Məhkəmə qərarları › İş №1(101)-921/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-921/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-921/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, ev 29-da qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan ağ rəngli kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 28 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan narkotik vasitə heroin bir ədəd sellofan bükümdə onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi həmin şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, psixi xəstəliklərdən əziyyət çəkir. Maştağa qəsəbəsində yerləşən psixiatrik xəstəxanada stasionar müalicə almışdır. 2-ci qrup əlildir. Bu səbəbdən hərbi xidmətdən azad edilmişdir. Dövlət qeydiyyatında olduğundan psixotrop maddələri dövlət hesabına aylıq əldə etmişdir. Bəzən həmin dərmanları götürməyə gedə bilmədiyindən tanımadığı şəxslərdən 3-5 manatlıq, bir istifadəlik narkotik vasitə heroin alıb istifadə etmişdir. Buna görə əvvəllər iki dəfə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. 28 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılıb 12-ci polis şöbəsinə aparılmış və üzərində axtarış keçirilmişdir. Həmin vaxt üzərində şəxsi istifadəsi üçün əldə etdiyi təxminən 5 qrama yaxın narkotik vasitə heroin olmuş, psixotrop maddə metamfetamin və elektron tərəzi olmamışdır. Şöbədə polis əməkdaşları tərəfindən döyülmüş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Fiziki təzyiq altında videoçəkiliş zamanı üzərində həm də psixotrop maddə metamfetamin və elektron tərəzi olduğunu bildirmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində şöbənin digər əməliyyat müvəkkili Şahid2 və idarənin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə rayonun Balaxanı qəsəbəsi Dirçəliş küçəsində xidmət aparmışlar. Bu zaman adını sonradan bildikləri Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Sonuncuya polis əməkdaşları olduqlarını bildirib, üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində sənədi olmadığını bildirib, onlardan yayınmağa çalışmışdır. Sonuncunun davranışından şübhələnib, onu 12-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirilmələri ilə bağlı raportla müraciət etmişlər. Bundan sonra X7 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Xidməti zərurətlə əlaqədar Şahid3 şəxsi axtarışın keçirilməsində iştirak etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olub-olmadığı soruşulmuş və videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər kütləni, həmçinin, həmin şalvarın sol yan cibindən elektron tərəzini çıxararaq təqdim etmiş, 27 sentyabr 2021-ci il tarixdə yaşadığı Balaxanı qəsəbəsində tanımadığı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 60 manata psixotrop maddə metamfetamini, 80 manata isə narkotik vasitə heroini alıb üzərində saxlayaraq daşıdığını, təqdim etdiyi elektron tərəzini isə həmin narkotik vasitə və psixotrop maddələri alarkən çəkidə aldanmamaq üçün istifadə etdiyini bildirmişdir. Üzərinə şəxsi axtarış zamanı əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd bükümdə narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr, eləcə də elektron tərəzi bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar həm qablaşdırılmış zərfin üzərini, həm də protokolu imzalamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən, şöbəyə gətirilərkən, üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs Oqtay və Eldəniz adlı polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması barədə iddiaları əsassız hesab edir. Təqsirləndirilən şəxs polis avtomobilinə oturdularkən bədəninin müvafiq nahiyələri avtomobilin bərk yerlərinə dəymişdir. Sonuncu 12-ci polis şöbəsinə gətirərkən Eldəniz adlı polis əməkdaşı olmamışdır. Təqsirləndirilən şəxsn narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu barədə şöbəyə dəfələrlə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İşin 168-ci vərəqindəki Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs «affektiv tip psixopatiya dekompensasiya vəziyyəti» diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. İşin 33-38-ci vərəqlərindəki məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 sentyabr 2021-ci il tarixli 6/4285 saylı rəyindən görünür ki, tədqiqat obyektləri üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksləri olan, «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,428 qram olan ağ rənglik kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Psixotrop maddə metamfetamin və narkotik vasitə heroin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün müqayisəli tədqiqat aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İİ) daxildir. İşin 96-97-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 dekabr 2021-ci il tarixli 5144 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 212-215-ci vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 fevral 2022-ci il tarixli 368 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir. Onda emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 75-ci vərəqindəki baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında bölmənin baş təhqiqatçısı Elşən Abbasovun xidməti otağına polis xidməti geyim formasında bir nəfər, mülki geyimdə isə iki nəfər şəxs daxil olur. X7 özünü təqdim etməklə otağa daxil olan şəxslərin özlərini təqdim etmələrini bildirir. Həmin şəxslərdən biri 12-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, xidməti geyim formasında olan şəxs 12-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 3-cü şəxs isə Təqsirləndirilən şəxs olduğunu bildirir. X7 Təqsirləndirilən şəxs qanunla əldə edilməsi, üzərində saxlanılması və daşınması qadağan edilmiş əşya və ya predmetlərin saxlanması və gəzdirilməsində şübhəli bilindiyindən Sabunçu RPİ-nin əməkdaşları tərəfindən 28 sentyabr 2021-ci il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirildiyini bildirməklə ona Azərbaycan Respublikası CPMin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini elan edir. Baş X7 Təqsirləndirilən şəxs xidməti otaqda üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçiriləcəyini izah edir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazının olmadığını bildirir. Şəxsi axtarış başlanılmazdan qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə kütlələri və həmin şalvarın sol yan cibindən isə bir ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin birində «şüşə», digərində isə «kokos» olduğunu deyərək, elektron tərəzini də özü üçün narkotik vasitə və psixotrop maddə alarkən çəkidə aldanmamaq üçün istifadə etdiyini, üzərindən aşkar edilmiş «şüşə», yəni psixotrop maddə metamfetamə bənzər kütləni 60 manata, «kokos»u, yəni narkotik vasitə heroinə bənzər kütləni isə 80 manata tanımadığı şəxsdən özünün istifadəsi üçün aldığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr və elektron tərəzi bir ədəd zərfdə qablaşdırılır. Zərfin üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Baş X7 aşkar edilmiş kütlələrin kimyəvi tərkibi və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyini izah edir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunmadığını bildirir. Baş X7 tərəfindən keçirilmiş şəxsi axtarışın bitməsi qeyd olunur və videoçəkiliş dayandırılır. İşin 203-206-cı vərəqlərindəki "xxxx" MMC-dən 27 yanvar 2022-ci il tarixli AZF/LGL- 6307/22 nömrəli məktubla göndərilmiş bir ədəd diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşına «X3 **********1246 ********* 4», «X4 **********1253 7********.4», «Nömrənin. Məxsusluq Tarixçəsi **********1308 ********* 4», X3 **********1315 ********* 4», «X3 **********1329 ********* 4», «X3 **********1335 7********.4», «SMS Tarixçəsi **********4430 775870393», «SMS Tarixçəsi **********4434 775870393», «SMS Tarixçəsi **********4442 702133626», «Zənglərin Detallaşması **********1415 ********* 4», «Zənglərin Detallaşması **********1444 7********.4», «X1 **********1524 7********.NAR.4» və «Zənglərin. Məxsusluq. Tarixçələri **********1552 7********.NAR.4» adlı 13 ədəd fayl yerləşdirilmişdir. «Nömrənin. Məxsusluq.Tarixçəsi **********1246 7********.4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2018-ci il tarixdə X2 adına aktivləşdirilmiş, xx.xx.2019-cu il tarixdə isə deaktiv edilmişdir. «Nömrənin. Məxsusluq.Tarixçəsi **********1253 7********.4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına aktivləşdirilmiş, xx.xx.2022-ci il tarixdə isə deaktiv edilmişdir. «Nömrənin. Məxsusluq.Tarixçəsi **********1308 7********.4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına aktivləşdirilmiş, xx.xx.2022-ci il tarixdə isə deaktiv edilmişdir. «Nömrənin. Məxsusluq.Tarixçəsi **********1315 7********.4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs adına aktivləşdirilmiş, xx.xx.2019-cu il tarixdə isə deaktiv edilmişdir. «Nömrənin. Məxsusluq.Tarixçəsi **********1329 7********.4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs adına aktivləşdirilmiş, xx.xx.2018-ci il tarixdə isə deaktiv edilmişdir. «X3 **********1335 ********* 4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs adına xx.xx.2099-cu il tarixədək olmaqla aktivləşdirilmişdir. «SMS Tarixçəsi **********4430 775870393» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Baxış zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. «SMSTarixçəsi **********4434 775870393» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***- **-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Baxış zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. «SMS Tarixçəsi **********4442 702133626» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Baxış zamanı xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə «Salam torpağ var» məzmunda mesaj göndərilməsi müəyyən edilmişdir. «Zənglərin Detallaşması **********1415 ********* 4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. «Zənglərin Detallaşması **********1444 ********* 4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. «X1 **********1524 ********* NAR 4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, müxtəlif nömrələrin adlarına aktivləşdirildiyi şəxslərin siyahısı yerləşdirilmişdir. «X1 **********1552 ********* NAR 4» adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, müxtəlif nömrələrin adlarına aktivləşdirildiyi şəxslərin siyahısı yerləşdirilmişdir. İşin 140-cı vərəqəsindəki Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş məktubdan görünür ki, keçirilmiş zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə hesab edilən metamfetamini əldə etdiyi şəxsin (mənbənin) müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə əməliyyat məlumatları daxil olmuşdur. İşin 92-94-cü vərəqlərindəki qərardan görünür ki, 29 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, Sabunçu RPİnin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilən zaman onun bədənində müvafiq xəsarətlərin aşkar edilməsi faktı ilə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Fərid Həsənov tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin hansı şəraitdə alındığı müəyyən edilmədiyindən və həmin xəsarətlərin polis əməkdaşları tərəfindən ona yetirilməsi öz təsdiqini tapmadığından material üzrə 29 oktyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İşin 159-161, 198-202, 208-211-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamə, hökmün və qərarın surətlərindən görünür ki, Seyidov X6 rayon məhkəməsinin 18 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 1 fevral 2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə 5 (beş) ay 27 (iyirmi yeddi) gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 22 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə 7 (yeddi) ay 4 (dörd) gün vaxtından əvvəl şərti azad edilmiş, 26 sentyabr 2019-cu il tarixdə də Bakı İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluqları Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə) ödənilmişdir. İşin 118-119-cu vərəqlərindəki 20 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan psixotrop maddə metamfetamin, külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilmişdir. İşin 14-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 28 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin inzibati binasına aparılmış, şöbədə üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan narkotik vasitə heroin bir ədəd sellofan bükümdə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi həmin şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitəni satmağa cəhd etməsi sübuta yetirilmədi. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 2,630 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan ağ rəngli kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 28 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin inzibati binasına aparılmış, şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan narkotik vasitə heroin bir ədəd sellofan bükümdə onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi həmin şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində saxlanılarkən üzərində təxminən 5 qrama yaxın narkotik vasitə heroin olduğunu, psixotrop maddə metamfetamin və elektron tərəzinin olmadığını, videoçəkiliş zamanı polis əməkdaşlarının təzyiqi altında üzərində həm də psixotrop maddə metamfetamin və elektron tərəzinin olduğunu dediyini bildirdi. Onun bu hissədə ifadəsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi (i.v.109-112), şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, maddi sübutlar, ekspertiza rəyləri və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə həmin hissədə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə iş üzrə keçən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrinin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə şöbəyə dəfələrlə əməliyyat məlumatlarının daxil olduğuna dair hissəsinə də tənqidi yanaşır. Məhkəmə həmçinin işin 140-cı vərəqəsindəki Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin rəisi Y.Ələsgərovun Sabunçu RPİ-nin İstintaq Şöbəsinə ünvanlanmış 28 dekabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə şöbəyə dəfələrlə əməliyyat məlumatlarının daxil olmasına dair məktubu ilə bağlı qeyd edir ki, cinayət işi materiallarında qeyd edilən məlumatı təsdiq edən heç bir sübut sübut yoxdur. Odur ki, məhkəmə həmin məlumatı da mötəbər sübut hesab etmir. Məhkəmə yuxarıda şərh edilənlərə əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən «affektiv tip psixopatiya dekompensasiya vəziyyəti» diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlil olmasını da nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda, təmiz çəkisi 3,428 qram olan psixotrop maddə metamfetamin, külli miqdarda, təmiz çəkisi 5,296 qram olan narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda, təmiz çəkisi 3,428 (ekspertizadan sonra qalıq 3,378) qram olan psixotrop maddə metamfetamin, külli miqdarda, təmiz çəkisi 5,296 (ekspertizadan sonra qalıq 5,246) qram olan narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar