Məhkəmə qərarları › İş №1(101)-927/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-927/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-927/2025 29.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Əkbər oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Laçın rayonu, Arduşlu Ə/D, Arduşlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Quba rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 1 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 6 ay 12 gününü çəkmiş, 7 ay 14 gün çəkilməmiş cəzası qalan, 15 aprel 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - bir ədəd şəffaf selofan bükümdə ümumi təmiz çəkisi 5,308 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 15 aprel 2024cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Yasamal rayon Polis idarəsi Narkotiklərlə Mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə ümumi təmiz çəkisi 5,308 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlama kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində göstərdi ki, həmin vaxt nə narkotik vasitə almış, nə də ondan istifadə etmişdir. Hətta həmin ərazidə narkotik vasitə satanları döymüş və onları oradan qovmuşdur. Onun bu gün məhkəmə qarşısında durması cinayət axtarış bölməsinin rəisinin qurbanı olmasının göstəricisidir. O, əvvəllər Yasamal rayonunda yaşamışdır. Sonra cənab Prezident tərəfindən ona «Qobu Park» yaşayış massivində ev verilmişdir. Lakin əvvəllər Yasamalda yaşadığı üçün, həm də orada bir neçə ticarət köşkləri olduğu üçün tez-tez Yasamala da gedib-gəlmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, Yasamalda küçə ticarəti ilə məşğul olmuşdur. 44 günlük müharibədə iştirak etmiş və müharibədən sonra narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Bundan əvvəl Quba rayon Məhkəməsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və ona «qolbaq» tətbiq edilmişdir. Polis işçiləri tərəfindən tutularkən döyülmüş, ona təsir və təzyiq göstərmişlər. Müalicə müəsissəsində olarkən prokurorluqdan gəlib onun izahatını almışlar, orada da təzyiqlər olunduğunu bildirmişdir. Tutulduqdan sonra Habil adlı bölmə rəisi onu döyərək qadın paltarı geyindirmiş və bunların videoçəkilişini apararaq sosial şəbəkədə yayacaqlarını demişlər. O da, bunların edilməməsi üçün təzyiqlərə dözməyərək metamfetaminin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, Narkotiklərlə Mübarizə bölməsinın baş əməliyyat müvəkkili Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, etibarlı mənbədən ona Təqsirləndirilən şəxs adlı şəxsin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 15 aprel 2024-cü il tarixdə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və onlar qrup tərkibində Yeni Yasamal ərazisində Əsəd Əhmədov küçəsində Təqsirləndirilən şəxs saxlayıb polis idarəsinə dəvət etmişlər. İdarədə videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Rauf əynindəki şalvarın cibindən 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni və mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs aşkar olunmuş metamfetamini tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Şahid2 ifadəsinə görə, əməliyyat tədbirində onunla birlikdə üç nəfər əməkdaş iştirak etmişdir. Şübhəli şəxs saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. Üzərinə şəxsi axtarış keçirildikdən sonra protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, Narkotiklərlə Mübarizə bölməsinın əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, onlara Təqsirləndirilən şəxs adlı şəxsin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 15 aprel 2024-cü il tarixdə saat 15:30 radələrində onlar Raufu Yasamal rayonu ərazisində saxlayıb polis idarəsinə gətirmişlər. Orada müdafiəçi dəvət olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçrilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni və 1 ədəd “İphone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Aşkar olunmuş kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Rauf aşkar olunmuş metamfetamini tanımadığı şəxsdən öz istifadəsi məqsədi ilə aldığını bildirmişdir. Şahid1 ifadəsinə görə, məlumat əməliyyat müvəkkili Şahid2 daxil olmuş, onun özü isə əməliyyat qrupunun üzvü olmuşdur. Saxlanılarkən və polis idarəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı təsir və təzyiq göstərilməmiş, heç kim onu döyməmiş və ona qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, Narkotiklərlə Mübarizə bölməsinın əməliyyat müvəkkili Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Yasamal rayon Polis idarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarları Şahid2 və Şahid1 məhkəmədəki ifadələri ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, Cinayət axtarış şöbəsinin sabiq rəisi Şahid4 ifadəsində göstərdi ki, 15 aprel 2024-cü il tarixdə Yasamal RPİ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin tarixdə Yasamal RPİ, Narkotiklərlə Mübarizə bölməsinın əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs Yeni Yasamal qəsəbəsində saxlanılaraq polis idarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Dayanadir oğlunun tutulduqdan sonra Habil adlı bölmə rəisinin onu döyərək qadın paltarı geyindirməsi və bunların videoçəkilişini apararaq sosial şəbəkədə yayacaqlarını deməsi, onun da bunların edilməməsi üçün təzyiqlərə dözməyərək metamfetaminin özünə məxsus olduğunu etiraf etməsi barədə məhkəmədə söylədiyi fikirlərə münasibət bildirən Şahid4 özü tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixoloji təsir göstərilmədiyini, heç kimin onu lüt şəkilədə videoya çəkmədiyini və ona qadın paltarı geyindirmədiyini, Raufun əllərini yaşpışqan lentlə bağlamadığını və ümumiyyətlə 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs görmədiyini, deyilənlərin Təqsirləndirilən şəxs uydurma fikirləri olduğunu, Raufun məsuliyyətdən yaxa qurtarmaq üçün bu cür fikirlər söylədiyini bildirdi. Həmçinin məhkəmə iclasında şahid - Yasamal RPİ, Müvəqqəti saxlama yerinin manqa komandiri Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid5 həmin ifadəsində göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə Ysamal RPİ-nin MSYdə gündəlik növbətçilik cədvəli üzrə xidmətdə olan zaman Yasamal RPİ, İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən MSY-nə gətirilərək müvafiq kameraya yerləşdirilmişdir. 18 aprel 2024-cü il tarixdə MSY-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs aidiyyatı üzrə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Şahid5 ifadəsinə görə, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə MSY-nə gətirildiyi vaxtdan 18 aprel 2024cü il tarixdə Bakı İstintaq Təcridxanasına köçürülən müddətə qədər Yasamal RPİ, MSY-də yerləşdirildiyi kamerada olmuş və oradan çıxarılmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri tam yalandır (cild 1, iş vərəqi 229-230). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o, maşın yuma sexində işləyir. Hadisə günü Rauf maşınını yuduzdurmaq üçün onun yanına gətirmiş, bu zaman Raufun balaca qardaşı da onlardan təxminən 50 metr aralıda dayanmışdır. Həmin vaxt polis əməkdaşları Raufun qardaşına yaxınlaşmış, bunu görən Rauf onlara yaxınlaşıb özünün böyük qardaş olduğunu və nə məsələ olduğunu soruşmuşdur. Bundan sonra polis əməkdaşları Raufa rəisin onu görmək istədiyini demiş və Raufu maşına mindirib aparmışlar. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 15 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs Yasamal RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilmiş, saat 17:15-dən 17:40-dək olan müddətdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli selofanda olan bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni tanımadığı şəxsdən 30 manat müqabilində aldığını, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə olan 1 ədəd bükülü sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 34-35). İbtidai istintaq orqanının 11 dekabr 2024-cü il tarixli qərarı ilə şəxsi axtarış və götürmə videogörüntülərinin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 36, cild 2, iş vərəqi 56-69). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 42” dairəvi möhür əksləri, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazıları və imzalar olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,308 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 5,308 qr, tədqiqata sərf edilən miqdar 0,05 qram, qalıq 5,258 qramdır (cild 1, iş vərəqi 43-47). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5154 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 187-188). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2284 №-li rəyindən görünür ki: 1.Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xətəlik əlamətləri müəyən edilməmişdir. 2.Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər, ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 189-190). Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1790 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş: - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərarda “Şübhəli şəxs” qrafasındakı “Təqsirləndirilən şəxs yazıları və imza; - şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı “Təqsirləndirilən şəxs yazıları və imza; - xx.xx.2024-cü il tarixli ərizədəki imza; - vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı “Təqsirləndirilən şəxs” yazıları və imza; - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı “Təqsirləndirilən şəxs” yazıları və imza; - şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəizfələri haqqında bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “şübhəli şəxs:” qarafasındakı “Cabbarov” yazısı və imza; - insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilmısi haqqında xx.xx.2024-cü il tarixli protokolun 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı “Cabbarov R” yazısı və imza; - şübhəli şəxs hüquq və vəzifələrinin izah edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qarafasındakı “Cabbarov R” yazısı və imza; - etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı “Cabbarov R” yazısı və imza; - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərarda “Şübhəli şəxs:” qrafasındakı “Cabbarov” yazısı və imza; - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokolun 1-ci vərəqində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı və vərəqin aşağısındakı “4” rəqəminin qarşısındakı imzalar, 2-ci vərəqin “Şübhəli şəxs:” qrafasındakı imza; - xx.xx.2024-cü il tarixli izahatın 1-ci vərəqində “imza:” qrafalarındakı imzalar və vərəqin aşağısındakı soldan sağa 1-ci imza, 2-ci vərəqində “əlavəm yoxdur imzamla təsdiq edirəm” yazıları və “imza:” qrafasındakı imza; - protokolda “şübhəli şəxs:” qrafasındakı “Təqsirləndirilən şəxs” yazısı və imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 2, iş vərəqi 52-55). İbtidai istintaq orqanının 21 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd paketdə 1 ədəd bükümdə 5,308 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübüt kimi tanınaraq, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,258 qram çəkidə metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 113-114). Azərbaycan Respublikası Baş prokurorluğu Xidməti araşdırmalar idarəsinin 08 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 1029-C-24 nömrəli material üzrə ona qarşı Yasamal RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılıq göstərməsi halları öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 231-233). Cinayət işinə əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə «Cəsur döyüşçü», 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə «Suqovuşanın azad olunmasına görə» medalları ilə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16/2-15841/2024 nömrəli məktubundan görünür ki, 15 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi işlək vəziyyətdə olmamış və bununla bağlı Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat verilmişdir (cild 1, iş vərəqi 185). Bakı şəhəri, Yasamal RPİ, Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarın qanuniliyi məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında Yasamal rayon Məhkəməsində yoxlanılmış və məhkəmə tərəfindən qərarın qanuni hesab olunmasına dair 16 aprel 2024-cü il tarixli 5(004)-481/2024 nömrəli qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 49). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-cü maddələri ilə təqsirli bilinərək 1 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 167-169, 170-179). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinin 06 may 2025-ci il tarixli 21-2/3-2813 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 1 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 6 ay 12 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 7 ay 14 gün təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, üzərindən aşkar olunmuş külli miqdarda psixotrop maddə metamfetaminin özünə məxsus olmadığını, ona qarşı fizki və psixoloji təzyiqlər olunduğunu, polis əməkdaşları tərəfindən ələrinin yapışqan lentlə bağlandığını, lüt soyunduruldğunu, məcbur qadın paltarı geyindirildiyini və bunların videoçəkilişinin aparıldığını, həmin videogörüntülərin sosial şəbəkələrdə yayılacağının deyildiyini, üzərinə şəxsi axtarış keçirilən zaman psixotrop maddənin onun cibinə qoyulduğunu bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu, həmin maddəni 30 manat müqabilində “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb üstündə saxladığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman izahatında özünü qismən təqsirli bilərək, özünün müharibə iştirakçısı olduğunu və ağrıları olduğuna görə həmin ağrıları azaltmaq məqsədilə narkotik vasitələrdən istifadə etdiyini, lakin onun üzərində qeyd olunan miqdarda deyil, az miqdarda narkotik vasitə olduğunu, yaşadığı ərazidə daim narkotik satıcılarına qarşı mübarizə apardığını və onların həmin maddələri satmasına mane olmağa çalışdığını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ziddiyyətli ifadə verməsini, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması səbəbindən özünə aidiyyəti olmayan psixotrop maddəni etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs bir bükümdə 5,308 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 621-60-60 saylı nömrə ilə işləyən mobil telefona baxışı keçirilmiş, həmçinin məhkəmədə "xxxx" MMCdən həmin mobil nömrə ilə aparılmış telefon danışıqlarına dair məlumatlar əldə olunub təhlil edilmişdir. Lakin bu zaman psixotrop və narkotik maddələrin satışı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 5,308 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər kateqoriyasına aiddir, qəsdən törədilmiş, başa çatmış cinayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müxtəlif medallarla təltif edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 1 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 6 ay 12 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 7 ay 14 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunan müddəaya əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədənə qədər məhkumluğu olsa da, həmin məhkumluq residiv yaratmır. Lakin ona təyin olunmuş və çəkilməmiş cəza cinayət qanunvericiliyinin müddəalarına əsasən azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, hazırkı hökmlə təyin olunacaq cəzaya həmin cəzanı qismən birləşdirmə yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmünə əsasən təyin olunmuş və çəkilməmiş qalan 7 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası 3 (üç) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə Quba rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 15 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 5154 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan və kannabionidlərdən istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,258 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 192 (yüz doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Quba rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 7 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 3 (üç) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına Quba rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 3 ay 22 gün azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,258 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar