Məhkəmə qərarları › İş №1(101)-920/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-920/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-920/2022 12.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından arıtq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən fəaliyyəti dayandırılmış zavodun ərazisindən tanışı Zərərçəkmiş şəxs ilə tullantı elektrik naqilləri və metal qırıntıları yığarkən Zərərçəkmiş şəxs yığdığı metal tullantısının ona məxsus olmasını bildirdirdiyinə və biribirilərini nalayiq sözlərlə təhqir etdiklərinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun onu yumruqla vurması səbəbindən üzərində olan istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs döş qəsəfindən və sol sağrı nahiyəsindən vuraraq ona sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə, qəsdən sağlamlığa yüngül zərər vurmuş, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol ağciyərin və sol döş arteriyasının yaralanması, sol tərəfli hemotoraksla (sol döş boşluğuna qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından arıtq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,447 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni massiv ərazisində yerləşən “FF Market”in qarşısına kimi daşımış, 12 yanvar 2022-ci il tarixdə saat 09:57 dəqiqədə həmin ərazidə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılaraq, bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,447 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 10 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Balaxanı qəsəbəsində yerləşən “Sənaye parkı”nın yaxınlığında olmuş və pula ehtiyac duymuşdur. Bu səbəbdən Balaxanı qəsəbəsində yerləşən qalvanazasiya zavodunda gözətçi işləyən tanışı Şahid1la telefon əlaqəsi saxlayıb gözətçisi olduğu zavoda getmişdir. Zavodda Zülfüqarla görüşüb söhbət etmişlər. Söhbət əsnasında Zülfüqara pula ehtiyacı olduğunu deyib, ona 20-30 manat borc verməsini xahiş etmişdir. Zülfüqar əmək haqqını almadığı üçün üstündə pul olmadığını bildirmişdir. Həmin vaxt zavodun ətrafında olan tullantı kimi qəbul etdikləri dəmir parçalarının, eləcə də elektrik naqillərinin olduğunu görmüşdür. Zülfüqara həmin əşyaları aparıb qəbul məntəqəsinə satmaqla müəyyən məbləğdə pul əldə etməyi təklif etmiş, Zülfüqar etiraz etməmişdir. Satışdan əldə olunacaq pulu aralarında bölməyə razılaşmışlar. Bundan sonra o, dəmir parçalarını və elektrik naqillərini zavod ərazisindən götürdüyü boş kisənin içərisinə yığmağa başlamış, yığıb qurtardıqdan sonra kisəni bir kənara qoyub, Zülfüqarla çay içmişdir. Bu vaxt Zülfüqarla ortaq tanışları olan bu iş üzrə Zərərçəkmiş şəxs zavoda gəlmişdir. Nizam da ətrafdan bir neçə dəmir parçası götürüb həmin kisənin içərisinə atmışdır. O, buna etiraz etdiyi üçün aralarında sözlə mübahisə başlamışdır. Mübahisə zamanı biri-birilərini nalayiq ifadələrlə təhqir etmişlər. Zərərçəkmiş şəxs onu söydüyü üçün o, özündə olan əl bıcağı ilə Zərərçəkmiş şəxs sol yan hissəsindən 2 dəfə vurmuşdur. Nizam xəsarət aldığı üçün Zülfüqarla birlikdə markasını və dövlət nömrə nişanını bilmədiyi avtomobillə Nizamı qonşuluqda yaşayan Raziləgilə gətirmişdir. Raziləni tibb bacısı kimi tanıdığı üçün Razilədən Nizama ilk tibbi yardım göstərməyi xahiş etmişdir. Razilə etiraz etməmiş və Nizamın yarasını təmizləyib yod vurmaqla ona ilk tibbi yardım göstərmişdir. Təxminən 2 saat sonra Nizamı öz yaşadığı evə gətirmiş, sonuncu onlarda 2 gün qalmışdır. Həmin müddətdə o, Nizama tibbi yardım göstərmişdir. Nizam ağrılarının olduğunu ona bildirmiş, o, xəstəxanaya müraciət etməyi məsləhət görmüşdür. İlk növbədə Maştağa qəsəbəsində yerləşən 7 saylı xəstəxanaya getmişlər. Orada Nizamın rentgen edilməsilə qabırğasının altına maye yığılması məlum olmuşdur. Nizamın məsləhətilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişlər. Orada rentgen olunduqdan sonra əməliyyat olunacağı bildirilmiş, bundan sonra Nizamı əməliyyat etmişlər. Əməlindən peşmandır. Nizamla barışmışlar. Üzərinə şəxsi axtarış keçirilən zamanı narkotik vasitə olan heroinin aşkar edilməsi ilə bağlı bildirir ki, 11 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin ərazisində olarkən sifətdən tanıdığı, lakin kimliyini və yaşadığı ünvanı bilmədiyi bir nəfər şəxsə yaxınlaşaraq həmin şəxsdən 01 ədəd şəffaf sellofan bükümdə heroini 10 manat pul müqabilində alıb, üzərində gəzdirmişdir. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Çünki o, təxminən bir il olar istifadəçidir. Hər gün, günaşırı bir dəfə 0,1 qram “kakos” kimi tanıdığı narkotik vasitə heroindən iynə vasitəsilə istifadə etmişdir. 12 yanvar 2022-ci il tarixdə təxminən saat 09:57 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni massiv ərazisində "FF Market"in yaxınlığında piyada gəzişərkən 2 nəfər şəxs mülki geyimdə ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamış və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində otaqların birində polis əməkdaşları tərəfindən videoçəkilişlə üzərində axtarış və götürmə aparılmasına etirazının olub olmaması soruşulmuş, üzərində olan əşyaları könüllü təqdim etməyini təklif etmişlər. Bu zaman o, narkotik vasitənin olmasını etiraf edib, könüllü olaraq əynindəki boz rəngli cins şalvarın cibindən şəffaf sellofana bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini təqdim etmişdir. Üzərindən aşkar edilən həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs çoxdan tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Balaxanı ərazisində fəaliyyətini dayandırmış zavodda mühafizəçi işləyən Zülfüqarı da çoxdan tanımış, onunla da münasibətləri yaxşı olmuşdur. 10 oktyabr 2021-ci ildə saat 11 radələrində o, evdə olarkən Zülfüqar mobil telefonuna zəng etmiş, işdə olduğunu, Xəyalın da onun yanında olmasını bildirib, onlara siqaret və su gətirməyini xahiş etmişdir. O, dükandan 1 qutu siqaret və litrlik su alıb zavoda getmişdir. O, gələndə Zülfüqar və Xəyal Zülfüqarın otağında oturmuşlar. Birlikdə söhbət etmişlər. Təxminən 40 dəqiqədən sonra Xəyal otaqdan çıxıb zavodun ərazisində tullantı olan metalları yığmağa başlamışdır. O və Zülfüqar otaqdan çıxmış və ərazini gəzməyə başlamışlar. O, Zülfüqardan ayrılmış, özü tək ərazini gəzmiş, bir neçə dəmir tullantı tapmış və Xəyalın metal topladığı yerə gətirmiş, lakin dəmir tullantını sonuncunun yığdığı metaldan aralı qoymuş və yenə metal yığmaq üçün əraziyə getmişdir. Axşam tərəfi təxminən saat 5 radələrində Zülfüqarın otağının yanında olarkən Xəyal onun yığdığı metala işarə edib həmin metalın özünə məxsus olduğunu bildirmişdir. O isə Xəyala metalı onun yığdığını demişdir. Bununla əlaqədar mübahisə etməyə başlamışlar. Xəyal onun ünvanına nalayiq ifadələr işlətdiyindən o, dözməyib yumruqla Xəyalın sinəsinə zərbə endirmişdir. Xəyal isə özündə olan bıçaqla onun sinə nahiyəsinin sol tərəfinə zərbə endirmiş və zavodun ərazisindən çıxmışdır. O, həmin yerdə qalmış və təxminən 5 dəqiqədən sonra gözləri qaralmışdır. Zülfüqarın otağının qarşısında oturmuş və Zülfüqarı çağırmışdır. Zülfüqar sinə nahiyəsindən qan axmasını və halının pis olmasını görüb Xəyalı çağırmış, Xəyal və Zülfüqar köməkləşib onu Xəyalın qonşuluğunda yaşayan tibb bacısı işləyən qadının evinə aparmışlar. Tibb bacısı işləyən qadın ona ilk tibbi yardım göstərmiş və onlar Xəyalgilə getmişlər. O huşunu itirmişdir. Xəyalgildə də ona tibbi kömək etmişlər. Buna baxmayaraq vəziyyətinin pisləşdiyini görüb onun qardaşı və Xəyal onu xəstəxanaya aparmışlar. Xəyalla barışmış, Xəyala qarşı iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda fərdi əməklə məşğul olur, ustadır. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Dostluq münasibətləri vardır. Hətta biri-birilərinin evinə də gedib-gəlmişlər. Zərərçəkmiş şəxs da uzun illərdir ki, tanımışdır. Məhəllə uşağı kimi münasibətləri olmuşdur. Hal-hazırda Nizamla münasibətlərində soyuqluq yarandığına görə ünsiyyətini kəsmişdir. Belə ki, əvvəllər o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin ərazisində "Sənaye parkı"nın yaxınlığındakı zavodda mühafizəçi işləmişdir. Hal-hazırda həmin zavod fəaliyyətini dayandırdığından işdən çıxmışdır. Sözügedən zavodda işlədiyi müddətdə, yəni 10 oktyabr 2021-ci il tarixdə təxminən saat 12 radələrində işdə olarkən Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş, söhbət edərkən ondan 20-30 manat məbləğində pul istəmişdir. O, Xəyala üzərində pul olmadığını bildirmiş, Xəyal ətrafa boylanıb ona zavodun həyətində sökülmüş elektrik naqillərinin və tullantı dəmir parçalarını yığıb satmaqla, pul əldə edə bilmələrini təklif etmiş, o, buna razılıq vermişdir. Onun razılığından sonra Xəyal yaxınlıqdakı elektrik naqillərini və tullantı dəmir parçalarını toplayaraq ərazidən tapdığı boş kisəyə yığmağa başlamışdır. Bu vaxt təxminən saat 17 radələrində ortaq tanışları olan Nizam yanlarına gəlib çıxmışdır. Nizam da ətrafdan bir neçə tullantı elektrik naqili və dəmir parçasını götürərək həmin kisənin içərisinə yığmağa başlamış, o isə Nizam və Xəyalın yanlarından ayrılıb otağa keçmiş, əynini geyib, növbəni başqasına təhvil verməyə hazırlaşmışdır. Həmin vaxt o, çöldən Nizam və Xəyalın mübahisəsini eşidib, səsə dərhal qapının ağzına çıxmışdır. Çıxanda görmüşdür ki, Nizam yerdə oturaq vəziyyətdədir, bıçaqlanmış, sinə hissəsindən qan axır. Xəyal da Nizamın yanındadır. Yaxınlıqdan tanımadıqları taksini saxlatdırıb Xəyalla birlikdə Nizamı götürüb xəstəxanaya aparmaq istəmişlər. Lakin Nizam onu xəstəxanaya aparmaqlarına razı olmamış, ona görə Nizamı taksi ilə Xəyalgilə gətirmişlər. Nizam və Xəyalı orada qoyub, o, evlərinə çıxıb getmişdir. Bildiyinə görə, Xəyalın Nizamı bıçaqlamasına səbəb Nizamın ərazidən yığdığı dəmir parçalarını kisəyə atmasına etiraz etdiyinə görə biri-biriləri ilə söyüşmələri və aralarında yaranan mübahisə zamanı Nizamın Xəyala əl atıb onu vurması olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. 12 yanvar 2022-ci il tarixdə təxminən saat 09:57 radələrində xidmətdə olarkən xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə etibarlı və mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan dərhal Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə, yaxalanması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi ondan və Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət olmuşdur. Onlar tərəfindən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni massiv, "FF Market"in qarşısında şübhəli şəxs kimi saxlanılaraq 15-ci Polis bölməsinə gətirilmişdir. Polis bölməsinin növbətçi hissəsində gətirdikləri Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkil dəvət edilmişdir. Sonra isə onlar tərəfindən xidməti otaqlardan birinə aparılmış və orada sonuncuya videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları qoyması təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb, könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi maddənin nə olması sualına cavab olaraq Təqsirləndirilən şəxs bu maddənin heroin olduğunu, onu şəxsi istifadəsi üçün Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 10 manata aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdikləri xüsusatlatı tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12.01.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması bildirilir (cild 1, iş vərəqi 2). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 3-4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12.01.2022-ci il tarixli raportdan görünür ki, 12 yanvar 2022-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 09:57 radələrində Zabrat qəsəbəsi, Yeni massiv, FF marketin yaxınlığında saxlanılmış və Sabunçu RPİ 15-ci PB-yə gətirilmişdir (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 12.01.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 11:02də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş təklifdən sonra o, əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni könüllü şəkildə təqdim etmişdir. Aşkar olunmuş narkotik maddəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azerbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 181 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 21-22). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş elektron daşıyıcısına baxış keçirilməsi haqqında 13.01.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, diskdə ona bir ədəd VTS_01_1.VOB DVD VOB tipli 437 915 kilobayt tutumlu fayl və həmin faylı nümayiş etdirmək üçün 01 köməkçi fayl açıldıqda görünür ki, çəkiliş 04 dəqiqə 52 saniyə müddətindədir. Görünür ki, çəkiliş xidməti otaqların birində aparılır Çəkilişdə xidməti otağa biri-birinin ardıca üç nəfər olmaqla, 1 nəfər polis geymində olan bir nəfər, 2 nəfər mülki geymli kişi cinsli şəxslərin daxil olması və giriş qapısının qarşısında düzülmələri müşahidə edilir. İş masası arxasında əyləşən, polis geyim formasında, polis leytenantı rütbəsində olan şəxs özünü Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin təhqiqatçısı polis leytenantı İsmayıl İsmayılov kimi təqdim etdikdən sonra otağa daxil olmuş şəxslərə özlərini təqdim etməyi barədə təklif verir. Sağdan birinci dayanan əynində polis geyim forması və polis mayoru xüsusi rütbəsində olan şəxs özünü 15-ci Polis bölməsinin sahə rəisi Şahid3 kimi, sol tərəfdən birinci dayanan əynində boz rəngli uzunqol poluver, tünd boz rəngli cins şalvar geyinmiş şəxs özünü 15-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 kimi, orta sırada dayanan əynində qırmızı-sarı rəngli zolaqlı qara rəngli idman gödəkçəsi, tünd boz rəngli cins şalvar geyinmiş şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Təhqiqatçı vətəndaşa sonuncunun şübhəli bilindiyi üçün saxlanıldığını, 15-ci Polis bölməsinə gətirildiyini, üzərinə videokamera ilə vəkilin iştirakı olmadan baxış keçiriləcəyini elan edərək bununla bağlı etirazının olub-olmamasını öyrənir. Təqsirləndirilən şəxs bununla bağlı etirazının olmamasını söyləyir. Təhqiqatşı Təqsirləndirilən şəxs üzərində qanunla icazəsi olmayan əşyanın olduğu halda onları təqdim etmək barədə təklifinə sonuncu əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə kütləsini çıxarıb masa üzərinə qoyur. Abdullayevin təqdim etdiyi əşyanın nə olması barədə sualına cavab olaraq Təqsirləndirilən şəxs onun "kakos" kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Bundan sonra videoyazan qurğunun obyektivi masaya yaxınlaşdırıldıqda görünür ki, 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə kütləsi vardır. Sonra bu maddə kütləsi aşkar olunduğu sellofan torba kəsiyinə qoyulub qablaşdırılır, zərf möhürlənir və şəxsi axtarış zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanır və çəkiliş sona çatır (cild 1, iş vərəqi 54- 56). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 12.01.2022-ci il tarixli, 6/199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd zərfdə üzərində “...Saxlanılan şəxs (imza) X. Abdullayev..." sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,447 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 34-39). İşdə olan Sabunçu Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” haqqında 12 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 76-77). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş canlı şəxslərin məhkəmə-tibbi ekspertizasının 16.03.2022-ci il tarixli, 484 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ağciyərin və sol döş arteriyasının yaralanması, sol tərəfli hemotoraksla (sol döş boşluğuna qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna keçən bir ədəd, sol sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 (iki) ədəd) müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən 10.10.2021ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol ağciyərin və sol döş arteriyasının yaralanması, sol tərəfli hemotoraksla (sol döş boşluğuna qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının sol yarısının ön divarının sol plevra boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sol sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.

2. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 199-201). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə haqqında 16.03.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 186-188). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 16.03.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən çıxib onun göstərdiyi marşrutla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “Sənaye parkı”nın yaxınlığına fəaliyyəti dayandırılmış zavodun qarşısına gəlinmiş və həmin zavodun giriş darvazasının açıq qalan yerindən həyətinə girilmişdir. Bu zaman Təqsirləndirilən şəxs içəridə giriş qapının ağızında dayanıb, durduğu yeri göstərərək bildirmişdir ki, həmin zavodun ərazisindən tanışı Zərərçəkmiş şəxs ilə tullantı elektrik naqilləri və metal qırıntıları yığarkən Zərərçəkmiş şəxs etiraz edib, metal tullantısının ona məxsus olmasını bildirdirdiyinə və söyüşdüşdüklərinə görə aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla sinə nahiyəsindən vurmuş, o, gözətçi otağı kimi istifadə edilən bir mərtəbəli köhnə tikiliyə keçib, iş alətlərinin içərisindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs sol yan hissəsindən 2 dəfə vurmuşdur (cild 1, iş vərəqi 189-192).

İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23.02.2022-ci il tarixli, 923 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 193-194).

İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16.03.2022-ci il tarixli, 677 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən emossional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə ermək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 196-197). İşdə olan 08.11.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 106). İşdə olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqi 168). İşdə olan maddi sübut kimi tanıma barədə 13.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 57). İşdə olan maddi sübut kimi tanıma barədə 13.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, 1,447 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,397 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlama otağına verilmişdir (cild 1, iş vərəqi 70). İşdə olan ibtidai istintaq orqanının əməliyyat tapşırığına cavab olaraq Sabunçu RPİnin 15-ci Polis bölməsinin 10.03.2022-ci il tarixli, 077-396 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, hələlik mənbə müəyyən edilməmişdir (cild 1, iş vərəqi 81,164).

İşdə olan cinayət işlərinin birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında müstəntiqin 01.03.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair ********* №-li cinayət işi onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair ********* №-li cinayət işi ilə birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci və 234.1-ci maddələrinə tövsif edilmiş və ********* nömrə altında istintaqın davam etdirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 89-90). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından arıtq miqdarda əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir o, təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmiş və 18 iyul 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarı əsasında cərimə cəzasından azad edilrək qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 84). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzaını çəkməkdən 18 iyul 2016-cı ildə azad edildiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsinə münasibətdə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması məqsədilə ona tibbi və ya digər yardım göstərilməsi üçün tibb işçisinə çatdırmasını Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əməlindən səmimi peşmanlıq çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-ci maddəsinin sanksiyasında isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməl ağır, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl az ağır cinayətlər kimi təsnif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokollarından və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə birinci dəfə 06 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə prokurorun təqdimatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, 08 noyabr 2021-ci il tarixdə həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ikinci dəfə 12 yanvar 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində həmin məhkəmənin qərarı ilə 13 yanvar 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 17, 78-80, 119-120, 149-152, 154-155). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulduğu 2 gün müddət təyin olunacaq qəti cəzadan çıxılmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 12 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,397 qram narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübut - Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın, üzərində 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,397 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar