Məhkəmə qərarları › İş №1(101)-921/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-921/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-921/2025 09.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyətləri istintaqla araşdırılan digər şəxslər ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqla araşdırılan digər şəxslərin sifarişi və pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması üçün naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində neft buruqlarının yaxınlığında yerləşdirilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 29,368 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin maddəni üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə saat 23:55-də yuxanda qeyd olunan ünvanda saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və 21 iyun 2024-cü il tarixdə saat 1:20-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 29,368 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Əli Kərim 167 ünvanında işlətdiyi marketdə olan zaman yaxınlıqda yaşayan Eldəniz və Elşən adlı qonşuları içəri daxil olmuşlar. Sonuncular çöldə olan meyvə tərəvəzin içəri gətirilməsinə ona kömək etdilər. Onlar pivə içməyi təklif etmiş və o da razılaşmış və iki-üç butulka pivə içmişlər. Sonra içəri 4 nəfər mülki geyimli şəxs daxil olmuş və polis olduqlarını bildirmişlər. Polislər mağazanın sahibinin kim olduğunu soruşmuşlar. O isə cavabında özü olduğunu bildirmişdir. Polislər onun narkotik vasitənin satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. O isə belə halın olmadığını demişdir. Polislər əvvəlcə mağazanı axtarmağa başlamış, bundan sonra isə onun oturduğu hissəni axtarmış və heç nə tapa bilməmişlər. Sonra polislər onun üzərini axtarmağa cəhd etsələr də o, əvvəl olan açarları, telefonu və pulu təqdim edərək başqa heçnə olmadığını bildirmişdir. Bundan sonra polislər onun qoluna qandal taxmış və bu zaman orada olan Elşənə mağazada durmağını, oğlu Nicata xəbər verməsini istəmişdir. Polis əməkdaşları onu öz maşınlarına mindirib yaşadığı ünvana aparmışlar. Bu zaman o, qapını döymüş və yoldaşı qapını açmışdır. Yoldaşı qandallı olduğunu gördükdə qışqırmağa başlamış, o isə yanlış anlaşılma olduğunu və həll olunacağını bildirmişdir. Bundan sonra evi axtarmağa başlamışlar. Evdən nəsə aşkar edilməmiş və bundan sonra onu aşağı maşına aparmışlar. O, polislərə heçnə aşkar edə bilmədiklərini və onu sərbəst buraxmalarını bildirdikdə, sonuncular öz işlərini bildiklərini və onların işlərinə qarışmamağı demişlər. Bundan sonra onu yenidən mağazasının yanına gətirmişlər. Bu vaxt ondan mağazanın anbarının olub-olmamasını soruşmuş, o isə olmadığını demişdir. Bundan sonra isə binanın zirzəmisinin olub-olmamasını soruşmuş, o, onlara zirzəmini göstərmişdir. Həmin polislərdən biri zirzəmiyə düşmüş və 1 dəqiqə olmamış həmin yerdən çanta ilə gəlmişdir. Çantanı açmış və orada narkotik vasitəyə oxşar maddə olmuşdur. Həmin vaxt polislər bunun nə olduğunu soruşmuş, o isə ona məxsus olmadığını və nə olduğunu bilmədiyini demişdir. Bundan sonra oğlu Nicat gəlmiş və nə baş verdiyini soruşmuşdur. O isə səs-küy salmamağını bildirmişdir. Bundan sonra onu baş idarəyə aparmışdırlar. Orada ikinci mərtəbəyə qalxıb və sola dönən zaman birinci otağa apamışlar. Onu tutanların rəhbəri kimi özünü təqdim etmiş Etibar adlı şəxs ilə danışmağa başlamışdır. Sonuncu ondan haralı olduğunu soruşduqda o, Kəngərli rayonundan olduğunu bildirmişdir.Etibar yerli olduqlarını və ona kömək etmək istədiyini demişdir. O isə etmədiyi əmələ görə nə kömək edəcəyini soruşmuşdur. Etibar ona hələ hara gətirildiyini başa düşmədiyini bildirmiş, ona kömək etmək istədiyini və 20.000 manat pul versə, buraxılacağını demişdir. O isə etmədiyi bir şeyə görə nə üçün 20.000 manat verməli olduğunu və həmin pulun onda olmadığını demişdir. Sonra onu aşağı gətirmiş və 1 saat sonra yenidən həmin Etibar adlı polisin yanına aparmışlar. Sonuncu yenidən baş verənləri hələ dərk etmədiyini, oğlunu da gətirdiklərini və onların dediklərini etməsə, oğlunun maşınına narkotik vasitə qoyacaqlarını bildirmişdir. O, oğlu ilə danışdığını və 10.000 manat pul tapacağını demişdir. Oğlu ilə hədələdikləri üçün onlarla razılaşmışdır. Üzərinə şəxsi axtarış keçirməzdən əvvəl 1 büküm narkotik vasitə və açarı qarşısına qoymuşlar ki, şəxsi axtarış zamanı təqdim etsin. Şəxsi axtarış zamanı məcbur qalıb polislərin dedikləri kimi etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, tutulmazdan əvvəl 39 saylı Mənzil Kommunal İstismar Birliyində işləmiş, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Anbardan çıxan narkotik vasitənin ora necə gətirildiyindən xəbəri yoxdur. Süleyman onun uşaqlıq dostu və qonşusudur. Süleymanın ona 10.000 manata yaxın borcu olmuşdur. Onun yaxınlarından narkotik vasitə istifadə edən şəxs yoxdur. Süleyman çox yaxın dostudur. Onu tutmağa 4 nəfər polis əməkdaşı gəlmişdir. Polislər onu saxlamağa gələn zaman mağazada qonşuları Elşən və Eldəniz var idi. Polislər onu tutmağa gələn zaman videoçəkiliş etməmişlər. Baş verənlər gecə saat 11-12 arasında olmuşdur. Mağazadan sonra polislər onu evinə aparmışlar. Evi Gənclik küçəsi C29-da yerləşir. Tutulan zaman ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. Polislər onu saxlayan zaman telefonunu söndürməmişlər. Onu evə aparan zaman evdə həyat yoldaşı olmuşdur. Həyat yoldaşı X8r. Evindən sonra onu yenidən mağazasına gətirmişlər. Həmin vaxt oğlu Abbaslı Nicat da mağazada olmuşdur. Onu sonra polis idarəsinə aparmışlar. Onu evə aparan zaman mağazanı qonşusu Elçinə əmanət etmişdir. Mağazada olan zaman üzərində axtarış aparmışlar. Qoluna mağazada qandal vurmuşlar. Bundan sonrakı mərhələlərin hamsında qolunda qandal var imiş. Polislər öz maşınları ilə onu evə və idarəyə aparmışlar. Videoçəkiliş idarədə və idarədən sonra zirzəmiyə baxış zamanı keçirilmişdir. Müdafiəçini birinci dəfə idarədə görmüşdür. Süleymanın 44-45 yaşı var. O, Süleymanı 1986-cı ildən Bakıxanov qəsəbəsinə köçəndən sonra tanımışdır. Süleyman ticarətlə məşğul olmuşdur. Süleyman saxlamağı üçün ona bağlama verməmişdir. Tutulan zaman istifadə etdiyi nömrə onun adınadır. Süleyman ilə narkotik vasitə ilə bağlı heç vaxt söhbətləri olmamışdır. Polislərə Süleymanın ona borcu olduğunu özü demişdir. “Kia Sportage” markalı maşın oğluna məxsusdur. Süleymanın hazırda harada olduğunu bilmir. Adına bank kartı olmuşdur. Həmin kartı işi ilə bağlı almışdır. Həmin karta ayrı-ayrı vaxtlarda həm Süleyman, həm də ki digər şəxslər pul atmışlar. Tutulduğu gün maşın ilə heç bir yerə getməmişdir. Elan olunmuş ifadə ona məxsus deyil. İstintaqa inandığı üçün həmin ifadəni imzalamışdır. Tutulmamışdan 10 gün əvvəl Bakıxanov qəsəbəsinə torpaq axtarmaq üçün getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 4 ünvanında özünə məxsus ərzaq mağazası var və həmin mağazada işləyir. Mağazanın yaxınlığında binanın zirzəmisi var və həmin zirzəminin açarı onda olur. Zirzəmi Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur və həmin zirzəmidə təsərrüfat əşyaları saxlanılır. Mağaza zirzəminin yaxınlığında olduğundan oranın açarını ona veriblər ki, lazım olanda gəlib götürsünlər. X4 uşaqlıqdan tanıyır və Süleyman Məmmədovla eyni məhəllədə böyümüşdür. Süleyman ilə arasında yaxşı münasibət olub və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Süleymanın uzun müddətdir ki, ona 10.000 manat borcu var. Həmin borc hissə-hissə yaranmışdır. Belə ki, Süleyman həm işlədiyi mağazadan borca ərzaq almış, həm də təxminən 4000- 5000 manat civarında ondan borca nağd pul götürmüşdür. Bu borc 10 ildən çoxdur ki, yaranmışdır. Süleyman dələduzluğa görə təxminən 7 il müddətə azadlıqdan məhrum edilmişdir. Təxminən 3-4 il olar ki, azadlığa çıxmışdır. O tez-tez Süleymanla görüşüb pulunu normal şəkildə tələb etmişdir. Süleyman isə işləyib verəcəyini bildirmişdir. Amma, ortalıqda heç nə olmamışdır. 2024-cü ilin may ayının ortalarında o Süleymanla görüşüb konkret şəkildə pulunu istəmişdir. Süleyman isə demişdir ki, onunla bir iş görmək istəyir. Həmin işin nəticəsində həm ona borclu olduğu 10.000 manat pulu, həm də əlavə olaraq qazanc kimi 2000-3000 manat pul verəcək. O nə iş olduğunu soruşduqda demişdir ki, ona bir bağlama verəcək və Süleyman dediyi vaxtda həmin bağlamanı ya başqa şəxsə verəcək, ya da harasa qoyacaq. O, həmin bağlamada nə olacağını soruşduqda demişdir ki, qorxulu heç nə yoxdur, narahat olmasın. Bu danışıqlardan o həmin işin düzgün iş olmadığını başa düşmüşdür. Çünki, bir bağlamanı götürüb harasa qoymaq müqabilində 12000-13000 manat pul qazanılmır. Süleymanla olan söhbətləri orada qalmış və Süleymana demişdir ki, fikirləşib deyər. Süleyman həmin bağlamada narkotik olacağını ona bildirməsə də, o təxminən belə bir şey olacağından şübhələnmişdir. Hadisə ilə bağlı onu bildirmişdir ki, 2024-cü ilin iyun ayının əvvəllərində Süleyman onunla əlaqə saxlamış və danışdıqları söhbəti onun yadıma salaraq demişdir ki, bağlamanı yerləşdiriblər, gedib götürmək lazımdır. O, ilkin olaraq etiraz edib onunla görüşmək istəmiş və bu işdən qorxduğunu bildirmişdir. Süleyman isə demişdir ki, Azərbaycanda deyil, narahat olma, onunla çörək kəsmişdir, heç bir problem olan deyil. O, Süleymana inanmış və razılıq vermişdir. Bundan sonra Süleyman ona konum və şəkil göndərmiş və o həmin konuma bağlamanı götürmək üçün getmişdir. Həmin yer Balaxanı qəsəbəsində tanımadığı küçədə və neft buruqlarmın yaxınlığında olmuşdur. Həmin yerə gecə getdiyindən oranın dəqiq yerini xatırlamır. Həmin yerə istifadəsində olan “Kia Sportage” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tək getmişdir. Həmin bağlamanı tapmış və işlədiyi mağazanın yanına gəlmişdir. Bağlamanı mağazanın yanında olan zirzəmiyə qoymuş və bu barədə Süleymana məlumat vermişdir. Bir neçə gündən sonra Süleyman demişdir ki, həmin bağlamanı açsın və onun içindən bağlama götürüb Süleyman dediyi yerə qoysun. O isə Süleymana etiraz etmiş və demişdir ki, danışıqlarına görə o, bağlamanın hamısını bir dəfəyə harasa qoyacaqdır. Süleyman isə demişdir ki, plan dəyişib, belə etməlidir. O da məcbur qalıb həmin bağlamanı açmışdır. Bağlamanı açan zaman onun içərisində narkotik vasitə olduğuna tam əmin olmuşdur. Keçən 20 gün ərzində 3 dəfə Süleymanın sifarişi ilə oradan narkotik götürüb dediyi yerlərə qoymuşdur. Belə ki, birinci dəfə Balaxanı ərazisinə, ikinci və üçüncü dəfə isə Bakıxanov ərazisində yerləşdirib həmin yerin şəklini və konumunu Süleymana göndərmişdir. Bunun müqabilində Süleyman onun kartına hissə-hissə olmaqla ümumilikdə 5000 manat pul göndərmişdir. 20 iyun 2024-cü il tarixdə axşam radələrində Süleyman onunla əlaqə saxlamış və demişdir ki, həmin bağlamanın içərisində olan balaca bağlamanı götürüb özündə saxlasın, Süleyman deyəndə yerləşdirər. O da həmin bağlamanı götürüb cibinə qoymuş və Süleymandan xəbər gözləməyə başlamışdır. Saat 23:55 dəqiqədə mağazanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu BNMİ-nin inzibati binasına dəvət etmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd açar və 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmişdir. Metamfetaminin çəkisi 34 qram olmuşdur. Aşkar olunmuş həmin kütlə qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. “Samsung” markalı mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 2 ədəd açar isə özünə geri qaytarılmışdır, O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanışı X2 vasitəsi ilə təxminən 20 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, həmin kütləni müəyyən ünvanlara qoymağına görə Süleymanın ona borclu olduğu 10000 manat pulu geri qaytaracağını, Süleymanın həmin kütləni kimdən əldə etməsi barədə məlumatının olmadığını, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda işlədiyi marketin yaxınlığındakı zirzəmidə kütlə olduğunu, həmin zirzəmiyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. Bundan sonra qeyd olunan zirzəmiyə getmişdir. Orada ona saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, zirzəmidən 17 ədəd bağlamada metamfetamini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Metamfetaminin çəkisi 9 kq 430 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra zirzəminin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə yaxud qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra onlar onun yaşadığı ünvan 5 ünvanına getmiş və orada oğlu X10 da iştirakı ilə mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildən narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra onlar Baş İdarəyə qayıtmış və orada həm zirzəmiyə, həm də mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar imzalanmışdır (cild 1, iş vərəqə 82-86). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə gecə saat 12 radələrində Sabunçü rayonu, Əli Kərim küçəsi 167 ünvanında Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsində şübhəli olduğu üçün BNMİ-nə dəvət etmişdirlər. İdarədə müdafiəçinin iştirakı ilə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs işlətdiyi marketin yanında olan zirzəmidə də psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə həmin zirzəmiyə baxış keçirilmiş və həmin zirzəmidən 17 büküm 9 kiloqramdan çox psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı həmin psixotrop maddələri dostu Süleymanın sözünə əsasən 20 gün əvvəl Balaxanı qəsəbəsindən götürdüyünü və bu işə Süleymana 10.000 manat borcu olduğu üçün girdiyini bildirmişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Samirin dediyinə görə onun Sülymana 10.000 manat borcu var idi. Samiri ona məxsus olan mağazanın yaxınlığında saxlamışdırlar. Həmin vaxt Samirin mağazasında heç kəs yox idi. Samiri saxladıqdan sonra idarəyə aparmış, sonra idarədə üzərinə şəxsi axtarış keçirmiş, sonda isə onun dediyi zirzəmi olan yerə gəlmişdirlər. Həmin zirzəmi Samirin mağazasına yaxın idi. Samir bu işi Süleymana 10.000 manat borcu olduğu üçün etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməmişdir. Saxladıqları yerdə Samirin üzərinə baxış keçirməmişdirlər. Onlar Samiri idarəyə gətirən zaman müdafiəçi gəlmişdir. Müdafiəçi şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Samir telefon və iki ədəd açar təqdim etmişdir. Marketdə olan zaman orada heç kəs yox idi. Zirzəminin açarının Samirin özündə olub-olmadığını xatırlamamışdır. Samirin özü zirzəminin qapısını açıb psixotrop maddəni təqdim etmişdir. Samirin üzərinə baxışı idarədə keçirmişdirlər. Samir onlara müqavimət göstərməmişdir. Mağazada Samirin üzərinə baxış keçirilməmişdir. Həmin vaxt istifadəsində ***-***-**-** saylı nömrə var idi. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işlətdiyi mağazanın qarşısındakı binada kirayə qalırmış. Həmin mənzili də ona Samir tapmışdır. Samir tutulan vaxt o, evdə idi və səs-küyə aşağı düşmüşdür. Bu vaxt Samirin qandallı formada mağazasından çıxarıldığını görmüşdür. Həmin vaxt polislər Samirin avtomobilində axtarış keçirmişlər. Samiri başqa bir yerə aparıb sonra geri qaytarmışlar. Bu vaxt binanın zirzəmisi tərəfdə dayanmış və orada axtarış aparmışlar. O, onlara yaxınlaşmaq istəyərkən orada olan polislər mane olub çəkilməyini istəmişlər. Həmin zirzəmidən nə aşkar olunduğunu görməmişdir. Şahid X5 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, polislər Samiri aparan vaxt saat 22:30 radələri idi. Orada 3-4 nəfər mülki geyimdə olan polis var idi. Samiri aparıb bir qədər sonra geri qaytarmışlar. Zirzəmiyə baxış keçirən zaman videoçəkiliş aparılmasını görməmişdir. Təqsirləndirilən şəxs tutulan vaxt o, həyətdə idi. Zirzəmiyə birinci olaraq polislər daxil olmuşlar. Ona məhkəmədə verdiyi və cavabladığı ifadə və suallar ilə bağlı öncədən heç kəs heç nə deməmişdir. Samir tutulan vaxt bir çox adam həmin yerə yığılmışdır. Samir onların məhəlləsində yaşamırdı. Süleymanın nə işlə məşğul olduğundan xəbəri yoxdur. Süleyman ilə Samirin arasında olan münasibətdən xəbəri olmamışdır. İbtidai istintaqda yazılan həmin ifadəni oxumadan imzalamışdır. İbtidai istintaq zamanı heç kəs ona təzyiq göstərməmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə qalır. Sonuncunu 15 ildir tanıyır, dostluq münasibəti var. Heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. 20 iyun 2024-cü il tarixdə, axşam saat 10-11 radələrində o, bazarlıq etmək üçün Samirin işlədiyi kiçik marketə yaxınlaşmışdır. Həmin yerə çatarkən polis əməkdaşlarının marketin qarşısında Samirin qolundan tutub saxladıqlarını görmüşdür. Polis əməkdaşları Samiri dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobilə mindirib aparmışlar. Bundan təxminən 1 saat keçdikdən sonra onlar geri qayıtmış və Təqsirləndirilən şəxs işlədiyi marketin yaxınlığında olan zirzəmiyə daxil olmuşlar. O, yolun digər tərəfindən onları izləsə də içəridə nə baş verdiyini görməmişdir. Onlar zirzəmidən çıxdıqda başa düşdüyü qədəri ilə oradan Təqsirləndirilən şəxs məxsus narkotik vasitə aşkar edilmişdir. Bundan sonra onlar getmiş və nə baş verdiyindən məlumatı yoxdur (cild 1, iş vərəqi 262- 264). Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Samiri saxlayan zaman sonuncunun mağazasında pivə içirmiş. Həmin vaxt mağazaya mülki geyimdə olan polislər daxil olmuş və bu vaxt onu çölə çıxartmışlar. Çölə çıxandan sonra yenə yanına gəlib onu mağazadan daha uzağa getməyini istəmişlər. Bir müddət sonra onu çağırıb Samiri apardılarını və mağazaya baxmağını istəmişlər. O isə Samiri nəyə görə apardıqlarını soruşanda “ şikayət var izahat yazdırıb geri qaytaracağıq” demişlər. O isə Samirin oğlu Nicata zəng edib, atasını polislərin apardığını deyib, gəlib mağazaya baxmasını bildirmişdir. Bir müddətdən sonra Nicat gəlmiş və mağazanı bağlayan vaxt Samiri polislər geri qaytarmışlar. Şahid X3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, polislər Samiri aparan vaxt saat 22:30 radələri idi. Samiri polislər tutan vaxt mağazanın ətrafında adamlar yığışmışdırlar. Samiri geri qaytardıqları vaxt məhlədə polis var idi. Samiri aparan vaxt o qandallı idi. Təxminən polislər mağazaya gələndən 10-15 dəqiqə sonra Samiri aparmışdırlar. Samiri aparmış təxminən yarım saat sonra geri qaytarmışdırlar. Həmin ərazidən onları polislər aralaşdırmışdırlar. Onlar Samirlə birlikdə pivə içmişdirlər. O, birinci dəfədir ki, məhkəmədə iştirak edir. Polislərin onları uzaqlaşdırdığı yerdən mağazada nə baş verdiyi ilə bağlı heç nə görsənməmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2024-cü il tarixdə saat 23:55-də ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və Baş İdarəyə gətirilərək orada həmin gün saat 1:20-dən etibarən üstünün yoxlanılması zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə çəkisi 29,368 qram olan psixotrop maddə metamfetamin, həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 2 ədəd açar və 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar edilmiş, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, şəxsiyyət vəsiqəsi və 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sonuncudan götürülmüş, 2 ədəd açar isə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı videoçəkiliş aparılmış və 1 ədəd diskə köçürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 30- 31, 35-36). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024-cü il tarixli 3-16-16/2- 6/3315 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksləri, yazılar olan bir ədəd zərfdə qablaşdırılmış, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” yazıları və imzalar olan zərfin içərisində yapışqan lentlə sarınmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 29,368 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 29,368 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq ümumi 26,268 qramdır, cild 1, iş vərəqi 52-57). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 22 iyul 2024-cü il tarixli 4977 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 225-226). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və özünün könüllü olaraq təqdim etdiyi ekspertiza tədqiqatından sonra qalan 9 kq 822,568 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmişdir (cild 1, iş vərəqi 108-109). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və qeyri-insani davranışa məruz qalması xüsusatı ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 207-208). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 162-163). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə saat 23:55-də saxlanılmışdır (cild 1, iş vərəqi 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 96-101). Cinayət işinin materiallarında olan “cinayət işi üzrə ittiham aktının təsdiq edilmədən əlavə istintaqa qaytarılması haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair BMCMİ-nin İstintaq idarəsində istintaq edilmiş və ittiham aktı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş ********* №-li cinayət işi üzrə tərtib olunmuş 18 noyabr 2024-cü il tarixli ittiham aktı təsdiq edilmədən BMCMİ-nin İstintaq İdarəsinə qaytarılmışdır (cild 2, iş vərəqi 3-5). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 4 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinə könüllü təqdim etmə ilə əlaqədar xüsusilə külli miqdarda 9795 qram psixotrop maddə aşkar edilməsi hissəsində xitam verilmiş və 1 iyul 2024-cü il tarixli maddi sübut kimi tanınma qərarı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertizadan sonra qalıq qalmış 29,268 qram hissəsində qüvvədə saxlanılmış, 9 kq 793,3 qram hissəsində isə maddi sübut siyahısından çıxarılmışdır (cild 2, iş vərəqi 6-9). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “1-ci Qarabağ Müharibəsi” veteranıdır və anası X12 ümumi xəstəlik səbəbindən müddətsiz əlildir (cild 3) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs “1-ci Qarabağ Müharibəsi” veteranı olmasını və anası X6 ümumi xəstəlik səbəbindən müddətsiz əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 29,268 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 29,268 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar