Məhkəmə qərarları › İş №1(101)-933/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-933/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-933/2023 18.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X11 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsi, döngə 1, ev 2-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 304.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib üzərində saxlayaraq daşımış, habelə şübhəli şəxs qismində tutulduqdan sonra mühafizə altından qaçmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən, tarixdə və yerdə satış məqsədi olmadan qanunsuz olaraq 2,570 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, külli miqdarda 2,570 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin baş təhqiqatçısı Elşən Abbasovun xx.xx.2022-ci il tarixli qərarı ilə saat 18:50-də şübhəli şəxs qismində tutulduqdan, həmin qərar ona elan olunduqdan və 12-ci Polis şöbəsinin inzibati binasının müvəqqəti saxlama otağında saxlanılması üçün yerləşdirildikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 10:30 radələrində müvəqqəti saxlama otağının təmizlənməsi zamanı həmin otağın qapısının açıq olmasından və qısa müddətdə nəzarətsiz qalmasından sui-istifadə edərək Polis şöbəsinin inzibati binasından çıxıb həyət hasarını aşıb keçərək polisin mühafizəsi altından qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində hər hansı qanunsuz əşya olmamışdır. Polislər onu saxladıqda, axşam saat 17:00 radələri olmuşdur. Polislər onu saxladıqdan sonra X2 aparmışlar. Sonra isə polislər onu X1 çıxararaq Polis bölməsinin rəisinin otağına aparmışlar. Polis bölməsinin rəisi onun qarşısına müəyyən miqdarda narkotik vasitə qoyaraq demişdir ki, “narkotik vasitənin sənə məxsus olduğunu boynuna almalısan və həbs edilməlisən”. Bundan sonra polislər həmin narkotik vasitəni onun cibinə qoymuşlar və ona 2 (iki) dəfə təzyiq göstərmişlər. O, saxlanıldığı Polis bölməsindən qaçmamış, sadəcə Polis bölməsinin qapısı açıq olduğundan qapıdan çıxaraq getmişdir. Polis bölməsini bu cür tərk etməsi video müşahidə kameralarına da düşmüşdür. Polislər ona fiziki təzyiq göstərmişlər və bununla bağlı onun bədənində zədəli yerlər olmuşdur. Buna görə də o, Polis bölməsini tərk etmişdir. Bunu etməkdə, onun məqsədi qaçmaq olmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin 2 (iki) ay əvvəl narkoloji dispanserdə müalicə almış və narkoloji dispanserdə müalicə aldıqdan sonra narkotik vasitələrdən istifadə etməmiş, Polis bölməsində əvvəlcə onu X2 salmışlar, sonra onu rəisin yanına aparmışlar, orada polislər ona narkotik vasitə verərək demişlər ki, “qoy cibinə”, bununla razılaşmayaraq narkotik vasitənin ona məxsus olmadığını bildirib həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməkdən imtina etmiş, sonra polislər ona fiziki təzyiq etməyə davam etmişlər, nəticədə məcbur olub videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, polislər onu döymüşlər, nəticədə bədəninin müxtəlif nahiyələrində çoxlu sayda xəsarətlər olmuş, hətta həmin xəsarətlər videoçəkiliş zamanı da qeydə alınmış, Bakı İstintaq Təcridxanasında olduğu zaman prokurorluq orqanlarına döyülməsi ilə bağlı şikayət etmiş, lakin həmin vaxt döyülməsi ilə bağlı ekspertiza keçirilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, baş vermiş hadisənin üstündən uzun müddət keçdiyindən o, hadisənin baş verdiyi tarixi xatırlamır. Lakin o, Sabunçu RPİ-nin 12-ci Polis şöbəsində məsul növbətçi vəzifəsində xidmətdə olan zaman Təqsirləndirilən şəxs 12-ci Polis şöbəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis şöbəsinə gətirilmiş və sonra Təqsirləndirilən şəxs Polis şöbəsinin təhqiqatçısına təhvil verilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təhvil aldıqdan sonra rəsmi sənədləşdirmə işlərini aparmışdır. Təqsirləndirilən şəxs raport ilə gətirildiyi və o, həmin gün Polis şöbəsində məsul növbətçi olduğu üçün həmin raport ona təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə saxlanıldığı əsaslandırılaraq Polis şöbəsinin X6 aparılmışdır. Növbəti gün onun xidmətdə olduğu vaxt bitdiyi üçün digər məsul növbətçi Şahlar adlı polis əməkdaşı xidməti postu ondan təhvil almışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirilən zaman üzərində heç bir xəsarət aşkar edilməmiş, xidməti zərurət ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə axtarış həyata keçirilən zaman o, orada iştirak etməmiş, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Polis şöbəsinə gətirilən zaman təqsirləndirilən şəxs əsəbi olmamış, polis əməkdaşlarına etiraz etməmiş, eləcə də polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, təqsirləndirilən şəxsin Polis şöbəsindən qaçması onun xidməti zamanı baş verməmiş, xidmət qrafikinə uyğun olaraq digər məsul növbətçi Şahlar adlı polis əməkdaşına təhvil verdikdən sonra Təqsirləndirilən şəxs qaçmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 14 oktyabr 2022-ci il tarixdə xidməti zərurətlə əlaqədar iş yoldaşı Şahid1 ilə birlikdə xidməti ərazidə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşdür. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsi Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin üzərinə baxış keçirilən zaman həmin şəxsin üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra həmin narkotik vasitə qablaşdırılmışdır. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, onların saxladıqları şəxs Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkiliş vasitəsilə həyata keçirilmiş, baxışda o, Şahid1, müdafiəçi və təhqiqatçı iştirak etmiş, onlar Təqsirləndirilən şəxsı saxlayan zaman sonuncu onlara yüngül şəkildə müqavimət göstərmiş, hətta Təqsirləndirilən şəxs onları görən zaman qaçmağa cəhd etmiş, səhv etmirsə Təqsirləndirilən şəxs onlardan qaçmağa çalışarkən yıxılıb zədə də almış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni “20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş, Təqsirləndirilən şəxs onları görən zaman qeyri-adekvat hərəkətlər etməyə, yəni sağa-sola sürətlə baxmağa və həyəcanlanmağa başladığı üçün bu onlarda şübhə yaratmış, ona görə də Təqsirləndirilən şəxs saxlayaraq 12-ci Polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Sabunçu rayon RPİ-nin 12-ci Polis şöbəsində növbətçi köməkçisi vəzifəsində işləmişdir. Lakin hal-hazırda o, işdən xaric edilmişdir. Ümumiyyətlə vətəndaşlar Polis şöbəsinə yaxınlaşan zaman həmin vətəndaşları o, qəbul etmişdir. Polis şöbəsinin daxilində olan müvəqqəti saxlama otağı növbətçi hissənin içərisində yerləşən digər otaqdan ibarətdir. Yəni Polis şöbəsinə daxil olan zaman əvvəlcə növbətçi hissənin otağı yerləşir. Belə ki, növbətçi hissənin daxilində şübhəli şəxs qismində saxlanılmış şəxslərin müvəqqəti saxlanılması üçün xüsusi otaq ayrılmışdır. Hadisə baş verən vaxt o, Polis şöbəsinin girişində siqaret çəkmək üçün dayanmışdır. Həmin vaxt növbətçi, yəni Şahid4 tərəfindən növbətçi hissənin qapısı otağın təmizlənməsi üçün açılmışdır. Lakin Şahid4 ona güvənərək həmin otağı açıq saxlamışdır. O da siqaret çəkmək üçün Polis şöbəsinin girişinə gedən zaman Şahid4 orada olmasından dolayı rahat olmuşdur. Hadisə baş verdikdən sonra Şahid4 onun orada olduğunu düşündüyü üçün belə hərəkət etdiyini bildirmişdir. Video müşahidə kamerasının qeydlərindən də göründüyü kimi Təqsirləndirilən şəxs Polis şöbəsinin əsas girişindən çıxmağa cəhd göstərsə də, onu orada gördüyü üçün yolunu dəyişərək Polis şöbəsinin arxa girişindən çıxaraq Polis şöbəsini tərk etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsində məhkəmə-tibbi eksperti vəzifəsində işləyir. Onun tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs nisbətdə 13 sentyabr 2023-cü il tarixli 2289 nömrəli ekspert rəyi tərtib edilməklə təsdiq edilmiş və həmin rəyin sonunda “Vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə uyğun xəsarət və xəsarət izi aşkar edilmədi” cümləsi qeyd edilmişdir. Sözügedən cümlədəki tarix mexaniki səhv əsasında düzgün qeyd edilməmişdir. Həmin rəydə düzgün tarix “xx.xx.2022-ci il” kimi olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 18:00 radələrində bir nəfər şəxs özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq 12-ci Polis şöbəsinə aparılmışdır. xx.xx.2022-ci il tarixli Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin aktından (cild 1, iş vərəqə 6) görünür ki, Polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs sol göz və burnunun üzərində sıyrıq və qızartılar aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətləri bir gün əvvəl yaşadığı evin həyətində işləyən zaman, yəni ağacları budayan zaman aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 7) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 16) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməmiş, əksinə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngdə maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün həmin gün aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5960 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 36-37) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159 dairəvi möhür əksi və “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə ....” saxlanılan şəxs Təqsirləndirilən şəxs-imza, iştirak etdi-iki imza, Tərtib etdi: Təhqiqatçı - E.Abbasov-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi - 2,570 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narlotik vasitələr”-in siyahısına daxildir. xx.xx.2022-ci il tarixli axtarış elan edilməsi və tutulma haqqında qərardan (cild 1, iş vərəqə 43) görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın sərəncamında olmaqdan imtina etdiyindən və bununla da istintaqdan gizləndiyindən onun barəsində axtarış elan edilməklə tutulması qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 45) görünür ki, xx.xx.2022-ci il tarixli qərar əsasında axtarışa verilmiş Təqsirləndirilən şəxs həmin gün saat 17:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində saxlanılaraq 12ci Polis şöbəsinə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 49-50) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-1869/2022 saylı qərarından (cild 1, iş vərəqə 67-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 75- 76) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsindən həmin Məcəllənin 234.1-1 və 304.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-1007/2022 saylı qərarından (cild 1, iş vərəqə 67-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 7817 nömrəli məhkəmə-narkoloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 141-142) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 135-136) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməklə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2014-cü ildə cəzasını çəkib qurtarmışdır. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 152) görünür ki, yaşadığı yer üzrə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli Sabunçu rayon Polis İdarəsinin məktubundan (cild 1, iş vərəqə 151) görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 12-ci Polis şöbəsinin inzibati binasından qaçması səbəbindən Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əmri ilə 12-ci Polis şöbəsinin növbətçi köməkçisi, polis baş serjantı Şahid3 “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tətbiq edilmiş, həmin Polis şöbəsinin sabiq məsul növbətçisi, polis mayoru X7 isə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 156-163) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 304.1-ci maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması və həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,470 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 167-168) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 304.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ititham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından (cild 2, iş vərəqə 13-14) görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuz əməllərə yol verilməsi ilə bağlı toplanmış 520/C-23 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2013-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-458/2013 saylı hökmündən (cild 1, iş vərəqə 143-146) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməklə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsə aid şəxsi işin materiallarından (cild 1, iş vərəqə 257-263) görünür ki, Təqsirləndirilən şəxs alın nahiyəsində xəsarət izi aşkar edilmiş və Təqsirləndirilən şəxs qeyd edilən xəsarətlə bağlı bildirmişdir ki, həmin xəsarəti tutulmamışdan əvvəl, yəni polislər onu tutan zaman qaçdığından və nəticədə yerə yıxıldığından almışdır (öz xətti ilə yazılmış qeyd). Təqsirləndirilən şəxsə aid tibbi kitabçadan (cild 1, iş vərəqə 275-278) görünür ki, Təqsirləndirilən şəxs alın nahiyəsində xəsarət izinin aşkar edilməsi barədə qeydiyyat aparılmışdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunda araşdırılmış 520/C-23 saylı materialdan (cild 2, iş vərəqə 36-44) görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılmış və araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmiş, əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 oktyabr 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirdiyindən və polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroinin olmamasını, polis əməkdaşları tərəfindən saxlanıldıqdan və 12-ci Polis şöbəsinə aparıldıqdan sonra həmin şöbənin rəisinin otağında ona aid olmayan narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etməsi üçün polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını, lakin bunu etmədiyi üçün bir neçə dəfə döyülməsini, nəticədə məcbur qalaraq ona aid olmayan narkotik vasitə heroinin ona məxsus olması barədə etirafedici ifadə verməsini, döyülməsi nəticəsində bədəni səthi üzərində çoxlu sayda xəsarət izinin yaranmasını və məhz buna görə, başqa sözlə, daha artıq çəkidə narkotik vasitə ilə “yüklənməməsi” və yenidən döyülməməsi üçün 12-ci Polis şöbəsinin inzibati binasını tərk etməsini iddia etdiyindən məhkəmə qeyd edilən halların ətraflı şəkildə araşdırılmasını zəruri hesab etmişdir. Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olub-olmaması, olduğu halda bu izlərin qeydə alınıb-alınmaması ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də onun alın və göz nahiyəsində bir neçə xəsarət izinin olması barədə səlahiyyətli orqanlar tərəfindən rəsmi qeydiyyat aparılmışdır. Eyni zamanda məhkəmədə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı əks etdirən videogörüntüyə baxış keçirilən zaman açıq-aşkar təsdiq olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə onun üzərində şəxsi axtarış keçirilən zaman onun alın və gözaltı, eləcə də digər nahiyələrində çoxlu sayda xəsarət izi var. Ən maraqlısı isə odur ki, videogörüntüdə Təqsirləndirilən şəxs üzərində bir neçə xəsarət izi olsa və həmin xəsarətlər yeni yaranmış xəsarət izi kimi görünsə də, onun üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilmiş, həmçinin həmin xəsarətlərlə bağlı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs heç bir sual verilməmiş, yəni həmin xəsarətlərin nə zaman, harada və hansı şəraitdə yaranması şəxsi axtarış zamanı aydınlaşdırılmamışdır. Xəsarətlərlə bağlı məsələnin araşdırılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən bilavasitə məhkəmə baxışı predmetinə aid olmadığından məhkəmə həmin Məcəllənin 207-ci maddəsinə əsasən müvafiq qərar qəbul edərək zəruri araşdırmanın aparılmasını təmin etmək məqsədi ilə aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. Məhkəmə qərarına əsasən Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs iddia etdiyi məsələlərlə bağlı onun barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tibbi sənədlər əsasında Təqsirləndirilən şəxs üzərində xəsarət izləri olmuş, lakin həmin xəsarətlərin yaranma tarixi - 14 oktyabr 2022-ci il tarixə, başqa sözlə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı günə uyğun gəlmir. Nəticədə də prokurorluq orqanı tərəfindən cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə dindirilən və Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən şahidlər Təqsirləndirilən şəxs onları görərək qaçmağa cəhd etmək istədiyini və nəticədə yıxılaraq xəsarət aldığını bildirdikləri halda, 12-ci Polis şöbəsində növbətçi vəzifəsində işləyən şahidlər isə Təqsirləndirilən şəxs 12-ci Polis şöbəsinə gətirildiyi zaman sonuncunun üzərində hər hansı xəsarətin olmadığını bildirmişlər. Bundan başqa, təqsirləndirilən şəxsə aid şəxsi işə məhkəmədə baxış keçirilən zaman şəxsi işə əlavə edilmiş sənədlərin bəzilərində Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin onun polis əməkdaşları tərəfindən tutulmasından bir gün əvvəl yaranması, bəzi sənədlərdə isə Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin onun polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra yaranması göstərilmişdir. Şahid ifadələri arasında yaranmış ziddiyyətin və şəxsi işə əlavə edilmiş sənədlərdə göstərilən ziddiyyətli məsələlərin araşdırılması və aydınlaşdırılması məhz məhkəmə-tibbi ekspertizasının keçirilməsi yolu ilə mümkün ola bilərdi. Məhz bu səbəbdən də məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməklə Sabunçu rayon prokurorluğuna müraciət edilmiş və prokurorluqda aparılmış araşdırma zamanı ekspertiza təyin edilməklə göstərilən məsələlər araşdırılmışdır. Məhkəmə-tibbi ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs üzərində xəsarət izlərinin olması müəyyən edilsə də, həmin xəsarət izlərinin yaranma vaxtı onun polis əməkdaşları tərəfindən tutulduğu günə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlməməsi müəyyən edilmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddia etdiyi halların həqiqət olmasını məhkəmədə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə məhkəmədə yalan ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə yalan ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Həmçinin məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, yəni şübhəli şəxs qismində tutulduqdan bir gün sonra mühafizə altından qaçmışdır. Qeyd edilən hal cinayət işinin mübahisəsiz halıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və yerdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,570 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, külli miqdarda 2,570 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 10:30 radələrində saxlanıldığı 12-ci Polis şöbəsinin müvəqqəti saxlama otağının təmizlənməsi zamanı həmin otağın qapısının açıq olmasından və qısa müddət ərzində otağın nəzarətsiz qalmasından sui-istifadə edərək Polis şöbəsinin inzibati binasından çıxmaqla polisin mühafizəsi altından qaçmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 304.1-ci maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 304.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməllərinin hər biri başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət, həmin Məcəllənin 304.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1 və 304.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində yaşlı anasının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi həmin Məcəllənin 234.1-1 və 304.1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində saxlanılacaq cəzanın əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan və qalıq çəkisi 2,470 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 304.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılmaqla onun üzərində 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılmış cəzanın əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan və qalıq çəkisi 2,470 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar