Məhkəmə qərarları › İş №1(101)-931/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-931/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-931/2021 01.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində dörd övladı olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Saatlı şəhəri, Babək küçəsi, ev 45-də qeydiyyatda olmaqla ünvan 2 nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Əziz adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib İmişli rayonu ərazisində magistral yolun kənarında gizlətməklə saxladıqları külli miqdarda 2410 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 185,219 qram çəkidə psixotrop maddə metamfetamini, 1000 ədəd olmaqla ümumilikdə külli miqdarda 40 qram çəkidə narkotik vasitə metadon preparatını və 200 ədəd olmaqla ümumilikdə külli miqdarda 45 qram çəkidə narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol həblərini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 16 saylı yataqxanada yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daşımış, narkotik vasitə heroindən iki ədəd bükümdə 1850 qram çəkidə hissəsini ayıraraq, bir ədəd bükümdə 185,219 qram çəkidə metamfetamin ilə birlikdə satış məqsədi ilə üzərində qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 dekabr 2020-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Zəfəran Sahil 1” aptekinin qarşısında saxlanılaraq həmin Baş İdarədə saat 16:15-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində tutduğu üzərində “Cihan Tea” yazısı olan sellofan torbadan 1 ədəd bükümdə külli miqdarda 185,219 qram təmiz çəkidə psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram və 830 qram olmaqla, ümumilikdə külli miqdarda 1850 qram çəkidə narkotik vasitə heroin, daha sonra Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 16 saylı yataqxanda yerləşən nömrəsiz fərdi yaşayış evinə həmin gün saat 20:07-dən etibarən keçirilmiş baxış zamanı evdəki çarpayının altından 01 ədəd qara rəngli sellofan torbadan 1 ədəd bükümdə külli miqdarda 560 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 100 ədəd konvalyutda ümumi sayı 1000 ədəd olmaqla ümumilikdə külli miqdarda 40 qram təmiz çəkidə narkotik vasitə metadon həbləri və 20 ədəd konvalyutda ümumi sayı 200 ədəd olmaqla ümumilikdə külli miqdarda 45 qram təmiz çəkidə narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol həbləri, həmçinin üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, polis əməkdaşlarının ifadələri həqiqəti əks etdirmir. Bildirmək istəyir ki, narkotik vasitələr onun üzərində deyil, ona məxsus olan maşında aşkar edilmişdir. Polis əməkdaşları onun maşınına baxış həyata keçirmiş və maşınında 200 qram çəkidə olan metamfetamini götürmüşlər. Onda polislərin ifadəsində əks olunan digər narkotik vasitələr və elektron tərəzi olmamışdır. Eyni zamanda polis əməkdaşları onu aptekin qarşısında deyil, maşında olarkən saxlamışlar. 200 qram olan metamfetamini o, yol kənarında tapmışdır. Əlavə olaraq bildirmək istəyir ki, o, narkotik vasitəni Əziz adlı şəxsdən və İmişlidə deyil, yol kənarında tapmışdır. Bununla belə Təqsirləndirilən şəxs oğlu bilavasitə hadisənin baş vermə təfərrüatları ilə bağlı ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Onun Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. O, Bakı İstintaq Təcridxanasında saxlanılan zaman orada narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətlərinə görə məhkum edilmiş Əziz adlı əslən Cənubi Azərbaycandan olan İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Azadlığa çıxdıqdan sonra uzun müddət Əzizlə əlaqə saxlamasa da nəhayət maddi vəziyyətinin pis olması ilə bağlı Əzizin onda olan nömrəsi vasitəsilə Əzizlə əlaqə saxlamışdır. Əziz ona Azərbaycan Respublikası ərazisinə keçirdiyi narkotik vasitə və psixotrop maddələri Əzizin dediyi yerdən götürüb başqa yerlərə qoymaqla pul qazana biləcəyini demişdir. Hər dəfə müştərilərə çatması üçün narkotik vasitə və ya psixotrop maddələrin yerini dəyişdikcə Əziz ona pul vermişdir. Əziz ona ilk əvvəllər az miqdarda mal vermiş, çünki hələ o zaman aralarında qarşılıqlı inam yaranmamışdır. Ancaq daha sonra Əzizdə ona qarşı inam yarandıqdan sonra Əziz ona çoxlu miqdarda malları bir yerdən götürüb müştərilərə çatdırmaq üçün başqa yerə qoymağını demişdir. Bu minvalla onlar bir ildən bir qədər artıq müddətdə bu qaydada işləmişlər. Tutulmamışdan təqribən 4-5 gün öncə Əziz onunla əlaqə saxlayıb İmişli rayonu ərazisinə mal qoyduğunu və həmin malı götürərək özündə saxlamasını, deyilən vaxtda müvafiq müştərilərin həmin malı götürməsi üçün Əzizin dediyi yerlərə qoymasını bildirmişdir. O da özünə məxsus olan nəqliyyat vasitəsi ilə gedib həmin malı İmişlidə magistral trasın kənarından götürüb yaşadığı ünvan 2 fərdi yaşayış evində saxlamışdır. 10 dekabr 2020-ci il tarixdə Əziz ona zəng edib həmin maldan bir hissəsini Əzizin dediyi yerə qoymasını demişdir. O, Əzizin dediyi yerə malları qoymaq üçün malları götürüb evdən çıxmışdır. 10 dekabr 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Zəfəran Sahil 1” aptekinin qarşısında ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Ondan öz anket məlumatlarını bildirməsini istəmişlər. O özünü təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib və üzərində keçiriləcək prosessual hərəkətlərdə iştirak etməsi üçün Baş İdarəyə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində müdafiəçi ilə təmin edilmiş və daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirməyə başlanılmışdır. Şəxsi axtarış başlamazdan öncə ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əlində tutduğu üzərində “Cihan Tea” yazısı olan sellofan torbanı təqdim edib içərisində heroin və metamfetamin olduğunu demişdir. Daha sonra əynindəki şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsini, 1 ədəd “Samsung” markalı mobil telefonu və 20 manat pulu çıxarıb təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış keçirilmiş, ancaq qanunla qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Daha sonra təqdim etdiyi 3 ədəd bükümə baxış keçirilmiş və 1 ədəd bükümdə metamfetaminə bənzər maddə, 2 ədəd bükümdə isə heroinə bənzər maddələr olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr qablaşdırılmış və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 20 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, 1 ədəd “Samsung” markalı mobil telefon isə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu, həmin bükümləri təqribən 4- 5 gün öncə “Əziz” adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə İmişli rayonu ərazisində magistral trasın yanından götürdüyünü, Əzizin deyəcəyi yerə qoyacağı təqdirdə ona pul vərəcəyini, həmçinin yaşadığı ünvan 2 fərdi yaşayış evində narkotik vasitə və psixotrop maddələr saxladığını demişdir. Daha sonra şəxsi axtarış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. O, ərizə verərək yaşadığı ünvan 2 fərdi yaşayış evində baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir.Həmin ünvana keçirilən baxış zamanı ona evdə qanunla qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, çarpayının altından 1 ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torbaya baxış zamanı içərisindən 1000 əddə üzərində “Methadone 40” yazısı olan və 200 ədəd üzərində “Tramadol-X 225” yazısı olan həblər, 1 ədəd elektron tərəzi, 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Həmin maddələr qablaşdırılaraq üzəri möhürlənmiş, qablaşdırmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şifahi sorğu zamanı o, aşkar edilmiş maddələri təqribən 4-5 gün öncə Əziz adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə İmişli rayonu ərazisində magistral trasın yanından götürdüyünü, Əzizin deyəcəyi yerə qoyacağı təqdirdə ona pul vərəcəyini, özünün narkotik vasitə aludəçisi olmadığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə maddi imkansızlıq ucbatından məşğul olduğunu, yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə, həblər saxlamağından heç kimin məlumatı olmadığını bildirmişdir. Daha sonra baxışın keçirilməsinə dair protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan və şəxsi axtarış və baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri, narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmişdir. O, narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə saxlamışdır ( cild 1, iş vərəqi 66-69, 79-82,184-186). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 10 dekabr 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1984-cü il təvəllüdlü, Saatlı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş İdarənin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 10 dekabr 2020-ci il tarixli qərar çıxarılmış və baş əməliyyat müvəkkili Şahid3, baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Zəfəran Sahil 1” aptekinin yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Təqsirləndirilən şəxs bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra təqdim оlunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs sağ əlində tutduğu üzərində “Cihan Tea” yazısı olan sellofan torbanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Onun üzərindən qanunla qadağan olunmuş digər əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindən baxış zamanı bir ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və iki ədəd bükümdə açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər üzərində “Cihan Tea” yazısı olan sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin özünə məxsus olduğunu, həmin bükümləri 5-6 gün tutulmamışdan əvvəl Əziz adlı İran İslam Respublikası vətəndaşından sonuncu ilə telefonla əlaqə saxlayıb İmişli rayonu ərazisində magistral yol kənarından deyilən yerdən götürdüyünü, iranlı Əziz adlı şəxsin göstərişi ilə deyəcəyi yerə qoyacağı təqdirdə Əziz adlı şəxsin qarşılığında Zaura pul verəcəyini bildirmişdir. Həmçinin əlavə olaraq yaşadığı ünvan 2 nömrəsiz fərdi yaşayış evində narkotik vasitə və psixotrop maddələr saxladığını da qeyd etmişdir. Şəxsi axtarış başa çatdırıldıqdan sonra şəxsi axtarışın gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı ünvan 2 nömrəsiz fərdi yaşayış evində baxış aparılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə həmin ünvana gedilmiş, videoçəkilişdən istifadə edilməklə qeyd olunan ünvanda yerləşən mənzilə baxış keçirilmişdir Təqsirləndirilən şəxs çarpayının altından bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək çarpayının üzərinə qoymuşdur. Həmin sellofan torbaya baxış zamanı içərisindən 100 ədəd konvalyutda 999 ədəd və ayrıca olaraq bir ədəd olmaqla ümumilikdə 1000 ədəd üzərində “Methadone 40” yazısı olan və 20 ədəd kovalyutda ümumilikdə 200 ədəd üzərində “Tramadol-X 225” yazısı olan həblər, bir ədəd elektron tərəzi, bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və aşkar edilmiş heroinə bənzər kütlə tərəzidə çəkilmişdir. Sonra aşkar edilmiş həblər, elektron tərəzi, heroinə bənzər kütlə qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş həblərin, heroinə bənzər maddənin və elektron tərəzinin özünə məxsus olduğunu,qeyd edilən əşyaları tutulmamışdan 4-5 gün qabaq Əziz adlı İran İsalm respublikası vətəndaşından sonuncu ilə telefon əlaqəsi saxlayaraq İmişli rayonu ərazisində magistral trasda yol kənarından deyilən yerdən götürdüyünü, özünün narkotik vasitələrin aludəçisi olmadığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə maddi imkansızlığa görə məşğul olduğunu, yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə saxlaması barədə başqa şəxslərin məlumatı olmadığını bildirmişdir. Mənzildə əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra mənzilə baxış keçirilməsinin gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etmişdir ( cild 1, iş vərəqi 140-144). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə 10.12.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskin məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs sağ əlində tutduğu üzərində “Cihan Tea” yazısı olan sellofan torbanın içərisindən 1 ədəd bükümdə çəkisi 206 qram psixotrop maddə metamfetaminə bənzər kütlə, 2 ədəd bükümdə ümumi çəkisi 1906 qram narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 31-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ünvana baxış keçirilməsi barədə 10.12.2020-ci il tarixli protokoldan və və ona əlavə olunmuş diskin məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 nömrəsiz fərdi yaşayış evində keçirilən baxış zamanı evdə çarpayının altından bir ədəd qara rəngli sellofan torbada bir ədəd elektron tərəzi, bir ədəd bükümdə 579 qram narkotik vasitə heroinə bənzər kütlə, 100 ədəd konvalyutda 1000 ədəd metadon həbi, 20 ədəd konvalyutda 200 ədəd tramadol həbi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 37-39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 11.12.2020-ci il tarixli, 6/2701 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində "Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 büküm psixotrop maddə olan metamfetaminə bənzər və 2 büküm narkotik vasitə olan heroinə bənzər ...” sözlər və imzalar olan bir ədəd bağlamadakı iki ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1020,0 qram, 830,0 qram, ümumi təmiz çəkisi - 1850,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamadakı təmiz çəkisi - 185,219 qram olan ağ rəngli maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs ünvanda baxış zamanı təqdim etdiyi 1 ədəd elektron tərəzi, 1 büküm heroinə bənzər kütlə və güclü təsir edən xassəyə malik narkotik tərkibli dərman həblərinə bənzər həblər ...” sözlər və imzalar olan bir ədəd bağlamadakı bir ədəd bağlamada təmiz çəkisi - 560,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Methadone 40 .. 01.2021” sözləri olan 100 (yüz) ədəd konvalyutda hər birində 10 (on) ədəd həb olmaqla ümumi sayı 1000 (min) ədəd həblər metadondur, ümumi təsiredici maddəsinin miqdarı - 40 qramdır, üzərində “Tramadol HCL 225 mg” ..4/18..3/22” sözləri olan 20 (iyirmi) ədəd konvalyutda hər birində 10 (on) ədəd həb olmaqla ümumi sayı 200 (iki yüz) ədəd həblər tramadoldur, ümumi təsiredici maddəsinin miqdarı 45 qramdır və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bağlamada olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tərəzinin üzərində heroin iz şəklində olduğundan bağlamada olan heroinlə eyniliyini aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı ll) daxildir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxildir. Aparılmış tədqiqatın dəyəri 91,76 (doxsan bir manat 76 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 47-57). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 01.02.2021-ci il tarixli, 297 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik tərkibli tiryək və tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 155-156). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Cəlilabad Rayon Məhkəməsinin 12.02.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.4, 29,318.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli 19.06.2009-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 99-100, 149-154). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 83.3.2-1-ci və 83.3.3-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu böyük ictimai təhlükə törətməyən və az ağır cinayətə görə cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. İşdə olan maddi sübut kimi tanıma haqqında 14.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalan 185,119 qram psixotrop maddə metafetamin, 980 ədəd metadon həbi, 2409,7 qram çəkidə narkotik vasitə heroin, 190 ədəd tramadol həbi, 01 ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 101-103). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 08.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzildə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 157-171). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 12.03.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddə, eləcə də narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 190-191). İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.12.2020-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 10.12.2020-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 105-107). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 22.12.2020-ci il tarixli, 8877 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 122). İşdə olan Saatlı RİHB-nın Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən, doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Əliyev X4 şəhəri, ünvan 1-də qeydiyyatdadır, evlidir, 03.08.2007-ci il təvəllüdlü Emin adlı, 20.11.2009-cu il təvəllüdlü Ömər adlı, 09.06.2015-ci il təvəllüdlü Raul adlı, 21.01.2019-cu il təvəllüdlü Ümid adlı dörd övladı var, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 122). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetamin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmin Qanuna əsasən metadon təmiz halda şəxsi istehlak miqdarı 0,02 qrama qədər, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən tramadol preparatının 6 qramı və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı narkotik vasitə və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Bu səbəbdən, habelə Təqsirləndirilən şəxs aşkar edilən vasitələrin bağlamalara bükülməsi, tərəzinin mövcudluğu və iş üzrə sair sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin miqdarda narkotik vasitəni, psixotrop maddəni və narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ondan cəmi 200 qram çəkidə metamfetamin aşkar edilməsi, onda digər narkotik vasitələrin və elektron tərəzinin olmaması, 200 qram metamfetamini Əziz adlı şəxsdən və İmişlidə deyil, yol kənarından tapması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin halları barədə ibtidai istintaq zamanı daha düzgün ifadələr vermişdir və məhkəmə bu ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10.12.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 12.12.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 dekabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22 , 89-94). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 10 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalan 2409,7 qram çəkidə narkotik vasitə heroin, 185,119 qram psixotrop maddə metafetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, 980 ədəd metadon həbi, 190 ədəd tramadol həbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzildə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 2409,7 qram çəkidə narkotik vasitə heroin, 185,119 qram psixotrop maddə metafetamin, 01 ədəd elektron tərəzi məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 980 ədəd metadon həbi, 190 ədəd tramadol həbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilsin. - 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar