Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-932/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 01.01.1986-cı il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, A.Süleymanov küçəsi ev 37-də qeydiyyatda olmuş və yaşamış, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 7,694 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə saat 17:10-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Salyan yolunun 45-ci kilometrliyində saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 04 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,870 qram, 1,900 qram, 1,909 qram və 2,015 qram olmaqla ümumilikdə külli miqdarda 7,694 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə Gəncədən Bakıya gəlmiş, “Məhərrəmlik” ayı olduğu üçün dostu Umudla Şəhriyar adına mədəniyyət sarayına gələrək oradan üzərində “Ya Hüseyn” yazısı olan qara köynəkləri götürmüşlər. Arif, Umud və o gedərkən Qaradağ postunda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları süni tıxac yaradaraq qarşılarını kəsmişlər. Həmin vaxt ətrafda çoxlu insanlar olmuş, həmin görüntüləri video çəkiliş edənlər də olmuş, lakin polis əməkdaşları telefonları onların əllərindən alaraq görüntüləri silmişlər. Eyni zamanda, küçədə də kamera olmuşdur. Bundan sonra köynəkləri avtomobildən götürərək yerinə silah qoymuşlar və onun 5.400 manat məbləğində pulunu götürmüşlər və üçünü də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Ondan götürülmüş pulu polis əməkdaşları bir neçə ay sonra özünə qaytarmışlar. Orada onlara işgəncə vermişlər və o, silah-sursatdansa narkotik vasitəni boynuna götürməklə razılaşmışdır. Polislərə bildirmişdir ki, Umud və Arifi buraxsınlar. Üzeyir adlı polis əməkdaşı rəsilə məsləhətləşdikdən sonra Umudu buraxacaqlarını, lakin Arif sürücü olduğu üçün onu saxlayacaqlarını bildirmişdir. Daha sonra hər ikisini narkotik vasitələrin satışı ilə cəlb etmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. 01 sentyabr 2021-ci il tarixdə Gəncə şəhərindən şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. 02 sentyabr 2021-ci il tarixdə saat 17:10 radələrində tanışları X8 və X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyində Arif Cəfərovun idarə etdiyi “Mercedes Benz C240” markalı, **-DM-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 7-8 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Arif Cəfərovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərlərində “şüşə” adı ilə tanınan psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 04 ədəd sellofan bükümü və 9 manat pulu, şalvarının sol yan cibində olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 04 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu qeyd etmişdir. Təqdim etdiyi 04 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar edilmiş 04 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini 01 sentyabr 2021-ci il tarixdə səhər vaxtı yaşadığı Gəncə şəhərində üzdən tanıdığı, lakin adını və digər ankat məlumatlarını dəqiq bilmədiyi şəxsdən 80 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını, psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 04 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 9 manat pul özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra X4 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Arif Cəfərov üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sağ yan cibində olan 03 ədəd sellofan bükümü, şalvarının sol yan cibində olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, şalvarının sağ arxa cibində olan 2 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Arif Cəfərov təqdim etdiyi 03 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu qeyd etmişdir. Arif Cəfərovun təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Arif Cəfərov üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini 01 sentyabr 2021-ci il tarixdə səhər vaxtı yaşadığı ünvan 2 ünvanının yaxınlığından təsadüfən tapdığını və psixotrop maddələri götürüb öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Arif Cəfərovun üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 2 manat pul və 01 ədəd avtomobil açarı özünə qaytarılmışdır. 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra X6 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Ümüd Zalov üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan şalvarın sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefon, şalvarının sol yan cibində olan Özünə məxsus şəxsiyyət vəsiqəsini və şalvarının sol arxa cibində olan 32 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Ümüd Zalovun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Ümüd Zalov bildirmişdir ki, onunla və Arif Cəfərovla aralarında tanışlıq münasibətləri vardır, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, onun və Arif Cəfərovun üzərində psixotrop maddələr olmasından məlumatının olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş 32 manat özünə qaytarılmışdır. Ümüd Zalovun üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əlavə dindirilən zaman ifadəsində istintaqa verdiyi ilkin ifadələri təsdiq etməyərək narkotik vasitə və psixotrop maddələrdən ümumiyyətlə istifadə etmədiyini söyləmişdir. X3 ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılmağının səbəbi barədə onlara ilk öncə məlumat verilməsə də, sonradan polis əməkdaşları öz aralarında köynəklər maşındadır deyib Arif Cəfərova məxsus avtomobildən Bakı şəhəri, Xətai rayonunda yerləşən Şəhriyar mədəniyyət mərkəzindən götürdükləri üzərində "Ya Hüseyn” yazısı olan qara köynəkləri götürmüşlər. Həmin köynəklər xeyriyyəçilik məqsədi ilə Gəncə şəhərində yerləşən İmamzadə məscidinə aparılmalı idi. Saxlanıldıqdan sonra BMCMİ-nin inzibati binasına gətirilmişlər. Polis idarəsində qarşısına 04 ədəd bükümdə içində nə olduğunu bilmədiyi bükümləri masanın üzərinə qoymuşlar və həmin bükümləri cibinə qoymağını tələb etmişlər. O da polis idarəsində bu işlərdən ümumiyyətlə xəbərdar olmadığını, əgər dostlarım buraxarlarsa, istənilən təkliflə razılaşacağını demişdir. Bundan sonra polis işçilərindən biri kiminləsə məsləhət edib yenidən otağa qayıtmış və Umudu buraxa biləcəklərini, lakin Ariflə onu birlikdə narkotik ilə sənədləşdirməli olduqlarını söyləmişlər. Onlar buna etirazını bildirdikdə özünü və Arifi toka verib yerdə vurmağa başlamışlar. Razılaşmadıqlarını görüb Arifin avtomobilinə avtomat qoymuşlar və bir ədəd də tapança gətirib üzərindən aşkar edəcəklərini demişlər. Onlar da bir qədər döyüldükdən sonra artıq razılaşmadıqları halda heç bir dəyişiklik olmayacağını düşünüb psixotrop maddələrin özlərinə aid olduğunu söyləmişlər. Videoçəkiliş ilə üzərində axtarış keçirilmiş və onlar polis əməkdaşları tərəfindən məcbur verilən psixotrop maddələri çıxarıb təqdim etmişlər. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qayıtmışlar. Orada artıq əldə etdikləri qara köynəklər barədə sorğu-sual etməklə yenidən işgəncələrə məruz qalmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyirəm, polis kapitanı rütbəsini daşıyır. 02 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və X4 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, saxlama və daşımaları barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat raportla idarə rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs və X4 müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 02 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs və Arif Cəfərovun olacağı Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolu istiqamətində hərəkət etmişlər. 02 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 45-ci kilometrliyində X4 idarə etdiyi avtomobilin yol kənarında və avtomobilin yanında 2 nəfər şəxsin dayanmasını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və onlara da özlərini təqdim etmələrini bildirdikdə özlərini təqdim edərək Təqsirləndirilən şəxs, X8 və X9 olmalarım bildirmişlər. Təqsirləndirilən şəxs və Arif Cəfərovu barələrində qəbul edilmiş “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar ilə tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Arif Cəfərov yanlarında olan X9 ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarəyə gəldikdən sonra hər üçünün hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçilər dəvət edilmiş, sonra hər üç şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin onlara hüquq və vəzifələri izah edilmşdir. Daha sonra Təqsirləndirilən şəxs, Cəfərov Arif Rafiq oğlu və X6 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmş, həmin vaxt Təqsirləndirilən şəxs cibindəki 04 ədəd sellofan bükümü təqdim edərək içərisində metamfetamin olduğunu bildirmiş və onu 01 sentyabr 2021-ci il tarixdə yaşadığı Gəncə şəhərində üzdən tanıdığı, lakin bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmşdir. Həmin maddə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7, Şahid6 Aydın oğlu və Şahid8 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Fəqanla bir sinifdə oxumuşlar. Həmişə bir-birinə hörmətlə yanaşmışlar. O, Fəqanın ibadətlə məşğul olmasına hörmətlə yanaşmışdır. 01 sentyabr 2021-ci il tarixdə Fəqan ona zəng edib Gəncəyə gedib-getməyəcəyini soruşmuşdur. O da həftə sonu ailəsinin yanında olmaq üçün Gəncəyə gedəcəyini bildirmişdir. Fəqanın Gəncəyə onun avtomobili ilə getmək niyyətində olduğunu bildirmiş, o da yola çıxanda zəngləşib görüşərək onu da götürə biləcəyini demişdir. Fəqan ona Əhmədli tərəfdə Gəncəyə aparılmalı əşyalarının olduğunu deyərək onları elə indidən götürüb maşına qoymaq istədiyini bildirmiş və o istiqamətə gəlməsini xahiş etmişdir. Saat təxminən 15 radələrində özünə məxsus “Mercedes C” markalı avtomobili ilə Əhmədli qəsəbəsinə, “Xəzər” univermağının yaxınlığına getmişdir. Orada Fəqan və onun yanında olan Ümüdlə görüşmüş, ünvanını bilmədiyi bir əraziyə daxil olmuşlar. Ümüdlə Fəqan oradan iki qutu götürüb birini avtomobilin baqajına, digərini isə baqaja yerləşmədiyi üçün arxa oturacağın üstünə qoymuşlar. Qutularda nə olduğunu soruşmamış, amma Fəqan özü bildirmişdir ki, hər iki qutuda aldığı köynəklərdir. Səhəri gün Gəncəyə getmək üçün saat 12-13 radələrində evdən çıxıb əvvəlcə Əhmədli qəsəbəsindən Ümüdi, sonra isə Fəqanı “8-ci kilometr” qəsəbəsində yerləşən bazarın yaxınlığından götürmüş və Gəncə istiqamətində hərəkətə başlamışlar. Qaradağ rayonu ərazisində yerləşən yol polisi postuna yaxınlaşanda onların yoluna “Kamaz” markalı yük avtomobili sürülmüş, yolun hərəkət hissəsini tam bağlayaraq süni şəkildə tıxac yaradılmışdır. Dərhal onlara doğru bir neçə nəfər yol polisi əməkdaşı yaxınlaşıb mühərriki söndürməyi və açarı onlara təqdim etməsini tələb etmişlər. Həmin anda təxminən daha 10-15 nəfər onlara yaxınlaşmış və bu şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bilmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onlara yaxınlaşan kimi dərhal “köynəklər hanı?” deyə soruşmuş və onları saxlamışlar. Polislərin danışıqlarından başa düşmüşdür ki, onları ancaq köynəklər maraqlandırır. Polislər qutuları maşından götürmüşlər. Orada ona məlum olmuşdur ki, həmin qara rəngli üzərində "Ya Hüseyn” yazıları vardır. Onların hər üçünün əllərinə qandal vurulmuş və ayrı-ayrılıqda başqa-başqa maşınlara mindirilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Həmin idarənin həyətində düşürdülərkən polis əməkdaşları dərhal onun üzərində yoxlama aparmış, bütün üst-başını axtarmışlar. Amma o anda üstünü yoxlayan şəxslərin onun cibinə nəsə ata biləcəkləri ağlına belə gəlməmişdir. Həyətdə üst-başı tam yoxlandıqdan sonra idarəyə qaldırılmış, hərəsi ayrı-ayrı otaqlara aparılmışdır. Xidməti otağa daxil olduqdan sonra maşından götürdükləri üzərlərində "Ya Hüseyn” yazıları olan köynəklər barədə uzun-uzadı sorğu-sual edilmişdir. O da əli qandallı vəziyyətdə bütün suallara səmimi şəkildə cavab verərək köynəklər barədə heç bir məlumatı olmadığını, Fəqanın onları kimdən alması və haraya, kimlərə, yaxud nə məqsədlə aparması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Polis işçiləri onun köynəklərə heç bir aidiyyətinin olmadığını bilib üstündəkinin nə olmasını soruşmuşdur. O da üstündə heç nə olmadığını, az əvvəl idarənin həyətində üst-başını elə özlərinin tam yoxladıqlarını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı əllərini onun cibinə salıb şalvarının bir cibindən iki ədəd büküm, digər cibindən isə bir ədəd büküm çıxartmışdır. O, buna təəccüblənmiş, üstündə belə bükümlər saxlamadığını, bunların nə olduğunu, içərisində nə olmasından məlumatı olmadığını bildirmişdir. Bu bükümləri polislərin qoyduğunu deyəndə onu döymüşlər, yerə yıxıb arxası üstə uzatmışlar və barmaqlarına cərəyan vermişlər. Sonra rəisin yanına aparmışlar, rəis də onun əlinə tapança verib “onu etiraf etmirsən, bunu etiraf edərsən” sözünü işlətmişdir. Otağın digər küncündə olan sellofanı göstərib içərisində avtomat olduğunu bildirmiş və işçilərə həmin silahı da onun avtomobilinin baqajına qoyulmasını tapşırmışdır. Həmçinin yanındakı işçilərə göstəriş vermişdir ki, atasını idarəyə gətirib saxlasınlar və yaşadığı ünvandan narkotik vasitə çıxartsınlar. Məcbur olub razılaşmış, polislər deyəni etmişdir. O heç bir cinayət törətməmişdir, əksinə, onun üstündə cinayət törədilmişdir. Fəqanda da heç vaxt narkotik və ya psixotrop maddə olmayıb, dindar adamdır, ona qarşı da eyni hərəkətlər törədilir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 6/3843 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı imzaları olan zərfdəki 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,870 qram, 1,900 qram, 1,909 qram, 2, 015 qram ümumi təmiz çəkisi 7,694 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata tədqim edilmiş, üzərində: “Şübhəli şəxs X4 üzərindən aşkar edilmiş..” yazısı və imzaları olan zərfdəki, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,388 qram, 1,995 qram, 2,164 qram, ümumi təmiz çəkisi 6,547 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs və X4 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildir. 04 sentyabr 2021-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,694 qram çəkidə psixotrop maddə metamfetamin və X4 üzərindən aşkar edilərək götürülmüş 6,547 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq Təqsirləndirilən şəxs aşkar edilmiş 7,494 qram və A.Cəfərovdan aşkar edilmiş 6,397 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 6/3843 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7,694 qram çəkidə psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,494 qram çəkidə psixotrop maddə metamfetamin hazırki cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 03.11.2021-ci il tarixli 4281 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Məmmədov X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və onların narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığı verilmiş, verilmiş tapşırığa 007-1579-1221 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X4 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsi, həmçinin, psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmadığını, işgəncələrə məruz qaldıqdan sonra təqdim edilən psixotrop maddələrin özünə aid olmasını məcbur dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi həmin dəlillər yoxlanılmış və istintaq materialları, yəni Təqsirləndirilən şəxs qismən etirafedici şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahid ifadələri, "şəxsi axtarış və götürmə” haqqında protokol, məhkəmə-kimyəvi və narkoloji ekspertizasının rəyləri və digər mötəbər istintaq sənədləri ilə təkzib edildiyindən öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığı üçün özünü müdafiə kimi qiymətləndirilərək rədd edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair əlavə ifadəsində göstərdiyi xüsusatlar üzrə Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə 03.02.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə şahid qismində dindirilmiş X4 məhkəmədə vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalaraq üzərilərinə polis əməkdaşları tərəfindən narkotik vasitənin qoyulması barədə ifadə verərək özünün və dostu Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, ibtidai istintaq ifadəsi və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,494 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs və cinayət işində ayrılış digər cinayət işi üzrə təqsirləndirilən X4 arasında bölünərək 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,494 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-932/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-932/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver