Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-935/2023 14.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8, inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsi nömrəsiz fərdi tikilmiş evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində (xx/xx/2023) ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. 2.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,160 qram narkotik vasitə olan heroini və külli miqdarda ümumi təmiz çəkisi 3,035 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 155 saylı orta məktəbin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına aparılmış, polis şöbəsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən narkotik vastələrin saxlanılmasında istifadə etdiyi üzəri ağqara nöqtəli kiçik çantanın içərisindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,081 qram, 0,079 qram ümumi təmiz çəkisi 3,160 qram xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,035 qram külli miqdarda ağ-rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Razində fəhlə bazarında işləmiş, həmin gün 155 nömrəli məktəbin yanında polislər tərəfindən tutulmuş, bölməyə aparılmışdır. Üzərində narkotik vasitə olmamışdır. Polislər çəkiliş zamanı narkotik vasitənin onun olmasını bildirməsi üçün onu təhdid etmiş, üstünə götürmədiyi halda oğlunun iş yerinə qoyacaqlarını bildirmişlər. O da üstünə götürmək məcburiyyətində qalmışdır. Ailəsini itirmiş, yalnız bir oğlu vardır. O sadəcə istifadə edən olmuş, narkotik satışı ilə məşğul olmamışdır. Narkotiki lazım olanda Razində uşaqlardan telefonu alıb danışıb, Sabunçuda məktəbin qabağından almışdır. Polislər tərəfindən ona fiziki zor tətbiq olunmamışdır. Daha öncə öz-özünə xəsarət yetirmişdir. Sənədlərə imza atanda müstəntiq ona bildirmişdi ki, AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilir. Amma o oxuyandan sonra görmüşdür ki, AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi tətbiq olunmuşdur. O da bu səbəbdən imzalamaqdan imtina etmişdir. 4.Məhkəmə iclas zalında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan olunduğu zaman verdiyi ifadəsində o, bildirmişdir ki, uzun müddətdr ki, narkotik vasitə olan heroindən və metamfetamindən istifadə etmişdir. O, narkotik vasitə olan heroini və metamfetamini müxtəlif ünvanlardan adını bilmədiyi şəxslərdən almışdır. O, narkotik vasitə almaq üçün pul tapmayan zaman onu tanımadığı şəxslərə satır, pul əldə edirmiş və həmin pula özünə narkotik vasitə almışdır. Tutulmamışdan 3-4 gün əvvəl o, adını bilmədiyi İran vətəndaşından şəxsi istifadəsi və satış üçün almışdır. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində o, piyada Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 155 saylı tam orta məktəbin qarşısı ilə piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Onlar ona özlərini təqdim edərək 12-ci polis şöbəsinin əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini ona təqdim etdilər. O üzərində narkotik vasitə olduğundan onlardan yayınmaq istəmişdir. Polislər onun yayındırıcı cavablarını görüb onu şöbəyə dəvət etdilər. Bundan sonra polislər ona narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis şöbəsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət etdilər və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirdilər. Ona vəkillər siyahısını təqdim etdilər və növəbədə olan vəkillərdən o, müdafiəçi X4 müdafiə etməsini istəmişdir. Bundan sonra vəkilinin iştirakı ilə o şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirdilər. Onun üzərində narkotik vasitə olan heroinin və metamfetaminin olduğundan o, istəməmişdir ki, onu müdafiə edən vəkil bunu görsün. Ona görə o, ərizə ilə müraciət edərək şəxsi axtarış keçirilən zaman vəkilinin iştirakından imtina etmişdir. Bu zaman təhqiqatçının otağında polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirildi. Polis şöbəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd narkotik vastələrin saxlanılmasında istifadə etdiyi üzəri ağ-qara nöqtəli kiçik çantanı masanın üzərinə qoymuşdur. Həmin kiçik çanta açıldıqda içərisində 3 büküm masanın üzərinə qoyulmuşdur. Həmin bükümlər polis əməkdaşları tərəfindən açılmışdır. Həmin sellofanın içərisində qəhvəyi rəngli maddə narkotik vasitə heroinə bənzər maddə, kağıza bükülmüş bükümdə həmin narkotik vasitə heroin və digər bükümdə isə ağ rəngli kristal formalı “şüşə” yəni metamfetamin var idi. O, aşkar olunmuş madələrin narkotik vasitə olan heroin və metamfetamin olduğunu, həmin narkotik vasitəni 2-3 gün əvvəl iranlı şəxsdən alıb şəxsi istifadəsi və satış üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitə almaq üçün ucuz qiymətə narkotik vasitə aldını , bükümlərə bölüb satdığını bildirmişdir. (İ cild, səh. 56-58). 5.Məhkəmə baxışında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, Sabunçu RPİ-nin 12-ci PŞ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 155 nömrəli məktəbin iş yoldaşı RPİ-nin 12-ci PŞ-nın əməliyyat müvəkkili polis kapitanı Şahid2 İlə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Onlar özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib həmin şəxin anket məlumatlarını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsin olmadığını, xx.xx.1973-cü İl təvəllüdlü, Siyəzən rayonunda anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsi nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxs onlardan yayınmaq istədiyindən onlarda şübhə doğurmuş və narkotik maddələrin qəbulunda şübhə doğurduğundan həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gəlmişdir. Şöbədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx.xx.1973-cü il təvəllüdlü, Siyəzən rayonunda anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsi nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olundu. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs şöbədə xidməti iş otaqlarının birinə dəvət edildi. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olundu və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirləcəyi bildirildi. Lakin həmin şəxs, ərizə ilə müraciət edərək müdafiəçinin iştirakından imtina etmişdir. Bundna sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd üzəri ağ qara nöqtəli kiçik çantanı təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kiçik çanta açıldıqda içərisində 03 ədəd büküm olması və həmin bükümlərdə spesifik iyə və rəngə malik maddələr olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğunu soruşduqda o, həmin bükümlərin içərisində psixotrop maddə “Patı" yəni metamfetamin və “kakos” yəni heroin olduğunu, həmin maddələri tanımadığı iran vətəndaşından aldığını və maddi imkanın olmaması səbəbi ilə satmaq üçün üzərində saxladığını bildirdi. Sonra onun üzərinə baxış keçirildi və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmadı. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə onun üzərindən aşkar olunmuş büküm qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi (İ cild, səh. 76-78). 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir (İ cild, səh. 89-91). 7.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2022-ci il tarixli, 6/5823 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr...” sözləri, imzalar qeyd edilmiş zərfdə bir ədəd kiçik əl çantasının içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,081 qram, 0,079 qram ümumi təmiz çəkisi 3,160 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,035 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Slyahı-İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-l) daxildir (İ cild, səh. 35-40). 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X2 barədə 01 dekabr 2022-ci il tarixli, 7264 nömrəli rəyindən görünür ki, X5 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 105-106). 9.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 08 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürülmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd üzəri ağqara nöqtəli kiçik çantanı masanın üzərinə qoymuşdur. Həmin kiçik çantanın içərisindən 3 büküm aşkar edilmiş, həmin bükümlər açıldıqda içərisində spesifik iyə və rəngə malik maddələr olduğu müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə “kakos” və “şüşə” olduğunu, təxminən bir həftə əvvəl tanımadığı iran vətəndaşından aldığını, xəstə olduğunu, 20 ilə yaxındır narkotik vasitədən istifadə etdiyini, işləmədiyindən hərdən dolanışığı üçün narkotik vasitə satdığını və narkotik vasitəni satmaq üçün üzərində saxladığını bildirmişdir. Götürülmüşdür maddə qablaşdınlaraq möhürlənmişdir (İ cild, səh.27-28). 10.«Maddi sübut kimi tanıma haqqında» 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3,160 qram təşkil edən narkotik vasitə olan heroin və 3,035 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra çəkisi 3,060 qram narkotik vasitə heroin və 2,985 qram psixotrop maddə metamfetamin saxlanması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (İ cild, səh. 74). 11.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsünü əks etdirən görüntüləri olan bir ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişidir (İ cild, səh. 107-113). 12.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 15).
13. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 4(008)- 848/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 oktyabr 2022ci il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 65-70). 14.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-156/2023 saylı, 24 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Hərbi Məhkəmənin 18 yanvar 1996-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242, 185 və 38-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəmsinin 26 dekabr 1996-ci il tarixli qərarı ilə 01 il 01 ay 19 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 14 noyabr 1998-ci il tarixdə şərti azad olma müddəti bitmişdir. 2 17 iyun 1999-cu il tarixli hökmə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəmsinin 18 yanvar 2002-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 3.Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 oktyabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 iyun 2015-ci il tarixdə cəzasıının sonu ilə azad olunmuşdur. 3.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu bir gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmuş və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (İ cild, səh. 96-98). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 01 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcili etapla Bakı istintaq təcridxanasından müəssisənin Cərrahiyyə şöbəsinə “Qarnın ön divarının fleqmonası? Qarnının ön c/ə-dan sonrakı yırtığı” diaqnozu ilə daxil olmuşdur. xx.xx.2023cü il tarixdə həbs edilmiş şəxs Təqsirləndirilən şəxs həkimlər tərəfindən müayinələrdən keçirilən zaman “Qarnın ön divarının postinyeksion fleqmonası” izlənilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs öz yazılı izahatında bildirmişdir ki, barəsində aparılan cinayət işinin istintaqına etiraz əlaməti olaraq Müalicə müəssisəsinə etap göndərilməmişdən 1-2 gün əvvəl BİT-da olarkən saxlanıldığı kamerada ağız suyunu diyircəkli qələmin uc hissəsinə dolduraraq qarnının ön nahiyyəsinə inyeksiya yolu ilə yeritmiş, lakin bu barədə heç kimə məlumat verməmişdir. 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 03 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcili etapla Bakı istintaq təcridxanasından müəssisənin Cərrahiyyə şöbəsinə “Qarnın ön divarının fleqmonası? Qarnının ön c/ə-dan sonrakı yırtığı” diaqnozu ilə daxil olmuş, xx.xx.2023-cü il tarixdə vəziyyəti ağırlaşdığına görə İntensiv terapiya şöbəsinə köçürülmüşdür.Aparılan müalicə tədbirləri nəticəsində həbs edilmiş şəxs Təqsirləndirilən şəxs səhhətində müsbət dinamika müşahidə edilməmiş, daha da ağırlaşmış, xx.xx.2023-cü il tarixdə təxminən saat 21:30 radələrində müəssisənin İntensiv terapiya şöbəsində “Qarnın ön divarının fleqmonası. Sepsis? Septisemiya? İnfeksion toksiki şok. Poliorqan çatışmazlığı” diaqnozu ilə ölmüşdür. 17.«Cinayət işi başlanmasının rədd edilməsi haqqında» oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində müalicə olunan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölməsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
18. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 19.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 20.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
22. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə saxlama və daşımaya tövsif edilməlidir.
23. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır.
24. İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 25.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 26.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü müəyyən olunmamışdır. 27.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə narkotik vasitənin və psixotrop maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 28."Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". 29.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 30.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni və psixotrop maddəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 31.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 32.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahıya əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Həmçinin İİ siyahıya əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 33.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin iki bükümdə külli miqdarda - 3,160 qram çəkidə narkotik vasitə heroini və bir bükümdə külli miqdarda - 3,035 qram çəkidə psixotrop maddə metafetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Çünki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair mötəbər sübutlar olmadığı təqdirdə narkotik vasitənin və psixotrop maddənin miqdarının külli miqdarda olması şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə edib saxlamasına dəlalət edə bilməz. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş narkotik vasitənin və psixotrop maddə metafetaminin miqdarının külli miqdar təşkil etməsi həmin narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 34.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X2 barədə 01 dekabr 2022-ci il tarixli, 7264 nömrəli rəyinə istinadən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin narkotik vasitə heroini və psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin narkotik vasitə heroini və psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 35.Məhkəmə hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. 36.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.
37. Beləliklə, məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 38.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 39.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 40.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 41.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 42.Göstərilənlərə əsasən Elman Əhmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməlidir. 43.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. 44.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 3,160 qram çəkidə narkotik vasitə heroin və 3,035 qram çəkidə psixotrop maddə metafetamin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 45.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 47.Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə saat 21:30 radələrində müalicə aldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 terapiya şöbəsində “Qarnın ön divarının fleqmonası. Sepsis? Septisemiya? İnfeksion toksiki şok. Poliorqan çatışmazlığı” diaqnozu ilə öldüyündən ailəsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmış və məhkəmə iclasında ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış X11 bəraətverici əsaslar olmadan Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsi barədə məhkəməyə müraciət etməmiş, bu səbəbdən ümumi qaydada məhkəmə baxışı davam etdirilmişdir. 48.Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Mərhum Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilinməli, 03 sentyabr 2023-cü il tarixdə il tarixdə öldüyündən ona cəza təyin olunmamalıdır. 49.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 50.44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə. 51.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv olunmasını əsaslı hesab edir. 52.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 54.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,060 qram çəkidə narkotik vasitə heroinin və 2,985 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 55.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 56.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 57.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində ekspertiza xərci dövlət büdcəsindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 58.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 59.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X6 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 240 manat təşkil edir. 60.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 240 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 61.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə öldüyündən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X9 ödənilməsi üçün dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,060 qram çəkidə narkotik vasitə heroin və 2,985 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev