Məhkəmə qərarları › İş №1(101)-920/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-920/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-920/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və l dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 02.10.2012ci il tarixli qərarı ilə cəzası 5 il 6 aya endirilməklə, Xəzər Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli qərarına əsasən 09.12.2016-cı il tarixdə 8 ay 28 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 45-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığında yerləşən tikilidə kirayədə yaşamış, 03 noyabr 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin 02.10.2012-ci il tarixli qərarı ilə cəzası 5 il 6 aya endirilməklə Xəzər Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli qərarı əsasında 09 dekabr 2016-cı il tarixdə 8 ay 28 gün vaxtından əvvəl cəzadan şərti azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda qəsdən məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli külli miqdarda, yəni təmiz çəkisi 8,267 qram təşkil edən narkotik vasitə olan heroini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitəni Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə şəxsiyyəti araşdırılan həmin şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitəni keçirdikdən sonra külli miqdar hesab edilən 8,267 qram çəkidə narkotik vasitə olan heroini Biləsuvar rayonu ərazisində satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etməklə üzərində saxlayıb daşımış, 03 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 12:50-də Abşeron rayonu, Mehdiabad qəsəbəsinin girəcəyində fəaliyyət göstərən “Abşeron” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq həmin idarəyə gətirilmiş və orada saat 14:30-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli pencəyin içəri sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla ayrı-ayrı bükümlərə bölüb satış üçün hazır vəziyyətə gətirib daşıdığı səkkiz ədəd şəffaf selofan bükümlərdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ayrı-ayrılıqda təmiz çəkiləri 0,969 qram, 0,917 qram, 1,112 qram, 1,117 qram, 1,156 qram, 1,081 qram, 0,731 qram və 1,124 qram olmaqla, ümumi təmiz çəkisi 8,267 qram təşkil edən külli miqdarda toz şəkilli maddə kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 2-3 gün əvvəl Biləsuvar rayonunda olan zaman orada təsadüf nəticəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Bir qədər söhbət etdikdən sonra həmin şəxs onun narkotik vasitə hesab edilən heroindən istifadə etdiyini bilmiş və ona ucuz qiymətə narkotik vasitə təklif etmişdir. O, razılaşaraq həmin şəxsdən hər bükümü 13 manat olmaqla ümumilikdə 20 qram çəkisi olan təxminən 20 ədəd selofan bükümlərdə narkotik vasitə heroin almış və qeyd etdiyi maddələrə görə ümumilikdə həmin şəxsə 260 manat pul vermişdir. Həmin narkotik vasitələrin bir neçə bükümünü özü qəbul etmiş, onda cəmi 8 bükümdə narkotik vasitə qalmış və həmin bükümləri üzərində saxlamışdır. 03 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsinin girəcək hissəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. O, əynində olan göy rəngli kostyumun pencəyinin çəri sağ yan cibindən 8 ədəd selofan bükümləri, həmçinin digər ciblərində olan şəxsi əşyalarını təqdim etmişdir. Bundan sonra təqdim etdiyi əşyalara və bükümlərə baxış keçirilmiş, bükümlərin hər birinin şəffaf rəngli selofanlara büküldüyü və narkotik maddə olan heroin olması məlum olmuşdur. O, şəmin narkotik vasitələri təxminən iki-üç gün əvvəl Biləsuvar rayonunda olduğu zaman təsadüfən tanıdığı İran İslam Respublikası vətəndaşından təxminən 20 qram çəkidə hər qramını 13 manatdan olmaqla 260 manat pul ödəməklə aldığını, özünün narkotik istifadəçisi olduğunu və şəxsi istifadəsi məqsədi ilə aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş 8 ədəd selofan bükümdə narkotik vasitə olan heroin ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və hamı ilə birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. O, aşkar olunmuş heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. Həmçinin özünü həmin maddələrin qaçaqmalçılıqla gömrük nəzarətindən kənar və gizli keçirilməsinə köməklik etməkdə təqsirli bilmir. İbtidai araşdırma zamanı izahat verərkən və ilkin dindirmələr zamanı Təqsirləndirilən şəxs ümumən oxşar məzmunlu ifadələr versə də, əlavə olaraq bildirmişdir ki, içərisində narkotik vasitə heroin olan bükümləri tutulmamışdan təxminən iki-üç gün əvvəl Biləsuvar rayonunda olduğu zaman təsadüfən tanıdığı İran İslam Respublikası vətəndaşından təxminən 20 qram çəkidə və 260 manat pul ödəməklə almış, hər bükümü 13 manata alıb Bakı şəhərində 15 manata satmış, özü narkotik istifadəçisi olduğundan həmin narkotikləri həm satış, həm də şəxsi istifadəsi məqsədi ilə almışdır (cild 1, iş vərəqi 41-42, 57-60, 73-75). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 noyabr 2020-ci il tarixdə işlədiyi Baş idarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün rəhbərliyə məruzə edilmiş və müvafiq qərar qəbul edilmişdir. Qərara əsasında əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik baş əməliyyat müvəkkili Şahid2 həvalə edilmiş, o isə, əməliyyat qrupunun üzvü qismində tədbirdə iştirak etmişdir. Həmin tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saat 13 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsinin girəcəyindəki “Abşeron” yanacaq doldurma məntəqəsinin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmış və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orada Təhqiqat bölməsinin baş təhqiqatçısı tərəfindən vəkil dəvət edilərək saxlanılmış şəxsə təqdim edilmiş və şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində qanunsuz əşyaların olub-olmaması soruşulmuş, sonuncu üstündə olan şəxsi əşyaları ilə birlikdə pencəyin sağ yan iç cibindən səkkiz ədəd selofan bükümləri təqdim etmişdir. Həmin selofan bükümlərə baxış zamanı hər bükümün içərisində tünd qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, qeyd edilən bükümləri iki gün əvvəl şəxsi işləri ilə əlaqədar Biləsuvar rayonunda olan zaman üzdən tanıdığı İran vətəndaşından 20 qrama yaxın olmaqla hər qramına görə 13 manat, ümumilikdə isə 260 manat pul ödəməklə almışdır. Həmin maddələri həm öz istifadəsi, həm də satış üçün əldə etdiyini, bir hissəsini özünün istifadə etdiyini, bir hissəsini isə qramını 15 manatdan satdığını bildirmiş və həmin maddələrdən qalan səkkiz ədəd bükümü təqdim etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin bükümlər götürülərək zərfdə qablaşdırılmış və iştirakçılar tərəflərindən imzalanmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 03 noyabr 2020-ci il tarixli protokola əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsinin girəcəyində yerləşən “Abşeron” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki göy rəngli pencəyin içəri sağ yan cibindən səkkiz ədəd selofan bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılarkən “İPhone” markalı mobil telefonla videoçəkiliş aparılmış və həmin videoçəkiliş diskə köçürülərək maddi sübut qismində kimi tanınmışdır (cild 1, iş vərəqi 33-35, 147-157). Məhkəmə-kimyəvi ekspertizasının 04 noyabr 2020-ci il tarixli 6/2386 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri qeyd edilmiş 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,969 qram, 0,917 qram, 1,112 qram, 1,117 qram, 1,156 qram, 1,081 qram, 0,731 qram, 1,124 qram, ümumi təmiz çəkisi 8,267 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi - 8,267 qram olmuş, tədqiqata 0,24 qram sərf edilmiş, qalıq 8,027 qram təşkil edir (cild 1, iş vərəqi 45-47). Ambulator məcburi-narkoloji tibbi yoxlama espertizasının 18 yanvar 2021-ci il tarixli 131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 145-146). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 03 noyabr 2020-ci il tarixli qərar Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 95). İbtidai istintaq orqanının 06 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8,267 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 8,027 qramı iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin müvafiq qərarınadək saxlanması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 92-93, 215). Cinayət işinə əlavə edilmiş 19.12.2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin İAMAS-dan götürülmüş MAPS-uçot xəritəsində qeyd olunan məlumatlara əsasən, özünə məxsus P3615993 və C03085182 nömrəli ümumvətəndaş pasportlarından istifadə etməklə 2008-ci ildən etibarən bir neçə dəfə nəzarət-buraxılış məntəqələrindən İran İslam Respublikası, Çin, Türkiyə, Rusiya və Belarusa keçməklə ölkə hüdudlarını tərk edərək geri qayıtmış və sonuncu dəfə (İran İslam Respublikasına münasibətdə) 15.12.2019-cu il tarixdə saat 12:49-da Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən İran İslam Respublikasına keçməklə ölkə ərazisini tərk etmiş və 16.12.2019-cu il tarixdə saat 21:43-də Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur (cild 1, iş vərəqi 122-125). Cinayət işində olan AZ-İ seriyalı 153297 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 22.09.2017-ci il təvəllüdlü Rəhman adlı azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən, hökmün və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.11.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum olunaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, Bakı Apellyasiya Məhkəməsinin 02.10.2012-ci il tarixli qərarı ilə cəzası 5 il 6 aya endirilməklə, Xəzər Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli qərarı əsasında 09.12.2016-cı il tarixdə 8 ay 28 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir (cild 1, iş vərəqi 105-117, 127-129). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə uyğun olaraq, cinayətin icraçısı ilə birlikdə təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə görə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3.-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin təhlükəli residivini isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli residiv sayılır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, Bakı Apellyasiya Məhkəməsinin 02.10.2012-ci il tarixli qərarı ilə cəzası 5 il 6 aya endirilməklə, Xəzər Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli qərarı əsasında 09.12.2016-cı il tarixdə 8 ay 28 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət hesab edilən əmələ görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad olunduqdan sonra həmin əmələ görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 8,027 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2021-ci il tarixli 138 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 8,027 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar