarət yetirdiyini etiraf edərək öz müdafiəsi üçün dəlillər gətirmədi. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğluna qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eyni zamanda cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının həddi müəyyən edilərkən onun cinayət törədərkən zərərçəkmiş şəxsə 7 bıçaq zərbəsi vurması və yetirilmiş bədən xəsarətlərinin 5-nin daxilə nüfuz edən xəsarətlər olmaqla həm ümumilikdə, həm də hər birinin ayrı-ayrılıqda ağır dərəcəli bədən xəsarətləri hesab edilməsi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlu 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 15 oktyabr 2022ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalı, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut - Bakı şəhəri, Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun müdafiəsi ilə əlaqədar 50 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 300 (üç yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs oğluna təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri, Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 300 (üç yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar