Məhkəmə qərarları › İş №1(101)-935/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-935/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-935/2022 01.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 hüquqi varisi - anası X2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 və Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Naxçıvan MR, Culfa rayonu, Kırna kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, DİN CPA-nın 6-cı PB-də polis nəfəri işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə tingliyi sovxozu ərazisi, ev 59-da qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 6 noyabr 2021-ci il tarixdə saat 9:45 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prius” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Piraltı küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydanı pozmaqla həmin küçədə yerləşən Azərbaycan Respublikası DİN-nin 6-cı stansionar postunda xidmətdə olan əsgər Zərərçəkmiş şəxs1 avtomobilin qabaq tərəfi ilə vurmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, pnevmosefaliya, sağ alın-təpə sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq sınıqları, sağ almacıq sümüyünün yerini dəyişən qapalı sınığı, ağciyərlərin kontuzisiyası, sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs1 hadisə zamanı almış olduğu xəsarətlərdən 8 noyabr 2021-ci il tarixdə müalicədə olduğu Respublika Neyrocərrahiyyə xəstəxanasında ölümünə, həmçinin “Toyota Prius” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillin sahibi Zərərçəkmiş şəxs2 3.780 manat dəyərində maddi zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, avtomobil idarə etməyi bacarsa da, sürücülük vəsiqəsi yoxdur, ümumiyyətlə almamışdır. 18 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 aralarında bağlanmış icarə müqaviləsi əsasında “Toyota-Prius” markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili 3 illik icarəyə götürmüşdür. Həmin avtomobil icarə haqqı ödənildikdən 3 ildən sonra onun mülkiyyətinə keçməli olmuşdur. Həmin avtomobil Zərərçəkmiş şəxs2 adından tanışı X4 adına taksi olaraq fəaliyyət göstərməsi üçün ona avtomobili idarə etməyə etibarnamə verilmiş və həmin avtomobili E.Vəliyev idarə etmişdir. 6 noyabr 2021-ci il tarixdə təsadüfən “Toyota Prius” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili özü idarə etməli olmuşdur. Texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan 6 noyabr 2021-ci il tarixdə saat 9:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Piraltı küçəsində saatda 30-40 km sürətlə idarə etmişdir. Həmin yolda çuxur, həmçinin maneə olmuş, buna görə də avtomobili aşağı sürətlə idarə etmişdir. Avtomobili idarə edərkən irəlidə Nardaran qəsəbəsi Piraltı küçəsi 6-cı stansionar postda xidmətdə olan DİNnin Daxili Qoşunlarının əsgərini görmüşdür. Həmin əsgərin qulağında qulaqcıq olmaqla kiminləsə danışmış və sağa-sola hərəkət etmişdir. Maneə yolun sağ tərəfində olduğundan avtomobili yolun sol tərəfi ilə idarə etmişdir. Həmin əsgərə yaxınlaşdıqda həmin şəxs qəflətən yolun sağından sol tərəfinə keçmiş, nəticədə həmin şəxsi avtomobilin qabaq hissəsi ilə vurub avtomobillə beton maneəyə çırpılmışdır. Maneəyə çırpılandan sonra dərhal avtomobildən çıxıb həmin şəxsin yanına qaçmış və təcili tibbi yardıma zəng vurmuşdur. Təcili tibbi yardım hadisə yerinə gəlib həmin şəxsi Nevrocərrahiyyə xəstəxanasına aparmışdır. Xəstəxanada olarkən avtomobili ilə vurduğu şəxsə kömək edə bilmək üçün əlindən gələn hər şeyi etmişdir. Sürücülük vəsiqəsi yoxdur, heç vaxt almamışdır. Hadisə zamanı hər hansı bir spirtli içki qəbul etməmiş, sükan arxasında yuxulamamışdır. Hadisə səhər saatlarında baş vermiş, həmin gün avtomobillə işə getmişdir. O, təxminən 4-5 metr məsafə uzaqlıqda olduqda postda olan əsgər onun avtomobilini görmüşdür. İbtidai istintaq zamanı ona heç kim hədə-qorxu gəlməmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişdir. Hadisədən dərhal sonra idarə etdiyi avtomobildən düşüb əsgərə kömək etməyə çalışmışdır. Hadisə zamanı avtomobili yüksək sürətlə idarə etməmişdir. Yolun təxminən 3 metrlik hissəsini maneə tutmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Piraltı küçəsində olan yoldan tez-tez istifadə etmişdir. Avtomobildə tək olmuşdur. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, avtomobil idarə etməyi bacarsa da, sürücülük vəsiqəsi yoxdur, ümumiyyətlə, almamışdır. O, 18 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 aralarında bağlanmış icarə müqaviləsi əsasında “Toyota Prius” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobili 3 illik icarəyə götürmüşdür. Həmin avtomobil icarə haqqı ödənildikdən 3 il sonra onun mülkiyyətinə keçməli imiş. O həmin avtomobili idarə etmək üçün Zərərçəkmiş şəxs2 adından tanışı X4 adına taksi olaraq fəaliyyət göstərməsi üçün ona avtomobili idarə etməyə etibarnamə verilmişdir və həmin avtomobili E.Vəliyev idarə etmişdir. 6 noyabr 2021-ci il tarixdə təsadüfən “Toyota Prius” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobili özü idarə etməli olmuşdur. O, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan 6 noyabr 2021-ci il tarixdə saat 9:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Piraltı küçəsində saatda 30-40 km sürətlə idarə edərkən avtomobili idarə etmə zamanı qəfildən yuxuladığından Nardaran qəsəbəsi Piraltı küçəsi 6-cı stansionar postda xidmətdə olan DİN-nin Daxili Qoşunlarının əsgərini avtomobilin qabaq hissəsi ilə vurub avtomobillə beton maneəyə çırpılmışdır. Maneəyə çırpılandan sonra avtomobildə yuxudan ayılmışdır. Hadisə zamanı avtomobilində sərnişin olmamışdır. Hadisə zamanı xəsarət almamışdır. Hadisə zamanı xəsarət almış əsgərə tibbi yardım göstərilməsi üçün hadisə yerindən təcili tibbi yardım avtomaşını ilə Nevrocərrahiyyə xəstəxanasına aparılmışdır. Hadisə zamanı hər hansı bir spirtli içki qəbul etməmişdir (cild 1, iş vərəqə 99-103). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 oğludur. Zərərçəkmiş şəxs1 2016-cı ildən Azərbaycan Respublikası DİN-nin DQ-da xidmət etmişdir. 6 noyabr 2021-ci il tarixdə axşam saatlarında ona məlumat verilmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 6 noyabr 2021-ci il tarixdə saat 9:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Piraltı küçəsi 6-cı stansionar postda xidmətdə olan zaman baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. O bu barədə məlumat aldıqdan dərhal sonra Bakı şəhərinə, oğlu Zərərçəkmiş şəxs1 müalicədə olduğu Neyrocərrahiyyə xəstəxanasına gəlmişdir. Xəstəxanada olarkən ona sonradan məlum olmuşdur ki, anket məlumatlarını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 6 noyabr 2021-ci il tarixdə saat 9:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Piraltı küçəsi 6-cı stansionar postda xidmətdə olan oğlu Zərərçəkmiş şəxs1 vurmuşdur. Oğlu Zərərçəkmiş şəxs1 hadisə zamanı almış olduğu xəsarətlərdən 8 noyabr.2021-ci il tarixdə saat 9 radələrində müalicədə olduğu Nevrocərrahiyyə xəstəxanasında vəfat etmişdir. Oğlu Rövşən 6 ildir DİN-nin DQ-da xidmət etmişdir. 6 noyabr tarixində oğluna nə qədər zəng etsə də, cavab verməmişdir. Oğlu Rövşənin heç vaxt qulaqlığı olmamışdır. Dəfn xərcləri ilə bağlı təqsirləndirilən şəxs tərəfindən ona heç bir köməklik göstərilməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona məxsus olan “Toyota Prius” Hibrid markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili 23 sentyabr 2021-ci ildə alğı-satqı yolu ilə almışdır. Həmin avtomobili özü idarə etdikdən sonra tanışı Təqsirləndirilən şəxs taksi olaraq işlətməsi üçün icarəyə vermişdir. “Toyota Prius” Hibrid markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobilin aylıq icarə haqqının ödənilməsi şərti ilə Təqsirləndirilən şəxs ilə arasında 18.10.2021-ci il tarixdən 06.10.2024-ci il tarixə kimi icarə müqaviləsi bağlanmışdır. 6 noyabr 2021-ci il tarixdə ona məlum olmuşdur ki, 6 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyatda olan “Toyota Prius” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Piraltı küçəsi 6-cı stansionar postda yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində adına qeydiyyatda olan “Toyota Prius” Hibrid markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobil əzilmişdir. Avtomobili icarəyə götürmək üçün Təqsirləndirilən şəxs dostu ilə birlikdə gəlmişdir. Müqaviləni Vaqiflə bağlasa da, etibarnaməni dostuna vermişdir. Baş vermiş hadisə nəticəsində “Toyota Prius” Hibrid markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3.780 manat maddi ziyan yetirilmişdir. Vaqif avtomobili dostunun idarə edəcəyini bildirmişdir. Ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və X12 Hüquqi Şəxsinin 8 noyabr 2021-ci il tarixli 243 saylı rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, pnevmosefaliya, sağ alın-təpə sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq sınıqları, sağ almacıq sümüyünün yerini dəyişən qapalı sınığı, ağciyərlərin kontuzisiyası, sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları olmuşdur. Xəsarətlər həyati olub, A.A.Alxasovun xəstəxanaya daxil olmasından (6.11.2021 -ci il, saat 10:35) az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 6.11.2021-ci il tarixdə və şəraitdə, yəni avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq, qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölüm 8.11.2021-ci il tarixdə saat 9:20-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə qeydiyyat yoxdur (cild 1, iş vərəqə 63-68). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli 8/322 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Toyota Prius” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 70-72). Cinayət işinin materiallarından görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter-uçot bazasının məlumatlarına əsasən xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (cild 1, iş vərəqə 31). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 30). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı var (cild 1, iş vərəqə 124). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 104-105). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi 1 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 1 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar