Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-933/2022 23.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Saatlı şəhəri, Qıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 6, mənzil 2-də qeydiyyatda olan və həbs olunanadək Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Semzavod küçəsi, ev 185-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 10.01.2022-ci il tarixdə, saat 20:10 radələrində Qaradağ RPİ-nin və 11-ci Polis bölməsinin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitənin gəzdirməsində şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən «AL» marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin tarixdə saat 21:40 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmış, həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə saxladığı 1 (bir) ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 2,789 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda qeyd edilir ki, guya o, narkotik vasitələri satış məqsədilə əldə etmişdir. Doğrudur ki, onun üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı, bükümü və növü ittiham aktında düzgün göstərilmişdir. Lakin o, həmin narkotik vasitəni satış məqsədilə əldə etməmişdir. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. O, narkotik vasitəni satış niyyəti əldə etməmişdir. O, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün almışdır. Onun çəkisi çox olduğundan arıqlamaq məqsədilə o, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, narkotik vasitələri əvvəllər internetdə sosial şəbəkədə tanış olduğu, lakin adını bilmədiyi, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən almışdır. O, İran vətəndaşından narkotik vasitəni aldıqdan sonra sonuncuya narkotik vasitənin pulunu bank hesab nömrəsi vasitəsilə göndərmişdir. Tutulduğu gün o, İranlıdan psixotrop maddə metamfetamin almışdır. Həmin gün iranlı şəxs ona sosial şəbəkə vasitəsilə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı Hüseyn Cavid parkına getməyini və içərisində psixotrop maddə olan metamfetamini oradan götürməyini bildirmişdir. İranlı şəxs ona həmin bükümlərin parkda bir oturacağın altına qoyulduğunu bildirmişdir. O, tutulduğu zaman üzərində 3 qrama yaxın psixotrop maddə metamfetamin olmuşdur. O, həmin psixotrop maddəni “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığındakı Hüseyn Cavid parkında olan oturacağın altından götürmüşdür. O, həmin metamfetamini götürdükdən sonra Ümid qəsəbəsində yaşadığı evə qayıtmışdır. Bir qədər sonra o, həmin gün işləri ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə getmişdir. O, orada Salyan yolu küçəsində yerləşən «AL» marketin qarşısından keçərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra isə polislər ondan adını və soyadını soruşmuşlar. O da özünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və onu Qaradağ RPİ-nin 11-ci Polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 11-ci Polis bölməsinə getmiş və orada xidməti otaqların birində videoçəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun əynində olan şalvarın cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 (bir) ədəd büküm aşkarlanmışdır. Sorğu-sual zamanı o, üzərindən aşkarlanmış psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, heç kəsə heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Tutulmamışdan əvvəl ***-***-**-** mobil nömrə onun istifadəsində olmuşdur. O, ittiham aktını oxuduqda istintaq orqanının həmin nömrəyə daxil olan mesajlara sübut kimi istinad etdiklərini görmüşdür. Bununla bağlı o, bildirmək istəyir ki, ona mesaj yazan şəxslər onun narkoman olduğunu bilmişlər və ona görə də ondan narkotik vasitə və psixotrop maddələr istəmişlər. Lakin o, həmin mesajları göndərən şəxslərin heç birinə cavab yazmamış, eləcə də həmin şəxslərə narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qaradağ RPİ-nin 11-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 10.01.2022-ci il tarixdə Elvin adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin sahə inspektoru Şahid2 daxil olmuşdur. Onlar 10.01.2022-ci il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində «AL» marketin qarşısında qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin dövrüyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlamışlar və Təqsirləndirilən şəxs 11-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi məqsədi ilə vəkil dəvət edilmişdir. Sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən selofan kəsiyində 1 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və metamfetamini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə metamfetamini internetdə sosial şəbəkədə tanış olduğu iranlı şəxsdən bank hesabı vasitəsi ilə 100 manat pulun qarşılığında almışdır. Sonra aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar da həmin protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Qaradağ RPİ-nin 11-ci Polis bölməsində sahə inspektoru vəzifəsində işləyir. Onun işlədiyi Polis bölməsinə 10.01.2022-ci il tarixdə Elvin adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və Qaradağ RPİ-nin 11-ci Polis bölməsində əməliyyat müvəkkili işləyən Şahid1 daxil olmuşdur. Onlar 10.01.2022-ci il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində «AL» marketin qarşısında qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin dövrüyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlamışlar və Təqsirləndirilən şəxs 11-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi məqsədi ilə vəkil dəvət edilmişdir. Sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən selofan kəsiyində 1 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və metamfetamini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə metamfetamini internetdə sosial şəbəkədə tanış olduğu iranlı şəxsdən bank hesabı vasitəsi ilə 100 manat pulun qarşılığında aldığını bildirmişdir. Sonra aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar da həmin protokolu imzalamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2022ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 10) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 28-29) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş büküm aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/151 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 36-39) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 223“’ dairəvi möhür əks olan, “Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 2,789 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi 2,789 qram, 0,05 qram tədqiqata sərf edildi, qalıq çəki 2,739 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 50-51) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 68) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 73-74) görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 117) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 397 nömrəli rəyindən (cild 1, iş vərəqə 119-120) görünür ki, Təqsirləndirilən şəxs psixostimulyator qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 85-88) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə müxtəlif mobil nömrələrdən narkotik maddə və psixotrop maddələrin satışı ilə bağlı məzmunda çoxlu sayda mesajlar göndərilmiş, həmin mesajlar əsasında mesaj yazan şəxslər “jarqon” dildə Təqsirləndirilən şəxs müxtəlif narkotik vasitə və psixotrop maddələrin alınmasını istəmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2022-ci il tarixli Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməliyyat tapşırığına verilmiş cavab məktubundan (cild 1, iş vərəqə 125A) görünür ki, Təqsirləndirilən şəxs narkotik maddəni hardan əldə etməsi ilə bağlı müsbət nəticə əldə olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 126) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və təmiz çəkisi 2,789 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 127-132) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Aəzrbacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,739 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 139-140) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-70/2022 saylı qərarından (cild 1, iş vərəqə 183-186) görünür ki, başqa cinayət işi üzrə həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-933/2022 saylı qərarından (cild 1, iş vərəqə 197-199) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 fevral 2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən, 21 aprel 2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən və 04 aprel 2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətlərindən (cild 1, iş vərəqə 63) görünür ki, 22 fevral 2013-cü il tarixdə Təqsirləndirilən şəxs ilə X4 arasında nikah bağlamış, 26 may 2013-cü il tarixdə X6, 03 mart 2018-ci il tarixdə isə X5 doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Məhkəmə belə nəticəyə gələrkən cinayət işinin materiallarına əlavə edilmiş çoxsaylı mesajlara əsas tutmuşdur. Belə ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuş və tutulduqdan sonra şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəza ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi məhkəməyə daxil olduqdan sonra məhkəmə hazırlıq iclası 11 aprel 2022-ci il tarixə təyin edilmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etməmişdir. Həmin məhkəmə iclasında məlum olmuşdur ki, 11 aprel 2022-ci il tarixdə, yəni məhkəmə hazırlıq iclasının keçirildiyi gün saat 13:40-da Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində o, şübhəli şəxs qismində tutulmuş və 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra 25 aprel 2022-ci il tarixdə hazırki cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-933/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməklə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə 11 aprel 2022-ci il tarixdə tutulmasına baxmayaraq, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, onun 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və onun üzərində saxlanılan cəzanın əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 29 yanvar 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyator qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkəcəyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,739 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,739 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-933/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-933/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver