Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-934/2022 14.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X11 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1987-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, aralarında olan razılığa əsasən sonuncu tərəfindən Abşeron rayonu ərazisində gizlədilmiş 1,817 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanının qarşısında həmin psixotrop maddəni tanışı X5 “Samsung” markalı noutbuk müqabilində satmış, Elxan Abasov 13 yanvar 2022-ci il tarixdə saat 05:00 radələrində Xətai RPİ-nin 34-cü PŞ-in əməkdaşları tərəfindən ünvan 3 ünvanın yaxınlığında oğurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlanılıb ünvan 4 ünvanında yerləşən Xətai RPİnin 34-cü PŞ-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,817 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 12 yanvar 2022-ci il tarixdə saat 18 radələrində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxsin ona bildirdiyi hesab nömrəsinə ödəmə terminalı vasitəsilə 40 manat pul göndərdikdən sonra, satış məqsədi olmadan, qanunsuz olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində gizlədilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,426 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd bükümdə təmiz çəkiləri 0,462 qram və 0,947 qram, ümumi təmiz çəkiləri 1,409 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üstündə saxlamaqla daşımış, həmin gün yəni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 6 ünvanının yaxınlığında saxlanılıb ünvan 7tai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi-axtarış zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,426 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,462 qram və 0,947 qram, ümumi təmiz çəkiləri 1,409 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş itthamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmuş və 2019-cu ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Hərdən bir narkotik vasitədən istifadə etsə də heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə Qaçaq Nəbi küçəsində, X4 evindən çıxarkən polis işçiləri onu saxlayıb, 34-cü Polis Bölməsinə aparmışlar. Onun üzərində öz istifadəsi üçün iki büküm narkotik vasitə, yarım qram metamfetamin, yarım qram da heroin olmuşdur. Bölmədə özü onları təqdim etmiş, lakin bir bükümü 3 büküm kimi qeyd etmişlər. O da yazılanlara təzyiq altında imza etmişdir. Elxanla bir həftə əvvəl Babək adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. O, 81 saylı marşrutda işləmiş, Elxana 30 manat borc pul vermiş, o da əvəzində ona “Samsung” markalı notbuk vermişdir. Himayəsində 3 uşağı vardır, notbuku onlar üçün götürmüşdür ki, internetə girib, oyun oynasınlar. O, Elxana narkotik vasitə satmamışdır. O, Aytac adlı şəxsin kartına 40 manat pul ödəmiş, o da narkotik vasitəni gətirib qapının qarşısına qoyub getmişdir, onu üzbə üz görməmişdir. Əziz adlı İran İslam Respublikası vətəndaşını tanımış, onunla telefon vasitəsilə danışmişdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində verilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 81 nömrəli xətt avtobusunda sürücü işləmişdir. 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmuş və 2019-cu ildə cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdır. X6 təxminən bir həftə olar ki, tanımışdır. O, Elxanı Babək adlı şəxsin vasitəsilə tanımışdır. Elxanla sadəcə münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixdə Elxan onun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng edərək bədənində ağrılar olduğunu və ona narkotik vasitə satmasını istəmişdir. O, da üzərində narkotik vasitə olmadığını, əvəzində psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra Elxan ona nağd pulu olmadığını, psixotrop maddənin əvəzində ona notbuk verəcəyini bildirmişdir. O da Elxanla razılaşdıqdan sonra Elxan yaşadığı ünvana gəlməsini istəmişdir. Bir neçə dəqiqədən sonra o, Elxanın yaşadığı ünvan 9 ünvanın qarşısına getmişdir. Elxana zəng edərək Elxanın yaşadığı evin qarşısında olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Elxan onun yanına gəlmiş və o təxminən 2 qrama yaxın psixotrop maddə olan metamfetamin Elxana vermişdir. Elxan həmin psixotrop maddənin əvəzində pul qarşılığında ona bir ədəd “Samsung” markalı notbuku vermişdir. O, həmin notbuku götürərək yaşadığı evə qayıtmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Əziz adlı şəxslə mobil telefon vasitəsilə danışmışdır. Əziz bildiyi qədəri ilə İran İslam Respublikası vətəndaşı olmuşdur. Əziz 98667818 mobil nömrəsini istifadə etmişdir. Əzizlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq sonuncudan narkotik vasitə istəmişdir. Əziz isə ona 40 manat pul qarşılığında ona narkotik vasitə və psixotrop maddə verəcəyini demişdir. O da Əzizlə razılaşdıqdan sonra Əziz bank kartının hesab nömrəsini göndərmiş və o, “Milli Ön” ödəmə terminalı vasitəsilə Əzizin hesabına 40 manat pul göndərmişdir. Bundan sonra Əziz ona zəng edərək Masazır qəsəbəsinə getməsini istəmişdir. Masazır qəsəbəsinin girəcəyində olan işıqforun yaxınlığında yerləşən hostelin qarşısında, yerdən narkotik vasitə və psixotrop maddəni götürməsini demişdir. Bundan sonra o, Əzizin dediyi ünvana gedərək oradan 3 bükümü götürmüşdür. Bükümlərin içərisinə baxan zaman iki bükümdə narkotik vasitə olan heroin, bir bükümdə isə psixotrop maddə olan metamfetamin olmuşdur. O, həmin narkotik vasitə və psixotrop maddəni üzərində saxlayaraq oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvan 4 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Xətai rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun hərəkətlərindən özünü şübhəli apardığını deyib, üzərində narkotik vasitə olub-olmamadığını soruşmuşlar. O, səmimi etiraf edərək bir neçə dəfə narkotik maddə heroin və metamfetamin istifadə etdiyini, üzərində də narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməsini dedikdə, o, əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən üç ədəd siqaret qutusunun sellofanına bükülmüş vəziyyətdə olan bükülünü könüllü olaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları siqaretin sellofanını açan zaman sellofanın içərisində 3 ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bükülü də aşkar olunmuşdur. Polis əməkdaşları ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o, iki ədəd bükülüdə narkotik vasitə olan heron, bir ədəd bükülüdə isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin narkotiki haradan və kimdən almasını soruşanda, o, həmin narkotiki bir gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı olan Əzizdən 40 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə dindirilmiş, ona telefonunda olan narkotik vasitələrin alqı-satqısı ilə bağlı suallar verilmiş, o isə həmin suallara cavab verməmişdir. Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı ifadəsini poliş işçilərinin təzyiq altında verdiyini bildirərək həmin ifadələrini təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Rayonunun ərazisində Elxan adlı şəxsin oğurluq etməsi, mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinə yollanmışlar. Həmin gün saat 05:00 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini soruşduqda özünün X8 olmasını bildirmişdir. Həmin şəxsə oğurluq etməkdə, narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinnin 34-cü PŞ-nə dəvət etmişlər. Şöbədə xidməti otaqda X4 üzərinə video çəkiliş ilə baxış keçirilmiş, baxış zamanı Elxan Abasovun üzərindən psixotrop maddə metanfetamin aşkar olunmuşdur. O həmin metamfetamini öz istifadəsi üçün “Kubinka” deyilən ərazidən tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən alıb istifadə etmək üçün üzərində gəzdirməsini bildirmişdir. Əlavə olaraq X4 üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra X4 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Baxışdan sonra X5 əlavə olaraq hər hansı bir cinayət törətməsi barədə sual verildikdən sonra o, bir neçə gün əvvəl yaşadığı binanın həyətində olan “Qardaşlar” mağazasının pəncərəsini sındıraraq oraya daxil olub həmin mağazadan nağd pul, müxtəlif markalı tütün məmulatları və digər əşyalar oğurladığını, bundan əlavə Əhmədli metro stansiyasının yaxınlığında, Sarayevo küçəsi 3 ünvanında yerləşən “telefon aksesuarları” mağazasından bir ədəd notbuk, 02 ədəd mobil telefon və başqa aksesuarları oğurladığını bildirmişdir. Sonradan Elxanla söhbət zamanı o, bildirmişdir ki, üzərində olan metranfetamini “Kubinka” deyilən ərazidən deyil, tanışı İlkin adlı şəxsdən öz istifadəsi üçün almış və narkotik alması üçün pul əvəzinə İlkinə oğurladığı notbuku vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmdə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xətai rayonunun inzibati ərazisində X8 etdiyi oğurluq əməlinə görə saxlanılmış və Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmişdir. Polis şöbəsində Elxan Abasovun üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Elxan üzərindən aşkar edilmiş psixotrop maddəni tanışı İlkin adlı şəxsdən aldığını, İlkinin Bakı şəhər Baş Polis İdarəsininin yaxınlığında qaldığını bildirmişdir. Bundan sonra 13 yanvar 2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, K.Əhmədov küçəsinə yollanmışlar. Həmin gün saat 14:30 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşmaq istəyən zaman həmin şəxs onlardan qaçmağa başlamışdır. Onlar da həmin şəxsin arxasınca qaçan zaman həmin şəxs öz dediyinə görə narkotikin təsiri altında müvazinətini itirərək yerə yıxılmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq yerdən qaldırıb özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini soruşduqda özünü Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə satmaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermiş və birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, vəkil polis şöbəsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş bükümün içərisindən ilkin olaraq bir ədəd büküm masanın üzərinə qoymuşdur. Sorğu zamanı İlkin həmin siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra İlkin digər iki ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükülünü masanın üzərinə qoymuş və həmin bükümlər narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşından 40 manata onlayn yolla əldə etdiyini demişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirilmişdir ki, X1 Xətai RPİ-nin 34-cü PŞ-də üzərinə baxış keçirilən zaman Elxanını üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuş və Elxan izahatında həmin psixotrop maddəni Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi bir ədəd notbuka dəyişdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə cavabında Elxan Abasova 02 qram narkotik verdiyini və Elxana verdiyi narkotik qarşılığında notbuk aldığını bildirərək, həmin notbuku yaşadığı evində saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 03 ədəd büküm qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmdə şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid4 Şahid3 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 15 yanvar 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Nizami rayon məhkəməsinin hökmü ilə Azərbayacan Respublikası CMnin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olnunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 13 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər, 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmiş, həmin bükümlərin elektron tərəzidə çəkilən zaman 01 ədəd gümüşü rəngli kağız bükümün qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,44 qram, 02 ədəd şəffaf rəngli sellofan bükümün qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1,49 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İstintaq zamanı X3 aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olubolmamasını müəyyən etmək üçün məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/220 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Abasov Elxan...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,817 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olub-olmamasını müəyyən etmək üçün məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/242 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №152” dairəvi möhür əksi və “...imzalar...təhqiqatçı-E.Qəribov imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,426 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və iki (2) ədəd bükümlərdəki təmiz çəkiləri -0,462 qram, 0,947 qram, ümumi təmiz çəkisi- 1,409 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in İ siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş istintaq zamanı təyin edilmiş məhkəməkimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/351 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Abasov Elxan...” sözləri olan 1 N-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.767 qram olan psixotrop maddə metamfetaminlə üzərində “...imzalar...təhqiqatçı E.Qəribov (imza)...” sözləri olan 2 N-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.376 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “....imzalar... təhqiqatçı E.Qəribov (imza)...” sözləri olan 2 N-li zərfdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 1.309 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,426 qram olan psixotrop maddə olan metamfetamin, 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1,409 qram olan narkotik vasitə olan heroinin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,326 qram psixotrop maddə olan metamfetamin, 1,209 qram narkotik vasitə olan heroinin cinayət işinin istintaqı başa çatdıqdan sonra saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 425 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkaloidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,426 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə təmiz çəkiləri 0,462 qram və 0,947 qram, ümumi təmiz çəkiləri 1,409 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz əksini tapmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı telefonda olan “WhatsApp” proqramının Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi və yazışmalarda narkotik vasitlərin alqı-satqısını təsdiq edən mesajlar aşkar olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan övladları vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.4.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hal təkrar cinayət törətməsidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,426 qram olan psixotrop maddə olan metamfetamin qalıq qalmış 0,326 qram hissəsi, 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1,409 qram olan narkotik vasitə olan heroinin qalıq qalmış 1,209 qram hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 13 yanvar avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 276 (iki yüz yetmiş altı) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01(bir) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,426 qram olan psixotrop maddə olan metamfetamin qalıq qalmış 0,326 qram hissəsi, 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1,409 qram olan narkotik vasitə olan heroinin qalıq qalmış 1,209 qram hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 276 (iki yüz yetmiş altı) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X2 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-934/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-934/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver