Məhkəmə qərarları › İş №1(101)-93/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-93/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-93/2024 16.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, yeni məhəllə, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,389 qram, 4,947 qram və 4,269 qram olmaqla, ümumi təmiz çəkisi 12,605 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 12 fevral 2022-ci il tarixdə saat 18:50 dəqiqədə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli olduğu üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli vilvet parçalı gödəkçəsinin sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,389 qram, 4,947 qram və 4,269 qram olmaqla, ümumi təmiz çəkisi 12,605 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o fevralın 12-si Savalan qəsəbəsində yerləşən “Rahat” marketin içində saxlanılaraq başqa bir cinayətlə bağlı tutulmuşdur. Ordan sonra onu birinci telefonu götürməyə aparmışlar. Telefonu dəniz qırağına atmışlar və telefonu tapdıqdan sonra polis bölməsinə aparmışlar. Onlar dəniz qırağından qayıtdıqdan sonra axtarış keçirilmişdir. Dəniz qırağında və bölmədə ona şahidlərin içində təzyiq göstərmişlər. Orada narkotiki boynuna qoymuşlar və birinci olan cinayəti üstündən götürmüşlər. Onlar Binəyə üç nəfər getmişlər, avtomobili Valid idarə etmiş, avtomobil icarə ilə götürülmüş və gps sistemi olmuşdur. Zərərçəkmiş şəxsi əvvəlcədən tanımamışlar, Binə qəsəbəsinə Ceyhun adlı tanışlarının yanına getmişlər. Gecə olmuş, həmin vaxtda da Ceyhun kişiyə zəng edərək nəsə tapşırmış, Səlahiddin telefonu götürərək “bizim telefonumuzu niyə götürmürsən” demişdir. Bu zaman kişi qorxaraq qaçmış, telefon da əldə qalmış, sadə telefon olmuş və yerə atmışlar. O, maşından düşməmiş, uşaqlar düşmüşdür. Sonra həmin maşının nömrəsi ilə gəlib onları tutmuşlar. Polis onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə iş açmışdır. Tutulanlardan birinə silah, o birinə külli miqdarda narkotiklə iş açmışlar. Hadisə yerinə Ceyhunu axtarmaq üçün getmişlər, həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Onun ilkin izahatı bölmədə alınmış və ilkin izahatında həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Onun üzərinə videoçəkilişlə baxış keçirilmiş, ona videoçəkilişdən qabaq zor tətbiq etmişlər. Güclü xəsarəti olmamış, amma döyülmüşdür. O, başı çıxmadığından döyülməklə bağlı şikayət etməmişdir. Sanksiyada olarkən hakimə onluq bir şey olmadığını bildirmişdir. Həbs qərarında özünü təqsirli bilməmişdir. O, yüngül narkotik vasitələrdən, metamfetamin və nəşədən istifadə etmiş, onun Validin və Səlahiddinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatı olmamış, Ceyhunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə isə məlumatı olmuşdur. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, Zabrat qəsəbəsində fərdi şəkildə bərbər işləyərək dolanmışdır. Səlahəddini uşaqlıqdan tanımış, belə ki, onunla qonşuluqda yaşamış və aralarında həmişə yaxşı münasibət olmuşdur. Validi isə təxminən hadisədən bir ay əvvəl tanımışdır. Validi Ceyhunun vasitəsilə tanımışdır. Ceyhunu isə 5-6 aydır ki, yanına müştəri kimi gəldiyi üçün tanımış, daha sonra isə onun nəşə və patı kimi tanıdığı narkotik maddələr satdığını bilmiş və arada bir Ceyhundan öz istifadəsi üçün nəşə kimi tanıdığı narkotik maddə almış və istifadə etmişdir. 11 fevral 2022-ci il tarixdə axşam təxminən saat 21 radələrində işdə olan zaman Səlahəddin və Valid sonununun “rent a car”dan icarəyə götürdüytü “Kia Optima” markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil ilə gəlib onu işdən götürmüşlər. Həmin vaxt avtomobili Valid idarə etmiş, Səlahəddin ön sərnişin oturacağında əyləşmiş, o isə arxa sərnişin oturacağında Səlahəddinin arxasında əyləşmişdir. Onlar əvvəlcə “Xətai” metrostansiyası tərəfdə yerləşən hansısa “retn a car” şirkətinə gəlmiş və idarə etdiyi avtomobilin pulunu ödədikdən sonra biraz avtomobildə gəzmişlər. Biraz sonra Səlahəddin onlara təklif etmişdir ki, Ceyhungilin yaşadığı evə getsinlər, çünki Ceyhun Səlaəddinin zənglərinə cavab verməmişdir. Ceyhunun yaşdığı evi Valid tanımış, çünki Valid bir neçə dəfə Ceyhungilin evlərinə getmiş və Ceyhunla aralarında yaxşı münasibət olmuş, hətta Valid Ceyhunun ailəsi ilə birlikdə yaşadığı evin çöl açarının harada olduğunu belə bilmişdir. Onlar razılaşmış və 11 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində Validin idarə etdiyi həmin avtomobil ilə Ceyhunun yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, nömrəsiz ünvanda yerləşən evinə getmişlər. O, birinci dəfə hadisə günü Ceyhungilin evinə getmişdir. Həmin evə çatdıqda o, avtomobildən düşməyərək avtomobilin içərisində gözləmiş, Səlahəddin və Valid isə avtomobildən düşərək Validin Ceyhunun evi olduğunu bildirdiyi bir mərtəbəli həyət evinə yaxınlaşmışlar. O, avtomobildə arxa sərnişin oturacağında dayanıb gözləyən zaman bir qoca kişi avtomobilin önündən keçib Ceyhungilin yaşadığı evə yaxınlaşmışdır. O, avtomobildə olsa da, həmin vaxt gecə olduğu üçün və ətrafda heç kim olmadığına görə və həm də bu hadisə avtomobilə yaxın yerdə olduğuna görə onların danışığını eşitmişdir. Belə ki, Səlahəddin həmin kişini saxlayıb burada nə etdiyini soruşmuş, həmin kişi də Ceyhunun onun qohumu olduğunu və Ceyhunun ona zəng edib evdən nəsə götürmək lazım olduğunu dediyi üçün buraya gəldiyini bildirmişdir. Həmin vaxt kimsə həmin kişinin telefonuna zəng etmiş və əvvəlcə həmin qoca kişi, daha sonra isə Səlahəddin kişidən telefonu alıb danışmağa başlamış və o, bu danışıqdan onların danışdığı şəxsin Ceyhun olduğunu başa düşmüşdür. Kişi Ceyhunla nəsə danışdıqdan sonra Səlahəddin telefonu alıb Ceyhunla danışmağa başlamış və niyə telefonlarına cavab vermədiyini soruşmuşdur. Valid Ceyhungilin evinə girmişdir. Səlahəddin Ceyhunla danışdığı zaman qəflətən həmin qoca kişi sürətlə qaçıb oradan uzaqlaşmışdır. O, avtomobildən düşməmiş və onu saxlamağa çalışmamışdır. Bu vaxt Valid Ceyhungilin yaşadığını bildirdiyi həmin evdən çıxmış və Səlahəddinlə gəlib avtomobilə əyləşmişlər. Həmin vaxt Validin əlində ağ sellofanda qəpik pullar olmuş və Valid həmin qəpik pulları Ceyhungilin yaşadığı evdən götürdüyünü bildirib həmin pulları Səlahəddinin əyləşdiyi ön sərnişin oturacağının arxa cibinə qoymuşdur. O, həmin sellofanda hansı qəpik pulların olduğunu və cəmi nə qədər pul olduğunu bilməmişdir. Bundan sonra onlar oradan uzaqlaşmış və birlikdə Validin yaşadığı Buzovna qəsəbəsində yerləşən evə gəlmişlər. Onlar gecə həmin evdə qalmışlar və səhərisi gün əvvəlcə Saləhəddin evdən çıxıb getmiş, daha sonra isə o və Valid həmin evdən çıxıb getmişlər. Həmin gün yəni 12 fevral 2022-ci il tarixdə təxminən saat 18:50 radələrində Sabunçu rayonu, Savalan qəsəbəsində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun soyğunçuluq etməkdə şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirmişlər. Orada ona hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və müdafiəçi ilə görüşdükdən sonra polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərindən heç nə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları təsir edərək onun üzərinə 03 büküm narkotik maddə qoymuşlar və təkrar üzərinə baxış keçirmişlər. Bu zaman polis əməkdaşlarının üstünə qoyduğu 03 ədəd büküm üzərindən aşkar edilərək götürülmüş və qabladırılaraq üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, hadisə barədə ilkin izahat verdiyi zaman polis əməkdaşlarının təsiri ilə elə izahat vermişdir. Lakin həqiqətdə onun üzərinə baxış keçirilən zaman narkoik maddə olmamış, daha sonra polis əməkdaşları onun üstünə narkotik maddə qoymuşlar və təkrar baxışı keçirilən zaman üstündən 03 ədəd büküm aşkar edilərək götürülmüşdür. Hadisə 11 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində Ceyhungilin yaşadığı evin həyətində baş vermişdir. O, tanışları Səlahəddin və Validlə birlikdə Ceyhunun onun zənglərinə cavab vermədiyinə görə getmişlər. Yəni həmin evə getməyi Səlahəddin onlara təklif etmiş və onlar da razılaşmışlar. Cabarxan Səlimov yalan danışmışdır. Hadisə zamanı həmin kişinin üstünə heç kim bıçaq çıxarmamış və ondan telefonu heç kim zorla almamışdır (İİ cild, səh. 211-214). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Binə qəsəbəsində baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı əməliyyat tədbiri keçirilmiş, əməliyyat tədbirində iki nəfər, o və Şahid2 iştirak etmişlər. Şəxsi Sabunçu rayonunda Savalan qəsəbəsində saxlayaraq şöbəyə gətirmişlər, təhqiqatçının otağında video çəkilişdən istifadə edilməklə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunmuşdur. Üç büküm metamfetamin aşkar olunmuş və öz şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Şəxsi saxlayanda tək olmuş və təxminən 40 dəqiqə sonra şöbəyə gətirmişlər. Əvvəllər Təqsirləndirilən şəxs barəsində hər hansı bir məlumat daxil olmamış, saxlama səbəbləri birinci soyğunçuluqla bağlı olmuş, şəxsin ətrafında əməliyyat axtarış tədbirini soyğunçuluqla bağlı keçirmişlər. Sadəcə əldə etdikləri məlumata əsasən narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmişdir. Bu işlə bağlı iki nəfər əlavə şəxs də tutulmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zor və təzyiq göstərilməmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 11 fevral 2022ci il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük savxozu, nömrəsiz ünvanda X2 qarşı soyğunçuluq edilməsi barədə məlumat daxil olmuş və həmin fakt öz təsdiqini tapdıqdan sonra həmin cinayət əməlini törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün ondan və Suraxanı RPİ-nin 30-cu PŞnin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin soyğunçuluq cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs şübhəli olması müəyyən edilmiş və daxil olmuş əməliyyat məlumatı əsasında 12 fevral 2022-ci il tarixdə saat 18:50 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməsini tələb etmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona soyğunçuluq cinayət əməlinin törədilməsində şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli vilvet parçalı gödəkçənin sağ yan cibindən 03 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisindəki maddənin nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs, həmin 3 ədəd bükümün içərisində şüşə kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin üç ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır (İİ cild, səh. 54-56). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 30-cu Polis Bölməsinin inzibati ərazisində soyğunçuluq hadisəsi ilə bağlı onlara məlumat daxil olmuş, əməliyyat qrupu yaradılaraq rəhbərliyə məruzə olunmuşdur. Sonra gedib həmin şəxsi 30-cu Polis Bölməsinə gətirmişlər və saxlanılan zaman şəxs tək olmuşdur. Təhqiqatçı video çəkiliş zamanı suallar verərək üzərində qeyri-qanuni nə varsa təqdim etməsini bildirmiş, şəxs özü könüllü şəkildə təqdim etmişdir. Soyğunçuluqla bağlı digər şəxslər də saxlanılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə baxışında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir (İİ cild, səh. 57-59). 9.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, onları Maştağada “Araz” marketin girəcəyində saxlamışlar. Saxlanılarkən Təqsirləndirilən şəxslə bir yerdə olmuşlar. Polislər onları telefona görə Mərdəkanda “Tropik” adlı restorana tərəf aparmışlar. Tutulan vaxtdan polis idarəsinə aparılmaları təxminən bir saat vaxt çəkmişdir. Polis əməkdaşı çox olmuşdur. O, arxa maşında, Pərviz isə qabaqdakı maşında olmuşdur. Ona hər hansı zor və təzyiq göstərilməmiş, amma Pərvizə olmuşdur. Polis idarəsində Pərvizə təzyiq göstərilməsinin şahidi olmamışdır. “Araz” marketdə olanda Pərvizin üstündə narkotik vasitə olmamışdır. O, sonradan Pərvizdən ayrı saxlanılmış, Pərvizin üstünə baxışın şahidi olmamış, Pərvizin üstündə narkotik vasitə olmasından xəbərdar olmamışdır. 10.Məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, qeydiyyatla bağlı akt tərtib etmişlər, səhv etmirsə aktın bir nüsxəsini işin içinə qoymuşlar. Akt onda deyil, iki nüsxədə tərtib edirlər, əsasını arxivə təhvil verirlər, surətini isə təqdim edirlər. Bu qaydada işləməyə 2023-cü ildən başlamışlar. Rəyin bir nüsxəsi və aktın bir nüsxəsi onlarda qalır və onu da arxivə təhvil vermişlər. Rəylərin onun komputerində elektron variantı qalmış, sadəcə onu çap edərək gətirmişdir. Sanskiya olan işləri qəbul etdikləri gün, yəni 13 fevralda rəy verilibsə, yəqin ki, 13 fevralda da iş onlara daxil olmuşdur. Əvvəllər aktın surətini rəyə qoşmamışlar, sonra rəyə əlavə etməyə başlamışlar. İstintaq orqanları surətini təqdim etmələri üçün çox müraciət etmiş, təzədən hər bir iş arxivdən çıxarılmalı olmuş, sonradan rəhbərlik göstəriş vermişdir ki, “rəyi yazanda, kopyasını da çıxarıb verin ki, iş artmasın”. Bu iş iki il bundan qabaq olmuş, həm də icraatlarında il ərzində 1000 dən çox iş olur, ancaq buna əsasən deyə bilər ki, üzərində sözlər, işarələr, dairəvi möhür olan əkslər olduğunu rəydə qeyd etmişdir. Bir ədəd zərfdə təqdim edilmişdir. Açıq şəkildə olsa qeyd edirlər ki, “zərfin tamlığı pozulub və ya üzərində heç bir imza, qeyd, möhür əksi yoxdur”. Rəydə də qeyd edirlər. Heç bir tamlıq pozulmamışdır. Onlar aktda ancaq çəkini çəkmişlər, neçə bükümdür sayını qeyd edirlər və sair, digər hallar olarsa onları öz rəylərində qeyd edirlər. Onlar zərfi özlərinin kağız paketlərinə qoyurlar. Təqdim edilən zərf maddi sübutla birlikdə onların öz paketilərinə qoyulur, öz möhürləri vurularaq istintaq orqanına qaytarılır. Onların qəhvəyi rəngdə paketləri olmuş, zərfdə açılmış formada həmin paketləri içinə qoyulur. Əslində o bir sübutdur ki, gələcəkdə baxsınlar həqiqətən də üzərində o adamın adı var idi, onlar olduğunu yazırlar, lakin gələcəkdə olmadığını deyə bilərlər, ona görə də sübut əhəmiyyətli olaraq qoyurlar. 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2022-ci il tarixli, 6/905 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs götürülmüş...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,389 qram, 4,947 qram və 4,269 qram olmaqla, ümumi təmiz çəkisi 12,605 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 42-48). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin Ambulator X3 barədə 12 may 2022-ci il tarixli, 2410 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 140-141). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 02 aprel 2022-ci il tarixli, 794 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (İİ cild, səh. 89-92). 14.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli vilvet parçalı gödəkçəsinin sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim edərək bildirmişdir ki, bükümdə şüşə kimi tanıdığı narkotik maddədir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan 03 büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 35- 36). 15.«Diskə baxış keçirilməsi haqqında» 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzıərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli vilvet parçalı gödəkçənin sağ yan cibindən 03 ədəd sellofan bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisindəki maddənin nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin 3 ədəd bükümün içərisində şüşə kimi tanıdığı narkotik maddə olduğunu bildirməsi, sonra aşkar edilmiş həmin üç ədəd bükümün götürülərək zərfə qoyulub qablaşdırılması, daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Qeyd olunan protokol Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən Müdafiəçi və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Şahid4 tərəfindən imzalanmışdır (İİ cild, səh. 111). 16.Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması prosessual hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya qanunla dövriyyəsi qadağan edilmiş maddə varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi bükümlərin içərisindəki maddənin nə olması, nə vaxt, kimdən və neçəyə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin 3 ədəd bükümün içərisində şüşə olduğunu, dünən tanımadığı şəxsdən üçünü 50 manata əldə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs keçirilmiş şəxsi axtarışla bağlı protokol tərib olunacağı bildirilərək hər hansı vəsatət və ya etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs xeyr cavabını vermişdir. Bundan sonra bildirilir ki,”aşkar olunmuş maddə sizin iştirakınızla zərfə qoyulacaq və bizim iştirakımızla məhkəmə-tibbi ekspertizasına təyin edilməsi üçün”, burada video-görüntü bitir. 17.Məhkəmə iclasında maddi sübutun qablaşdırılmasına baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin möhürü ilə möhürlənmiş zərfin içərisindən üzərində Təqsirləndirilən şəxs götürülmüş maddi sübut... yazıları və imzalar olan ağ rəngli zərf aşkar olunmuş, həmin zərf Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 tərəfindən imzalanmış, kağız zərf Azerbaycan Respublikası DİN «Zərflər üçün» 194 nömrəli möhürü ilə möhürlənmişdir. 18.«Toplanmış sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi barədə» 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış cəmi 12,605 qram psixotrop maddə metamfetamin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 12,515 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İstintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmışdır (İİ cild, səh. 180-191). 19.Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 12 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Məmmədov X8 rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində daxil olmuş, tibbi-müayinə zamanı üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 08 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə zamanı görüntülər texniki səbəbdən yalnız bu formatda çəkilib başqa görüntülər təqdim etmək mümkün deyildir. 22.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 29-30). 23.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 4(010)- 82/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 fevral 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 17-22). 24.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 4(010)- 396/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (İİ cild, səh. 125-131). 25.«Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında» 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 avqust 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 200-201). 26.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X4 İdarəsindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 111). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 28.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

31. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.

32. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 33.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 34.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 35.Bundan başqa, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin ifadəsi və şahidlər Şahid1 və Şahid2 ifadələri, üzləşdirmə protokolu, diskə baxış protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/905 saylı 13 fevral 2022-ci il tarixli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin verdiyi 794 saylı 02 aprel 2022-ci il tarixli rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsin verdiyi 2410 saylı 12 may 2022-ci il tarixli rəyi və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət formal cümlə olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin özünün ifadəsi ilə sübuta yetirildiyini qeyd etmiş, lakin həmin ifadələrin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində istintaq orqanın qeyd etdiyi kimi təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən etirafedici ifadə müəyyən edilməmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etdiyinə dair bir söz işlətməmişlər. Şahid1 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini deməsini qeyd etmişdir. İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2022-ci il tarixli, 6/905 nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddənin psixotrop maddə metamfetamin olmasını təsdiq etsə də həmin psixotrop maddənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin Ambulator X3 barədə 12 may 2022-ci il tarixli, 2410 nömrəli rəyi isə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğunu müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu təsdiq edir. 36.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi diskə baxış protokolunu qeyd etmişdir. İş materiallarında olan «Diskə baxış keçirilməsi haqqında» 08 iyun 2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən hər hansı bir ifadə işlədilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanının istinad etdiyi qeyd olunan sübut növü Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq etmir. 37.Bundan başqa, istintaq orqanı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin «digər istintaq materialları» ilə kifayət qədər sübuta yetirildiyini qeyd etmiş, lakin yenə də digər istintaq materiallarının nədən ibarət olmasına aydınlıq gətirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında isə təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən istintaq orqanın qeyd etdiyi kimi hər hansı «hüqüqi sənədlər və digər istintaq materialları» müəyyən edilməmişdir. 38.Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 39.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə psixotrop maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 40."Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". 41.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 42.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş psixotrop maddəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin psixotrop maddəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» psixotrop maddələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan yalnız aşkar olunmuş psixotrop maddə metamfetaminin üç ədəd bükümdə olması səbəbindən satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 43.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz (CPM-351.2). 44.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 45.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda - 12,605 qram çəkidə psixotrop maddə metafetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Çünki, şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair mötəbər sübutlar olmadığı təqdirdə psixotrop maddənin miqdarının 3 bükümdə külli miqdarda olması şəxsin həmin psixotrop maddəni məhz satış məqsədilə əldə edib saxlaması nəticəsinə gəlməyə əsas vermir. 46.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin Ambulator X3 barədə 12 may 2022-ci il tarixli, 2410 nömrəli rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 47.Məhkəmə hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. 48.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 49.Beləliklə, məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 51.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 52.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 53.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 54.Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 55.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 56.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 12,605 qram çəkidə psixotrop maddə metafetamin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 57.Məhkəmə təqsirləndirilən şəxsin üzərindən külli miqdarda psixotrop maddə aşkar edilməməsi, psixotrop maddənin onun boynuna qoyulması, ona təzyiq olunduğu məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, məhkəmədə «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 58.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması prosessual hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilərkən video-görüntülərin tam olmaması, aşkar olunmuş kütlənin qablaşdırılıb möhürlənərək götürülməsinə dair video-görüntülərinin mövcud olmaması müəyyən edilmişdir. Lakin, məhkəmə qeyd olunan video-görüntüləri cinayət işi üzrə mötəbər dəlill olan sübut növü kimi qəbul edir. Belə ki, «Diskə baxış keçirilməsi haqqında» 08 iyun 2022ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi olmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ilə birlikdə diskə keçirilmiş baxışda iştirak etmiş, həmin baxışla əlaqədar ibtidai istintaqın hər hansı mərhələsində etiraz və vəsatətləri daxil olmamışdır. Bundan başqa, cinayət işi üzrə maddi sübut olan psixotrop maddə metamfetamin baxış keçirilməsi üçün məhkəmə zalına gətirilmiş, baxış zamanı qablaşdırılmanın üzərində təqsirləndirilən şəxsin imzasının və möhürün əks olunduğu müşahidə edilmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş ekspert Z.Bayramova maddi sübutun qablaşdırılmış şəkildə qanunvericiliyə uyğun təqdim edildiyini təsdiqləmişdir. 59.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə təzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 60.Belə ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 12 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tibbi-müayinəsi zamanı üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən də görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. 61.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 62.Məhkəmə iclasında təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə aşkar edilməməsini bildirsə də məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən və formal xarakterli mülahizələrdən ibarət olmaqla məsuliyyətdən yayınma cəhdi daşıyır. 63.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 64.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 66.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 67.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 68.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 69.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 70.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 71.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 72.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 73.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 76.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı - 16 may 2024-cü il tarixdən hesablanmalıdır. 77.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsini, həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 78.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 79.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 80.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 81.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,515 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 82.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 83.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 84.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 85.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay müddət ona təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Maddi sübutlar - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 12,515 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər:

1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar