Məhkəmə qərarları › İş №1(101)-92/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-92/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-92/2024 28.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), X10 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) X5, müdafiəçilər - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğunun, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1958-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı məhkumluğu olmayan, ali təhsilli, ailəli, 1-ci qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsndə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə Bakı şəhər İcra Hakimiyyyətinin xx.xx.2013-cü il tarixli 503 saylı sərəncamı ilə ona verilmiş Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 2346-2347-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişinin 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilini Şahid2 satdığından sonuncunun adına rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikası 1 saylı Bakı İnziabti-lqtisadi Məhkəməsinin 2-l(81)-2585/2014 saylı 14 may 2014-cü il tarixli qərarının olduğunu bildiyi halda, özününki kimi təqdim edərək X1 barədə yalan vəd verib aldadaraq, 04 noyabr 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" ASC vasitəsi ilə 34000 manat pulu hesaba köçürmə yolu ilə, 6000 manat pulu nəğd şəkildə və X3 adına olan “Mercedes Benz” markalı “Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobili həmin dövrə görə milli manat məzənnəsi ilə 26237 manat 50 qəpik manat dəyərində 25000 ABŞ dollarına almağa razılaşaraq ünvan 4 ünvanda yerləşən ünvan 5rnamə verib ələ keçirməklə, ümumilikdə zərərçəkmiş şəxs Mehdi Qasımova 66237 manat 50 qəpik dəyərində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X8 20 il olar ki, tanımışdır. 2013-cü ildə ona Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən paralimpiyaçı kimi Bakı şəhəri İcra hakimiyyəti tərəfindən ünvan 6dəki yaşayış binasından ümumi sahəsi 88,8 kv.m. mənzil ayrılmışdır. Həmin mənzili aralarında olan razılığa əsasən X2 razılaşmışdır. Buna görə ona Mehdi 6000 manat və bir də 25000 manat müqabilində “Mercedes-Benz” markalı “Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobili vermiş, o, da əvəzində evə dair etibarnamə vermişdir. Sonradan məlum olmuşdur ki, həmin mənzili satmaq mümkün deyil, yəni mənzil özgəninkiləşdirilə bilməz. Avtomobili isə 10000 manata satmışdır. Sonradan sənədləşmənin mümkün olmamasını görüb sonuncular ondan pulu tələb etmişlər. Mehdiyə notariusda vəkalətnamə vermiş, onun xəbəri olmamışdır ki, ev Minayənin adınadır. O, satmaq üçün avtomobilin Məhəmməd adlı sahibinə vəkalətnamə vermis, Mehdidən 65000 ABŞ dolları almamışdır, cəmi 11.000 (on bir min ) ABŞ dolları almışdır. Ona verilmiş “Mercedes Benz” markalı “Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobilini əlindən məcburi şəkildə almışlar. Məhkəmə zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş X6 yaşadığı evin yaxınlığında yerləşən çayxanaya gəlib getdiyi üçün tanımışdır. 2015-ci ilin təxminən oktyabr ayında çayxanada olan zaman orada hazırda xatırlamadığı şəxsin Təqsirləndirilən şəxs yeni tikilən binalarda özünə məxsus mənzilini satmasını eşitdiyindən bu barədə Təqsirləndirilən şəxs soruşmuş və sonuncu həqiqətən də özünə məxsus olan mənzili satmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə ünvan 6də yerləşən "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən 2 otaqlı mənzilə gəlib baxmış və Təqsirləndirilən şəxs həmin mənzilin sonuncuya məxsus olduğunu deyərək mənzili satmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona sərəncamdan çıxarış göstərmiş, sənədlərdə də mənzilin sonuncunun adına olmasını görmüş və artıq mənzilin Təqsirləndirilən şəxs aid olmasından əmin olduqdan sonra həmin mənzili 65000 manata razılaşmışlar. İlkin olaraq beh kimi 4000 manat pul tələb etdiyindən Təqsirləndirilən şəxs 2015-ci ilin oktyabr ayının əvvəllərində təxminən saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən «Şir» heykəlindən yuxarıda yerləşən «Ana-bala» heykəlinin yanında yerləşən çayxanada 4000 manat vermişdir. Bundan sonra aralarında olan razılaşmaya əsasən 04 noyabr 2015-ci il tarixdə saat 10-11 radələrində Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 37 saylı notariat kontoruna gəlmişlər və orada 2000 manat nağd pulu Təqsirləndirilən şəxs özünə vermiş, 34000 manatı isə "xxxx" ASC-də olan hesaba yerləşdirmişdir. Alqı-satqı müqaviləsində də həmin pullar olduğu kimi göstərilmişdir. Mənzili aldıqdan sonra özünə məxsus bir otaqlı mənzili Şahid1 satacağından İmana verməli olduğu 25000 manat pulun əvəzində Şahid1 məxsus olan “Mercedes Benz” markalı “Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobili İmanın razılığına əsasən 25000 manat dəyərləndirərək həmin avtomobilə dair də Məhəmmədin adından İmana etibarnamə verilmiş və bununla da İmana bütövlükdə 65000 manat ödənilmişdir. Bu səbəbdən də alqısatqı müqaviləsi Şahid1 adına bağlanmışdır. İman da ona etibarnamə və vəsiyyətnamə verərək xəstə olduğu üçün sənədləşməni onun adından rahatlıqla aparmasını demişdir. Bundan sonra mənzilin sənədləşməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə müraciət etdikdə oradan ona bildirilmişdir ki, arayış alsın ki, həqiqətən də həmin mənzil ona satılmışdır. MTK-aya müraciət etdikdə orada ona məlum olmuşdur ki, ondan əvvəl İman həmin mənzili Şahid2 adlı qadına satmış və sonuncunun verdiyi mülki iddia əsasında həmin mənzil sonuncunun adına keçirilmiş, hətda Təqsirləndirilən şəxs da məhkəmə iclasında mənzili satdığını və Şahid2 adına keçirilməsini etiraf etmişdir. Bundan sonra İmanla telefon əlaqəsi saxladıqda sonuncu mənzili ona satdığını, onunla alqı-satqı müqaviləsi etdiyini bildirərək mənzilin ona aid olmasını demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, İman ondan sonra həmin mənzili Şahid3 Məhiyyəddin qızına satmış və bu yolla ona ümumilikdə 65000 manat ziyan dəymişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X9 ilə uzun illərdi ki, dostluq münasibəti vardır. 2014-cü ilin, səhv etmirsə, may ayında Mehdi ona Bakı şəhəri, Xətai raonu, Sarayevo küçəsi, 2346/2347-ci məhəllədə "xxxx" MTK-sı tərəfindən tikilən binadan ev almasını bildirərək evi 65000 manata razılaşmalarını, lakin pulu çatmadığını bildirmişdir. O, Mehdiyə təklif etmişdir ki, sonuncu ona məxsus olan “Mercedes Benz” markalı “Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobilini 25000 manat yerinə ev sahibi olan Təqsirləndirilən şəxs versin, gələcəkdə Mehdi həmin evə köçdükdən sonra isə ona borcunun yerinə hazırda özünün yaşadığı bir otaqlı evi versin. Onlar bu barədə Təqsirləndirilən şəxs ilə söhbət etdikdə sonuncu onunla maşını 25000 ABŞ dollara razılaşmışdır. Bundan sonra notariat kontoruna getmişlər və orada Mehdi 34 000 manat məbləğdə pulu notarius vasitəsi ilə "xxxx" ASC-yə, depozit hesabına, qoymuş, o, isə etibarnamə ilə avtomobili Təqsirləndirilən şəxs vermiş və bundan sonra onun adına alqı-satqı olunmuşdur. Lakin sonradan onlara məlum olmuşdur ki, həmin mənzili İman Mehdidən əvvəl başqa şəxsə satmış və ev məhkəmə qərarı ilə başqa şəxsin adına rəsmiləşdirilmişdir, sonradan ona həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs verdiyi “Mercedes Benz” markalı “Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobilini avtomobili Təqsirləndirilən şəxs əlindən aldatdığı üçün pul borclu olduğu şəxslər almışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ilin təxminən aprel ayının əvvəllərində ev almaq məqsədi ilə satılması elanı verilmiş mənzillərlə maraqlanan zaman təsadüfən ünvan 6də "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilin satılması barədə elanla qarşılaşmış və bununla əlaqədar olaraq MTK ilə maraqlandıqda həmin mənzilin Təqsirləndirilən şəxs adlı şəxsə məxsus olması aydınlaşdırılmış, sonuncu ilə əlaqə saxladıqda həmin MTK-ya gəlmiş və orada mənzil ilə maraqlandıqda məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin göstərişi üzrə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən həmin mənzil Təqsirləndirilən şəxs verilmişdir. Ona görə də mənzilə baxdıqdan sonra Təqsirləndirilən şəxsla mənzili 54000 manata razılaşmışlar və bundan sonra, səhv etmirsə, 2014-cü ilin aprel ayının 10-12 tarixlərində onlar birlikdə R.Behbudov küçəsində yerləşən Notariat kontoruna getmiş, orada Təqsirləndirilən şəxs ərizə vermişdir ki, evin sərəncam ilə onun adına keçirilməsinə etiraz etmir və həmin ərizə notariat kontorunda təsdiq edilmişdir. Bundan sonra onlar 54000 manatı Təqsirləndirilən şəxs tam şəkildə ödəyərək ərizəni götürüb sərəncam alınması ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş və orada onlara ərizə ilə sərəncamın verilməsi mümkün olmaması, 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət etmələri və məhkənin qərarını aldıqdan sonra onun adına sərəncam verilməsinin mümkün olacağı izah edildiyindən, onun qanunlardan başı çıxmadığından Bakı şəhər İcra hakimiyyətinin əməkdaşlarının deməsinə əsasən məhkəməyə müraciət etmiş və məhkəmə iddiasına baxaraq məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs da özünün razılığı ilə mənzilin onun adma rəsmiləşdirilməsinə dair qərar qəbul edilmiş və bundan sonra həmin qərar qanuni qüvvəsini aldığından icra edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən isə evin onun adına keçirilməsinə dair sərəncam verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin mənzili sonradan başqa şəxslərə satmış, hətda mənzilin Rəhiməxanım adlı şəxsin adına dəyişdirilməsinə dair sərəncam verilmişdir. Bununla bağlı olaraq 1 saylı İnzibati İqtisad Məhkəməsində qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 119- 121). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ilin dekabr ayının sonlarında təsadüfən Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində Bakı Kinoteatrının yaxınlığında divara yapışdırılmış mənzilin satılması barədə elana baxarkən Təqsirləndirilən şəxs adlı şəxsin özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 2346-2347-ci məhəllədə "xxxx" MTK-sı tərəfindən inşa edilmiş binanın 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzili satması barədə elanla qarşılaşmış və həmin dövrdə evin qiyməti sərfəli olduğundan, yəni mənzil 45000 manata satışa çıxarıldığından elanla maraqlanaraq elana əlavə edilmiş mobil telefon nömrəsini götürüb Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmışdır. İman həqiqətəndə həmin mənzilin ona məxsus olmasını, paralimpiyaçı olduğundan Azərbaycan Respublikasının Prezidenti tərəfindən ona bağışlanılmasını, lakin hazırda müalicəyə ehtiyacı olduğu üçün həmin mənzili 45000 manata satdığını bildirmişdir. Bu məqsədlə də İmanla mənzilin yerləşdiyi ünvanın yaxınlığında görüşmüş və orada Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş sənədlərə baxdıqda sonuncunun dediklərinin doğru olmasını görmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxsla birlikdə onun göstərməsinə əsasən qeyd olunan ünvanda yerləşən mənzilə baxmışlar. Mənzil təmirsiz olmuş və onun xoşuna gəldiyindən İmanla mənzilin alqı-satqısma görə razılaşmışdır. Bundan sonra razılaşdığı kimi Təqsirləndirilən şəxs 45000 manat ödəyərək evin sənədlərini, o cümlədən Təqsirləndirilən şəxs həqiqətəndə mənzili satması barədə əlyazmasını almışdır. Bundan sonra isə mənzilin alınması ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciəti əsasında 16 may 2016-cı il tarixdə evin onun adına keçirilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı verilmişdir (cild 1, iş vərəqi 177-179). İstintaq orqanı tərəfindən qəbul edilmiş 08 yanvar 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə ona ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 233-234, 245). İstintaq orqanıtərəfindən qəbul edilmiş 10 yanvar 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild 1, iş vərəqi 248- 249). İstintaq orqanı tərəfindən qəbul edilmiş 16 may 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2018-ci il tarixdə saxlanılmış, cinayət işinin icraatı təzələnmişdir (cild 2, iş vərəqi 1-2) İstintaq orqanı tərəfindən qəbul edilmiş 17 may 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 yanvar 2018-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış və o, saxlanıldığı Bakı şəhəri, Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir (cild 2, iş vərəqi 12- 13). Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, iş üzrə icraat dayandırılaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin 3-13-54-4/2-1358/2023 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Xətai rayonunda müəyyən edilərək aidiyyəti üzrə Suraxanı rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclasın zalında dərhal həbsdən azad edilmişdir. Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 7E-3878 saylı reyester nömrəsi ilə təsdiq edilmiş 14 aprel 2014-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər İcra Hakimiyyətinin 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamı ilə "xxxx" MTK-sı tərəfindən ünvan 6 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış evində 2-ci giriş, 9-cu mərtəbəsində yerləşən, 47,8 kv.m yaşayış sahəsindən (ümumi sahəsi 88,8 kv.m) ibarət, 57 saylı mənzilin Şahid2 adma keçirilməsinə və sənnədləşdirilməsinə razıdır, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır (cild 2, iş vərəqi 122). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2585/2014 saylı 14 may 2014-cü il tarixli qərarından görünür ki, iddiaçı Şahid2 Bakı şəhər İcra Hakimiyyətinə qarşı Təqsirləndirilən şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə mənzilin adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsinə dair iddianın təmin edilməsinə məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs etiraz etməmiş və iddia təmin edilmişdir (cild 2, iş vərəqi 142-145). Bakı şəhər İcra Hakimiyyətinin 02 iyun 2014-cü il tarixli 248 saylı sərəncamından görünür ki, qeyd olunan mənzil Şahid2 adma keçirilmişdir (cild 1, iş vərəqi 138). Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə baxışı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs əvvəllər psixiatrik xəstəxanada stasionar müalicə aldığını və psixi xəstə kimi yatdığını qeyd edərək şəxsin ona ittiham edilmiş cinayət əməlini törədən zaman və hal-hazırda psixi vəziyyətinin anlaqsız hesab edilməsi və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 2138 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək mümkün olmamışdır; belə ki, yoxlanılan şəxs müayinə zamanı ünsiyyətə tam adekvat tərzdə daxil olmamış, özünü maraqlandıran mövzularda danışmış, ona verilən sualları tam cavablandırmamış, göstərişlərə əməl etməmişdir; cinayət işində təqdim olunmuş və yoxlanılan şəxsin qohumları tərəfindən ekspertizaya təqdim edilmiş tibbi sənədlərdə fərqli diaqnozlar göstərildiyindən Təqsirləndirilən şəxs əvvəllər hansı diaqnozla müalicə olunması haqqında təsəvvür formalaşdırmaq mümkün olmamışdır; Təqsirləndirilən şəxs stasionar şəraitdə daha uzun müddət ərzində müayinə edilməsi zərurəti yaranmışdır; qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri olması göstərilmişdir. Məhkəmə psixiatrik ekspertizası üzrə xx.xx.2024-cü il tarixli 51 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs düçar olduğu biopolyar affektiv pozuntunun hal-hazırda növbəti remissiya (yaxşılaşma) vəziyyətində olduğu müəyyən edilmiş; buna görə də Təqsirləndirilən şəxs hal-hazırda hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir; bununla yanaşı Təqsirləndirilən şəxs anamnezində psixotik epizodların olması nəzərə alınaraq preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir; . Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən «Bipolyar affektiv pozuntu, növbəti hipomaniya epizodu» kimi psixi pozuntudan əziyyət çəkmişdir; Təqsirləndirilən şəxs həmin psixi pozuntudan əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır; buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür; Təqsirləndirilən şəxs müəyyən edilən psixi pozuntu hazırda remissiya vəziyyətində olduğundan Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidanndadır; Təqsirləndirilən şəxs məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermək iqtidarına malikdir; Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və həmin Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Bundan başqa, müdafiə tərəfi zərərçəkmiş şəxs X9 tərəfindən Təqsirləndirilən şəxs verilməsi üçün 34.000 (otuz dörd min) manat məbləğində pulun «Muğanbank ASC»-də olan AZ76MUGA**********04920AZM18 nömrəli depozit hesabına qəbul edildiyini lakin həmin məbləğin Təqsirləndirilən şəxs tərəfindən götürülmədiyini qeyd etmiş və həmin məbləğdə ittihamın əsassız olmasını göstərmişdir. Cinayət işinin materiallarında olan «Muğanbank ASC» tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli orderdən görünür ki, 34000 (otuz dörd min) manat məbləğində pul «Muğanbank ASC»-nin xəzinəsinə qəbul edilmiş; «Muğanbank ASC» tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çekdən görünür ki, 34000 (otuz dörd min) manat məbləğində pulun Təqsirləndirilən şəxsa verilməsi üçün (şəxsiyyət vəsiqəsi təqdim edildiyi halda) «Muğanbank ASC» tərəfindən çek imzalanmış və möhürlənərək təsdiq edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə daxil olmuş 21 iyun 2024-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasında bank sistemində arxiv işinin aparılması haqqında Təlimatın 78-ci bəndinə əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən mədaxil və məxaric orderlərinin saxlama müddətinin 5 il olması qeyd edilmiş və göstərilmişdir ki, tələb olunan sənədlər "xxxx" ASC tərəfindən məhv edilmiş və bu səbəbdən qeyd edilən sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin ittihamın əsaslığını mübahisələndirdiyi hissələr, həmçinin təqsirləndirilən şəxsin ona ittiham edilmiş cinayət əməlini törədən zaman və hal-hazırda psixi vəziyyətinin anlaqsız hesab edilməli olduğu və cinayət məsuliyyətindən azad edilməli olması barədə qeyd etdiyi xüsusatlar məhkəmə zamanı ətraflı araşdırılmışdır. Məhkəmə cinayət işinin materiallarını müqayisəli qaydada analiz edərkən, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə zərərçəkmiş şəxs Mehdi Qasımova 66237 manat 50 qəpik dəyərində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi işin faktiki hallarına və elan edilmiş ittihama uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini nəzərə alır; belə ki, qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Göründüyü kimi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.4-cü maddəsinə əsasən cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1ci qrup əlil olmasını, həmin Məcəllənin 59.1.9-cu maddəsinə əsasən cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində törətməsi cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalı, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarında qeyd olunur ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxil edilir. Azərbaycan Respublikasının CPM-in 158.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 15 may 2018-ci il tarixdən 17 may 2018-ci il tarixədək tutulduğu və 28 fevral 2023-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 1 (bir) il 4 (dörd) ay 2 (iki) gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) X9 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək onun mülki iddiaçı qismində tanınması, maddi ziyanın əvəzi olaraq 66237 (altmış altı min iki yüz otuz yeddi) manat məbləğdə pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, mülki iddia icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs mülki iddiaçı kimi, X9 isə mülki cavabdeh kimi tanınmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 qarşı 66237 (altmış altı min iki yüz otuz yeddi) manat məbləğində maddi zərər vurması verilmiş ittihamın predmeti olmaqla məhkəmə istintaqı zamanı da tam sübuta yetirilmişdir. Məhkəmə Mehdi Qasımovun maddi ziyan tələbini əsaslı sayaraq hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs 66237 (altmış altı min iki yüz otuz yeddi) manat məbləğində pul tutularaq X7 ödənilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən 1-ci qrup əlil olması, həmin Məcəllənin 59.1.9-cu maddəsinə əsasən cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində törətməsi kimi cəzasını yüngülləşdirən halların olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, (1-ci qrup əlil, paralimpiyaçı olmasını, mülki iddianın təmin olunmasını nəzərə alaraq) onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2018-ci il tarixdən 17 may 2018-ci il tarixədək tutulduğu və 28 fevral 2023-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 1 (bir) il 4 (dörd) ay 2 (iki) gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmasını, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməli və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə məsrəflərinin, maddi sübut və müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 may 2018-ci il tarixdən 17 may 2018-ci il tarixədək tutulduğu və 28 fevral 2023-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 1 (bir) il 4 (dörd) ay 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) X5 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia təmin edilsin və 66237 manat məbləğdə pul Təqsirləndirilən şəxs tutulataq X7 ödənilsin. İş üzrə maddi sübutların, ekspertiza xərcinin və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar