Məhkəmə qərarları › İş №1(101)-93/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-93/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-93/2023 17.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi X19 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1979-cu ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkməsinin 30 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törtəməkdə təqsirli bilinib 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 (üç) ay müddət nəzərə alınmaqla və təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 keçirməyə cəhd etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə edilib özünün cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 gizli keçirmək barədə həmin müalicə müəssisəsində cəza çəkən məhkum X14, sonuncunun tanışı Şahid4 və şəxsiyyəti istintaq məlum olmayan şəxslə razılığa gələrək aralarındakı vəzifə bölgüsünə əsasən Şahid4 onun tərəfindən özünün bank kartının hesabına mədaxil edilmiş 215 manat məbləğində pulu 23 iyun 2021-ci il tarixdə nağdlaşdıraraq naməlum şəxsə vermiş, həmin şəxs 25 iyun 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi qara rəngli sellofan bükülüdə 2 ədəd, ayrı-ayrılıqda çəkiləri 2,841 qram və 3,044 qram ümumi təmiz çəkisi 5,885 qram külli miqdarada kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» qanunsuz əldə edərək onu hazırladığı sovqata aid «Fobby» markalı şampun qabının içərisinə yerləşdirib Şahid4 verdikdən sonra sonuncu sovqatı X10 və Təqsirləndirilən şəxs çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 əməkdaşlarına təqdim edərkən göstərilən narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə məhkum edilmişdir. Sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını Ədliyyə Nazirliyinin PX-nin X2 çəkir. X11 X4 gələndən tanımışdır. Aralarında normal münasibətləri olmuşdur. 2021-ci ilin iyun ayının 5də Malik Bədəlov ondan bir neçə günə qaytarmaq şərti ilə 100 manat pul istəmişdir. Pulu nə məqsədlə istədiyini soruşduqda Malik ona bildirmişdir ki, Salyan rayonunda yaşayan tanışı İran İslam Respublikası vətəndaşından 1500 manat alacağı vardır. Arvadına yol pulu göndərmək istəyir ki, Salyan rayonuna gedib həmin adamdan pulunu alsın. Malikə ancaq 60 manat pul verə biləcəyini demiş və sonuncu onunla razılaşmışdır. Pulu verəndən sonra şərtləşdikləri müddət keçsə də, Malik onun pulunu qaytarmamış, özünün telefon danışıqlarına qadağa qoyulduğunu deyib, arvadı Albinaya məxus ***-***-**-** mobil nömrəsinə zəng edib əlaqə saxlamasını xahiş etmişdir. Odur ki, Albinanın mobil nömrəsinə zəng edib, özünün Malik Bədəlovun məhkum yoldaşı olduğunu bildirib, Malikin yanına nə vaxt gələcəyini soruşmuşdur. Albina pulu alan kimi Bakı şəhərinə gəlib Malikə baş çəkəcəyini bildirmişdir. Təxminən 4-5 gün sonra Malik ona yenidən Albinaya zəng edib nə vaxt gələcəyini öyrənməsini xahiş etmişdir. Mobil telefonla danışmaq üçün kartı olmadığına görə, şəhər telefonu ilə ***-***-**-** nömrəsi ilə anası Rəna Dəmirova ilə danışıb sonuncuya, Albinanın nömrəsini verib onunla əlaqə saxlayıb Malikin onu gözlədiyni çatdırmasını xahiş etmişdir. Bu zaman anası mobil telefonu ilə Albinaya zəng edib Malikin onu gözlədiyini demişdir. Albina ona hələ rayonda olduğunu, pulu ala bilmədiyini, bir gün sonra Bakı şəhərinə Malikin yanına gələcəyini bildirmişdir. Həmin günün axşamı Albina onun anasına zəng edib Malik üçün gətirdiyi qənd, çay və digər sovqatı Malikə çatdırmasını xahiş etmiş, anası Albinaya müəssisəyə gedə bilməyəcəyini demişdir. Bundan sonra Maliklə müəssisədə görüşərkən Albinanın dediklərini ona çatdırıb, Malikdən pulunu tələb etmişdir. Malik bunun üçün ondan 3 gün vaxt istəmiş və o, razılaşmışdır. Bundan bir iki gün sonra Malik ondan iyun ayının 18-nə kimi vaxt istəmişdir. Söhbət əsnasında Malik ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuş, sonuncuya əvvəllər narkotik vasitə qəbul etdiyini bildirmişdir. Bu zaman Malik ona pulu qaytaran zaman yarım qram da narkotik vasitə verəcəyini demişdir. Narkotik vasitələrdən istifadəyə görə azadlıqdan məhrum edildiyindən onun narkotik vasitələri yayan şəxslərə nifrəti yaranmışdır. Odur ki, məhz Malikin əməlini ifşa etmək, narkotik vasitənin müəssisəyə keçirilməsinin və məhkum yoldaşlarının zəhərlənməsinin qarşısını almaq məqsədilə sonuncunun təklifi ilə razılaşmışdır. Bu məqsədlə Malikin törətməyi planlaşdırdığı əməli barədə müəsisədə əməliyyatçı işləyən Şahid1 məlumat vermişdir. Xəstəliyi ilə əlaqədar sonuncunun ona bir çox yaxşılıqları keçdiyindən hazırlanan cinayət əməli barədə Şahid1 məlumat verməklə, bir növ onun xəcalətindən bu yolla çıxmaq istəmişdir. Həm də fikirləşmişdir ki, göstərdiyi xidmətə görə onu vaxtından əvvəl cəzadan azad edərlər. 25 iyun 2021-ci il tarixdə cəza çəkdiyi müəssisədə olan zaman ona məlum olmuşdur ki, Malik Bədəlovun yanına sovqat gətirən arvadı Albinanın gətirdiyi sovqatın içərisindən narkotik vasitə aşkar edilmişdir. Bununla bağlı müəssisə rəhbərliyi onu qəbul etmiş və bu zaman ona məlum olmuşdur ki, Albina narkotik vasitə çıxan şampun qabını anası Rəna Dəmirovadan aldığını demiş və Rəna Dəmirova sovqatı ona çadırmasını xahiş etmişdir. Müəssisə rəhbərliyinə Albinanın danışdıqlarının həqiqətə uyğun olmadığını, narkotik vasitəni Malik Bədəlov hansısa yolla arvadı Albinaya gətizdirdiyini bildirmişdir. Bundan əvvəl də Malik Bədəlov ona müəssisəyə narkotik vasitə keçirtdiyi barədə danışmışdır. Narkotik vasitələri yayan şəxslərə nifrət edir. Heç vaxt narktik vasitələrin satışı ilə məşğul olmamış və heç bir cinayət törətməmişdir. Tanışları vasitəsi ilə Şahid4 kart hesabına pul köçürtməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssisəsində rəis müavini vəzifəsində çalışır. Əvvəllər isə xidmətin X3 əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Orada işləyərkən İMM-də saxlanılan məhkum X10 qohumu Şahid4 tərəfindən narkotik vasitə heroin keçirələcəyi barədə gizli mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumat müəssisənin digər əməkdaşına daxil olmuş, həmin məlumatın kim tərəfindən verilməsi ona məlum deyil. 25 iyun 2021-ci il tarixdə saat 12 radələrində əvvəlki iş yerində xidmətdə olarkən məhkum X10 qohumu Şahid4 sovqat gətirmişdir. Həmin sovqat onun və müəssisənin əməkdaşları Rantik Qələndərov, eləcə də Şahid3 tərəfindən yoxlanılmışdır. Bu zaman sovqatın içindəki üzərində “Fobby” yazısı olan şampun qabının içərisindən iki ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərə dəvət edilmiş hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı içərisində spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Şahid4 aşkar olunmuş maddələri Malik Bədəlov üçün gətirdiyini bildirmişdir. Bükümlər qablaşdırılaraq tərkibi müəyyən edilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş göndərilmiş, tədqiqat nəticəsində X10 Şahid4 tərəfindən gətirilən sovqatdakı maddənin narkotik vasitə heroin olması müəyyən edilmişdir. Habelə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti X3 rejim nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyir, ədliyyə giziridir. 25 iyun 2021-ci il tarixdə saat 12 radələrində xidmətdə olarkən məhkum X9 yanına qohumu kimi tanıdıqları Şahid4 gəlib sovqat gətirmişdir. Həmin sovqat o və müəssisənin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı sovqatın içindəki, üzərində “Fobby” yazısı olan şampun qabının içərisindən iki ədəd büküm aşkar edilmişdir. Bükümlərə baxış keçirilməsi üçün hal şahidləri dəvət edilmişdir. Hal şahidlərinə və digər iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Sovqata baxış keçirildikdən sonra Şahid4 üzərində axtarış aparılmış və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sovqatdan aşkar edilmiş iki ədəd bükümdə olan maddə spesifik iyə malik olduğundan qablaşdırılmış və tərkibi müəyyən edilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, ekspertiza nəticəsində Şahid4 tərəfindən X5 gətirilən maddənin narkotik vasitə heroin olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ədliyyə mayoru rütbəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X3 əməliyyat şöbəsində böyük inspektor vəzifəsində işləyir. 2021-ci ilin iyun ayında müəssisədə müalicə alan məhkum Təqsirləndirilən şəxs ona yaxınlaşıb müəsisədə cəza çəkən X8 şübhələndiyini bildirib, onu nəzarətə götürməsini xahiş etmişdir. Bu barədə müəssisə rəhbərliyinə şifahi məruzə etmişdir. Bundan sonra X14 və yanına sovqat gətirən şəxslər ciddi nəzarətə götürülmüşdür. 2021-ci ilin iyun ayının 25-də saat 12 radələrində müəssisədə xidmətdə olarkən məhkum X9 yanına özünü sonuncunun qohumu kimi təqdim etdiyi Şahid4 sovqat gətirmişdir. Həmin sovqat onun və müəssisə əməkdaşları Rantik Qələndərov və Şahid3 tərəfindən yoxlanılan zaman sovqatın içindəki üzərində «Fobby» yazısı olan şampun qabının içərisindən 2 ədəd büküm aşkar edilmişdir. Həmin bükümə dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirildikdə içərisində spesifik iyə malik maddə olduğunu müşahidə etmişlər. Odur ki, həmin bükümlər tərəfindən qablaşdırılmış və tərkibinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin MEM-ə göndərilmişdir. Məlum olmuşdur ki, müəssisədə saxlanılan X10 Şahid4 tərəfindən gətirilən sovqatdakı maddə narkotik vasitə heroindir. Şahid1 ifadəsində Təqsirləndirilən şəxs müəsisədə cəza çəkən X8 şübhələnməsi və sonuncunun nəzarətə götürülməsi ilə bağlı qeyd etdiyi hallar məhkəmə istintaqı zamanı araşdırılmışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayından etibarən İMM-də əməliyyat şöbəsinin rəisi vəzifəsini icra edir. 2021-ci ilin iyun ayında müəssisə rəhbəri Anar Məmmədov ona məxfi əməkdaşın X9 barəsində müəssisəyə narkotik vasitənin keçiriləcəyi ilə bağlı məlumat verilməsini bildirməklə müvafiq nəzarət-yoxlama tədbirlərinin aparılmasını tapşırmışdır. Sözügedən ərəfədə eyni zamanda onun özünə də bu barədə əməliyyat məlumatı daxil olmuşdur. Lakin, həmin məlumat ona Təqsirləndirilən şəxs tərəfindən daxil olmamışdır. Məlumat əsasında müəssisənin əməkdaşları Vüsalə Mehrəliyeva, Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Rəis tərəfindən gətiriləcək sovqata baxış keçirilməsi barədə göstəriş verilmişdir. 25 iyun 2021-ci il tarixdə saat 12:00 radələrində xidmətdə olarkən müəssisədə məhkum X9 yanına Şahid4 gəlib sovqat gətirmişdir. Sovqata baxış keçirilərkən “Fobby” markalı şampunun içərisindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş və qablaşdırılaraq tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmiş, tədqiqat nəticəsində həmin bükümlərin içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X3 rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və X9 tanıyır. Onların hər ikisi rəhbərlik etdiyi müəsisədə cəza çəkirlər. Məxfi əməkdaşdan X9 qohumu vasitəsi ilə müəsisəyə narkotik vasitə keçirəcəyi barədə əməliyyat məlumatı almışdır. Bundan sonra sonuncu və yanına gələn şəxslər nəzarətə götürülmüşdür. Görülmüş tədbirlər nəticəsində müəssisəyə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınmışdır. X9 qohumu vasitəsi ilə müəsisəyə narkotik vasitə keçirəcəyi barədə əməliyyat məlumatı Təqsirləndirilən şəxs deyil, məxfi əməkdaşdan alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən - Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəsisəsinin rəisi vəzifəsini icra edən Anar Məmmədovun imzası ilə Xəzər RPİ-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-1819 nömrəli xüsusi məlumatdan və həmin tarixli “Axtarış-baxış keçirilmə” protokolundan görünür ki, alınmış əməliyyat məlumatı əsasında X3 Əməliyyat şöbəsinin rəisi vəzifəsini icra edən Ruslan Aslanovun rəhbəliyi ilə 25 iyun 2021-ci il, saat 12:00 radələrində müəssisədə saxlanılan X9 yanına gələrək sovqat gətirən qohumu Şahid4 gətirdiyi əşyalara baxış zamanı «Fobby» markalı şampun qabının içərisində qara rəngli sellofan bükülüdə 2 ədəd kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin tədbirdə iştirak etmiş X6 şöbəsinin inspektoru Şahid1 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində axtarış və baxış keçirilməsində iştirak etdiyini və protokolda göstərilənləri təsdiq edərək əməliyyat məlumatının kimdənsə və yaxud ona daxil olması barədə heç nə bildirməmişdir. Qeyd olunan hallar X9 müəssisəyə narkotik vasitə keçirmək niyyətində olması ilə bağlı məlumatın Təqsirləndirilən şəxs tərəfindən Əməliyyat şöbəsinin inspektoru Şahid1 daxil olması ilə bağlı sonuncunun məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları təkzib edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X9 tanıyır. Malik Yevlax Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında çəkmiş, 14 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Müalicə Müəsisəsinə köçürümüş və cəzasını orada çəkməkdə davam etmişdir. 2021-ci ilin fevral ayından Malikin yanına getmiş, ona sovqat aparmış və görüşmüşdür. 25 iyun 2021-ci il tarixdə səhər saatlarında Malik üçün müalicə müəssisəsinə sovqat aparmış və saat 12 radələrində müəsisənin sovqatların qəbulu otağına daxil olmuşdur. Orada içəri buraxılması qadağan olmuş əşyaların siyahısı ilə tanış olub imzalayandan sonra gətirdiyi sovqatları X7 yığmışdır. Sovqatlara müalicə müəsisəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən üzərində «Fobby» yazısı olan şampun qabından əvvəlcədən məlumatı olan narkotik vasitə heroin aşkar edilərək hal şahidlərinin iştirakları ilə götürülüb sənədləşdirilmişdir. Həmin narkotik vasitəni Maliki tapşırığına əsasən şampun qabına özü yerləşdirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə heç bir aidiyyəti olmamışdır. Onun kartına 215 manat deyil, yalnız 60 manat pul köçürülmüşdür. İbtidai istintaq zamanı adından yazılmış ifadəni təsdiq etmir. Şahid4 ibtidai istintaqda şahid və 1(101)-274/2022 saylı cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri məhkəmə iclasında elan edilməklə araşdırılmışdır. Həmin ifadələrində o, göstərmişdir ki, X11 tanıyır. O, Yevlax Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında çəkmiş və 14 noyabr 2020ci il tarixdə «ağciyər vərəmi» diaqnozu ilə Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Penitensiar Xidmətin Müalicə Müəsisəsinə köçürümüş və cəzasını orada çəkməkdə davam etmişdir. 2021-ci ilin fevral ayından Malikin yanına getmiş, ona sovqat aparmış və görüşmüşdür. 2021-ci ilin iyun ayının 20-də Malik Bədəlov onun istifadsində olmuş ***-***- **-** mobil nömrəsinə müalicə müəssisəsindən zəng edib adını bildrmədiyi şəxs tərəfindən onun şəxsi kartına pul köçürüləcəyini demiş, lakin, həmin pul köçürən şəxsin kimliyini ona bildirməmişdir. Malik Bədəlov pulu çıxardıb bir şəxsə verməsini tapşırmış, həmin şəxsin pula narkotik vasitə alıb qaba yerləşdirib ona verəcəyini demiş, həmin qabda olan narkotik vasitəni saxlanıldığı müalicə müəssisəsinə sovqat şəkilində gətirib ona çatdırmasını tapşırmışdır. 21 iyun 2021-ci il tarixdə müalicə müəssisəsindən özünü Qalib kim təqdim etmiş şəxs ona zəng edib, Malikin məhkum yoldaşı olduğunu bildirərək onun kartına 215 manat pulu köçürtdüyünü deyib tapşırmışdır ki, həmin pulu ona zəng edəcək şəxsə narkotik vasitə alması üçün versin. 23 iyun 2021-ci il tarixdə bir nəfər şəxs ona zəng edib Qalibin ona göndərdiyi pulu istəmişdir. Danışıq zamanı sonuncu özünü təqdim etməmiş və özü də bu barədə ondan heç nə soruşmamışdır. Həmin şəxsi yaşadığı Bakı şəhəri Xətai rayonu, Q.Nəbi küçəsində yaşadığı ünvana çağırmışdır. Sonuncu ilə həmin tarixdə saat 18 radələrində həyətlərində görüşüb, kartını hesabında olan 215 manat pulu ona vermişdir. Həmin şəxs pulu götürüb ondan ayrılmış və 2 saat sonra onunla həyətdə yenidən görüşüb ona bir ədəd üzərində «Fobby» yazısı olan şampun, siqaret, çay və qənd verib demişdir ki, həmin sovqatları Malik və Qalibə çatdırsın. Sonunculara çatası narkotik vasitə heroin (kakos) verdiyi sovqatın içərisinə yerləşdirmişdir. Narkotik vasitənin hansı sovqatın içərisinə yerləşdirdiyini konkrekt olaraq ona bildirməmişdir. 25 iyun 2021-ci il tarixdə səhər saatlarında başqa sovqatlar da alıb verilən sovqatlarla birlikdə müalicə müəssisəsinə aparmışdır. Saat 12 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən PXin müalicə müəsisəsinə gedib sovqatların qəbulu məntəqəsinə daxil omluşdur. Orada ona təqdim edilən, içəri buraxılması qadağan olmuş əşyaların siyahısı ilə tanış olub imzalayandan sonra gətirdiyi sovqatları X7 yığmışdır. Sovqatlara müalicə müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən üzərində «Fobby» yazısı olan şampundan əvvəlcədən məlumatı olan narkotik vasitə heroin aşkar edilərək hal şahidlərinin iştirakları ilə götürülüb sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş və ağciyərində yaranmış xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə müəssisəsində müalicə almışdır. Yaşadığı evində təxminən 5 qram çəkidə narkotik vasitə heroin olmuşdur. Tutulmamışdan əvvəl həmin narkotik vasitəni evdə şampun qabının içində gizlətmişdir. Azadlıqdan məhrum edildikdən sonra qeyri-rəsmi yaşadığı Şahid4 həmin şampun qabını ona gətirməsini xahiş etmişdir. Sonuncu digər ərzaq məhsulları ilə birlikdə həmin şampun qabını da ona gətirmiş, əşyalara baxış zaman həmin narkotik vasitə aşkar edilmiş və Albina saxlanılmışdır. Albinanın şampun qabının içində narkotik vasitə olmasından xəbəri olmamışdır. Şahid M.F.Bədəlov Bakı Ağır Cinayətlər Məhkəməsində özü barəsində 1(101)- 1205/2022 saylı cinayət işinə baxılarkən də, bu məzmunda ifadə vermişdir. Həmin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyət yarandığından, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. X14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında çəkərkən «ağ ciyər vərəmi» diaqnozu ilə 14 noyabr 2020ci il tarixdə Xəzər rayonu ərazisində olan Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülmüşdür. Cəza çəkdiyi müddətdə tanışı Şahid4 onun üçün sovqat gətirmiş və görüşmüşlər. 20 iyun 2021-ci il tarixdə onunla birlikdə həmin müəssisədə cəza çəkən Təqsirləndirilən şəxs ona demişdir ki: «sənin tanışın Albinanın kartına pul köçürüm, Albina həmin pulu çıxarıb özünün onun üstünə göndərdiyi adama versin, həmin adam pulu götürüb narkotik vasitə alıb şampun qabına yerləşdirib Albinaya versin, Albina da, həmin qabda olan narkotik vasitəni onun üçün gətirdiyi sovqatla birlikdə onlara çatdırsın». O, razılaşıb həmin gün Albinaya zəng edib bu barədə bildirərək Qalibin onun kartına pul köçürtdürəcəyini demiş, pulu sonuncunun adından onun yanına gələn şəxsə verməsini, həmin adamın bu pula alıb şampun qabına yerləşdirdiyi narkotik vasitəni həmin qabda ona gətirəcəyi sovqatın arasında müalicə müəssisəsinə keçirdərək onlara çatdırmasını tapşırmışdır. Ertəsi gün Qalib Albinanın kartına 215 manat pul köçürtmüş, pulun kimin vasitəsi ilə köçürüldüyünü bilməmişdir. Sonra Qalib özü Albinaya zəng edərək kartına pulu köçürdüyünü xəbər verib demişdir ki, özünün adından ona bir adam zəng edəcək və pulu həmin adama versin, bu adam narkotik vasitə alıb şampun qabını içinə yerləşdirib Albinaya verəcək, Albina da həmin şampunu gətirdiyi sovqatla birlikdə gətirib onlara çatdırsın. 25 iyun 2021-ci il tarixdə saat 12 radələrində Albina onların cəza çəkdiyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gəlmiş, onun adına gətirdiyi sovqat nəzarət buraxılış məntəqəsində yoxlanılan zaman üzərində «Fobby» yazısı olan şampunun içində olan narkotik vasitə heroin aşkar edilmişdir. İfadəsi elan edildikdən sonra X14 ibtidai istintaq zamanı verdiyi ifadəsinin daha düzgün olduğunu və təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında X9 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29,317- 1.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 1(101)-1205/2022 saylı hökmü tədqiq edilməklə araşdırılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin iş üzrə məhkəmədə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə 3 dəfə məhkum edilmişdir. Sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs X11 tanıyır. Malik onun cəza çəkdiyi müəssisədə məhkum yoldaşı olmuşdur. Malik Bədəlov Azərbaycan Respublikasının CM-in 234-cü maddəsi ilə məhkum olunmuşdur. Cəza çəkdiyi müalicə müəssisəsində 5 iyun 2021-ci il tarixdə Malik Bədəlovla görüşən zaman sonuncu ona 5-10 günlük 100 manat pul lazım olduğunu demişdir. Malikdən pulun nə səbəbə lazım olduğunu soruşmuş, Malik ona özünün İran İslam Respublikasının vətəndaşı olan, hazırda isə Salyan rayonunda yaşayan şəxsdən 1500 manat alacağı olduğunu, həmin pulu dediyi şəxsdən götürməyə görə arvadına yol pulu vermək üçün lazım olduğunu bildirmişdir. Malikə kömək məqsədi ilə 60 manat pul verə biləcəyini demişdir. Bundan sonra Malik ona arvadının bank hesabını vermiş, o da həmin hesaba pulu köçürmək üçün tanışlarından xahiş etmişdir ki, pulu verdiyi kart hesabına ödəsinlər. Bundan bir gün sonra Malik ona özünün telefonla danışmaq qadağası olduğunu bildirməklə arvadı Albinanın mobil nömrəsini vermiş, həmin nömrəyə zəng vurmağı və köçürdüyü pulun kart hesabına oturub-oturmadığını öyrənməyi xahiş etmişdir. Bundan sonra o, Malikin ona verdiyi arvadı Albinanın mobil nömrəsi ilə müəssisədən telefonla əlaqə saxlamış, X17 məhkum yoldaşı olduğunu, Malikin telefonla danışmaq qadağası olduğu üçün danışa bilmədiyini, ondan pulun kartına çatıb-çatmadığını öyrənməsini xahiş etdiyini demişdir. Albina ona 60 manat pulu kartdan çıxarıb götürdüyünü bildirmişdir. Bundan sonra Albina ona rayona gedib pulu götürüb 2-3 gün ərzində yanına gələcəyini Malikə çatdırmağı xahiş etmişdir. Albinanın ona dediyi sözləri Malikə çatdırmışdır. Bundan təxminən 4-5 gün sonra Malik ona yenidən arvadı Albina ilə telefonla əlaqə saxlamağı və nə vaxt yanına gəlməsini soruşmağı xahiş etmişdir. Həmin zaman onun mobil telefonla danışmaq üçün kartı olmadığına görə şəhər telefonu ilə (012) ***-**-** nömrəsi ilə anası X16 ilə əlaqə saxlamış, anası ilə danışan zaman məhkum yoldaşı Malikin arvadı ilə əlaqə saxlamağı, Malikin gözlədiyini deməyi anasından xahiş etmişdir. Bu zaman anası mobil telefonu ilə onun verdiyi nömrəyə zəng etmiş və Albina ilə danışmışdır. O, anasının səsini telefonda eşitmişdir. Həmin zaman anası Albinaya Malikin onu gözlədiyini demişdir. Sonra anası ona Albinanın hələ rayonda olduğunu, pulu ala bilmədiyini, bir gün sonra Bakıya gəlib oradan da Malikin yanına gələcəyini dediyini bildirmişdir. Həmin günün axşamı Albina anası ilə əlaqə saxlamış və anasına rayondan Malikə qənd, çay və digər ərzaqları gətirdiyini demiş, həmin sovqatı anasından Malikə çatdırmağı xahiş etmişdir. Bu zaman anası Albinaya müəssisəyə gedə bilmədiyini, sovqatı özünün aparmasını demişdir. Bundan sonra o, Maliklə müəssisədə görüşmüş, Albinanın dediklərini Malikə çatdırmışdır. Sonra isə Malik Bədəlovdan arvadı Albinaya köçürtdüyü 60 manat pulu ona qaytarmağı tələb etmiş, Malik ondan 3 gün vaxt istəmişdir. O da Malikə inanmış və 3 gün gözləmişdir. Bundan bir-iki gün sonra Malik onunla görüşmüş və ona iyun ayının 18-nə kimi gözləməyi dedikdən sonra Malik ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. Malikə narkotik vasitə olsa edəcəyini bildirmişdir. Malik ona dediyi vaxta kimi gözləməyi, həm 60 manat pulunu və bununla yanaşı narkotik vasitə verəcəyini demişdir. O, razılaşmış və gözləmişdir. Malikin dediyi müddəti gözləyənə kimi Malikin dediklərini, yəni ona narkotik vasitə verəcəyi barədə sözləri müəssisədə əməliyyatçı işləyən Şahid1 demiş və Malik Bədəlovu nəzarətə almağı xahiş etmişdir. 25 iyun 2021-ci il tarixdə hazırda cəza çəkdiyi müəssisədə olan zaman ona məlum olmuşdur ki, Malik Bədəlovun yanına sovqat gətirən arvadı Albinanın gətirdiyi sovqatdan narkotik vasitə aşkar edilmişdir. Bununla bağlı müəssisənin rəhbərliyi onu qəbul etmiş və ona Albina adlı qadının, yəni Malik Bədəlovun arvadının saxlanılan zaman narkotik vasitə çıxan şampun qabını Albinaya onun anası X20 ilə Xətai rayonunda görüşərək verdiyini dediyini bildirmişdir. Bu zaman o, müəssisənin rəhbərliyinə bunların hamısının yalan olduğunu, narkotik vasitəni Malik Bədəlov hansısa yolla arvadı Albinaya gətirtdirdiyini, bundan əvvəl Malik Bədəlovun ona narkotik vasitə verəcəyinə söz verdiyini söyləmişdir. Habelə, məhkəmə iclasında Şahid4 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətələr Məhkəməsinin 14 mart 2022-ci il tarixli 1(101)-274/2022 saylı hökmü tədqiq edilməklə araşdırılmışdır. Həmin hökmdəki Təqsirləndirilən şəxs məhkəmədə şahid qismində verdiyi ifadəsindən görünür ki, o, əvvəllər Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə 3 dəfə məhkum edilmiş, hazırda Abşeron rayon Məhkəməsinin hökmünə əsasən 4 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş və cəzasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X2 çəkir. X14 onunla birlikdə həmin müəssisədə cəza çəkir. 05 iyun 2021-ci il tarixdə Malik Bədəlov ondan 5-10 günə qaytarcağını vəd etməklə 100 manat pul istəmiş və Malikdən pulu nə məqsədlə istədiyini soruşduqda Malik bildirmişdir ki, özünün İran İslam Respublikasının vətəndaşı olan və Salyan rayonunda yaşayan tanışından 1500 manat alacağı var, 100 manat alıb arvadına yol pul vermək istəyir ki, arvadı Salyan rayonuna gedib həmin adamdan pulu alsın. O da, Malikə kömək etmək məqsədi ilə 60 manat pul verə biləcəyini dedikdə, Malik ona arvadının plastik bank kartının nömrəsini vermiş, o, tanışlarına zəng edərək həmin kartın hesabına 60 manat pul köçürtdürmüşdür. Bundan bir gün sonra Malik ona özünün telefonla danışmasına qadağa qoyulduğunu deyib, arvadı Albinaya məxus ***-***-**-** mobil nömrəsini zəng edib pulun kart hesabına yerləşdirildiyini öyrənməsini xahiş etmişdir. O, Albinanın mobil nömrəsinə zəng edib Malik Bədəlovun məhkum yoldaşı olduğunu bildirmiş və kart hesabına pul köçürülüb köçürülmədiyini soruşduqda, Albina kartının hesabına köçürülmüş 60 manat pulu çıxartdığını və rayona gedib pulu götürərək 2-3 gün ərzində Malikin yanına gələcəyini bildirmişdir. Bundan təxminən 4-5 gün keçdikdən sonra Malik ona yenidən Albinaya zəng edib nə vaxt gələcəyini öyrənməsini xahiş etmiş, lakin mobil telefonla danışmaq üçün kartı olmadığına görə, şəhər telefonu ilə ***-***-**-** nömrəsi ilə anası X16 ilə danışarkən sonuncuya Albinanın nömrəsini verib onunla əlaqə saxlayıb Malikin onu gözlədiyni çatdırmasını xahiş etmişdir. Bu zaman anası mobil telefonu ilə Albinaya zəng edib Malikin onu gözlədiyini demiş, Albina ona hələ rayonda olduğunu, pulu ala bilmədiyini, bir gün sonra Bakıya gəlib oradan da, Malikin yanına gələcəyini bildirmişdir. Həmin günün axşamı Albina onun anasına zəng edib rayondan Malik üçün gətirdiyi qənd, çay və digər sovqatı Malikə çatdırmasını xahiş etmiş, anası müəssisəyə gedə bilmədiyini deyərək imtina etmişdir. Bundan sonra o, Maliklə müəssisədə görüşərkən Albinanın dediklərini ona çatdırmış, Malikdən Albinanın kart hesabına köçürtdüyü 60 manat pulu qaytarmasını tələb etmiş, Malik isə bunun üçün 3 gün vaxt istəmişdir. O da, razılıq vermiş, bundan bir iki gün sonra Malik ondan iyun ayının 18-nə kimi vaxt istəmişdir. Sonra isə Malik ondan narkotik vasitə istifadə edən olub-olmadığını soruşmuş və o narkotik vasitə olsa qəbul edəcəyini söylədikdə, Malik 60 manat qaytaranda ona həm də narkotik vasitə verəcəyini bildirmişdir. Lakin sonradan o, Malikin ona narkotik vasitə verəcəyini vəd etməsi barədə müəssisənin əməliyyatçısı Şahid1 məlumat vermişdir. Belə ki, 25 iyun 2021-ci il tarixdə cəza çəkdiyi müəssisədə olan zaman ona məlum olmuşdur ki, Malik Bədəlovun yanına sovqat gətirən arvadı Albinanın gətirdiyi sovqatdan narkotik vasitə aşkar edilmişdir. Bununla bağlı müəssisənin rəhbərliyi onu qəbul etmiş və məlumat vermişlər ki, Albina adlı qadın bildirmişdir ki, saxlanılan zaman narkotik vasitə çıxan şampun qabını onun anası Rəna Dəmirovadan almış və Rəna Dəmirovanın bu sovqatı ona çadırmasını xahiş etmişdir. Bu zaman o, müəssisənin rəhbərliyinə bildirmişdir ki, bunların hamısı yalandır, narkotik vasitəni Malik Bədəlov hansısa yolla arvadı Albinaya gətizdirib. Çünki, bundan əvvəl Malik Bədəlov ona narkotik vasitə verəcəyini söz vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X2 mülki qaydada işləyir. 2021-ci ilin iyun ayının 25-də saat 12 radələrində işdə olarkən müəssisə əməkdaşları tərəfindən X7 dəvət edilmişdir. 2 saylı İstintaq Təcridxanasından gəlmiş məhkum X9 yanına gələn qohumu Şahid4 gətirdiyi sovqatda qanunla qadağan olmuş əşyanın olub-olmadığını yoxlamaq üçün onun gətirdiy sovqata keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Ona və dəvət edilmiş digər hal şahidinə hüquq və vəzifələri izah olunduqdan sonra sovqata baxış keçririlmişdir. Bu zaman sovqatın içindəki üzərində «Fobby» yazısı olan şampun qabının içərisindən 2 ədəd spesifik iyə malik büküm aşkar edilmişdir. Həmin iki ədəd büküm müəssisə əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirlən Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə verdi. İşin 1-ci cildinin 25-26-cı vərəqələrindəki Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2021-ci il tarixli 6/2586 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində imzalar və PX-nin X4 məxsus «Zərflər üçün» möhür əksi olan zərfdəki iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 2,841 qram; 3,044 qram; ümumi təmiz çəkiləri 5,885 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi-5,885 qram, tədqiqata sərf edildi 0,085 qram, qalıq-5,805 qram. Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İşin 1-ci cildinin 151-154-cü vərəqələrindəki Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 6/3006 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 № 60» dairəvi möhür əksi olan kağız paketin içərisində üzərində imzalar olan bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,801 qram, 3,004 qram, ümumi təmiz çəkiləri 5,805 qram olan qəhvəyi rəngli maddə kustar usulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: heroinin təmiz çəkisi-5,805 qram, cəmi tədqiqata sərf edildi-0,08qr, qalıq: 5,725 qram). Cinayət işinin 1-ci cildinin 214-215-ci vərəqələrindəki məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2022-ci il tarixli 623 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işin 1-ci cildinin 217-224-cü vərəqələrindəki 16 fevral 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işindən başqa cinayət işinin ayrılması» haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin İxtisaslaşdırılmış Müalicə X1 adına göndərilən sovqatın içərisindən aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda çəkiləri 3,044 qram və 2,841 qram təmiz çəkilərdə iki bükümdə narkotik vasitə heroin ********* saylı iş üzrə maddi sübut kimi tanınması hazırkı iş üzrə nəzərə alınmışdır. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli 1(101)-274/2022 saylı hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 1(101)- 1205/2022 saylı hökmündən görünür ki, X14 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hər iki hökm qanuni qüvvəyə minmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 7 aprel 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 avqust 2008-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkməsinin 30 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 may 2009cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixi Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən azad edilmişdir. Bundan başqa o, Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törtəməkdə təqsirli bilinib 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 mart 2014-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2014-cü il tarixli qərarı ilə cəzası 3 (üç) il 6 (altı) aya endirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 6 (altı) ay 10 (on) günü çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş və 31 yanvar 2018-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 (üç) ay müddət nəzərə alınmaqla və təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmlə cəzaçəkmə müddətinin əvvəlinin 22 oktyabr 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. 22 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təyin edilmiş cəza sona çatmışdır. Odur ki, Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməlidir. Azərbaycan Respublikasının CPM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Onun məhkəmədə verdiyi ifadələri Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış 1(101)- 274/2022 və 1(101)-1205/2022 saylı cinayət işləri üzrə verdiyi etirafedici ifadələri, məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə qeyd olunan ifadələrə tənqidi yanaşır və sübut hesab etmir. Şahidlər Şahid4 və X14 məhkəmə ifadə verərkən Təqsirləndirilən şəxs təqsirli olmadığını bildirdilər. Onların bu ifadələri, Şahid4 hazırki iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi, onların Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış 1(101)-274/2022 və 1(101)-1205/2022 saylı cinayət işləri üzrə təqsirləndirilən şəxs qismində verdikləri ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşır, həm özlərini, həm də Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan azad etmək məqsədi daşıyan ifadə kimi qiymətləndirib, obyektiv həqiqəti göstərən sübut hesab etmir. Eyni zamanda məhkəmə, Şahid1 məhkəmədə verdiyi ifadəsində X9 müəssisəyə narkotik vasitə keçirmək niyyətində olması ilə bağlı məlumatın Təqsirləndirilən şəxs tərəfindən ona daxil olmasına dair göstərdiyi xüsusatın reallığı əks etdirmədiyini nəzərə alıb, həmin hissədə sübut kimi qəbul etmir. Məhkəmə yuxarıda sadalanmaqla bir-birini tamamlayan digər sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317- 1.1-ci maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olması müəyyən edilmədi. Məhkəmə, əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317- 1.1-ci maddələri ilə CM-in 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi 07 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Xəzər RPİ-də saxlanılan iş üzrə aşkar olunaraq götürülmüş iki ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 3,044 qram və 2,841 qram olmaqla ümumi təmiz çəkisi 5,885 (ekspertiza tədqiqatından sonra qalıq 5,725) qram narkotik vasitə heroinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1205/2022 saylı hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 174 (yüz yetmiş dörd) manat, 9 (doqquz) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 29, 317-1.1-ci maddəsi ilə 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 7 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Xəzər RPİ-də saxlanılan iş üzrə aşkar olunaraq götürülmüş iki ədəd bükümdə, ekspertiza tədqiqatından sonra qalıq qalan cəmi 5,725 qram narkotik vasitə heroinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1205/2022 saylı hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 174 (yüz yetmiş dörd) manat, 9 (doqquz) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar