Məhkəmə qərarları › İş №1(101)-928/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-928/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-928/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 01 avqust 1984-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olan və faktiki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 22 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 30 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində N saylı Hərbi hissənin yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda - ümumi çəkisi 6,038 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə etmiş, üzərində saxlamış və daşımış, 01 dekabr 2021-ci il tarixdə saat 17:05 radələrində Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, 1-ci mədən, korpus 22 ünvanda yaşadığı evin yaxınlığında olarkən saxlanılıb Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 6,038 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, tutulmazdan təxminən bir il əvvəldən başlayaraq arabir narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Amma narkotik vasitədən müntəzəm istifadə etməmiş, bir ay ərzində təxminən bir neçə dəfə imkanı olanda birdəfəlik qəbul üçün yetərli miqdarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Bir bacısı və bir qardaşı vardır. Onlar da narkotik vasitə istifadəçisidirlər, onlar da narkotik vasitəyə görə həbs olunmuşlar. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 22 ünvanda bir qayda olaraq tək yaşamışdır. Maddi imkanı olmadığından və səhhəti də imkan vermədiyindən tək böyütdüyü və hazırda 12 yaşı olan yeganə azyaşlı qızını sığınacağa verməyə məcbur olmuşdur. Anası da ağır xəstədir və hərəkət imkanları məhduddur. Arabir imkanı olanda qızını bir neçə günlüyə sığınacaqdan gətirib evində də saxlayır. 01 dekabr 2021-ci il tarixdə yaşadığı evə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin bir neçə əməkdaşı gəlmiş, onlarla bir yerdə bölməyə getməli olduğunu bildirmişlər. O da bir söz deməyib razılaşaraq paltarlarını geyinmiş, polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Ora çatandan sonra polis əməkdaşlarından adını bilmədiyi, amma üzdən bəlkə də tanıya biləcəyi birisi əlindəki bükülünü götürüb cibinə qoymasını təklif etmişdir. O, buna qəti etirazını bildirmiş, amma polislər ona təzyiq edərək razılaşmasını tələb etmişlər. Yenə razılıq vermədikdə polislərdən biri onun əynindəki qara rəngli dəri gödəkçəsinin sol yan cibinin zəncirini açıb məcburi şəkildə oraya bükülünü qoymuş, heç bir pis nəticə olmayacağını, onsuz da narkotik vasitədən istifadə etməsi barədə məlumatlı olduqlarını, lazımi çəkiliş aparıldıqdan sonra məsələni həll edəcəklərini, ona da lazımi köməklik edəcəklərini bildirmişlər. Həm də ona başa salınmışdır ki, bükülünü ondan götürmək üçün aparılacaq çəkiliş zamanı narkotik vasitəni guya bir gün əvvəldən gecə saat 2 radələrində Binəqədi qəsəbəsindəki hansısa hərbi hissənin qarşısında üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manata aldığını bildirsin. Təkidli təsirlərdən sonra məcbur olub razılaşmış, çəkiliş aparılmış, çəkiliş zamanı birtəhər ona başa salınmış şəkildə qısaca olaraq guya cibindən aşkar olunan bükülünü bir gün əvvəldən gecə saat 2 radələrində Binəqədi qəsəbəsindəki hansısa hərbi hissənin qarşısında üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manata aldığını demişdir. Halbuki, həqiqətdə belə bir hal olmamış, ümumiyyətlə hansı hərbi hissədən söhbət getdiyini də bilmir və onun həmin günlərdə heç 100 manat pulu olmamışdır. Ümumiyyətlə, narkotik vasitə qəbul etdiyi dövr ərzində ən çox aldığı miqdar 5-10 manatlıq olmuşdur. Beləliklə, çəkiliş aparıldıqdan sonra tərtib olunmuş sənədlərə imza etdirilmiş, sonra da həbsə alınmışdır. Onun adından yazılmış heç bir ifadəni oxumamış, yalnız polislərin və müstəntiqin təkidi ilə sadəcə imzalamışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Ona görə də məhkəmədən düşdüyü vəziyyətin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilərək evinə buraxılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 2 aydan çoxdur ki, narkotik vasitə istifadəçisidir, heroini tənəffüs yolu ilə istifadə edir. 30 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədəndə N saylı Hərbi hissənin yaxınlığından üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manat müqabilində bir bükümdə heroin almışdır. O, həmin heroini hissə-hissə istifadə etməyi düşünmüşdür. 01 dekabr 2021-ci il tarixdə saat 17:05 radələrində yaşadığı evin yaxınlığında olarkən iki nəfər şəxs ona yaxınlaşıb özlərinin polis olduqlarını deyib, onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək Polis Bölməsinə aparmışlar. Orada ona hüquq və vəzifələri izah edilmiş və videoçəkiliş vasitəsilə üstündə şəxsi axtarış keçirilmişdir. Ondan üstündə qanunsuz əşyanın olub-olmadığı sorıışulmuş, o da gödəkçəsinin sol cibindən bir ədəd sellofandakı bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Polislər bundan sonra şəxsi axtarışı davam etdirmiş və üzərindən qanunsuz başqa heç nə tapılmamışdır. Üstündən aşkar edilmiş heroini öz istifdəsi üçün almışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqə 69-71). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 01 dekabr 2021-ci il tarixdə ona Binəqədi rayonu, 1-ci mədən, korpus 22 ünvanda nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat haqqında raportla rəhbərliyə müraciət etmişdir. Daxil olan məlumatda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi bildirilmədiyindən tərtib olunmuş sənədlərdə də satışla bağlı hər hansı məqam əks olunmamışdır. Həmin gün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmasına dair əmr verilmişdir. Qrupa o özü və bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil edilmişdir. 01 dekabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 22 ünvandakı nömrəsiz evin yaxınlığına getmişlər. Saat 17:05 dəqiqədə evin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs saxlayıb onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini deyərək onu 43-cü Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı rəhbərliyə məruzə edilmiş, şəxsi axtarış keçirilməsi bölmənin təhqiqatçı polis baş leytenantı Fuad Alıyevə həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üçün vəkil dəvət olunmuş, şübhəli şəxs kimi tutulmuş, sonra da onların və inspektor-krminalistin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni çıxardaraq masanın üzrərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirib onu şəxsi istifadəsi üçün tutulmazdan bir gün əvvəl gecə saat 02 radələrində Binəqədi qəsəbəsində N saylı hərbi hissənin yaxınlığında tanımadığı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Qeyd olunanlardan sonra həmin maddə zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı psixi təsir, zor və ya güc tətbiq edilməmişdir. Bir daha qeyd edir ki, ona daxil olmuş məlumat Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi barədə olmuşdur. Araşdırmanın sonrakı gedişində də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar əldə olunmamış, habelə üstündən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edə biləcək dəlillər müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə əsasən oxşar məzmunlu ifadə verərək əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs saxlanılmasında və şəxsi axtarışının keçirilməsində iştirak etməsi halları ilə bağlı eyni xarakterli ifadələr verdi və həm də göstərdi ki, ümumilikdə təxminən 10 ildən artıqdır ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanı da əhatə edən ərazidə polis əməkdaşı kimi xidmət edir. Xidməti ərazisində yaşadıqlarından Təqsirləndirilən şəxs və ailəsini yaxşı tanıyır. Təqsirləndirilən şəxs bacısı və qardaşı da narkotik vasitə aludəçisidirlər, buna görə də hər ikisi cinayət məsuliyyətinə cəlb edilmişlər. Ailənin vəziyyəti barədə ərazi polis orqanında zəruri məlumatlar vardır. Həmin ərazidə xidmət etdiyi uzun müddət ərzində Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə heç vaxt eşitməmiş, belə bir məlumat əldə etməmişdir. Amma onun narkotik vasitə istifadəçisi olması barədə məlumatlıdır. Hətta şəxsən özü gecə vaxtı xidmətdə olarkən dəfələrlə Təqsirləndirilən şəxs sərxoş halda küçədə aşkar etmiş, hər dəfə də halsız vəziyyətdə olan Vüsaləni qucağına götürüb daşıyaraq evlərinə aparıb qoymuşdur. Bir daha qeyd edir ki, tanıdığı 10 il ərzində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışına hər hansı aidiyyətinin ola bilməsi barədə heç bir məlumat eşitməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürülmə aparılması haqqında 01 dekabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, Binəqədi qəsəbəsindəki N saylı hərbi hissənin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 26-28, 85-86 ). Məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2021-ci il tarixli 6/5320 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün № 243” dairəvi möhürünün əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdəki təmiz çəkisi 6,038 qram olan qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heorindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 5,988 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-42). Məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2022-ci il tarixli 575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 131-133). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 fevral 2022-ci il tarixli 857 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 128-129). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 11 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 137-138). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 20 iyul 2011-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır (cild 1, iş vərəqə 100-101) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisidir, onun barəsində son illərdə yaşadığı yerin sakinləri tərəfindən hər hansı şikayət, narkotik vasitələrin aludəçisi olması barədə iradlar daxil olmamışdır (cild 1, iş vərəqə 113). “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş 12 mart 2022-ci il tarixli 43 №-li arayışdan görünür ki, təxminən 11 yaşı olan X4 27 avqust 2020-ci il tarixdən “Ümid Yeri” Uşaq Sığınacağında yaşayır (cild 1, iş vərəqə 114). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında 11 mart 2022-ci il tarixli qərarında da elan edilmiş ittihamın təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, məhkəmə kimyəvi, ambulator narkoloji, məhkəmə psixiatrik ekspertizalarının rəyləri, maddi sübutları, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin görüntüləri və «digər təkzibedilməz istintaq sənədləri ilə tam sübuta yetirildiyini» göstərmişdir (cild 1, iş vərəqə 136, 141). Məhkəmə ibtidai istintaq orqanının bu əsassız mövqeyi ilə razılaşmır və sadalanan həmin sübutların heç birinin elan edilmiş ittihamı təsdiq etməsi qənaətində deyildir. Belə ki, Təqsirləndirilən şəxs heç bir halda narkotik vasitəni satış məqsədi ilə bağlı əldə etməsini qismən belə etiraf etməmişdir. Məhkəmə kimyəvi, ambulator narkoloji, psixiatrik ekspertizalarının rəylərinin, maddi sübutun özünün, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin görüntülərinin hazırkı cinayət işi üzrə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən sübutlar kimi qəbul edilməsi isə yolverilməz yanaşmadır. Başqa digər sübutların mövcud olmadığı bir vəziyyətdə narkotik vasitəni satış məqsədi ilə əldə edilməsini təsdiq edən «digər təkzibedilməz istintaq sənədlərinin» isə nədən ibarət olması qeyri-müəyyən mülahizədir, belə sənədlər ümumiyyətlə mövcud deyildir. Əksinə, sadalanan sübutlar Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməli törətdiyini təsdiq edir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat və ya material mövcud olmamışdır. İbtidai istintaq orqanı ilkin mərhədə tam qanuni və əsaslı olaraq cinayət işini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlamış, ona 04 dekabr 2021-ci il tarixli qərarla məhz Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqə 1, 61). Saxlandığı andan Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. İbtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də hətta yaşadığı ərazinin polis qurumunun rəhbəri tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş xasiyyətnamədə belə narkotik vasitələrin aludəçisi kimi xarakterizə olunan Təqsirləndirilən şəxs narkotik vasitəni ardıcıl olaraq özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirməsinə, şahidlərin də ifadələrində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair mötəbər sayıla biləcək heç bir məqam olmamasına baxmayaraq qeyd olunan ifadələrin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Məhkəmə bir məqamı da vurğulamağı zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 01 dekabr 2021-ci il tarixdə tutulmuşdur. 02 dekabr 2021-ci il tarixli qərarla cinayət işi aidiyyəti üzrə istintaq orqanına göndərilmiş və 03 dekabr 2021-ci il tarixli qərarla müstəntiq tərəfindən icraata qəbul edilmişdir. Müstəntiq eyni tarixli qərarı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs Müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarda əsaslandırılaraq göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş “Təqsirləndirilən şəxs əməlinə obyektiv hüquqi qiymət vermək üçün ifadəsində göstərdiyi xüsusatlar iş üzrə əlavə sübutlar toplanmaqla yoxlanılmalıdır, lakin qeyd olunan istintaq hərəkətlərinin keçirilməsi hazırda müddət baxımından qeyri-mümkündür, bunun üçün vaxt lazımdır. İstintaqın hazırkı mərhələsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar yoxlanılmadan toplanmış hazırkı sübutlar ona ittiham elan etmək üçün kifayət etmir” (cild 1, iş vərəqə 51, 53, 57). Göründüyü kimi, ibtidai istintaq orqanı həmin mərhələdə hətta şəxsin şübhəli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə belə ona ittiham irəli sürmək üçün əlavə sübutlar toplanılmasının zəruri olduğu qənaətinə gəlmişdir. Amma bununla belə, ibtidai istintaq orqanı əlavə heç bir istintaq hərəkəti aparmadan, heç bir sübut əldə etmədən, icraat üzrə hətta heç bir sənəd tərtib etmədən növbəti gün, yəni 04 dekabr 2021-ci il tarixdə bir gün əvvəl qəbul etdiyi qərarda ifadə olunmuş hüquqi mövqenin tam əksinə olaraq cinayət işinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi barədə qərar qəbul etmiş, elə eyni tarixdə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə deyil, məhz Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan etmiş, həmin qərarda da ona həmin maddə ilə ittiham elan edilməsi üçün artıq “kifayət qədər ilkin sübutlar məcmusu olduğu” israr edilmişdir (cild 1, iş vərəqə 59, 61). Halbuki, bu ittihamın irəli sürülməsi üçün həmin anda ibtidai istintaq orqanının özünün rəsmi etirafına əsasən sübutlar mövcud deyildi və sonrakı mərhələdə də belə sübutlar əldə olunmamışdır. Daha bir ciddi məqam isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi halları ilə bağlıdır. Belə ki, Binəqədi rayon Polis İdarəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın məzmunundan da aşkar görünür ki, həmin qərar qəbul edilərkən Təqsirləndirilən şəxs dəqiq anket məlumatları, o cümlədən yaşadığı ünvan polis orqanına tam bəlli olmuşdur. Əməliyyat qrupuna daxil olmuş iki nəfər polis əməkdaşından birinin isə Təqsirləndirilən şəxs uzun illər ərzində tanıdığı mübahisə doğurmur. Kifayət qədər ciddi əsaslandırma olmadığı halda təxirəsalınmaz hal kimi hakimin qərarı olmadan aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Bununla belə, faktiki olaraq hakimin qərarı əsasında həyata keçirilməli olan, amma istisna hallarda belə qərar olmadan keçirilə bilən hər hansı əməliyyat-axtarış tədbiri keçirilməmiş, polis əməkdaşlarının da ifadələrindən müəyyən olunduğu kimi görülmüş tədbir yalnız Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparılmasından, bundan sonra isə təhqiqatçı tərəfindən həmin şəxslərin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasından ibarət olmuşdur. Yəni, müvafiq qərarda əsaslandırılmasına cəhd edilmiş hakimin qərarı olmadan aşkar və gizli üsullarla heç bir əməliyyat-axtarış tədbiri keçiriLməmiş, əməliyyat-axtarış fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi ittihamının təsdiq edilməsində istifadə oluna biləcək, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməli olan heç bir sübut əldə olunmamışdır. Ona görə də məhkəmə bütün yuxarıda göstərilənləri nəzərə almaqla cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış narkotik vasitənin maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını səmimi etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 6,038 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün ibtidai istintaq mərhələsində verdiyi etiraf ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumatları olmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yaşamasa belə bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 81-84). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,988 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 39, 163). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,988 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar