Məhkəmə qərarları › İş №1(101)-927/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-927/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-927/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X8 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Salyan rayonu Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 19,104 qram olan kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib gələcəkdə satışını həyata keçirmək üçün əynindəki şalvarının sağ yan cibində gizlətməklə saxlayıb üzərində daşımışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:05-də o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində yerləşən “Halal” marketin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirildikdən sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 19,104 qram olan külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs dini ekstremist materialları saxlama və yayma məqsədi ilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran Azərbaycan Respublikasının milli maraq və mənafelərinə, rəsmi ideologiyasına zidd olaraq İran İslam Respublikasının “vilayəti-fəqih” dini ideologiyasını, xarici siyasətini dəstəkləyən fikirlərə yol verilmiş, həmçinin hakimiyyət nümayəndələri haqqında “dövrün fironları”, “İbn ziyadlar”, “yezidlər” və “müaviyələr” kimi bənzətmələr işlədərək dini nifrət və düşmənçilik aşılayan fikirlərin mövcud olduğu 03 ədəd CD diski istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən əldə edərək gələcəkdə yaymaq üçün yaşadığı ünvan 3 ünvanında saxlamış, 04 fevral 2023-cü il tarixdə saat 12:30-da Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda videoçəkilişdən istifadə edilməklə aparılan axtarış zamanı dəhlizdə yerləşən taxta konstruksiyalı dolabın siyirməsindən onun yaymaq məqsədi ilə əldə edərək saxladığı 03 ədəd CD diskdə dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və bu fəaliyyətin zəruriliyinə bəraət qazandıran həmin dini ekstremist materiallar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu dükanda olan zaman axşam saat 7 radələrində 43-cü bölməyə, birbaşa rəisin yanına aparıblar. Bölmədə isə Rəis ondan namaz qıldığını, İranda olduğunu soruşmuşdur. O, bu suala cavab olaraq 2018-ci ildə təxminən 55 nəfərlik qrup şəklində Məşəd ziyarətinə getdiyini bildirdikdə, rəis onu narkotiklə sroka göndərəcəyini demişdir. Bundan sonra isə Nahid adlı şəxs seyfi açıb narkotiki stolun üstünə qoymuşdur ki, bunu götürməlidir. Həmin vaxt üzərində telefondan başqa heç nə olmayıb, lakin seyfdən narkotiki çıxardıb, hədələyərək onun cibinə qoymuşlar. Videoçəkiliş zamanı isə ona nə deyilmişdirsə onu da deyib. Həbsdən iki gün sonra onun iştirakı olmadan evinə baxış keçirilib. Evdən video disk, üstünə “Ya Hüseyn” yazılmış bayraq və dini kitablar götürüblər. Disk onun olmayıb. Diskin və narkotikin ona aidiyyəti yoxdur. Onu dükandan götürəndə dükanın videokamerasının yaddaş kartını da götürüblər. Onun saxlanıldığı yerdən bölməyə 5 dəqiqəlik yoldur. Bölməyə gətiriləndən 3-4 saat sonra üzərinə baxış keçirilib. Onu saxlayandan bölməyə qədər telefon üzərində olub, bölmədə isə üzərindən götürüblər. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiqlər edilməsə də, psixoloji təzyiq göstərilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, əvvəllər hər hansı bir narkotik vasitə və ya psixatrop maddələrdən istifadə etməmiş, lakin son zamanlar “şüşə” kimi tanınan maddədən istifadə etmək qərarına gəlmişdir. Bunun üçün 31 yanvar 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Mərkəz” kimi adlanan yerə gəlmişdir. Oraya gəlməkdə məqsədi şüşə kimi tanınan maddə əldə etmək olmuşdur. Belə ki, o, əvvəllər eşitmişdir ki, həmin yerdə narkotik vasitə və psixotrop maddə satan şəxslərə rast gələ və onlardan əldə edə bilər. Həmin yerə gəldikdə küçədə rastlaşdığı bir nəfər tanımadığı şəxsi zahiri görünüşünə görə narkotik vasitə satışı ilə nəşğul olan şəxsə bənzətmiş və ona yaxınlaşmışdır. Söhbət zamanı məlum olmuşdur ki, həmin şəxs narkotik vasitə və psixtorop maddə satışı ilə məşğuldur. İlk dəfə istifadə edəcəyini bildirdikdən sonra həmin şəxs ona “şüşə” kimi tanınan psixotrop maddə təklif etmiş, üzərində həmin maddədən bir büküm olduğunu və 70 manat pul müqabilində satdığını bildirmişdir. O da həmin şəxslə razılaşmış və ona 70 manat pul ödəməklə bir ədəd şəffaf sellefon bükümdə şüşə kimi tanınan psixatrop maddə almışdır. Həmin bükümü üzərində saxlayıb daşıyırmış ki, münasib vaxt və yerdə istifadə etsin. Lakin elə həmin tarixdə, yəni 31 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, “Halal” marketin yaxinlığında piyada olan zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra üzərində narkotik vasitə olmasından şübhəli bilindiyi üçün onu 43-cü PB-nə dəvət etmişlər. O razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə həmin bölməyə gəlmişlər. Orada ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində baxış keçirilicəyi bildirilmişdir. O buna etiraz etməmişdir. Üzərində olan əşyaların təqdim olunması ona təklif edildikdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellefon bükümü təqdim etmişdir. O etiraf edərək həmin bükümdə “şüşə” adlanan psixotrop maddə olduğunu bildirmişdir. Təqdim etdiyi maddələr təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirmişdir. Keçirilmiş axtarış və götürmə zamanı video çəkiliş aparılmış, həmçinin protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş psixatrop maddəni istifadə etməyə başlamaq qərarına gəldiyi üçün aldığını, həmin maddəni əldə etdiyi şəxsi tanımadığını, narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmadığını, yeni istifadə etməyə başlamağı qərarlaşdırdığı üçün buna görə anlayışı olmadığını, həmin şəxsə ona bir bükümdə təklif etdiyi üçün o da razılaşmışdır. ***-***- **-** mobil telefon nömrəsini istifadə edir, polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir psixi və ya fiziki zorakılıq tətbiq edilməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs yeni müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Binəqədi kəndində İsfahani küçəsində yerləşən 1001 dükanda olarkən üç nəfər polis gəlib qoluna qandal vurub, telefonunu və mağazanın kamera görüntülərini götürmüş, 43-cü Polis Bölməsinə aparmışlar. Orada rəis ondan namaz qılmağını və İranda olub-olmadığını soruşmuşdur. O bildirmişdir ki, namaz qılandır və 2018-ci ildə qrup şəklində Məşhəd ziyarətində olmuşdur. Sonra ona hədə-qorxu gəlmişlər ki, həbs olunmalısan, qol çəkməsən döyüləcəksən və sənin üçün daha pis olacaqdır (Tural və Nahid demişdir). O da təziq altında qol çəkmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Həmin vasitəni polislər özləri cibinə qoymuşiar və çəkiliş apararaq cibindən həmin vasitəni çıxarmışdır. Narkotik vasitəni ona Tural vermiş və onların təzyiqi altında cibindən çıxarmışdır. Bu barədə müdafiəçisinə deməmişdir. Yaşadığı evdən aşkar edilmiş dini ekstremist məzmunlu materiallardan disklərin ona və ailə üzvlərinə məxsus olmadığını, həmin disklərin hansı şəraitdə aşkar olunmasını bilmədiyini, yaşadığı evin açarından iki nüsxə olduğunu, hər iki açarın o tutulan zaman evdə olduğunu, o tutulmamışdan əvvəlki günlərdə yaşadığı evə kənar şəxslərin gəlmədiyini, yalnız ailə üzvlərinin olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitənin və psixotrop maddənin qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən əməliyyat tədbirləri keçirilərək şəxs Binəqədidə marketin yaxınlığında saxlanılmış və idarəyə gətirilərək təhqiqatçıya təhvil verilmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai araşdırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Onu mağazada yox, çöldə saxlayıblar. Müdafiəçinin iştirakı ilə, videoçəkilişə axtarış aparılıb. Üzərində psixotrop maddənin olmaması barədə dedikləri həqiqətə uyğun deyil, çəkiliş zamanı özü hər şeyi etiraf edib. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin qanunsuz əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə Binəqədi RPİ-yə məlumat daxil olmuş və məlumatın yoxlanılması üçün idarə rəhbərliyindən icazə alınmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18:05-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi “Halal market”in yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə bölmənin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, seçdiyi vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Müdafiəçi şəxsi axtarışda iştirak etməyəcəyini bildirmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra tərəflərindən videoçəkilişlə əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ağalara üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibində saxladığı şəffaf rəngli sellofan bağlamanı masanın üzərinə qoymuş və bildirmişdir ki, üzərində başqa qanunsuz əşya yoxdur. Həmin büküm açıldıqda içində ağ rəngli kristalşəkilii psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş həmin kütlə qablaşdırılmış və DİN-in 243 saylı möhürü ilə möhürlənmişdir, Qablaşdırılmış zərf həm Ağaların özü, həm də şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdən şəxsi istifadəsi üçün 70 manata aldığını bildirmişdir. Bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O da protokolu imza etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi hazırkı işlə bağlı tanıyır, onunla heç bir qohumluğu və düşmənçiliyi yoxdur. 2023-cü ilin yanvar ayının axırlarında əməliyyat müvəkkilinə daxil olmuş məlumat əsasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Halal” marketin yaxınlığa gedib və həmin şəxsi yaxalayaraq bölməyə gətiriblər. Bölmədə təqsirləndirilən şəxs özü könüllü surətdə üzərində olan psixotrop maddəni polisə təhvil vermişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai araşdırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin saxlanılma saatı yadında deyil. Müdafiəçinin iştirakı ilə, video çəkilişə axtarış aparılıb. Təqsirləndirilən şəxsin saxlanıldığı vaxtdan, üzərinə baxış keçirilənədək nə qədar vaxt keçməsi yadında deyil. Məhkəmə istintaqı zamanı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi hazırkı işlə bağlı tanıyır, onunla heç bir qohumluğu və düşmənçiliyi yoxdur. Müstəntiqin iştirakı ilə baxış keçirilib, baxışda da ifadəsində qeyd etdiyi kimi, bayraqlar, şəkillər, dini kitablar-disk evdən götürülmüşdür. Videoçəkiliş aparılıb. Əlavə olaraq bildirmişdir ki, ibtidai araşdırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Axtarışda təqsirləndirilən şəxsin yoldaşı orada olub. Disklərin haradan aşkar olunması yadında deyil. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında idarənin istintaq şöbəsində icraatda olan cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında axtarış aparılması məqsədilə getmişlər. Həmin ünvana çatdıqdan sonra müstəntiq Emil Abdullayev tərəfindən mənzildə yaşayan təqsirləndirilən şəxsin həyat yoldaşı X5 Binəqədi Rayon Məhkəməsinin qərarı elan və təqdim olunduqdan sonra hüquq və vəzifələri izah edilmişdir. Elnarə Bədəlova yaşadığı mənzildə axtarış aparılmasına etiraz etmədiyindən evdə axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan mənzil bir mərtəbəli fərdi yaşayış evi olmaqla kiçik həyətyanı sahəsi olmuşdur. Axtarış zamanı qeyd olunan mənzildə narkotik vasitə və ya psixotrop maddə aşkar edilməsə də istintaq marağı kəsb etdiyindən 03 ədəd CD disk, 12 ədəd üzərində əcnəbi hərflərlə yazılar olan bayraqlar, 08 ədəd əcnəbi və Azərbaycan dilində kitab, 06 ədəd üzərində əcnəbi hərflərlə yazılar olan bantlar, 06 ədəd fotoşəkil, 01 ədəd üzərində fotoşəkil olan suvenir boşqab və 05 ədəd üzərində əcnəbi və Azərbaycan dilində sözlər yazılmış kağızlar aşkar olunmuş və müstəntiq tərəfindən həmin əşyalar götürülmüşdür. Axtarış zamanı Elnarə Bədəlova aşkar olunaraq götürülmüş əşyaların əri Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Daha sonra müstəntiq tərəfindən protokol tərtib olunmuş, istintaq üçün əhəmiyyət kəsb edən əşyalar qabladırılaraq götürülmüş və o da bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Axtarış və götürmə istintaq hərəkəti mobil telefon vasitəsi ilə videolentə alınmış və müstəntiq çəkilmiş görüntünün protokola əlavə ediləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi hazırkı işlə bağlı tanıyır, onunla heç bir qohumluğu və düşmənçiliyi yoxdur. 04 fevral 2023-cü ildə şəxsin evində baxışda iştirak ediblər. Əlavə olaraq bildirmişdir ki, ibtidai araşdırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Evdən dini kitablar, bayraqlar, şəkil və disk aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin yoldaşı da baxışda iştirak etmişdir. Evə daxil olanda məhkəmənin qərarı var idi xanıma oxunmuş və o da etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X3 iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli gödəkçənin sol yan cibində “Nokia” markalı mobil telefon, tünd qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddə “şüşə”, “metamfetamindir”. Həmin vasitəni də həmin günün səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi mərkəz adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə yeni ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/599 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 19,104 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 19,004 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi saxlanmasından ötrü Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1833 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında axtarış aparılmasına dair vəsatət təmin edilmişdir. xx.xx.2023-cü il tarixli “Axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında axtarış aparılan zaman müxtəlif dini materiallar - məlumatlar (03 ədəd CD disk, 12 ədəd bayraq, 08 ədəd kitab, üzərində yazılar olan bantlar, 06 ədəd fotoşəkil, üzərində fotoşəkil olan boşqab və 05 ədəd üzərində yazılar olan vərəq) aşkar edilərək götürülmüşdür. Evə axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2023-cü il tarixli 4/822 saylı məhkəmə-dinşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 03 (üç) ədəd CD diskdəki çıxışda dini nifrət və düşmənçilik aşılayan fikirlər mövcuddur. Həmin çıxış dini ekstremist material sayılır və dini ekstremist yönümlüdür. Orxan Məmmədovun video müraciətində Azərbaycan Respublikasının milli maraq və mənafelərinə, rəsmi ideologiyasına zidd olaraq İran İslam Respublikasının “vilayəti-fəqih” dini ideologiyasını, xarici siyasətini dəstəkləyən fikir və ifadələrə yol verilmişdir. Həmçinin, hakimiyyət nümayəndələri haqqında “dövrün fironları”, ‘İbn ziyadlar”, “yezidlər” və “müaviyələr” bənzətmələr işlədərək dini nifrət və düşmənçilik aşılayan fikirlər mövcuddur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə tövsif olunmasına dair hissədə əsaslı olsa da, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair hissədə gəldiyi nəticə əsaslı olmamışdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən digər sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq psixotrop maddənin satışını həyata keçirərkən saxlanılmamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə psixotrop maddənin və ya elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan psixotrop maddəni satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin psixotrop maddənin satışı ilə məşğul olmasını, aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün xırda bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan başqa, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Sadalananlardan da, göründüyü kimi, sözügedən psixotrop maddənin satış məqsədi ilə əldə olunmasına dair ibtidai istintaq orqanının gəldiyi qənaət ehtimallara əsaslanmışdır. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin çəkisi (miqdarı) təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən dəlil (sübut) kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 167-3.1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsinə görə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin və dini ekstremist materialların əks olunduğu 03 (üç) ədəd CD diskin ona məxsus olmadığını, üzərinə və yaşadığı evə qoyulduğunu, dini ekstremist materialları saxlamadığını, həmin dini ekstremist materialları saxlama və yayma kimi bir məqsədinin olmadığını, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran nifrət və düşmənçilik aşılayan fikirlərin mövcud olduğu 03 (üç) ədəd CD diskin ona məxsus olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, axtarış (götürmə-baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş. Videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni qanunsuz olaraq əldə etməsini və daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmiş, həm də bu etirafı zamanı psixotrop maddəni əldə etməkdə məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin üzərinə baxış-axtarış keçirilən zaman, həmçinin yaşadığı evdə axtarış aparılan zaman hər hansı bir prosessual pozuntuya yol verildiyi məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında axtarış aparılan zaman müxtəlif dini materiallar - məlumatlar (03 ədəd CD disk, bayraqlar, kitablar, üzərində yazılar olan bantlar,fotoşəkillər, üzərində fotoşəkil olan boşqab, üzərində yazılar olan vərəqlər) aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2023-cü il tarixli 4/822 saylı məhkəmə-dinşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 3 (üç) ədəd CD diskdəki çıxışda dini nifrət və düşmənçilik aşılayan fikirlər mövcuddur. Həmin çıxış dini ekstremist material sayılır və dini ekstremist yönümlüdür. Orxan Məmmədovun video müraciətində Azərbaycan Respublikasının milli maraq və mənafelərinə, rəsmi ideologiyasına zidd olaraq İran İslam Respublikasının “vilayəti-fəqih” dini ideologiyasını, xarici siyasətini dəstəkləyən fikir və ifadələrə yol verilmişdir. Həmçinin, hakimiyyət nümayəndələri haqqında “dövrün fironları”, ‘İbn ziyadlar”, “yezidlər” və “müaviyələr” bənzətmələr işlədərək dini nifrət və düşmənçilik aşılayan fikirlər mövcuddur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli gödəkçənin sol yan cibində “Nokia” markalı mobil telefon, tünd qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddə “şüşə”, “metamfetamindir”. Həmin vasitəni də həmin günün səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi mərkəz adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/599 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 19,104 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddənin və dini ekstremist materialların əks olunduğu 03 ədəd CD diskin ona məxsus olmadığı, üzərinə və yaşadığı evə qoyulduğu, dini ekstremist materialları saxlamadığı, həmin materialları saxlama və yayma kimi bir məqsədinin olmadığı, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran nifrət və düşmənçilik aşılayan fikirlərin mövcud olduğu 03 ədəd CD diskin ona məxsus olmadığı və polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər edilməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, yəni psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın (həmin hissədə) əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadələrini, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq ,yəni qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə aid hissədə həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan üç uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını və yetkinlik yaşına çatmayan üç uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və işin digər hallarını, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin sonrakı qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 19,004 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), təqsirləndirilən şəxsin yaşadığı evdə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilərək götürülmüş dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və bu fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremsit material sayılan 03 (üç) ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 19,004 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), təqsirləndirilən şəxsin yaşadığı evdə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) və təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilərək götürülmüş dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və bu fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremsit material sayılan 03 (üç) ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 231 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar