Məhkəmə qərarları › İş №1(101)-918/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-918/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-918/2025 29.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2024cü il tarixdə, saat 21:45 radələrində ANC Group MMC-yə məxsus Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Ləhic bağ sahəsi, İstiqlaliyyət küçəsində yerləşən “Rahat” ərzaq mağazasına müştəri qismində daxil olub işıqların sönməsi səbəbindən mağazada kimsənin olmamasından istifadə edərək kassanın yanında vitrinə yığılmış ümumi dəyəri 304 manat təşkil edən 20 qutu, hər bir qutusu 4 manat 50 qəpik olan “Sobranie whites” siqaretlərini, 10 qutu, hər bir qutusu 4 manat olan “Winston XS silver” siqaretlərini, 20 qutu, hər bir qutusu 4 manat 20 qəpik olan “Kent Nano” siqaretlərini, 20 qutu, hər bir qutusu 4 manat 50 qəpik olan “X12” siqaretlərini ciblərinə və köynəyinin altına yığmaqla gizlətmiş, mağazada baş kassir vəzifəsində işləyən Zərərçəkmiş şəxs tərəfindən onun etdiyi qanunsuz əməl ifşa edildikdə sonuncunun onun əməlini dayandırması ilə bağlı qolundan tutub mağazanın digər işçilərini qışqıraraq köməyə çağıran zaman Təqsirləndirilən şəxs saxlanılacağını bilib özgənin əməlakını gizli yolla ələ keçirmək əməllərini quldurluq, yəni, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın cinayətinin törədilməsinə yönəldib bu üsulla ələ keçirdiyi əmlaklar üzərində sərəncam vermək hüququnu saxlamaq məqsədi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs üz nahiyyəsindən yumruqla vurub sonuncuya sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını ələ keçirmə məqsədi ilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özgənin 304 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 304 manat ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Ləhic bağlarında usta işlədiyi fərdi evdən çıxıb elə həmin ərazidə, yəni Ləhic bağları 21-ci dalanda yerləşən «Rahat» marketə siqaret almaq üçün gəlmiş, siqaret aldığı zaman qısa qapanmadan işıqlar sönmüş, buna baxmayaraq o siqareti pulunu satıcıya ödəmişdir. Satıcı isə bunu inkar etdiyi üçün aralarında mübahisə baş vermişdir. Ona ittiham verilmişdir ki, o, “Rahat” ərzaq mağazasına müştəri qismində daxil olub işıqların sönməsi səbəbindən mağazada kimsənin olmamasından istifadə edərək kassanın yanında vitrinə yığılmış 20 qutu “Sobranie whites” siqaretlərini, 10 qutu “Winston XS silver” siqaretlərini, 20 qutu “Kent Nano” siqaretlərini, 20 qutu “X12” siqaretlərini götürmüşdür. Bu qədər qutuları o, harasına qoya bilərdi. O, pulunu ödəməklə cəmi bir paçka siqaret almış, lakin satıcı onunla mübahisə etmiş, o mağazadan çıxdıqda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Mağazanın digər işçiləri ilə heç bir mübahisə və davası olmamışdır. Anası yuxarı dövlət orqanlarına müraciət etmiş, həmin müraciətlər məhkəməyə də daxil olmalıdır. Xahiş edir məhkəmə onun işinə ədalətli baxsın. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu onun satıcı işlədiyi Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 21-ci dalanda yerləşən “Rahat” ərzaq mağazasına bir neçə dəfə ərzaq almağa gəlib-getmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində o, iş yerində olmuşdur. Həmin vaxt qısaqapanma nəticəsində sayğacda yanğın hadisəsi olmuş, bu səbəbdən də onun və mağazanın digər işçilərinin sayğacda baş verən yanğına başı qarışmış, bu səbəbdən də bütün işçilər sayğacın yerləşdiyi mağazanın arxa hissəsinə küçəyə çıxmışlar, işıqlar söndüyü üçün də mağaza qaranlıq olmuşdur. Sayğacın yerləşdiyi yerdən mağazaya qayıtdıqda hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs mağazanın içərisində kassanın yanında əyilərək nə isə etdiyini görmüş, sakitcə Namirə yaxınlaşmış və görmüşdür ki, Namir əyilərək bir neçə növ siqaret qutularını kassanın yanında vitrindən götürüb ciblərinə və köynəyinin altında gizlədir. O, Namirə yaxınlaşaraq siqaretləri yerinə qoymasını tələb etmiş, lakin sonuncu onun tələbinə məhəl qoymayaraq oğurladığı siqaretlərlə mağazdan çıxaraq qaçmağa cəhd göstərmişdir. Bu zaman o, cəld Namirin qolundan tutmuş və qışqıraraq mağazanın digər işçilərini köməyə çağırmışdır. Onun səsinə mağazanın işçiləri mağazaya gəldikdə Namir digər işçilərin də yaxınlaşdığını gördükdə qəflətən onun qaş nahiyəsindən yumruqla zərbə vuraraq qaşını partlatmışdır. İş yoldaşları Namiri saxlamaq istədikdə sonuncu yerə yıxılmış və oğurladığı siqaret qutuları yerə tökülmüş, buna baxmayaraq Namir iş yoldaşlarının əlindən çıxıb qaça bilmişdir. Aldığı zədədən yaradan qan gəldiyi üçün onu dərhal xəstəxanaya aparmışlar. O, oğurlanan siqaretlərin dəqiq sayını xatırlamır, lakin Namirin köynəyinin altına yığdığı siqaret qutuları az olmamışdır. Hal-hazırda Namirlə barışmış, sonuncuya qarşı heç bir tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu onun meyvə-tərəvəz şöbəsində satıcı işlədiyi Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 21-ci dalanda yerləşən “Rahat” ərzaq mağazasına bir neçə dəfə ərzaq almağa gəlib-getmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində o, iş yerində olmuşdur. Həmin vaxt qısaqapanma nəticəsində sayğacda yanğın hadisəsi olmuş, bu səbəbdən də onun və mağazanın digər işçilərinin sayğacda baş verən yanğına başı qarışmış, bu səbəbdən də bütün işçilər sayğacın yerləşdiyi mağazanın arxa hissəsinə küçəyə çıxmışlar, işıqlar söndüyü üçün də mağaza qaranlıq olmuşdur.mağazanın satıcısı Zərərçəkmiş şəxs onlardan qabaq mağazanın içinə getmiş və oradan Vasifin köməyə gəlin deyə qışqırıq səslərini eşidərək həmin mağazaya digər işçilərlə birlikdə getmiş, görmüşdür ki, Vasifin üzü qandır, onu vuran hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs isə qaçmağa cəhd etmiş, lakin onlar onu saxlayan zaman Namir yerə yıxılmış və köynəyinin altından siqaret qutuları yerə tökülmüşdür. Namir onlara müqavimət göstərməklə qaçmağa müvəffəq olmuş, onlar isə bundan sonra Vasifi maşınla xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Belə ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 21-ci dalanda yol kənarında fəaliyyət göstərən “Rahat” ərzaq mağazasında müdir vəzifəsini icra edir. 17 avqust 2024-cü il tarixdə təxminən saat 21:45 dəqiqədə işlədiyi “Rahat” marketdə sayğacda olan qısaqapanma nəticəsində yanğın baş vermişdir. O və mağazada işləyən digər işçilər sayğacın yerləşdiyi mağazanın arxa hissəsinə küçəyə çıxaraq yanğını söndürməklə məşğul olmuş, işıqlar söndüyü üçün mağazanın daxili zalıqaranlıq olmuşdur. Yanğı yerindən marketin baş kassiri Zərərçəkmiş şəxs mağazanın içərisinə daxil olduqdan bir qədər sonra onun köməyə gəlmələri üçün qışqırıq səsini eşidib dərhal mağazaya daxil olmuşlar və görmüşlər ki, Vasif mağazanın içərisində kassanın yanında hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs qolundan tutmuşdur. Namir onların yaxınlaşdığını gördükdə qəflətən Vasifin üz nahiyəsindən yumruqla zərbə vurmuş və sonuncu onun qolunu buraxmışdır. Namir qolunun buraxıldığını görən kimi mağazadan qaçmaq istədikdə o və iş yoldaşları Səbahəddin, Mübariz, Mahsun və Asif Namirin arxasınca qaçıb Namirin qarşısını kəsib tutmaq istəyərkən sonuncu yerə yıxılmış, köynəyinin altından bir neçə ədəd siqaretlər yerə tökülmüş, lakin Namir ayağa qalxaraq qaçıb getmişdir. Namir ayağa qalxan zaman köynəyini tutmuş, sanki köynəyinin altında nəsə gizlətmiş, şortikinin cibləri isə dolu olmuşdur. Namirdən yerə tökülən siqaretləri götürüb vitrinə yığmışlar. Sonra vurulmuş zərəri hesabladıqda Namirin üsündən yerə düşən siqaretlər nəzərə alınmışdır. Vasifə yaxınlaşdıqda sonuncu bildirmişdir ki, həmin şəxs siqaretləri oğurlayıb uzaqlaşmaq istəmiş, qarşısını almaq istəyəndə Namir adlı şəxs yumruqla vurmuşdur. Sonradan onlara məlum olmuşdur ki, marketdən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsi əvvəllər tanımamışdır. Hadisə zamanı hər hansı xəsarət almamışdır. Nə o, nə də ki mağazada digər işçilər və ya digər hər hansı şəxs Təqsirləndirilən şəxs saxlamaq istəyərkən sonuncunu vurmamış və xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs yalan danışır. Həm də Təqsirləndirilən şəxs fiziki cəhətdən güclü olduğu üçün cəld hərəkət etmiş və bu səbəbdən də sonuncunun qarşısını ala bilməmişlər. Ola bilsin ki, Təqsirləndirilən şəxs xəsarəti onlar sonuncuya mane olmaq istəyərkən yerə yıxıldığı zaman alsın. Təqsirləndirilən şəxs mağazaya daxil olan zaman mağazada iş vaxtı olmuş və kənar şəxslərin mağazaya daxil olmağında məhdudiyyət olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs qarşı nə o, nə mağazanın hər hansı işçisi yaxud da qeyri şəxs tərəfindən zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, hadisə baş verdiyi “Rahat” mağazada müdir müavini işləyir. Zərərçəkmiş şəxs həmin mağazanın satıcısıdır. 17 avqust 2024-cü il tarixdə saat 21:45 radələrində mağazanın arxa hissəsində yerləşən sayğacda qısa qapanmadan yanğın baş vermiş, mağazada işıqlar sönmüşdür. İşçilərin hamısı mağazadan çıxıb yanğın söndürməklə məşğul olmuş, kassir-satıcı Zərərçəkmiş şəxs mağazaya qayıtmış və onun oradan kömək istəməsi ilə əlaqədar qışqırıq səsləri gəldiyi üçün mağazaya qayıdıv görmüşlər ki, hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxsla mübahisə edir və Namirin Vasifi yumruqla vurub yerə yıxıdığını görmüşlər. Namir isə mağazadan qaşmağa başlamış, onun arxasınca qaçmışlar, Namir mağazanın qarşısında yerə yıxılmış, üzərindən yerə siqaret qutuları düşmüşdür. Bundan sonra Namir ayağa qalxıb qaçıb getmiş, onu tuta bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır, 17 avqust 2024-cü il tarixdə saat 21 radələrində satıcı işlədiyi “Rahat” marketdə qısa qapanmadan yanğın baş vermiş və işıqlar sönmüşdür. O onu görmüşdür ki, Namir mağazaya daxil olub siqaretləri oğurlayarkən iş yoldaşı Zərərçəkmiş şəxs tərəfindən tutulmuş, Vasifi yumruqla vurub yerə yıxmışdır. Namir isə köynəyin qoynuna yığıdığı siqaretlərlə mağazadan qaçıb çıxmış, o və digər işçilər onun arxasınca qaçmışlar. Bu zaman Namir yerə yıxılmış, üzərində olan siqaret qutularının 15- 20-si yerə səpələnmiş, Namir ayağa qalxıb qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır, Zərərçəkmiş şəxsla isə “Rahat” marketdə birlikdə işləmişdir. Həmin marketdə anbardar işləyir. 17 avqust 2024-cü il tarixdə saat 21- 22 arası mağazanın arxa hissəsində yerləşən sayğacda qısa qapanma olmuş, işıqlar sönmüşdür. Həmin qapanma ilə baş vermiş yanğını söndürüb mağazaya qayıtdıqda Zərərçəkmiş şəxs siqaretləri ödəmədən qoynuna yığıb aparmaq istəyən Təqsirləndirilən şəxsla əlbəyaxa olduğunu görmüşdür. Namir Vasifi yumruqla vurub qaçaraq mağazadan çıxmış, o və digər işçilər Namirin arxasınca qaçmış, Namir mağazanın qarşısımda yerə yıxılmış, üzərində olan siqaret qutularının bir hissəsi yerə səpələnmiş, Namir ayağa qalxaraq qaçıb getmiş, onu tuta bilməmişlər. Təqsirləndirilən şəxs törədiyi cinayət əməllərində təqsirliliyi qismən məhkəmədə verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PBnin məsul növbətçisi, polis mayoru Rafael Məmmədovun xx.xx.2024-cü il tarixli raportundan müəyyən olunur ki, həmin tarixdə saat 22:06 radələrində DİN-nin «102» xidməti zəng-mərkəzi sistemindən daxil olmuş ********** nömrəli məlumatda vətəndaş Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 21-ci dalanda yerləşən “Rahat” marketdə işıqların sönməsi zamanı oğurluq edən şəxs(lər) tutub saxlamaları, münaqişə olmasından təcili polisin yaxınlaşması qeyd olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin məsul növbətçisi, polis mayoru Rafael Məmmədovun xx.xx.20240-cü il tarixli raportundan müəyyən olunur ki, həmin tarixdə saat 04:36-da Bakı şəhəri, X15\zindən, tibb bacısı Quliyeva məlumat verərək Bakı şəhəri, Sabunçu rayonu. Ləhic bağları, 21-ci dalanda yerləşən “Rahat” marketdi baş vermiş yanğın hadisəsi zamanı xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol göz qapağının çapılmış yarasının olmasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin rəisinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 21:45-də Sabunçu rayonu ərazisində, Sumqayıt-Pirşağı-Nardaran şossesində işlədiyi «Rahat» marketdə yanğın baş verən zaman mağazanın işıqlarının sönməsindən istifadə edən bir nəfər tanımadığı şəxsin mağazadan siqaretlər oğurladığını gördü, həmin şəxsdən siqaretləri yerinə qoymasını tələb edib mağazadan kənarlaşdırdıqda siqaretləri yerinə qoymayacağını deyib onu yumruqla sifət nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin şəxsi müəyyən edərək məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçrilməsi və götürmə haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları "xxxx" marketidir. Marketdə yanğın hadisəsinin baş verdiyindən marketin işıqlarının sönülü olduğunu, Zərərçəkmiş şəxs həmin vaxt bir nəfərin mağazadan oğurluq etməsini, oğrunun qarşısını alan zaman həmin şəxsin ona xəsarət yetirərək qaçmasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə barədə» xx.xx.2024-cü il tarixli, 1/7432 saylı protokoldan müəyyən olunur ki, müayinə olunan Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2054 nömrəli rəyindən müəyyən olunun ki, vət. Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Müayinə olunan Zərərçəkmiş şəxs deməsinə görə xx.xx.2024-cü il tarixdə Ləhic bağları "xxxx" marketdə tanımadığı şəxs onu vurmuşdur. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış «zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş şəxs qismində, X7 isə MMC-nin nümayəndəsi qismində tanınmışdır. X5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs MMC-yə məxsus "xxxx" marketdən etdiyi siqaret oğurluğu nəticəsində MMC-yə ümumilikdə 304 manat ziyan vurulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Respublika Psixatriya Xəstəxanası X13 xx.xx.2024-cü il tarixli, 13388 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 saat ictimai işlər cəzasına məıhkum edilmişdir. Bundan əlavə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 186.2.2, 67-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məıhkum edilmiş, xx.xx.2012ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göstərilən məhkumluqlara görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il 01 ay 11 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2025-ci il tarixdə bitmiş və Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə cəzasınının çəkilməmiş hissəsi, yəni 01 (bir) il 01 (bir) ay 11 (on bir) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında»xx.xx- 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş və sonradan sonuncu yerə yıxılan zaman üzərindən tökülmüş 5 qutu “Sobranie whites”, 4 qutu “Winston XS silver” və 3 qutu “Kent Nano” siqaretləri iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş tərəfindən təyinatı üzrə istifadə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs pulunu ödəməklə cəmi bir paçka siqaret alması, lakin satıcı onunla mübahisə etməsi, o mağazadan çıxdıqda polis əməkdaşları tərəfindən saxlanılmasına dair məkəmədə verdiyi ifadəsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə təkzib olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarının 5-ci bəndinə əsasən jğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivinin olmasını Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nein 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 18 avqust 2024-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə olunmalı əmlak, alət və vasitə yoxdur. İş üzrə ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş və sonradan sonuncu yerə yıxılan zaman üzərindən tökülmüş 5 qutu “Sobranie whites”, 4 qutu “Winston XS silver” və 3 qutu “Kent Nano” siqaretləri iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş tərəfindən təyinatı üzrə istifadə edilməsi nəzərə alınmalıdır. Məhkəmə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 vurulmuş 304 manat məbləğində zərərin ödənilməs üçün mülki mühakimə qaydasında məhkəməyə müraciət etmə hüququnu izah etməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 440 (dörd yüz qırx) AZN (manat) pul Bakı şəhəri 58 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş, 01 il 01 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 18 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərindən tökülmüş 5 qutu “Sobranie whites”, 4 qutu “Winston XS silver” və 3 qutu “Kent Nano” siqaretləri iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş tərəfindən təyinatı üzrə istifadə edilməsi nəzərə alınsın. İş üzrə dəymiş maddi ziyan – 304 (üç yüz dörd) manat maddi ziyanla əlaqədar zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 mülki mühakimə qaydasında məhkəməyə müraciət etmə hüququ izah edilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 440 AZN (dörd yüz qırx manat) pul Bakı şəhər 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar