Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-933/2024 07.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X14 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13, ev 30-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 1010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib, üzərində saxlamaqla daşımış və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd diviziyasından daxil olmuş məlumat əsasında Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 iyun 2023-cü il tarixdə, saat 19:30-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13 ünvanında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək, orada videoçəkiliş aparılmaqla, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman belində olan göy və ağ rəngli bel çantasının içindən 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, küçədə metal yığmaqla məşğul olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanıldığı gün Günəşli qəsəbəsində olmuş və evə yaxınlaşan zaman arvadına demişdir ki, “çıxıb evə gəlir”. Arvadı da, onun metalları daşıdığı arabanı onun üçün gətirmişdir. Bundan sonra arvadı qızı ilə birlikdə aptekə getmişdir. O isə evə getmişdir. O, evdə olan zaman pəncərədən baxaraq arvadını və qızını gözləmişdir. Həmin vaxt onun digər övladı onun yanında olmuşdur. O, pəncərədən baxan zaman görmüşdür ki, arvadı evin həyətinə girdikdə kimsə arvadını itələmiş və sonra bir neçə şəxs həyətə girmişdir. O, bu vaxt şoka düşmüş və fikirləşmişdir ki, “bunlar nə edir?”. Sonra o, digər otaqdakı pəncərəyə tərəf qaçmış və pəncərədə olan barmaqlığı təpikləyərək qırmışdır. Qardaşının evi onların evi ilə yan-yana yerləşir. O, həyətə daxil olan şəxslərdən qorxaraq qardaşının evinin damına çıxmışdır. O, bilmişdir ki, polis əməkdaşları onu tutsalar döyəcəklər. Ona görə də o, polis əməkdaşlarına “özümü damdan aşağı atacam” demişdir. Polislər isə “at da” deyə cavab vermişlər. Bundan sonra o, qaçıb başqa qonşunun həyətinə özünü atmışdır. Polis əməkdaşları onu həmin həyətdə saxlamışlar. Polislər onu saxladıqdan sonra zor tətbiq edərək onu döymüşlər. Onun ayağında şiş olmuş, eləcə də sinəsini də polislər əzmişlər. O, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakiminə barəsində qətimkan tədbiri seçilən zaman həmin xəsarətləri göstərmişdir. Onun üzərində videoçəkiliş Polis bölməsində keçirilmişdir. Polislər ona demişlər ki, “çantanı belivə tax və dediklərimizi təkrarla”. O da, polislərin dediyi məzmunda videoçəkiliş vaxtı ifadə vermişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açıldığı üçün əvvəlcə özünü təqsirli bilmiş, lakin sonradan həmin maddə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edildiyindən bu ittihamla razılaşmamış, cəmi 5 (beş) sinif oxumuş, oan görə də ibtidai araşdırma zamanı heç bir prosessual sənədi oxumadan imzalamış, 2 (iki) il idi ki, narkotik vasitələrdən istifadə etməmiş, narkotik vasitələrdən istifadə etdiyi zaman “kakos” kimi tanıdığı narkotik vasitə heroini inyeksiya üsulu ilə istifadə etmiş, adətən bir həftə ərzində 1 (bir) qramdan da az çəkidə narkotik vasitədən istifadə etmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 (bir) gün əvvəl 5 (beş) manatlıq narkotik vasitə alıb istifadə etmiş, polis əməkdaşları tərəfindən saxlanıldığı gün narkotik vasitə alıb istifadə etməmiş, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, saxlanılmamışdan bir gün əvvəl isə üzərində narkotik vasitə olmuş, Polis bölməsinə aparıldıqdan sonra orada döyülmüş, döyülməyinə səbəb polis əməkdaşlarının onun boynuna qoymaq istədikləri narkotik vasitəni boynuna götürmək istəməməsi olmuş, polis əməkdaşları tərəfindən döyülməsinə dözə bilmədiyi üçün polis əməkdaşlarının ona diktə etdikləri çəkidə narkotik vasitəni boynuna götürmüş, həmin vaxt narkotik vasitənin ümumi çəkisini bilməmiş, lakin həmin narkotik vasitənin marixuana olduğunu bilmiş, heç vaxt marixuanadan istifadə etməmiş, heç vaxt heç kəsə ödəniş (pul) qarşılığında, habelə ödənişsiz qaydada narkotik vasitə və psixotrop maddə verməmiş, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Dövlət Sərhəd Xidmətində xidmət edən heç bir şəxsi tanımır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olmaması, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bundan sonrakı dövrdə həmin şəxslər tərəfindən döyülməsi və işgəncəyə məruz qalması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, heç kəsə qazanc qarşılığında narkotik vasitə verməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmədə ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Dövlət Sərhəd Xidmətinin “Qazax” əlahiddə sərhəd diviziyasında hərbi xidmət keçən bir hərbi qulluqçunun üzərinə komandir heyəti tərəfindən profilaktik məqsədlə baxış keçirilən zaman həmin hərbi qulluqçunun papağının arxa sol tərəfindən 3 (üç) ədəd kiçik ölçülü büküm aşkar edilmişdir. Həmin bükümlərə diviziya komandanlığı tərəfindən baxış keçirilən zaman həmin bükümlərdə ümumi çəkisi 1 (bir) qramdan bir qədər artıq çəkidə narkotik vasitə marixuana aşkar edilmişdir. Sorğu-sual zamanı həmin hərbi qulluqçu sözügedən narkotik vasitə olan marixuananı Qaraçuxur qəsəbəsində yaşayan Sahil adlı şəxsdən 1 (bir) ədəd mobil telefonun qarşılığında əldə etdiyini bildirmişdir. Bundan sonra diviziya komandanlığı tərəfindən Suraxanı Rayon Polis İdarəsinə müvafiq qaydada əməliyyat məlumatı ötürülmüş və həmin əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən Qaraçuxur qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq 32-ci Polis bölməsinə gətirilmişdir. 32-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı saxlanılan şəxsin əlindəki çantanın içərisindən 1 (bir) ədəd şəffaf rəngli bağlama, həmin bağlamanın içərisindən isə narkotik vasitə marixuana aşkar edilmişdir. Sonra həmin narkotik vasitə marixuana qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Verilmiş sualalra cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında o, digər polis əməkdaşı Şahid2 ilə birlikdə iştirak etmiş, onda olan məlumata görə Təqsirləndirilən şəxs barəsində bu işdən başqa digər cinayət işi də olmuş və həmin cinayət işi də narkotik vasitə-psixotrop maddə ilə əlaqədar olmuş, bu səbəbdən də ola bilər ki, Təqsirləndirilən şəxs hadisələri qarışdırıb məhkəmədə fərqli məzmunda ifadə vermiş, əgər Təqsirləndirilən şəxs hadisələri qarışdırmayıbsa demək ki, Təqsirləndirilən şəxs yalan danışır, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Dövlət Sərhəd Xidmətindən məktub şəklində Suraxanı Rayon Polis İdarəsinə daxil olmuş, sonra Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, onlar Təqsirləndirilən şəxs sonuncunun yaşadığı evin qabağında saxlamışlar, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun və digər polis əməkdaşları tərəfindən döyülməmiş və sair qaydada zorakılığa məruz qalmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun işlədiyi 32-ci Polis bölməsinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən məlumat daxil olmuşdur ki, əsgər X2 üzərinə baxış keçirilən zaman sonuncunun qış papağının sol yan tərəfindən 3 (üç) ədəd kiçik bağlamada, ümumi çəkisi 1,17 qram olan narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. X7 həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan Sahil adlı şəxsdən aldığını bildirmişdir. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə onlar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13 ünvanının qarşısında Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs 32-cu PB-nə dəvət etmişlər. 32-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də, belində olan bel çantasında 1 (bir) ədəd ağ rəngli sellofanda narkotik vasitə marixuana olduğunu bildirib həmin çantanı təqdim etmişdir. Sorğu-sual zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofanın içərisində olan bükümdəki kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni internet vasitəsi ilə tanış olduğu, lakin tanımadığı şəxsin hesabına 100 manat pul köçürməklə “zaklatka” yolu ilə alıb üzərində saxladığını bildirmişdir. Sonra həmin büküm kağız zərfə qoyularaq ekspertiza göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, “Sahil” adlı şəxsin üzərində qanunsuz olaraq dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələri daşıması, saxlaması və satması, “Sahil” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 13-cü döngədə olacağı və həmin vaxt üzərində narkotik vasitə olacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” Sərhəd Diviziyasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 54/1-10813/2023 saylı məktubda xx.xx.2023-cü il tarixdə “Qazax” X1 hərbi qulluqçusu əsgər X2 üzərinə baxış keçirilən zaman qış papağının sol yan tərəfindən 03 ədəd kiçik bağlamada, ümumi çəkisi 1,17 qram narkotik vasitə qurudulmuş marixuananın götürülməsi, həmin narkotik vasitənin X2 xx.xx.2023-cü il tarixdə əsgər X8 növbəti məzuniyyətə gedərkən ona əvvəlcədən tanıdığı, deməsinə görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan “Sahil” adlı şəxsin mobil telefonunu verərək “Sahil” adlı şəxsdən narkotik vasitə marixuananın alıb gizli yolla xidmət yerinə gətirilməsini xahiş etməsi, əsgər Rəvan Hacızadənin xahişini yerinə yetirərək narkotik vasitəni əldə edib gətirməsi göstərilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbəsində yaşayan “Sahil” aldı şəxsin xx.xx.1992-ci il təvəllüdlü, Bakı şəhəri, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 19:30-da Təqsirləndirilən şəxs ünvan 4 ünvanında saxlanılaraq həmin gün saat 19:40-da 32-ci PB-nə gətirilmiş, orada X10 Əliyev çiynində olan mavi rəngli çantanın içərisində narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34-35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt o, belində olan göy və ağ rəngli bel çantasından 01 ədəd ağ sellofanda olan 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ sellofanda olan 01 ədəd büküm açıldıqda məlum olmuşdur ki, orada narkotik vasitə marixuanaya oxşar kütlə var. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ sellofanın içərisində olan 01 ədəd bükümün içərisində narkotik vasitə marixuana olduğunu, həmin bükümü internet vasitəsi ilə tanımadığı şəxsdən “zaklatka” yolu ilə 100 manata alıb üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofanda ayaqqabı və köynək də aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/836 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 40-41) görünür ki, tədqiqata təqdim edilmiş, kağız bağlamadakı 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi - 1010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 1010 qram təşkil edir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 56) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-252/2023 saylı qərarından (cild 1, iş vərəqə 101-105) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 106-107) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1.500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş 1.500 manat cərimə cəzası 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və həbsdə saxlama müddəti cəzadan çıxılmaqla üzərində 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2023-cü il tarixli Gəncə Hərbi Məhkəməinin 3-1(095)-453/2023 saylı qərarından (cild 2, iş vərə 158-161) görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi təqsirli bilinərək 300 manat miqdarında cərimə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli Gəncə Hərbi Məhkəməsinin 3-1(095)-450/2023 saylı qərarından (cild 2, iş vərəqə 156-157) görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin 6197 nömrəli yoxlama rəyindən (cild 1, iş vərəqə 121-122) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin 2767 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 126-127) görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 158-167) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1009,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc otağına təhvil verilməsi, 1 (bir) ədəd diskin maddi sübut kimi tanınanaraq cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın əldə etmə mənbəyinə dair ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-445/2023 saylı hökmündən (cild 2, iş vərəqə 7-15) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2 (iki) gün həbsdə saxlama müddəti cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmış və üzərində 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla cəzanın əvvəli 04 dekabr 2023cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin cavab məktubundan (cild 2, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə 1(010)- 445/2023 saylı iş üzrə ittiham hökmü çıxarılmış və hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almaqla icraya yönəldilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin qərarından (cild 2, iş vərəqə165-168) görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 159-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şikayət üzrə cinayət işinin başlanmasının rədd edilməsinə əsas – araşdırma zamanı canlı şəxsin barəsində keçirilmiş ekspertizaya dair verilmiş ekspertiza rəyi olmuşdur. xx.xx.2024-cü il tarixli, 16t/s saylı ekspertiza rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs bədəni üzərində təcridxanaya daxil olmasından az əvvələ uyğun gələ bilən təzə xəsarətlər müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş cavab məktubundan (cild 2, iş vərəqə 74) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına təhvil verilərkən həkim baxışından keçirilmiş və həmin vaxt o, zədə almadığını bildirmiş, eləcə də onun bədən səthinin müayinəsi zamanı yeni xəsarət izi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri RPİ-nin 32-ci Polis bölməsinin cavab məktubundan (cild 2, iş vərəqə 169) görünür ki, Təqsirləndirilən şəxs 32-ci Polis bölməsindən qaçma halları olmamışdır. Təqsirləndirilən şəxs aid şəxsi işin materiallarından (cild 2, iş vərəqə 26-59) görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarət izi olması barədə qeydiyyat aparılmamışdır. xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 147) görünür ki, 16 dekabr 2019-cu ildə Təqsirləndirilən şəxs Aysu adlı övladı anadan olmuşdur. xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 148) görünür ki, 24 avqust 2021-ci ildə Təqsirləndirilən şəxs Saleh adlı övladı anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, o cümlədən irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 9-cu bəndinə əsasən - təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə ciddi əsas olmuş və bu əsas Dövlət Sərhəd Xidmətindən daxil olmuş müraciətdən ibarət olmuşdur. Belə ki, Dövlət Sərhəd Xidmətindən daxil olmuş müraciətdən görünür ki, həmin Xidmətə aid Diviziyanın hərbi qulluqçusu olan X2 üzərinə baxış keçirilən zaman onun qış papağının sol yan tərəfindən 03 ədəd kiçik bağlamada, ümumi çəkisi 1,17 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Vüsal Xuduşov həmin narkotik vasitəni əsgər yoldaşı X5 xahişinə əsasən növbəti məzuniyyətə gedərkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan Sahil adlı şəxsdən alıb gizli yolla xidmət yerinə gətirdiyini bildirmişdir. Başqa sözlə, Vüsal Xuduşovun üzərindən 1,17 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi, onun həmin vasitəni əsgər yoldaşı Rəvan Hacızadənin xahişinə əsasən Qaraçuxur qəsəbəsində yaşayan “Sahil” adlı şəxsdən alması mübahisəsiz hallardır. Əməliyyat yolu ilə “Sahil” adlı şəxs müəyyən edilərək həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirləri keçirilmiş və o, həmin gün saat 19:30-da ünvan 4 ünvanında saxlanılaraq 32-ci Polis bölməsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt ona məxsus bel çantasından külli miqdarda 1010 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Sahil Sultanov xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı yeri və şəraiti, habelə üzərində narkotik vasitə qurudulmuş marixuananın olmadığını mübahisələndirərək bununla bağlı dəlillər gətirsə də, həmin dəlillərin həqiqiliyi məhkəmədə təsdiq olunmamışdır. Belə ki, Sahil Sultanov məhkəmədə ifadə verərək yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılmasını iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, habelə bu hissədə ibtidai istintaq orqanının gəldiyi nəticəni təkzib edə bilməmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək və polis əməkdaşları tərəfindən saxlanıldığı yeri - yaşadığı ünvan kimi göstərsə də, belə məzmunda ifadə verərkən səmimi olmamış, əksinə iş üzrə əhəmiyyət kəsb edən halları təhrif etməklə həqiqətə uyğun olmayan məzmunda ifadə vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və bununla da işgəncəyə məruz qalması, nəticədə ona məxsus olmayan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu etiraf etməyə məcbur qalması ilə bağlı dəlilə gəldikdə məhkəmə hesab edir ki, bu hissədə də iddia olunan hallar işin hallarına uyğun deyil. Belə ki, bu hissədə məhkəmə tərəfindən zəruri tibbi sənədlər (şəxsi iş və tibbi kitabça) əldə edilərək döyülmə və işgəncə faktının araşdırılması üçün aidiyyəti prokurorluq orqanına məlumat verilmişdir. Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, həmin vaxt canlı şəxsin ekspertizası keçirilmiş, ekspertiza zamanı Təqsirləndirilən şəxs üzərində xəsarət izi aşkar olunmadığına görə polis əməkdaşlarının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-445/2023 saylı hökmündən məlum olmuşdur ki, o, qanunsuz şəkildə narkotik vasitə heroini əldə edib üzərində saxladığına görə cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək xx.xx.2023-cü il tarixdən bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin vaxt Polis bölməsindən qaçdığını, nəticədə polis əməkdaşlarının ona nisbətdə qərəzli olduqlarını bildirsə də, bu hissədə məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, onun iddia etdiyi bu hal da öz təsdiqini tapmır. Məhkəmə yuxarıda qeyd edilənləri məcmu halda təhlil edib və həmin halları yoxlayıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin həqiqi hallarına uyğun olmayan məzmunda ifadə verməklə qanunsuz əməllərinə haqq qazandırmaq, bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və həmin gün üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda 1010 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisini, habelə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə əsas olmuş halın həqiqiliyini, yəni 1,17 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Vüsal Xuduşova satmasını məcmu halda nəzərə alaraq hesab edir ki, o, 1010 qram çəkidə narkotik vasitə qurudulmuş marioxuananı məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs bu əməlləri, yəni külli miqdarda 1010 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlaması və daşıması, ələlxüsus bu hərəkətləri məhz satış məqsədi ilə həyata keçirməsi özüözlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin bütün zəruri tərkib əlamətləri var. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmi, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, az təminatlı ailə üzvü olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını və emosional davamsız şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, aşkar edilmiş narkotik vasitənin çəkisini, emosional davamsız şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-445/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla cinayətlərin məcmusu qaydasında ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qəti olaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 1(010)-445/2023 saylı cinayət işi üzrə onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş 2 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və üzərində saxlanılacaq cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-445/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1009,8 qram təşkil edən narkotik vasitə qudurulmuş marixuana məhv edilməli, 1 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 78 (yetmiş səkkizı) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 78 (yetmiş səkkizı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-445/2023 saylı hökmü ilə ona təyin edilmiş və çəkilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu qaydasında ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş 2 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, üzərində saxlanılan cəzanın əvvəli 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 1(010)-445/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilmiş cəza qəti cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1009,8 qram təşkil edən narkotik vasitə qudurulmuş marixuana məhv edilsin, 1 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkizı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-933/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-933/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver